Erməni politoloq: “Dərin məntiq dəyişməyib, bu, Zəngəzur dəhlizi layihəsinin rebrendinqidir”

2026/02/1770187397.jpg
Oxunub: 431     17:22     06 Fevral 2026    
“TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsini bütün təzahürləri ilə mənfi qiymətləndirirəm”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq, analitik Hrant Mikayelyan deyib.

Onun sözlərinə görə, bu layihə mahiyyət etibarilə Zəngəzur dəhlizinin rebrendinq olunmuş formasıdır.

“Risklərdən əlavə, TRIPP, məsələn, suverenliyin verilməsi kimi birbaşa zərərlər də ehtiva edir”, - deyə erməni politoloq bildirib.

Qeyd olunub ki, Ermənistan hakimiyyətinin nümayəndələri suverenliyin itirilməsindən söhbət gedə bilməyəcəyini bildirirlər, çünki ərazinin 76 faizi icarəyə verilir. Buna cavab olaraq erməni politoloq bildirib ki, ərazinin icarəyə verilməsi də suverenliyin verilməsi deməkdir.

“Bu, yalnız Ermənistan hakimiyyətinin icazəsi ilə bu ərazini faktiki olaraq ələ keçirən ABŞ tərəfindən deyil, eyni zamanda Azərbaycan və Türkiyə tərəfindən də belə qəbul olunur. Onların fikrincə, Ermənistanın bu ərazi üzərində suverenliyi məhduddur”, - deyə o vurğulayıb.

Bu kontekstdə Mikayelyan layihədə bütün proseslərin Ermənistanın gömrük prosedurları ilə həyata keçiriləcəyinə dair verilən təminatları da kifayət hesab etmir. Onun sözlərinə görə, “Front Office”, “Back Office” anlayışları bunun tam əksini göstərir.

“Dərc olunan bu sənəd yalnız təbliğat məqsədi daşıyır. Reallıqda isə sadalananlardan başqa, bu layihə ümumilikdə Ermənistan ərazisində gərginlik nöqtəsi yaradır”, - deyə erməni politoloq bildirib və ABŞ ilə İran arasında davam edən qarşıdurmanı xatırladıb.

Mikayelyan Rusiyanın layihədə iştirakını da real hesab etmir və qeyd edir: “Rusiyanı başqa əməkdaşlıq çərçivələrinə cəlb etməyə çalışacaqlar. Məsələn, İrəvan-Gümrü və ya Arazəyən- İrəvan dəmir yolu Rusiyanın hesabına təmir ediləcək və Rusiyaya deyəcəklər ki, siz də iştirakçısınız. Halbuki bunun “Tramp marşrutu” ilə heç bir əlaqəsi yoxdur”.

O bildirib ki, “Tramp marşrutu” Ermənistanı şimal-cənub məntiqindən çıxarıb şərq-qərb istiqamətinə, yəni Türkiyə-Azərbaycan xəttinə yönəltmək məqsədi daşıyır: “Rusiya və İranın ciddi maneə yaratmaması üçün müxtəlif taktikalardan istifadə olunur”.

TRIPP-in hansı halda Ermənistanın maraqlarına cavab verə biləcəyi sualına erməni politoloq belə cavab verib: “Əgər bu layihə ümumiyyətlə olmasa. Bu variant guya yumşaldılmış kimi təqdim olunur, lakin dərin məntiq dəyişməyib. Bu, mahiyyət etibarilə Zəngəzur dəhlizi layihəsinin rebrendinqidir. Əgər orada tam şəkildə yalnız Ermənistan təmsil olunsaydı, yalnız bu halda az-çox təhlükəsiz variantdan danışmaq olardı”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mikayelyan   Ermənistan  


Bizi "telegram"da izləyin