Erməni siyasi texnoloq: “3-4 böyük müxalifət qütbünün seçkilərdə iştirakının şahidi olacağıq”

2026/02/1770099478.jpg
Oxunub: 424     17:08     06 Fevral 2026    
“Seçkiqabağı mübarizə artıq kifayət qədər aktiv mərhələyə daxil olub və hakimiyyət bu mübarizəyə çoxdan başlayıb”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi texnoloq Vigen Hakobyan deyib.

“Artıq hakimiyyət reytinqini artırmaq üçün müxtəlif üsullardan istifadə edir, müxtəlif cəhdlər göstərir. Müxalifət isə, məncə, yalnız indi əsas seçkilərlə bağlı hazırlıq işlərinə başlayır. Yeni formalaşmağa başlayan siyasi qüvvələr hələlik formalaşma mərhələsində idilər, yəni strukturlarını qurur, resurslarını dəqiqləşdirir, razılaşmalar əldə edirdilər. Bu baxımdan, görünür, müxalifət də yerindən tərpənib.

Müxalifətin fəaliyyəti gecikib, çünki ilkin tanınma və brendin formalaşmasına ayrılmalı olan vaxt, yəqin ki, ən azı bir neçə ay əvvəl ayrılmalı idi.

Yeni yaranmış qüvvələr üçün bu, anlaşılandır, lakin indi onlar illər çəkən bütün mərhələləri bir il, hətta yarım il ərzində keçməyə çalışmalıdırlar. Yəni bu, brendin tanınmasıdır, insanlar onların mövqelərini başa düşməlidirlər, kimin kim olduğu, hansı ad altında çıxış edəcəkləri aydın olmalıdır. Daha sonra isə, təbii ki, paralel strukturlar, resurslar, media sahəsi ilə iş, xarici aləmlə iş və sair formalaşdırılmalıdır”, - deyə o bildirib.

Artıq mövcud olan, o cümlədən parlamentdə təmsil olunan müxalif qüvvələrə gəldikdə isə, erməni siyasi texnoloq qeyd edib ki, onlar bu proseslərdə daha fəal iştirak edə bilərdilər: “Əlbəttə, gecikmiş çox şey var, amma mən bunun ümidsiz vəziyyət olduğunu düşünmürəm”.

Bu mərhələdə seçkilərə iri qütblərlə qatılmağın düzgün olub-olmadığı və bunun hakimiyyətin yenidən seçilməsinin qarşısını ala bilib-bilməyəcəyi sualına Hakobyan belə cavab verib: “Teorik olaraq, ən düzgün və ya ən qəbulolunan variant, yəqin ki, bir böyük müxalifət qütbünün olması və iki əsas qütb arasında rəqabətin getməsi olardı, amma bu, nəzəri variantdır. Müstəqil Ermənistanın bütün seçki proseslərində belə söhbətlər həmişə olub, belə bir arzu həmişə mövcud olub, lakin heç vaxt reallaşmayıb.

Hazırda fakt odur ki, vahid müxalifət qütbü olmayacaq. İkinci prezident bildirib ki, onlar bir qütb imkanını görmürlər və öz birlikləri ilə çıxış edəcəklər. Bununla belə, gələcəkdə koalision yeni hakimiyyətin formalaşdırılmasını istisna etmirlər, bu isə başqa məsələdir.

Məncə, biz 3-4 böyük müxalifət qütbünün seçkilərdə iştirakının şahidi olacağıq. Bunlar “Hayastan” alyansı, “Bizim Tərzimizlə” hərəkatıdır. Üçüncü qütb isə, fikrimcə, alyans formatında çıxış edəcək “Birliyin Qanadları” olacaq.

Hesab edirəm ki, dördüncü qütb də formalaşacaq, bu da Respublikaçılar Partiyasının hansı mövqeni seçəcəyindən asılıdır. Sonda Qaqik Tsarukyan məsələsi də açıq qalır, orada da hansı formatda iştirak edəcəkləri ilə bağlı hələ dəqiq mövqe yoxdur”, - deyə o vurğulayıb və proqnozlaşdırıb ki, bu əsas müxalif qüvvələr müəyyən mərhələdə bir-biri ilə memorandum imzalayacaqlar və hakim “Vətəndaş Müqaviləsi” partiyası ilə hər hansı əməkdaşlığı istisna edəcəklər.

Hakobyan qeyd edib ki, əgər çoxsaylı qüvvələr, o cümlədən müxalif qüvvələr seçkilərdə iştirak edib seçki baryerini keçməsələr, bu, səslərin parçalanmasına səbəb olacaq və bu parçalanma həmişə hakimiyyətin xeyrinə işləyir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakobyan   Ermənistan  


Bizi "telegram"da izləyin