Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Kamurc” təşəbbüsünün həmtəsisçisi, erməni siyasi analitik Arman Abovyan deyib.
Onun sözlərinə görə, 2011-2015-ci illərdə informasiya məkanı Erməni Apostol Kilsəsinə ciddi zərbələr vururdu.
“Buna ciddi yanaşılmadı, qarşısı alınmadı və nəticədə elə bir nəsil böyüdü ki, onlar üçün kilsə sadəcə şam satan bir qurum idi.
Xatırlayaq ki, bu hakimiyyətin kilsəyə qarşı mübarizəsi məhz 2018-ci ildən, “inqilab” adlandırılan prosesin ilk günlərindən başladı. “Yeni Ermənistan, yeni katolikos” hərəkatı ilə başlandı, iştirakçılar Paşinyan tərəfindən təşviq edildi, vəzifələr aldılar və indi də antikilsə kampaniyalarında iştirak edirlər. Addım-addım bizim reaksiyamızı yoxladılar və gördülər ki, insanların qəzəbi mətbəxdən çölə çıxmır, bundan sonra daha aktiv mərhələyə keçdilər. Bu, Ukraynada gördüyüm vəziyyətlə eynidir”, - deyə Abovyan qeyd edib.
Abovyan idia edib ki, Paşinyan 2018-ci ilin ilk günündən etibarən xarici qüvvələrin diktəsi ilə Erməni Kilsəsinə hücum edib, təriqətləri təşviq edib.
“O, katolikos II Qaregin və digər ruhaniləri gözdən salıb. 2018-ci ilin aprelində bir nəfər Üçmüədzin kilsəsinin üstünə çıxaraq xaçı kəsməyə, onun yerinə dəmir gül qoymağa cəhd etmişdi. Bu, Erməni Apostol Kilsəsinin başının kəsilməsinə cəhd idi və bu, bizə nə edəcəklərinin siqnalı idi”, - deyə o bildirib.
Abovyan qeyd edib ki, iyunun 7-dən sonra Rusiyanın 102-ci hərbi bazasının çıxarılması prosesi işə salına bilər.
“Bu prosesin sonu Türkiyənin regionda maksimum dominantlığıdır. Bu isə Ermənistanın indiki formada mövcudluğu ilə mümkün deyil. Burada məsələ rusofobiya deyil, daha dərin geosiyasi prosesdir. Bu gün bizi yemək qarşılığında strateji qurban edirlər.
İranla bağlı da vəziyyət təhlükəlidir. İranda 20 milyondan çox türkdilli əhali yaşayır. Təsəvvür edin, bir milyon qaçqın Ermənistana daxil olur. Onları qarşıladınız, yedirdiniz, bəs sonra? 200 min nəfər qalsa, nə edəcəksiniz?
Bu hakimiyyət legitimliyini ölkə daxilində itirdiyi üçün onu kənarda axtarır və bunun qiyməti var: xarici maraqlara xidmət etmək. Türkiyə və Azərbaycan açıq şəkildə Paşinyanı dəstəkləyəcək”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az