Ordu.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, təntənəli mərasim zamanı Nikol Paşinyan bildirib ki, baş verənlər uzun illər ərzində inanılmaz görünürdü.
“Onun sözlərinə görə, son onilliklərdə “sülh”, “Ermənistan” və “Azərbaycan” sözlərinin bir yerdə səslənməsi ya mümkün deyildi, ya da qeyri-real kimi qəbul olunurdu. Paşinyan həmçinin vurğulayıb ki, mükafatın birgə qəbul edilməsi Ermənistan və Azərbaycan arasında münaqişə səhifəsinin bağlandığını göstərir, çünki əks halda hər iki tərəf üçün belə yüksək beynəlxalq qiymətləndirməni birlikdə qəbul etmək mənasız olardı.
İlk baxışdan demək olar ki, ideal bir mənzərə yaranır. Bu, sülhün artıq başa çatdığı təəssüratını formalaşdırır və onilliklər davam edən münaqişənin keçmişdə qaldığına inanmaq üçün böyük cazibə yaradır. Lakin siyasi reallıq simvolların deyil, faktların dili ilə danışmağı tələb edir”, - deyə Surenyants qeyd edib.
O bildirib ki, faktlar isə başqa mənzərəni göstərir.
“Ermənistan və Azərbaycan arasında hazırda imzalanmış sülh müqaviləsi yoxdur. Bu şəraitdə sülh barədə bəyanatlar simvolik xarakter alır. Əsasən Ermənistanın daxili auditoriyasına yönəlmiş siyasi mesaj olan sülh illüziyası formalaşdırılır. Xüsusilə seçkiqabağı dövrdə bu cür narrativ gələcəyə dair süni inam yaratmağa xidmət edə bilər.
Beynəlxalq münasibətlərdə vaxtından əvvəl və əsaslandırılmamış bəyanatların uzunmüddətli nəticələri olur. Dövlət başçısı münaqişənin bitdiyini elan etdikdə, faktiki olaraq gələcək beynəlxalq vasitəçilik, təzyiq və dəstək imkanlarını azaldır. Əgər münaqişə artıq “bağlanmış” elan olunubsa, beynəlxalq ictimaiyyət gələcək böhranlara və ya yeni tələblərə hansı əsasla reaksiya verməlidir? Beynəlxalq ictimaiyyət (xüsusilə vasitəçilik etmiş ABŞ) Paşinyanın sözlərinə istinad edərək deyə bilər: “Məsələ həll olunub, sülh üçün təşəkkür edirik”.
Məhz burada əsas sual yaranır: söhbət doğrudanmı münaqişənin bağlanmasından gedir, yoxsa əslində Ermənistanın diplomatik manevr imkanları bağlanır?”, - deyə erməni politoloq vurğulayıb.
Surenyants qeyd edib ki, seçkilərdən sonra Azərbaycan tələblər irəli sürərsə və ya təzyiqi gücləndirərsə, Ermənistan daha həssas vəziyyətə düşə bilər.
“Beynəlxalq tərəfdaşlar çox asanlıqla İrəvanın rəsmi açıqlamalarına istinad edərək məsələnin həll olunduğunu və tərəflərin barışdığını iddia edə bilərlər.
Beləliklə, sülhün vaxtından əvvəl elan edilməsi Ermənistanın təhlükəsizliyini möhkəmləndirmir, əksinə, siyasi özünü məhdudlaşdırmaya çevrilə bilər. Sülh mükafatla və ya təntənəli çıxışla bərqərar ola bilməz. O, yalnız hüquqi sənəd, ərazi baxımından aydınlıq və humanitar məsələlərin həlli əsasında mümkündür. Bunlar baş verməyənə qədər “münaqişənin bağlanmış səhifəsi” barədə danışmaq mümkün ağır nəticələrə yol aça biləcək təhlükəli siyasi özünütəsəlli olaraq qalır”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az