Ermənistanda parlament binası qarşısında etiraz aksiyası keçirilib

2026/02/fdg12-1770287650.jpg
Oxunub: 416     14:33     05 Fevral 2026    
Fevralın 5-də müxalifət fəalları Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, aksiya iştirakçıları barələrində cinayət təqibi aparılan din xadimlərinin, siyasi və ictimai fəalların, eləcə də blogerlərin fotoları ilə aksiyaya qatılıblar.

“Hazırda Ermənistanda söz azadlığı kriminallaşdırılıb. Mövcud hakimiyyətə qarşı çıxan insanlar həbsxanaya salınır. Beynəlxalq ictimaiyyət bütün bunlara aydın qiymət verməlidir. Hazırda qanunsuz şəkildə həbsdə saxlanılan bütün insanları xatırlamaq son dərəcə vacibdir”, - deyə “Hayastan” müxalif fraksiyasının deputatı Qarnik Danielyan bildirib.

Onun sözlərinə görə, bu cür vəziyyət nə qəbul edilə bilər, nə də edilməlidir. “Biz ikili standartlarla hərəkət etməməliyik. Ermənistanda baş verənlərə açıq qiymət verməli və bunlara göz yummamalıyıq”, - deyə erməni deputat vurğulayıb.

Müxalifət deputatı Anna Mkrtçyanın sözlərinə görə, onların məqsədi siyasi məhbusların mövcudluğu ilə barışmağa hazır olmadıqlarını göstərməkdir. “Nikol Paşinyan göstərir ki, heç kimi həbs etməkdən çəkinmir. Biz hər halda Ermənistanda 50-ni keçən siyasi məhbusların mövcudluğunu unutmayacağıq. Elə insanlar var ki, adlarını bilmirik, lakin onlar vətəndaş mövqeyinə görə, sosial şəbəkələrdə müxalifətçiləri “bəyənməyə” görə həbs olunublar”, - deyə Mkrtçyan bildirib.

Onun fikrincə, vəziyyətin həlli aksiyalar keçirməkdə, məhkəmə proseslərində iştirak etməkdə və ya cəzaçəkmə müəssisələrini ziyarət etməkdə deyil. “Həll yolu birdir: əgər Nikol olmasa, Ermənistanda siyasi məhbus da olmaz”, - deyə erməni deputat qeyd edib.

Etiraz aksiyasında iştirak edən Sağmosavank monastırının ruhani keşişi Ter Arakel isə bildirib ki, din xadimləri hər zaman ədalətsizliyə və qanunsuzluğa qarşı çıxıblar. “Qardaşlarımız və atalarımız tamamilə əsassız şəkildə həbsdə saxlanılır. Bu gün bizim borcumuz burada olmaq və bizi dinləməyə hazır olan insanlara müraciət etməkdir”, - deyə Ter Arakel bəyan edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aksiya  


Bizi "telegram"da izləyin