Britaniya-Azərbaycan Müdafiə Əməkdaşlığı Sürətlənir: Başlıca Hədəf Enerji Təhlükəsizliyidir?

2026/02/1770187447.jpg
Oxunub: 681     17:33     09 Fevral 2026    
Avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan İrəvan-Bakı razılaşmaları Qərbin digər aktorları üçün də Cənubi Qafqazda yeni imkanlar yaradıb. Böyük Britaniya Azərbaycanla müdafiə sahəsində tərəfdaşlığını aktiv şəkildə dərinləşdirir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşrə görə, Böyük Britaniyanın müdafiə naziri Vernon Kouker “X” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Bakı ilə London arasında müdafiə tərəfdaşlığının dərinləşdirilməsi məsələsi ilə bağlı Azərbaycan nümayəndələri ilə danışıqlar aparıb.

“Dekabr ayında Azərbaycana etdiyim səfərdən sonra ötən həftə Londonda müdafiə sənayesi naziri Vüqar Mustafayevi, müdafiə nazirinin müavini Aqil Qurbanovu və Azərbaycan Prezidentinin köməkçisi Xalid Əhədovu qəbul etmək və müdafiə tərəfdaşlığımızın dərinləşdirilməsi məsələlərini müzakirə etmək xoş oldu”, - deyə Kouker qeyd edib.

KİV-in məlumatına görə, dövlət naziri Koukerin paylaşımına cavab olaraq Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld vurğulayıb ki, Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqlarını inkişaf etdirmək istiqamətində yeni addımlar atırlar. “Son 10 il ərzində Böyük Britaniyada Azərbaycanın ən yüksək səviyyəli müdafiə nümayəndə heyətini qəbul etmək bizim üçün şərəfdir. Azərbaycan dəyərli müdafiə və təhlükəsizlik tərəfdaşıdır və bu münasibətlərin necə möhkəmləndiyini və inkişaf etdiyini görməkdən qürur duyuruq”, - deyə britaniyalı diplomat yazıb.

“Qeyd edək ki, hələ ötən ilin oktyabrın 14-də Böyük Britaniyanın Avropa və Şimali Amerika məsələləri üzrə dövlət naziri Stiven Dauti Ermənistan və Azərbaycana silah tədarükünə qoyulan embarqonun ləğv edildiyini açıqlamışdı. Böyük Britaniyanın hərbi texnika tədarükünə qoyduğu məhdudiyyətlər 30 ildən artıq müddət ərzində qüvvədə olmuşdu. Dautinin oktyabr bəyanatında bildirilirdi ki, Ermənistan və Azərbaycan arasında irəliləyişləri nəzərə alaraq və sülhə yönəlmiş davamlı səyləri dəstəkləmək məqsədilə Britaniya hər iki ölkə ilə ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq qərarına gəlib.

Londonun mövqeyinə görə, bu qərarla Birləşmiş Krallıq eyni zamanda iki ölkənin suverenliyinin və ərazi bütövlüyünün “hibrid təhdidlərdən” qorunmasına dəstək verir.

Dauti vurğulamışdı ki, “biz hesab edirik ki, 1992-ci il ATƏT-in silah embarqosu artıq aktual deyil”.

Bu qərardan iki həftə sonra Azərbaycan və Birləşmiş Krallıq müdafiə sahəsində 2026-2027-ci illər üçün ikitərəfli əməkdaşlıq planını imzaladılar. Həmin vaxt Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində qeyd olunmuşdu: “Strateji tərəfdaşlıq çərçivəsində müdafiə sahəsində sıx əməkdaşlığımız və onun rolu ilə qürur duyuruq. Ümumi prioritetlərin həyata keçirilməsi istiqamətində birgə işi davam etdirməyi səbirsizliklə gözləyirik”.

Bildirilirdi ki, Böyük Britaniyanın Azərbaycana silah tədarükü üzrə embarqonu tam şəkildə ləğv etməsi müdafiə sahəsində əməkdaşlıq üçün geniş imkanlar açıb. İki ölkə arasında dərinləşən münasibətlər barədə Azərbaycan mətbuatına Böyük Britaniya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri Bob Blekmen də danışaraq bildirib ki, son dövrlərdə Londonda və Bakıda həm parlament səfərlərinin, həm də ikitərəfli görüşlərin və birgə təşəbbüslərin sayı artıb”, - deyə məqalədə qeyd edilib.

KİV vurğulayıb ki, dekabrın əvvəlində isə Böyük Britaniyanın müdafiə naziri lord Vernon Kouker regional təhlükəsizlik və tərəfdaşlığın möhkəmləndirilməsinə diqqət yetirməklə Ermənistan və Azərbaycana səfər edib.

“Böyük Britaniya hökumətinin açıqlamasında qeyd olunurdu ki, Koukerin səfəri yay aylarında Böyük Britaniyanın strateji tərəfdaşlıq çərçivəsində Ermənistan və Azərbaycanla münasibətləri gücləndirmək öhdəliyinin davamı olub və bu prosesdə əsas prioritet müdafiə əməkdaşlığıdır.

Ermənistanda lord Kouker Böyük Britaniyanın İrəvanda ilk daimi Müdafiə Bölməsini açıb və bununla da Böyük Britaniyanın Ermənistanın təhlükəsizliyini, suverenliyini və müdafiə qabiliyyətini dəstəkləmək üzrə uzunmüddətli öhdəliyini nümayiş etdirib.


Nikol Paşinyan və müdafiə naziri Suren Papikyanla görüş zamanı lord Kouker müdafiə əməkdaşlığının dərinləşdirilməsini, eləcə də Ermənistanın müdafiə islahatları və modernləşmə səylərinə dəstək məsələlərini müzakirə edib.

Beləliklə, Böyük Britaniyanın qəbul etdiyi qərarlardan və Koukerin regional səfərindən sonra Britaniya Azərbaycanla fəal əməkdaşlıq edir. Yəni bu, sadəcə diplomatik təmas deyil, Böyük Britaniya strateji və müdafiə əlaqələrini gücləndirir ki, bu da son səfərdə iştirak edən nümayəndə heyətinin tərkibindən göründüyü kimi, hərbi texnologiyalar sahəsində əməkdaşlığı, təlim və məsləhətləri, eləcə də müdafiə sənayesi sahəsində birgə fəaliyyəti nəzərdə tutur”, - deyə müəllif yazıb.

KİV-ə görə, Böyük Britaniyanın regionda bu yeni mövqelənməsi avqustun 8-dən sonra başlayıb.

“Lakin müdafiə sahəsində Böyük Britaniya-Azərbaycan təmasları göstərir ki, Azərbaycan yalnız regional oyunçu kimi deyil, uzunmüddətli iqtisadi və hərbi əlaqələr baxımından möhkəm tərəfdaş kimi dəyərləndirilir. Bu, əlbəttə ki, yeni hal deyil, Britaniya-Azərbaycan münasibətləri əvvəldən müəyyən tarixə və dərinliyə malikdir. Lakin regionda baş verən son proseslər bu əlaqələri daha da dərinləşdirərək müdafiə əməkdaşlığı müstəvisinə keçirir ki, bu da Ermənistan-Azərbaycan münasibətlərinin xarakteri nəzərə alınaraq Ermənistan cəmiyyətinin diqqət mərkəzində olmalıdır.

Xüsusilə maraqlı məqam ondan ibarətdir ki, Britaniya zahiri balansı qoruyur: Koukerin səfəri regional xarakter daşıyırdı, embarqo ləğv edildi, həm Ermənistan, həm də Azərbaycan haqqında danışıldı, lakin münasibətlərin praktiki nəticələri yalnız Azərbaycanla əlaqələrdə qeydə alınır.

Böyük Britaniyanın Aİ-dən çıxması, Qərbin Rusiyanın təsirini zəiflətmək cəhdləri, Şərqi Avropa və Qafqazda enerji və təhlükəsizlik rəqabəti fonunda bu proseslərin geniş geosiyasi kontekstdə nəzərdən keçirilməsi artıq əlavə izah tələb etmir.

Böyük Britaniyanın Azərbaycanla əməkdaşlığı dərinləşdirməsi bir neçə əsas məqsədlə şərtlənir və onların başında enerji təhlükəsizliyi dayanır. Azərbaycan Avropanın enerji daşıyıcılarının mühüm təchizatçısıdır. Böyük Britaniya əsas Avropa müttəfiqlərindən biri kimi enerji diversifikasiyasında maraqlıdır və enerji əlaqələri Londona region üzərində daha çox təsir imkanları yaradır. Məqsədlər sırasında Rusiyanın təsirinin zəiflədilməsi, Qərbdə Böyük Britaniyanın oyunçu kimi rolunun genişləndirilməsi və bir sıra digər geosiyasi hədəflər də var”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, Ermənistan-Böyük Britaniya müdafiə əməkdaşlığı Azərbaycan-Böyük Britaniya münasibətlərindəki temp və məzmundan ciddi şəkildə fərqlənir.

“Böyük Britaniyanın Azərbaycanla hərbi-sənaye sahəsində dərin əlaqələr qurmaq istiqamətində atdığı addımlar təkcə iqtisadi maraqları deyil, həm də enerji, təhlükəsizlik və strateji rəqabət şəraitində Cənubi Qafqazda düzgün mövqelənməyə yönəlmiş çevik geosiyasi strategiyanı əks etdirir. Ermənistan-Böyük Britaniya münasibətlərinin davam edən passivliyi isə həm Britaniyanın Ermənistana məhdud marağını, həm də Ermənistanın xarici siyasətdə zəifliyini göstərir. Axı Ermənistan hakimiyyəti balanslaşdırma siyasəti apardığını bəyan edib.

Diqqətçəkən məqam ondan ibarətdir ki, Ermənistan hökuməti bu nəticələrlə üzləşir, halbuki bəyan edilir ki, Böyük Britaniya ilə münasibətlər vacibdir və Ermənistan balanslı, balanslaşdırıcı xarici siyasət yürüdür. Bir neçə ay əvvəl isə məlum olmuşdu ki, Londonun mərkəzi hissəsində, bir sıra səfirliklərin və dövlət qurumlarının yaxınlığında Ermənistan səfirliyin yeni binasını 17 milyon 380 min 800 funt-sterlinqə (8 milyard manatdan çox) satın alıb”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin