Rusiya artıq hədəf deyilmi? Nikol Paşinyan və Alen Simonyanın dəyişən “oxları” – 1 ayda nə dəyişib?

2026/02/1770187338.jpg
Oxunub: 446     15:29     06 Fevral 2026    
Ermənistan Xarici Kəşfiyyat Xidməti təxminən bir ay əvvəl 2026-cı ilə dair Ermənistanın xarici riskləri haqqında illik hesabat təqdim edib. Hesabatda, əvvəlki məruzədə olduğu kimi, Ermənistan əleyhinə aparılan hibrid müharibəyə kifayət qədər yer ayrılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Rusiya artıq hədəf deyilmi? Nikol Paşinyan və Alen Simonyanın dəyişən “oxları” – 1 ayda nə dəyişib?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, bundan başqa, Kristine Qriqoryanın rəhbərlik etdiyi “kontor” son hesabatda hətta hibrid müharibənin nə olduğunu izah etməyi də zəruri sayıb.

“Sirr deyil ki, bu mövzuda hakimiyyət nümayəndələri və hakimiyyətə yaxın dairələr əsasən oxu Rusiyaya yönəldirlər. Bəzən başqa ölkələrdən də bu cür təhdidlərin mümkünlüyü istisna edilməsə də, təbliğat məkanında əsas eyham rus istiqamətinə olub.

Xüsusilə, parlamentinsədri Alen Simonyan 2025-ci ilin mayında parlamentdə jurnalistlərlə brifinq zamanı belə demişdi: “Mən başa düşürəm ki, müxtəlif yerlərdən, xüsusən də şimal qonşumuz olan Rusiya Federasiyası tərəfindən çoxlu pul xərclənir”.

Bu məsələ 2026-cı ilin fevralında “Factor TV”yə verdiyi müsahibədə ona xatırladılıb. Cavabında Alen Simonyan bildirib: “Məncə, formul bir az fərqlidir. Biz Rusiya ilə və ya hər hansı başqa ölkə ilə hibrid və ya qeyri-hibrid müharibə aparmaq niyyətində deyilik.

Biz sadəcə deyirik ki, belə bir narahatlıq var. Siz və ya mən hibrid hücumlar haqqında danışanda niyə mütləq belə qəbul edirsiniz ki, bu hücumları deyərkən mən görüşdüyüm şəxsləri nəzərdə tuturam (yaxın vaxtlarda Alen Simonyanın Rusiya Federal Şurasının sədri Valentina Matviyenko və Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşü gözlənilir-“168.am”), ya da ki, onlar bunu idarə edir, yönləndirir və ya hansısa formada əmr verirlər? Bu, yalnız dövlətlər vasitəsilə baş vermir.

Bura siyasətə daxil olan insanlar da var, məsələn. Rusların yaxşı bir sözü var: “Kremlin çox qülləsi var”. Rusiyada yaşayan maraqlı erməni əsilli fiqurlar var, müxtəlif qanadlar mövcuddur. Burada Paşinyan-Putin münaqişəsinə gətirmək lazım deyil, belə bir münaqişə yoxdur. Xanım Matviyenko ilə də münaqişə yoxdur, mən ona çox hörmətlə yanaşıram”, - deyə nəşr qeyd edib.

KİV vurğulayıb ki, bu il yayımlanan Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında xüsusilə belə deyilir: “Ermənistana qarşı hibrid fəaliyyətlərdə iştirak edən dövlət və qeyri-dövlət aktorları tərəfindən böyük ehtimalla tətbiq ediləcək alətlər sırasına xarici təsirə məruz qalan daxili siyasi subyektlərin siyasi aktivləşdirilməsi və onların konkret fəaliyyətlərə cəlb edilməsi daxildir və s. Həmçinin nəzərə almaq lazımdır ki, konkret hadisə və məqsəddən asılı olaraq, hibrid alətlərdən istifadə edən tərəf qeyd olunan vasitələrin müxtəlif kombinasiyalarından yararlana bilər”.

“Bununla bağlı Alen Simonyan müsahibəsində belə reaksiya verib: “Elə deyil ki, biz səhv etmirik. Bundan əlavə, reallıqlar dəyişir, ölkəmizə qarşı fəaliyyətlər dəyişir. Bir də ki, “müharibə” sözü yaxşı söz deyil, buna “hücum” deyək, bu da həmin halları az ifadə etmir”.

Bu kontekstdə əlavə edək ki, təxminən bir ay əvvəl, 2026-cı il yanvarın 15-də hökumət iclasından sonra Nikol Paşinyanın keçirdiyi brifinqdə jurnalistlərdən biri ona xatırlatmışdı ki, o və komandası mütəmadi olaraq hibrid müharibədən danışır və əsasən oxu Rusiyaya yönəldir. Ümumiyyətlə, hibrid müharibə nədir və Paşinyan Rusiya səfərləri zamanı Vladimir Putindən Ermənistan əleyhinə niyə hibrid müharibə elan edildiyini soruşubmu?”, - deyə məqalədə vurğulanıb.

Nəşrə görə, Nikol Paşinyan təbii ki, bu konkret suallara konkret və birbaşa cavab verməkdən yayınıb, ancaq öz reaksiyasını konkret cavab adlandırıb. “Mən çalışacağam sizin konkret sualınıza konkret cavab verim. Soruşursunuz ki, hibrid müharibənin nümunəsi nədir? Ktrıç Nersisyan (II Qaregin-red.) çox konkret nümunədir”, - deyə o vurğulayıb.

Müəllif yazıb ki, “Mən Rusiya haqqında soruşurdum, siz Rusiyanı ittiham edirsiniz” etirazına cavab olaraq Paşinyan belə deyib: “Mən sizin sualınıza cavab verdim”.

“İndi bunu necə başa düşək? Hakimiyyət nümayəndələri, o cümlədən Kristine Qriqoryanın “kontoru” Rusiya ilə bağlı “ittihamedici” qiymətləndirmələrində səhv ediblər, yoxsa son 1 ayda Rusiyanın Ermənistanla bağlı mövqeyində nəsə dəyişib? Bunlar daha dəqiq cavab tələb edən suallardır.

Yeri gəlmişkən, unutmayaq ki, 2024-cü ildə Nikol Paşinyan faktiki olaraq KTMT üzvü olan Belarus və Rusiyanı 2020-ci ilin 44 günlük müharibəsinin hazırlanmasında iştirakda ittiham etmişdi.

“2020-ci ilin 44 günlük müharibəsinin hazırlanmasında bizim tərəfimizdən yox, müttəfiqlərimiz iştirak ediblər. Və mən KTMT-də ən azı 2 ölkə tanıyıram ki, bizə qarşı müharibənin hazırlanmasında iştirak edib”, - deyə Paşinyan 2024-cü ilin mayında parlament-hökumət sual-cavabında bildirmişdi. O, bundan əvvəl də Rusiyanı 2016-cı ilin dördgünlük müharibəsi ilə bağlı ittiham etmişdi.

Amma KTMT-yə üzv olan həmin ölkələrin bu müharibələrin başlanmasındakı məsuliyyətinin hansı həddə olduğu yenə də aydınlıq tələb edir.

Əlbəttə, faktdır ki, həm Belarus, həm də Rusiya Azərbaycanı silahlandırıb və 44 günlük müharibə zamanı onların verdiyi silahlardan istifadə olunub. Amma Paşinyan onları təşkilatçılıq və hazırlıqda ittiham edəndə nəyi nəzərdə tutur?”, - deyə KİV vurğulayıb.

Nəşr bildirib ki, bəlkə də bu məsələdə də Ermənistanın hakim rəhbərliyinin qiymətləndirmələrində vəziyyət dəyişib.

Amma 2022-ci ilin sentyabr döyüşləri ilə bağlı heç bir dəyişiklik yoxdur, halbuki Rusiyanın hərbi və ya fövqəladə vəziyyət elan edilməsini tələb edib-etmədiyi də aydın deyil.

“168.am” yazıb ki, 2020-ci ilin iyul döyüşlərindən əvvəl Ermənistan hərbi rəhbərliyi NATO üzvü olan ölkələrə “Türkiyənin hərbi təhdidinin neytrallaşdırılması” təklifini verib. Bu xəbərdarlığın nə dərəcədə nəzərə alındığını yəqin ki, deməyə ehtiyac yoxdur.

P.S. Yeri gəlmişkən, Ermənistanın ikinci prezidenti Robert Köçəryan bu yaxınlarda keçirdiyi mətbuat konfransında Türkiyənin 44 günlük müharibədə iştirakını və Azərbaycana “Bayraktar”ların verilməsini Paşinyanın Makronun ağlına uyaraq addım atması ilə əlaqələndirmişdi. Buna isə, əlbəttə ki, müəyyən ehtiyatla yanaşmaq lazımdır”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin