Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.
Nəşr qeyd edib ki, təxminən 30 il ərzində Ermənistan Silahlı Qüvvələrində xidmət etmiş hərbi keşişlərin böyük əksəriyyəti artıq hərbi hissələrdə mənəvi xidmət göstərmir, onlar Üçmüədzin kilsəsinə qayıdıblar.
Üçmüədzin kilsəsinin informasiya sisteminin direktoru keşiş Ter Yesayi Artenyan bu gün “News.am”a verdiyi müsahibədə bildirib ki, Ermənistan Silahlı Qüvvələrində mənəvi xidmətlə bağlı bu qərar ilk növbədə əsgərlərin, eləcə də erməni ordusunun maraqlarına uyğun deyil və müəyyən izahatlara, həmçinin yenidən baxılmasına ehtiyac var.
“Silahlı Qüvvələrdə mənəvi xidməti dayandırmaqla bağlı müdafiə nazirinin bu qərarı qanunvericiliyin pozulması ilə həyata keçirilib, biz bu barədə artıq açıqlama vermişik. Bilirsiniz ki, Ermənistan ilə Erməni Apostol Kilsəsi arasındakı münasibətlər haqqında qanuna əsasən, kilsəyə hərbi hissədə daimi mənəvi nümayəndə saxlamaq hüququ verilir. Həmçinin Üçmüədzin kilsəsi ilə Müdafiə Nazirliyi arasında imzalanmış mənəvi xidmətin nizamnaməsinə görə, Silahlı Qüvvələrin mənəvi xidməti bütün ermənilərin katolikosunun xeyir-duası və Müdafiə Nazirliyinin əmri ilə ləğv olunur. Bu iki hüquqi norma açıq şəkildə pozulub və məhz bu məqam ictimaiyyətin diqqətinə çatdırılmalıdır.
Silahlı Qüvvələrdə mənəvi xidmətin dayandırıldığı vaxt 42 hərbi keşişimiz var idi. Xidmət dayandırıldıqdan sonra bu 42 keşişdən 3-ü müddətli hərbi qulluqçu olub və onlar müddətli xidmətə keçiblər. Qalan 39 keşişdən 4-ü islahat hərəkatına qoşulub, digərləri isə Üçmüədzin kilsəsinə qayıdıblar və onların xidmət yerləri üzrə yeni təyinatları olacaq.
Silahlı Qüvvələrdə mənəvi xidmətlə bağlı bu qərar ilk növbədə əsgərlərin və erməni ordusunun maraqlarına uyğun deyil və müəyyən izahatlara, yenidən baxılmasına ehtiyac var.
Bildiyiniz kimi, orduda hərbi keşişlərə qarşı müəyyən təzyiqlər göstərilib və keşişlər bu şərtlərlə islahat hərəkatına qoşulmağa razı olmayıb, nəticədə onların fəaliyyəti müəyyən mənada məhdudlaşdırılıb”, - deyə erməni keşiş qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az