Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.
Bu səfərdən hansı gözləntilərin ola biləcəyi ilə bağlı “İravunk” İrəvan Dövlət Universitetinin politologiya kafedrasının professoru, erməni politoloq Qarik Keryanın mövqeyini öyrənib.
Keryan qeyd edib ki, fikirlər çox fərqlidir, çünki belə yüksək vəzifəli şəxsin Ermənistana səfəri indiyədək olmayıb.
“Fikirlər çox fərqlidir, çünki belə yüksək vəzifəli şəxsin Ermənistana səfəri, səhv etmirəmsə, indiyədək olmayıb. Bir dəfə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi səfər etmişdi, amma vitse-prezident səfəri, xatırladığım qədərilə, olmayıb.
Bu, şübhəsiz ki, ciddi siyasi hadisədir. Bir çox tədqiqat və analitik mərkəzlərdə, siyasi dairələrdə bir sual müzakirə olunur: bu səfərin məqsədi nədir? Əlbəttə, burada diplomatik və dövlət sirri elementi də var ki, onu bəlkə də yalnız bir, iki və ya üç nəfər bilir. Lakin səfərə ekspert baxımından yanaşaraq, mən öz fikrimi deyə bilərəm.
Bilirsiniz ki, Ukrayna cəbhəsində müharibənin dayandırılması istiqamətində kifayət qədər ciddi səylər göstərilir. İstisna deyil ki, yaxın aylarda müharibənin başa çatmasına nail olunsun.
Qərb strateqləri çox yaxşı bilirlər ki, Ukrayna cəbhəsində sülhdən sonra Rusiya yenidən diqqətini postsovet məkanının digər regionlarına yönəldəcək, çünki ya bu ərazilərdə təsiri zəifləyib, ya da ümumiyyətlə itirib.
Heç kimə sirr deyil ki, Putinin əsas məqsədi həmişə postsovet məkanında Rusiya təsirinin bərpası olub”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az