Ermənistan KİV-i: Təhlükəli dəyişikliklər nəzərdə tutulur

2026/02/1770182853.jpg
Oxunub: 351     09:26     04 Fevral 2026    
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlament çoxluğu ötən gün parlamentin təhsil, elm və mədəniyyət komissiyasında “Audiovizual media haqqında” qanuna dəyişikliklər layihəsini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, layihədə təhlükəli dəyişikliklər yer alır.

“Bu dəyişikliklərə əsasən, audiovizual verilişlərdə konstitusiya quruluşunun zorakılıqla devrilməsinin, müharibənin, zorakılığın və qəddarlığın təbliğini ehtiva edən məlumatların yayılması, milli, irqi, cinsi və dini nifrətin qızışdırılması, əlillik, şəxsi və ya sosial xarakterli digər əlamətlərə görə ayrı-seçkiliyin təşviqi və ya bu məqsədlərə xidmət edən məlumatların yayılması, pornoqrafiyanın yayılması, cinayət məsuliyyəti daşıyan və ya qanunvericiliklə qadağan olunmuş digər əməllərə çağırışlar, eləcə də kriminal submədəniyyətin təbliğini ehtiva edən filmlər və audiovizual verilişlərin yayımlanması qadağan ediləcək.

Qeyd edək ki, bu əməllər artıq cinayət məsuliyyəti daşıyır və buna görə də onların audiovizual media haqqında qanuna daxil edilməsinə ehtiyac yox idi. Aydındır ki, bu addım televiziya kanallarının azadlığını məhdudlaşdırmaq məqsədilə atılır”, - deyə nəşr bildirib.

KİV qeyd edib ki, bundan əlavə, daha bir təhlükəli müddəa da tətbiq olunur, bu, xarici proqramlar vasitəsilə Ermənistanın daxili siyasi həyatına müdaxilə edən məzmunun yayılmasının qadağan edilməsidir: “Bu müddəa da özbaşına şəkildə şərh edilə bilər”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parlament  


Bizi "telegram"da izləyin