Da Vinçi şifrəsi, ABŞ-nin hərbi siyasəti və Avropanın xəyalları – Can Kasapoğlu yazır

2026/01/1769772247.jpg
Oxunub: 1478     16:38     30 Yanvar 2026    
Pentaqon 2026-cı ilin ilk ayında ABŞ-nin Milli Müdafiə Strategiyasını yayımlayıb. Təfərrüatlarını incələyəcəyimiz sənədlə bağlı əsas qənaətimizi məqalənin əvvəlində dərhal bildirək. “Da Vinçi şifrəsi” başda olmaqla Den Braun romanlarının simvol mütəxəssisi olan uydurma Robert Lenqdon obrazı kimi xüsusi bir linza və fərqli bucaqdan baxıldıqda, sənəd dünyanın yaxın gələcəyinə dair olduqca kritik təhlillər təqdim edir. Söhbət gedən linza sadəlövh liberal arzularından uzaq, realpolitik bir paradiqmadır. Digər tərəfdən, yenə Den Braun romanlarını xatırladan sərt bir həqiqət də var: ABŞ-nin Milli Müdafiə Strategiyası hazırda Avropadan baxıldıqda oxunmur.

Dünya xəritəsinə necə baxılmalıdır?

ABŞ Müharibə Nazirliyi tərəfindən yayımlanan Milli Müdafiə Strategiyası Sənədi (National Defense Strategy) bir neçə məqamla ön plana çıxır. İlk növbədə sənəd 2025-ci ildə yayımlanan Milli Təhlükəsizlik Strategiyası sənədinin Qərb yarımkürəsində ABŞ dominantlığı vurğusunu davam etdirir. Hətta Qərb yarımkürəsi vurğusu ABŞ-nin klassik Monro Doktrinasına Tramp düzəlişi və ya Donro Doktrinası kimi bənzətmələrə də səbəb olub.

Əlbəttə, diqqətdən qaçırılmamalı bir məqam var: Venesuelanın keçmiş Prezidenti Nikolas Maduronun hərbi əməliyyatla oğurlanması və bu əməliyyatın Çin diplomatik nümayəndə heyətinin ölkədən hələ tam ayrılmadığı ehtimal olunan vaxtda icra edilməsi Qərb yarımkürəsi geosiyasi yanaşmasının sadəcə zehni məşq kimi qalmayacağını, birbaşa hərbi siyasətə də tətbiq ediləcəyini göstərib.

Həmçinin sərhəd təhlükəsizliyi və narkotik kartelləri ilə mübarizənin Vaşinqtonun prioritet təhlükəsizlik mövzuları sırasında olduğunu müşahidə edirik. Sözügedən prioritetlər ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens administrasiyasının mühafizəkar xətti ilə də uyğun görünür.

Maraqlıdır ki, Çinə dair təhlükə qiymətləndirməsi yuxarıda sadalanan məqamlardan sonra gəlir. Əslində bu baxımdan sənədin Trampın ilk dövrünə aid Milli Müdafiə Strategiyası sənədindən fərqləndiyi də deyilə bilər. Çünki 2018-ci il sənədi böyük güclər rəqabətini ABŞ-nin hərbi və təhlükəsizlik siyasətinin mərkəzinə yerləşdirmişdi. 2026-cı ildə Trampın ikinci dövrünə aid Milli Müdafiə Strategiyasının fokusunda isə Amerika qitəsi dayanır. Bununla belə, Çinə qarşı formalaşdırılan siyasətin əsasları çəkindirmənin qorunması üzərində qurulub.

“Devidson pəncərəsi”nə yaxınlaşarkən

Bu mərhələdə bir qeyd edib Çinə dair tendensiyaların ABŞ-ni fərqli bir taleyə sürükləyə biləcəyini də nəzərdən qaçırmamalıyıq. Bu məqamlardan birincisi “Devidson pəncərəsi” adlanır.

“Devidson pəncərəsi” ABŞ-nin Hind-Sakit okean komandanı admiral Filip Devidsonun tərifinə görə Çinin Tayvana qarşı hərbi əməliyyat keçirmə ehtimalının 2027-ci ilə qədər olan dövrdə kəskinləşdiyi kritik mərhələdir. Bu anlayış Çinin hərbi modernləşmə təqvimi ilə ABŞ-nin çəkindirmə və hazırlıq səviyyəsinin təhlükəli bir həddə kəsişdiyini ifadə edir. Riskin uzaq ehtimal deyil, yaxın perspektivdə idarə olunmalı strateji problem olduğuna işarə edir.

Maraqlı məqam ondadır ki, Çinin Tayvanla bağlı hərbi addım atıb-atmayacağına dair daha bir aktiv qırılma xətti mövcuddur. Son iki ildə Çin prezidenti Si Cinpin Çin Xalq Azadlıq Ordusunun komanda heyətini radikal şəkildə yenidən formalaşdırır. Son olaraq yanvarın 24-də Çin Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyanın sədr müavini general Zhanq Youxia və komissiyanın üzvü general Liu Zhenli barəsində “partiya, dövlət və xalq azadlıq ordusu üzərində mənfur təsir yaratmaq” ittihamı ilə istintaqa başlandığını açıqlayıb. Əvvəlki vəzifədən uzaqlaşdırmalarla birlikdə Mərkəzi Hərbi Komissiyanın təsiri ciddi dərəcədə zəifləyib. Belə bir mühit Çin Prezidentinə Tayvanda şəxsi siyasi gündəmini həyata keçirmək üçün daha rahat manevr sahəsi verir.

ABŞ-Avropa parçalanması: liberal xəyaldan oyanmaq vaxtı

ABŞ-nin Milli Müdafiə Strategiyası Avropanı müdafiə məsələlərində daha çox məsuliyyət götürməyə çağırır.

Əlbəttə, klassik Avropa yanaşmaları, Türkiyədəki təhlillərdə də əks olunduğu kimi, ABŞ-dəki siyasi dəyişikliyi Trampın şəxsiyyəti və ya ABŞ mühafizəkar seçicisinin dünyanı qavrama tərzi üzərindən izah edib.

Açıq danışaq: bu cür reduksiyaçı yanaşmalar təkcə analitik baxımdan qısagörən deyil, həm də siyasi-hərbi nəticələri etibarilə təhlükəlidir. Onların müəllifləri isə Vaşinqtondakı mühafizəkar siyasət çevrələrini tanımaqdan xeyli uzaqdır. Gəlin liberal intellektualların danışmağı sevmədiyi mövzulara girək.

Həmkarımız Uolter Rassel Midin 2026-cı il yanvarın 23-də “Wall Street Journal”da dərc olunan məqaləsində bu ifadələr yer almışdı: “Avropanın siyasi və mədəni quruluşu üçün Trampa nifrət etmək, Avropanı bu qədər zəif və aciz vəziyyətə salmaqda öz məsuliyyəti üzərində düşünməkdən həm daha asan, həm də daha zövqlüdür”.

İndi isə Avropanın onilliklər ərzində nə etmədiyini qiymətləndirək. Fransız siyasi çevrələrinin önəmli ekspertlərindən biri, NATO-nun baş katibinin müavini vəzifəsini də icra etmiş Kamil Qrand 2024-cü ildə dərc etdirdiyi “Daha az Amerika ilə Avropanı müdafiə etmək” adlı məqaləsində qeyd edir ki, Avropa İttifaqına üzv 27 ölkədən 12-sinin hərbi inventarında əsas döyüş tankı yoxdur, 14-ünün isə sabit qanadlı təyyarəsi mövcud deyil. Aİ ölkələrinin yarısı mexanikləşdirilmiş əməliyyat həyata keçirmək üçün zəruri olan iki əsas döyüş vasitəsindən məhrumdur. Halbuki bu qabiliyyət boşluqlarının ABŞ-dəki mühafizəkar kütlələrlə və ya Prezident Trampla heç bir əlaqəsi yoxdur. Bu, Soyuq müharibədən sonra qloballaşma və iqtisadi inteqrasiyanın sülh gətirəcəyi fərziyyələrinin nəticəsidir.

Avropanın bugünkü hərbi zəiflikləri Rusiya Prezidenti Vladimir Putinin 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransında Qərbə meydan oxuduğu çıxışından və Rusiya Federasiyasının 2008-ci ildə Gürcüstanı işğal etməsindən təxminən 20 il keçməsinə baxmayaraq mövcud reallıqdır. 2015-ci ildə Suriyaya müdaxilə zamanı Rusiya Silahlı Qüvvələrinin Aralıq dənizində yüzlərlə silah sistemini sınaqdan keçirməsi fonunda Avropa liderlərinin təhlükəsizlik mövzularında ritorik oyanışlarını Vaşinqtondan gələn siyasi mesajlarla izah etmələri də əsaslı deyil. Ən vacib siyasi gündəmin iqlim dəyişikliyi tənzimləmələri olduğuna qərar verənlər doğru və ya yanlış həmin seçimlərinin nəticələri ilə yaşamalı olacaqlar. Dünyanın alqoritmi amansız ola bilər, amma realistdir.

Yuxarıda təsvir etdiyimiz mənzərəni son vaxtlar Avropaya ən aydın şəkildə izah edən isə NATO-nun baş katibi və Niderlandın keçmiş Baş naziri Mark Rütte olub. Rütte Avropanın yalnız öz imkanları ilə qitəni müdafiə etməsinin xəyal olduğunu açıq şəkildə avropalıların üzünə deyib.

Türkiyənin hekayəsi

Avropa narrativinə tam uyğun gəlməyən NATO ölkələri də var ki, onların başında Türkiyə gəlir. Türkiyə həm yüksək döyüş qabiliyyətinə malik silahlı qüvvə strukturunu qoruyur, həm də bu hərbi gücü dəstəkləyən milli müdafiə sənayesi infrastrukturunu uzun müddətdir möhkəmləndirir. Türkiyə müdafiə sənayesi strateji seqmentlərdə də görünürlük qazanır: SİPER kimi uzaqmənzilli hava və raketdən müdafiə proqramları, TCG “Anadolu” kimi qüvvə ötürmə platformaları, milli ballistik raket layihələri, “Tomahavk” və ya “Kalibr” tipli qabiliyyət qazandıracaq “Gezgin” raketi bunun bariz nümunələridir. Bundan əlavə, robotlaşdırılmış müharibə sahəsində KIZILELMA kimi həm qabiliyyət, həm də konsept yaradan sistemlər Türkiyənin gələcək müdafiə texnologiyalarında iddiasını nümayiş etdirir.

Daha da önəmlisi, Suriya meydanında gəlinən nöqtə və Suriya Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat Türkiyə ilə ABŞ arasında illərlə düyünə çevrilmiş təhlükəsizlik dosyesində belə realpolitik yanaşmalarla uzlaşma sahəsinin tapıla biləcəyini sübut edib.

Sadəlövh fərziyyələrdən kənarda

Yekun olaraq 2026-cı il Milli Müdafiə Strategiyası Vaşinqtonun dünyanı arzularla deyil, sərt güc hesabı ilə izlədiyini göstərir. Sənədi liberal fərziyyələrlə oxumağa çalışanlar isə sənədin nəticələrini deyil, əks-səda otağında öz illüziyalarını təsdiqləyirlər. Görünən odur ki, qarşıdakı illər Avropa-ABŞ münasibətlərində daha çox gərginlik, Türkiyə-ABŞ münasibətlərində isə daha çox praqmatik qazanclar gətirəcək.

Hudson İnstitutunun baş müdafiə analitiki dr. Can Kasapoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avropa   Milli-Müdafiə-Strategiyası  


Bizi "telegram"da izləyin