“Boeing” İndoneziya üçün F-15 döyüş təyyarəsi proqramını dayandırıb

2026/02/1770183858.jpg
Oxunub: 435     09:45     04 Fevral 2026    
“Boeing” İndoneziya üçün apardığı F-15 döyüş təyyarəsi tədarük kampaniyasını rəsmi şəkildə dayandırdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, qərar 2026-cı il fevralın 3-də “Singapore Airshow” çərçivəsində ictimaiyyətə elan edilib.

Bununla da 2023-cü ildə gündəmə gələn və İndoneziya Hərbi Hava Qüvvələri üçün planlaşdırılan 24 ədəd F-15EX tədarükünü nəzərdə tutan F-15IDN proqramı qeyri-müəyyən vəziyyətə düşüb.

Artıq aktiv kampaniya deyil

“Boeing Defense” şirkətində biznesin inkişafı və strategiya üzrə vitse-prezident Bernd Peters sərgi zamanı jurnalistlərə verdiyi açıqlamada şirkətin İndoneziyadakı F-15 prosesindən geri çəkildiyini təsdiqləyib.

Peters mövzu ilə bağlı belə deyib: “İndoneziya ilə F-15 tərəfdaşlığımız baxımından bu artıq bizim üçün aktiv kampaniya deyil”.

Peters qərarın səbəbləri ilə bağlı ətraflı məlumat verməkdən çəkinərək, proseslə bağlı sualların ABŞ və İndoneziya hökumətlərinə yönəldilməli olduğunu bildirib. Açıqlamalar ilk dəfə “Reuters” tərəfindən yayımlanıb.

2023-cü ildə imzalanmış razılaşma dayandırılıb

Sözügedən proqram 2023-cü ildə İndoneziya Müdafiə Nazirliyi ilə “Boeing” arasında imzalanmış və 24 ədəd F-15EX döyüş təyyarəsinin tədarükünü nəzərdə tutan razılaşmaya əsaslanırdı. Xarici Hərbi Satış modeli çərçivəsində planlaşdırılan alış ABŞ hökumətinin təsdiqinə tabe idi.

Həmin dövrdə indoneziyalı rəsmilər F-15EX-i ölkənin hava döyüş parkının modernləşdirilməsində əsas element kimi qiymətləndirmişdilər.

F-15IDN xüsusi konfiqurasiya kimi planlaşdırılmışdı

İndoneziyanın ABŞ Hərbi Hava Qüvvələri üçün istehsal edilən F-15EX əsasında hazırlanacaq xüsusi bir variantı tədarük etməsi nəzərdə tutulurdu. Bu təyyarələrin F-15IDN adlandırılması və İndoneziyanın əməliyyat tələblərinə uyğunlaşdırılması planlaşdırılmışdı.

2023-cü ilin avqustunda tərəflər arasında imzalanan niyyət protokolu ilə proses rəsmiləşdirilmiş, İndoneziya Müdafiə Təsisatları Agentliyinin rəhbəri, hava marşalı müavini Yusuf Cauhari və “Boeing” nümayəndəsi Mark Sirs bu planı ictimaiyyətə açıqlamışdılar. İndoneziya tərəfi F-15IDN-in uzun mənzilli hava hücumundan müdafiə, dəniz hədəflərinə hücum və çəkindirmə imkanlarını gücləndirəcəyini vurğulamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Boeing   İndoneziya  


Bizi "telegram"da izləyin