Ermənistanın “qərbyönlü” düşərgəsində “sübhlər” sakit deyil

2025/10/1761476356.jpg
Oxunub: 746     09:16     05 Fevral 2026    
Ermənistanda, belə demək mümkündürsə, qərbyönlü düşərgədə, görünən odur ki, artıq yekun parçalanma başlayıb və ya ən azından qarşıdakı seçkilər baxımından birlik mövcud deyil.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Qərbyönlü” düşərgədə “sübhlər” sakit deyil” başlıqlı məqaləsində yazıb.

KİV xatırladıb ki, “Avroreferendum” təşəbbüsündən sonra hakimiyyətə yaxın qərbyönlü qüvvələrin parlament seçkilərində necə iştirak edəcəyi müzakirə olunarkən, ittifaqa daxil olan qüvvələrdən biri, Tiqran Xzmalyanın rəhbərlik etdiyi “Avropa Partiyası” “Avroreferendum” blokundan kənarda qalıb.

“Halbuki həm təşəbbüsün, həm də onun adının müəllifi məhz Xzmalyan idi.

İndi isə məlumatlara görə, “Respublika” və “Respublika Naminə” partiyaları arasında kifayət qədər ciddi fikir ayrılıqları yaranıb. Yanvarın 22-də “Respublika” Partiyası bəyan edib ki, parlament seçkilərində iştirak edəcəklər və onların baş nazirliyə namizədi Aram Z. Sarkisyandır. Bir neçə gün əvvəl partiya yenidən idarə heyətinin iclasını keçirərək partiyanın şüarını müəyyən edib: “Sənin üçün, Ermənistan, sənin üçün”, - deyə nəşr qeyd edib.

Nəşr bildirib ki, faktiki olaraq, “Respublika naminə” və “Respublika” partiyalarının seçkilərdə ayrı-ayrılıqda iştirak edəcəyi ilə bağlı məlumatlar təsdiqlənib.

“Bir neçə gün əvvəl “Respublika naminə” partiyasından bildirilib ki, seçkilərdə genişləndirilmiş siyahı ilə iştirak edəcəklər və ictimaiyyətə tanınmış bitərəf şəxsləri də siyahıya daxil edəcəklər. Faktiki olaraq, bu partiya vətəndaş cəmiyyətinin müxtəlif nümayəndələrini cəlb etməklə qərbyönlü elektoratı öz tərəfinə çəkməyə, vətəndaş cəmiyyətinin potensialından istifadə etməyə, həmçinin Avropa strukturlarından dəstək almağa çalışır.

Xatırladaq ki, dekabr ayında məlum olmuşdu: Avropa İttifaqı Ermənistana guya “hibrid təhdidlərə qarşı mübarizə” üçün 15 milyon avro ayıracaq. Yayılan məlumatlara görə, qərbyönlü düşərgədə parçalanmanın əsas və başlıca səbəbi də məhz ayrılacaq bu vəsaitin ən azı bir hissəsinə nəzarət məsələsidir. Bu cür parçalanma parlament seçkilərində qərbyönlü qüvvələr üçün ciddi zərbə ola bilər, çünki bu halda, böyük ehtimalla, heç bir “qərbyönlü partiya” keçid həddini aşa bilməyəcək”, - deyə KİV vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin