Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Geğard” analitik mərkəzi məqaləsində bildirib.
Məqalədə qeyd edilib ki, Azərbaycan Ordusunun arsenalının son illərdəki yenilənməsi 2025-ci il noyabrın 8-də Bakıda keçirilən hərbi paradda nümayiş etdirilib.
“Ümumilikdə paradda 39 xüsusi texnika və silah sistemi, 53 hava hücumundan müdafiə vasitəsi, 63 raket-artilleriya silahı, 12 gəmi və 55 aviasiya vasitəsi nümayiş olunub ki, onlardan 5-i Türkiyədən gətirilib. Hərbi paradda Azərbaycanın 5000 hərbçisi ilə yanaşı, Türkiyə Silahlı Qüvvələrinin 240, Pakistan Silahlı Qüvvələrinin isə 120 hərbi qulluqçusu iştirak edib.
Paradda ən yeni silahlar: güc nümayişimi, yoxsa hərbi-siyasi mesaj?
Azərbaycanda fəaliyyət göstərən beynəlxalq media orqanlarının məlumatına görə, silahlanmadakı əsas yeniliklərdən biri Çin istehsalı olan HQ-9 BE uzaqmənzilli zenit-raket sistemləridir. Bu silahın ixrac variantı təyyarələri, qanadlı raketləri və qısa mənzilli ballistik raketləri məhv etmək üçün nəzərdə tutulub. HQ-9BE Çinin HQ-9 hava hücumundan müdafiə sisteminin ixrac üçün hazırlanmış son versiyasıdır. HQ-9BE hava hücumundan müdafiə sistemi ilk dəfə 2025-ci ilin fevralında Əbu-Dabidə keçirilən IDEX beynəlxalq müdafiə sərgisində təqdim olunub. İstehsalçıları olan Çinin “Norinco” və CATIC şirkətləri bu sistemi ABŞ istehsalı “Patriot” və Rusiya istehsalı “S-400”ə rəqabətədavamlı alternativ kimi təqdim ediblər. Nəşrlərə görə, Azərbaycan Mərakeş, Pakistan və Misirdən sonra və keçmiş sovet respublikaları arasında ilk olaraq Çindən HQ-9BE sistemlərini əldə edən dördüncü ölkə olub”, - deyə müəllif bildirib.
Məqalədə vurğulanıb ki, 2024-cü ildə Azərbaycan Çin və Pakistanın birgə istehsalı olan JF-17 “Block III” qırıcılarını alıb.
“2024-cü il sentyabrın 25-də Azərbaycanın Prezidenti İlham Əliyevə Bakıda Pakistan istehsalı olan JF-17C (Block III) qırıcıları təqdim edilib.
Azərbaycan mediasının məlumatına görə, hərbi parad zamanı nümayiş uçuşu çərçivəsində bu JF-17 çoxməqsədli qırıcılar havaya qalxıb. Parad ərəfəsində Azərbaycan mətbuatında Pakistan Hərbi Hava Qüvvələrinə məxsus JF-17 “Thunder” qırıcılarının və pakistanlı hərbçilərin də paradda iştirak edəcəyi barədə məlumatlar yayılmışdı. Lakin uçuşları Azərbaycanın, yoxsa Pakistanın silahlı qüvvələrinə məxsus qırıcıların həyata keçirdiyi dəqiq məlum deyil.
2025-ci ildə Azərbaycanla Çin arasında “Hərtərəfli strateji tərəfdaşlıq” sazişi imzalanıb. Bu saziş enerji, nəqliyyat, təhsil və mədəniyyət sahələrini əhatə edir. Çin, eyni zamanda, Azərbaycanın enerji ehtiyatları və “yaşıl enerji” layihələri ilə də maraqlanır. Digər tərəfdən, Çin və Pakistan arasında hərbi əməkdaşlıq mərkəzi rol oynayır. Hər il birgə hərbi təlimlər keçirilir, Çin Pakistana “Hangor” sinfinə məxsus sualtı qayıqlar və J-10C qırıcıları tədarük edir, həmçinin müdafiə sənayesinin inkişafına dəstək göstərir. Çin-Pakistan hərbi ittifaqı Pekinin regiondakı mövqelərini gücləndirir ki, bu da Bakı üçün əhəmiyyətlidir”, - deyə mərkəz vurğulayıb.
Məqalədə qeyd edilib ki, Azərbaycan Ordusunun arsenalındakı yeniliklərdən biri İsraildə istehsal olunan “Sea Breaker” raketidir. “Rafael Advanced Defense Systems” şirkəti tərəfindən hazırlanmış “Sea Breaker” yüksək dəqiqliyə malik, beşinci nəsil sistemdir və 300 kilometrədək məsafədə dəniz səthi və sahilyanı hədəfləri məhv edə bilir. Bir raket kiçik hərbi gəmini sıradan çıxarmaq gücünə malikdir.
“Azərbaycan mənbələrinin məlumatına görə, Bakının “Sea Breaker” raketlərini əldə etməsi ölkənin sahilyanı infrastrukturu, enerji platformaları və dəniz kommunikasiyaları üçün mümkün təhdidləri neytrallaşdırmaq baxımından yeni imkan kimi qiymətləndirilə bilər. Görünür, Xəzər bölgəsində “Sea Breaker” və digər yeni dəniz silahları Azərbaycan tərəfindən İran və ya daha az ehtimalla Rusiya əleyhinə istifadə oluna bilər.
Operativ-taktiki “Predator Hawk” (HOUK) raket kompleksi PULS şassisi üzərində nümayiş etdirilib. Raketlər İsrailin “Elbit Systems” müdafiə korporasiyası tərəfindən istehsal olunur. Şirkətin məlumatına görə, “Predator Hawk” yüksək dəqiqlikli idarə olunan raket sistemidir və uzaq məsafələrdə hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub. Sistem 50-dən 300 kilometrədək müstəsna uçuş məsafəsinə malikdir. Təxminən 10 ildir ki, Azərbaycan “Elbit Systems”in raket sistemlərini alır. Azərbaycana 200 kilometrədək məsafəyə malik EXTRA taktiki raketləri, daha sonra isə “Elbit Systems” tərəfindən hazırlanmış və 400 kilometrədək uçuş məsafəsi olan LORA raketləri tədarük edilib. 44 günlük müharibə zamanı bu iki raket növü Qarabağda istifadə olunub”, - deyə müəllif qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az