Erməni deputat: “Bu, Ermənistan Silahlı Qüvvələrində ruhani şəxslərin fəaliyyətinin dayandırılması anlamına gəlir”

2026/02/1770099817.jpg
Oxunub: 382     15:39     06 Fevral 2026    
“Müdafiə naziri Suren Papikyanın 29.01.2026-cı il tarixli əmri, Ermənistan Respublikası Müdafiə Nazirliyinin 19 iyul 2000-ci il tarixli, № 728 saylı əmrinin qüvvədən düşmüş hesab edilməsi Ermənistan Silahlı Qüvvələrində ruhani şəxslərin fəaliyyətinin dayandırılması anlamına gəlir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının üzvü Geğam Manukyan deyib.

O, mövcud hakimiyyətin anti-kilsə kampaniyası kontekstində Ermənstan müdafiə nazirinin yanvarın 29-da qəbul etdiyi səs-küylü qərarı şərh edib.

Manukyan vurğulayıb ki, Papikyanın bu qərarının əsas səbəbi Ermənistan Silahlı Qüvvələrində mənəvi xidmət göstərən keşişlərin bütün ermənilərin katolikosu II Qareginə qarşı çıxış etmə tələbinə etiraz etmələri olub.

“Bilirsiniz, orada sadəcə qaydanı dəyişirik” deyə edilən bu saflıq düzgün deyil. Çünki ordu keşişi onilliklər ərzində katolikosun təqdimatı və təbii olaraq Müdafiə Nazirliyinin razılığı ilə təyin olunan ruhani xidməti şəxs idi. İndi isə deyirlər ki, yox, ordu keşişi həmin vəzifədə mayor və ya kapitan olmalıdır və komandirin müavininə tabe edilməlidir”, - deyə o qeyd edib.

Erməni deputat vurğulayıb ki, əslində, bu qərarın bütün əsası bundan ibarətdir: Suren Papikyanın rəhbərliyi altında olan bəzi vicdansız hərbçilər ordu keşişlərinə təzyiq göstərməyə cəhd ediblər.

“Söhbət 44 günlük müharibədən keçmiş, ölü və itkin dostları, yaralı yoldaşları olan keşişlərdən gedir. Bu keşişlər geri çəkilməyiblər, çünki onlardan katolikosun əleyhinə çıxış etmələri tələb olunub. Anlayıblar ki, bu keşişlər güzəştə getməyəcək. Belə qərar veriblər: “Bəs nə edək, gəlin keşişlik institutunu ləğv edək, sonra isə elə bir qayda tətbiq edək ki, əgər keşiş komandirin əmrini yerinə yetirməsə, bunu nizamnaməyə zidd sayaq və buna görə onu məsuliyyətə cəlb edək”, - deyə erməni deputat izah edib.

Parlament seçkiləri ərəfəsində müxalif qüvvələrin mümkün birləşməsi məsələsinə toxunan daşnak Manukyan bildirib ki, Daşnaksütun ali orqanının təşəbbüsü ilə partiya artıq uzun müddətdir bütün müxalif qüvvələrlə dialoq aparır.

“Məqsəd mexaniki birləşmə deyil, bir neçə prinsipial məsələ ətrafında ən azı əməkdaşlıq formalaşdırmaqdır. Bu məsələlər bunlardır: 1) Erməni Apostol Kilsəsinə qarşı hücumlara müqavimət göstərmək, 2) siyasi məhbuslar məsələsi və repressiyaların qarşısını almaq, 3) seçkilər zamanı hakimiyyətin qanunsuz hərəkətlərinə qarşı durmaq, 4) seçkilərin şəffaflığı, ədalətliliyi və nəzarəti, 5) seçki səslərinin parçalanmasının qarşısını almaq üçün böyük siyasi konsensusun formalaşdırılması”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Manukyan   Ermənistan  


Bizi "telegram"da izləyin