Ermənistanda cinayətkar qrup ifşa edilib: genişmiqyaslı axtarışlar aparılıb, saxlanılanlar var

2026/02/1770202649.jpg
Oxunub: 418     14:55     04 Fevral 2026    
Ermənistan Daxili İşlər Nazirliyinin Kriminal Polis Baş İdarəsi və Lori vilayət idarəsinin əməkdaşlarının birgə həyata keçirdiyi genişmiqyaslı əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, bir qrup şəxs cinayətkar dəstə yaradaraq qanunsuz silah-sursat əldə edib, qətllərə hazırlıq görüb, quldurluq hücumu və mənzil oğurluqları törədib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan DİN-in Polis Xidməti məlumat yayıb.

Bildirilib ki, onlar müxtəlif şəxslərin şəxsi və maliyyə problemlərinə müdaxilə edərək “cinayət aləmində yüksək statusa malik” şəxslərə müraciət ediblər, həmçinin cinayət subkulturu daşıyan qruplaşmaların toplantılarında və fəaliyyətlərində iştirak ediblər.

Qeyd edilib ki, cinayət işi başlanıb. Cinayətkar qrupun üzvlərinə qətlin hazırlanması, qətl cəhdi, cinayət subkulturu daşıyan qruplaşmada iştirak, qanunsuz silah-sursat daşıma, xuliqanlıq, quldurluq, oğurluq, əmlakın məhv edilməsi və ya zədələnməsi, habelə narkotik vasitələrin satışı maddələri ilə ittihamlar irəli sürülüb.

“Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupun üzvləri müəyyən edilərək saxlanılıblar.

Lori vilayətinin istintaq idarəsinin əməkdaşları ilə birgə aparılan genişmiqyaslı axtarışlar zamanı onların yaşayış yerlərindən qanunsuz silah-sursat və narkotik vasitələr aşkarlanıb.

Cinayətkar qrupun 10 üzvü barəsində ictimai cinayət təqibi başlanıb. İlkin istintaq aparılır”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Dəstə  


Bizi "telegram"da izləyin