“İnterfaks”: Rusiya Ermənistan istiqamətində nağd rubl ixracına məhdudiyyətlər tətbiq edə bilər

2026/02/1770143364.jpg
Oxunub: 463     22:28     03 Fevral 2026    
Rusiyadan nağd rubl və qızıl külçələrinin ixracına məhdudiyyətlər prezidentin vahid fərmanı ilə tətbiq ediləcək və oxşar prinsiplərlə qüvvədə olacaq.

Ordu.az xəbər verir ki, bu barədə layihə ilə tanış mənbə “İnterfaks”a məlumat verib.

Strateji inkişaf və milli layihələr şurasının dekabr iclasında baş nazirin müavini Aleksandr Novak bildirib ki, 2026-cı ildə iqtisadiyyatın “təmizlənməsi” proqramı çərçivəsində “mənşəyi məlum olmayan nağd rublun Rusiyadan nəzarətsiz ixracı, o cümlədən Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrə, həmçinin qızıl külçələrinin ixracı aradan qaldırılacaq”.

Hazırda AİB-yə üzv dövlətlər Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır.

Maliyyə Nazirliyi daha əvvəl qızıl üzrə məhdudiyyətləri qismən şərh edib. Məlumata görə, bu məhdudiyyətlərin sentyabrın 1-dən tətbiqi nəzərdə tutulur və çəkisi 100 qram və ya daha artıq olan külçələrə şamil ediləcək.

“İnterfaks”ın mənbəsi qeyd edib ki, layihə bir sıra istisnaları ehtiva edir. Ümumilikdə fiziki şəxslərə Rusiyadan ümumi çəkisi 100 qramdan artıq olan külçələrin ixracı qadağan ediləcək. Lakin bu qadağa “Şeremetyevo”, “Domodedovo”, “Vnukovo” və Vladivostokdakı “Kneviçi” hava limanlarından yola düşən sərnişinlərə, əgər onlarda Metalların Təsnifatı Palatasının icazəsi varsa, şamil olunmayacaq.

Nağd rubl üzrə məhdudiyyətlər onun AİB ölkələrinə ixracına aid olacaq və sentyabrın 1-dən qüvvəyə minəcək. Mənbənin sözlərinə görə, bu, qızıl külçələrinin ixracına məhdudiyyətlər tətbiq edən eyni layihə qərarı ilə nəzərdə tutulur.

Fiziki şəxslər üçün AİB ölkələrinə cari məzənnə ilə ən azı 10 min ABŞ dollarına ekvivalent rubl ixracına ümumi qadağanın tətbiqi təklif olunur. İstisna Rusiyanın beynəlxalq hava limanları vasitəsilə ixracdır (külçələrdən fərqli olaraq, icazə verilən ixracın siyahısı məhdud deyil), lakin fiziki şəxs bu barədə gömrük orqanlarını məlumatlandırmalıdır.

İxrac olunan valyuta barədə bildiriş eyni zamanda onun mənbəyi və nəzərdə tutulan istifadəsi haqqında məlumatı da əhatə etməlidir. Əgər ixrac edilən ümumi məbləğ 100 min ABŞ dollarına ekvivalent rublu keçərsə, bildirişlə yanaşı vəsaitlərin mənşəyini təsdiqləyən sənədlər də təqdim edilməlidir.

Hüquqi şəxslər və fərdi sahibkarlar üçün bəyan edilməyən minimum məbləğ müəyyən olunmur: onlar istənilən həcmdə nağd rublu yalnız beynəlxalq hava limanları vasitəsilə, gömrük orqanlarını məlumatlandırmaq şərti ilə ixrac edə bilərlər.

Fərmanın tələbləri kredit təşkilatlarına şamil edilmir.

Qızıl və valyutanın ixracına dair hər iki məhdudiyyət Rusiyadan kapital axını risklərinin azaldılmasına, qeyri-qanuni sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinin qarşısının alınmasına və çirkli pulların yuyulmasına qarşı mübarizəyə yönəlib.

Hazırda nağd rublun ixracına dair məhdudiyyətlər mövcud deyil. Xarici valyutanın nağd formada və/və ya valyuta alətlərinin 10 min ABŞ dollarına ekvivalent məbləği aşan hissəsinin ixracına qadağa 2022-ci ilin martından qüvvədədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin