Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Hakimiyyət konstitusiyanın hazırlanmasını sürətləndirir” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, hələ ötən ay Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan konstitusiyanın yeni mətninin mart ayında hazır olacağını vəd etmişdi, lakin indi özü də etiraf edir ki, buna çatdırmayacaqlar.
“Bir gün əvvəl konstitusiya islahatları şurası iclas keçirib və layihəni başa çatdıra bilmək üçün həftəlik rejimdə görüşmək qərarı verib. Bununla yanaşı, ən vacib məsələlərdən biri, konstitusiyanın preambulasından müstəqillik bəyannaməsinin çıxarılması məsələsi hələ müzakirə olunmayıb.
Böyük ehtimalla, bu məsələni ən sona saxlayacaq və artıq hazır olan layihəni ictimaiyyətin müzakirəsinə təqdim edəcəklər. Halbuki hakimiyyət daha əvvəl yeni konstitusiya üzrə referendumun parlament seçkiləri ilə eyni vaxtda keçirilməsinə meylli idi, lakin Paşinyan etiraf edib ki, konstitusiya referendumu parlament seçkilərindən sonra, böyük ehtimalla 2027-ci ildə baş tutacaq.
Əlbəttə, bu halda Paşinyanın konstitusiyasının qəbul edilməməsi ehtimalı son dərəcə yüksəkdir. Çünki bunun üçün 2026-cı ildə hakimiyyətin nəyin bahasına olursa-olsun yenidən seçilməsi lazımdır, üstəlik konstitusiya referendumu üçün tələb olunan 50 faiz +1 iştirak göstəricisini təmin etmək də çətin olacaq, xüsusən də ictimaiyyət Paşinyanın təklif etdiyi və Azərbaycanın diktə etdiyi konstitusiyaya qəti şəkildə qarşıdır”, - deyə nəşr qeyd edib.
KİV vurğulayıb ki, Bakı üçün Ermənistan konstitusiyasının dəyişdirilməsi sülh müqaviləsinin imzalanması üçün ilkin şərtdir.
“Onlar konstitusiyanın preambulasından “Ermənistanla Qarabağın birləşməsi”nə dair xatırlatma olan bəyannamənin çıxarılmasını tələb edirlər. Bakı bunu Azərbaycana qarşı ərazi iddiası kimi qiymətləndirir və Paşinyanın bütün təminatları, yumşaq desək, Azərbaycan tərəfindən ciddi qəbul edilmir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az