ABŞ-İran müharibəsi qaçılmazdır? – Türkiyə Milli Kəşfiyyat Akademiyasının sədr müavini yazır

2026/01/1769713425.jpg
Oxunub: 1741     22:51     29 Yanvar 2026    
İran bu gün etibarilə Tramp administrasiyasının bütün təhdid və israrlarına baxmayaraq, danışıqlar tələblərini “nəticələri əvvəlcədən bəllidir” deyərək rədd edir.

Türkiyə Milli Kəşfiyyat Akademiyasının sədr müavini dr. Hakkı Uygur

1979-cu il inqilabından etibarən ümumilikdə düşmənçilik xətti ilə inkişaf edən Tehran-Vaşinqton münasibətləri İranın nüvə fəaliyyətlərini daha irəli mərhələyə daşıdığı 2010-cu illərin əvvəlindən etibarən daha ağrılı bir mərhələyə daxil olub. 2015-ci ildə P5+1 ölkələri ilə İran arasında imzalanan Nüvə Sazişi (KOEP) ikitərəfli münasibətlər baxımından qısamüddətli nikbinlik yaratsa da, Donald Trampın 2016-cı ilin noyabrında ABŞ Prezidenti seçilməsi, 2018-ci ilin mayında sazişdən çıxması və 2020-ci ilin yanvarında İranın regional siyasətinin əsas memarlarından olan general Qasım Süleymaninin öldürülməsi münasibətləri son dərəcə gərgin vəziyyətə gətirdi. Sözügedən siyasi-hərbi gərginliklə paralel olaraq, əsasən ABŞ tərəfindən tətbiq edilən “misilsiz iqtisadi sanksiyalar” səbəbindən İranın 2010-2020-ci illər arasındakı orta iqtisadi artım tempi (“Covid-19” pandemiyasının da təsiri ilə) sıfır səviyyəsində qeydə alınıb.

Bayden administrasiyasının yaratdığı gözləntilər, həm İbrahim Rəisi hökumətinə manevr imkanı yaratmaq məqsədilə Tehranın yeni sazişi ləngitməsi, həm də sonradan baş verən Məhsa Əmini hadisələri və 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi səbəbilə doğrulmadı. İran Rusiyaya silah tədarükü ucbatından bir anda Ukrayna ilə diplomatik mübahisələrin mərkəzinə düşdü. Bununla belə, İran baxımından vəziyyəti daha da çətinləşdirən əsas hadisə 2023-cü il oktyabrın 7-də Tehranın “Müqavimət oxunun üzvü” kimi tanımladığı HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi şok hücumlar oldu. Həmin hücumlar İsrailin və onun əsas himayədarı olan ABŞ-nin regiona yanaşmasında dəyişikliklərə və ardıcıl reaksiyalara səbəb oldu.

Regional dönüş nöqtəsi: 7 oktyabr

Oktyabrın 7-dən sonra İsrailin İran və onun vasitəçilərinə qarşı uzun müddətdir tətbiq etdiyi strateji yanaşma dəyişdi. Tarazlıq elementi və məcburi şər kimi qiymətləndirdiyi aktorlarla bağlı idarəolunan gərginlik mövqeyi və bununla əlaqəli olaraq 2006-cı ildən etibarən tətbiq etdiyi qarşılıqlı fəaliyyət qaydaları tamamilə dəyişdi. Livandakı “Hizbullah” təşkilatına qarşı genişmiqyaslı hücumlar həyata keçirildi, təşkilatın rəhbərliyi, döyüş strukturu və silah ehtiyatı ciddi zərbələr aldı. Təl-Əviv bütün diplomatik qaydaları və ənənələri pozaraq, İranın Suriyadakı təkcə hərbi mövcudluğunu deyil, siyasi nümayəndəliklərini də hədəfə almaqdan çəkinmədi. 2024-cü ilin dekabrında İranın ərəb dünyasındakı ən mühüm müttəfiqi olan Bəşşar Əsəd rejimi itirdiyi xarici dəstəyin də təsiri ilə devrildi. Bütün bunlardan da önəmli hadisə isə 2025-ci ilin iyununda İran ilə İsrail arasında başlayan və 12 gün davam edən toqquşmalar oldu. ABŞ-İran nüvə danışıqları davam edərkən İsrailin qəfil hücumu nəticəsində İranın yüksək səviyyəli komandan heyəti ağır zərbə aldı, ölkənin hava hücumundan müdafiə sistemləri sıradan çıxarıldı. Xüsusilə qərb sərhədi boyunca yerləşən raket və sursat anbarları böyük ölçüdə dağıdıldı. İranın cavab raket zərbələri və ABŞ-nin prosesə müdaxiləsindən sonra toqquşmalar dayandırıldı.

Tehranın strateji uyğunlaşma çətinliyi

Əslində, İran malik olduğu təcrübə sayəsində oktyabrın 7-dən sonrakı regional inkişafların doğuracağı nəticələrin fərqində idi. Bu səbəbdən İsrailin aqressiv mövqeyinə baxmayaraq, böhranın ilk aylarında başda “Hizbullah” olmaqla regional müttəfiqlərini minimum qarşıdurmaya təşviq etdi, İraq kimi sahələri isə qəsdən münaqişədən kənarda saxladı. Bununla belə, Tehranın aşağı intensivlikli qarşıdurmanı uzadaraq soyutmaq ümidinə əsaslanan addımları istənilən nəticəni vermədi və iranlı rəsmilərin dəfələrlə xəbərdarlıq etdiyi kimi, müharibə ölkə daxilinə keçdi.

Müharibədən sonra sentyabr ayında KOEP-də qalan Qərb ölkələrinin İranın saziş üzrə öhdəliklərini yerinə yetirmədiyi əsaslandırması ilə tətik mexanizmini işə salmaları, İran, Rusiya və Çinin əks açıqlamalarına baxmayaraq, BMT Təhlükəsizlik Şurasının sanksiyalarını yenidən qüvvəyə mindirdi. İlin son günlərində ölkədə valyuta məzənnələrinin artması Tehranda elektronika satıcılarının və Böyük Tehran Qapalı Bazarının bəzi tacirlərinin etirazlarına səbəb oldu. Dinc, dolanışıq yönümlü aksiyalar sürətlə zorakı hadisələrə çevrildi və ölkə üzrə minlərlə insanın həyatını itirdiyi qanlı olaylar baş verdi. Hökumət yanvarın 8-9-dan etibarən internetə məhdudiyyət tətbiq etdi və ölənlərin sayının əsasən təhlükəsizlik qüvvələrindən olmaqla 3 mindən çox olduğunu açıqladı. Bununla yanaşı, xaricdə yerləşən qurumlar iki həftə davam edən etirazlarda ölənlərin sayının daha çox olduğu fikrində israrlıdırlar.

Etirazlarla bağlı vurğulanmalı əsas məqamlardan biri odur ki, hadisələr mediada geniş rezonans doğursa da, İran dövlət idarəçiliyi bu sahədə kifayət qədər təcrübəlidir. 1979-cu ildən sonra heç bir silahlı qiyam, çevriliş cəhdi və ya kütləvi etiraz hərəkatı hakimiyyətin əsas daxili və ya xarici siyasətində köklü dəyişikliklərə səbəb olmayıb. Yeganə istisna kimi görünən Əmini hadisələrindən sonrakı qismən örtünmə azadlığı da ani dəyişiklikdən çox, uzun müddətdir mövcud olan praktikanın faktiki şəkildə qəbul edilməsi anlamına gəlir. Buna görə də, hazırkı mərhələdə İran xalqının bütün haqlı etirazlarına baxmayaraq, aksiyaların rejimi birbaşa təhdid etməsi real görünmür. Lakin iqtisadi göstəricilərin pisləşməsi fonunda davamlı xarakter alan etirazların silahlı qrupların nəzarətindən çıxaraq dinc və kütləvi xarakter alması halında, təhlükəsizlik qüvvələrinin onları zorla yatırmaq motivasiyası da zəifləyə bilər.

Tramp faktoru

2020-ci il Qarabağ müharibəsində strateji stereotiplərlə yaxalanmasına bənzər şəkildə, oktyabrın 7-dən sonrakı proseslərdə də lazımi çevikliyi göstərə bilməyən Tehran Trampın ikinci prezidentlik dövrünü düzgün qiymətləndirə bilməyib və 2025-ci ilin iyunundan etibarən İsrail və ABŞ-nin İranla bağlı mövqeləri tam üst-üstə düşüb.

Son etirazlar zamanı ABŞ Prezidenti Donald Tramp İran hökumətinə “etirazçıları öldürməyin” çağırışı edib və əks halda bunun bədəlini ödəyəcəkləri ilə hədələyib. Lakin minlərlə insanın həyatını itirməsinə baxmayaraq, Trampın indiyədək konkret addım atmadığı, bunun əvəzində regiondakı ABŞ hərbi mövcudluğunun ciddi şəkildə gücləndirildiyi müşahidə olunur. İran isə bu gün Tramp administrasiyasının bütün təhdid və israrlarına baxmayaraq, danışıqlar tələblərini “nəticələri əvvəlcədən bəllidir” arqumenti ilə rədd edir. Qeyri-proqnozlaşdırılan davranışları ilə tanınan Trampın Venesuela nümunəsində görüldüyü kimi, gözlənilməz üsullara əl atması və sürətli nəticə əldə etməyə çalışması müharibə riskini artırır. Halbuki regionun yaxın keçmişinə baxıldıqda, ABŞ administrasiyaları rəqib dövlətlərin müqavimətini qırmaq üçün təzyiqi zamanla uzatmağa üstünlük veriblər. İrana qarşı sanksiyaların bu şəkildə davam etməsi halında, hazırda təxminən 75 dollar olan minimum əməkhaqqının yaxın gələcəkdə daha da aşağı düşməsi mümkündür ki, bu da sonrakı illərdə ictimai rəyin, hətta dövlət bürokratiyasının böyük güzəştlərə daha müsbət yanaşmasına səbəb ola bilər.

Türkiyənin mövqeyi

ABŞ-İsrail xəttindəki fəallığın diplomatik təzyiq məqsədi daşıyıb-daşımadığı, yaxud hərbi əməliyyata hazırlıq olub-olmadığı hələlik qeyri-müəyyəndir. Lakin dəqiq olan odur ki, İran-ABŞ və İsrail münasibətləri geri dönüşü olmayan mərhələyə çatıb. Yanvarın sonuna doğru həm Türkiyədə, həm də beynəlxalq mühitdə İrana qarşı mümkün hərbi əməliyyatın baş verib-verməyəcəyi, bunun miqyası, İranın cavabı və ABŞ əməliyyatının hansı strateji nəticələr doğura biləcəyi intensiv şəkildə müzakirə olunur. Hazırda qəti nəticəyə gəlmək çətin olsa da, Ankara bir tərəfdən ən pis ssenarinin reallaşmaması üçün müxtəlif səviyyələrdə vasitəçilik təşəbbüsləri göstərir, digər tərəfdən isə milli təhlükəsizliyinin mümkün mənfi təsirlərdən minimum səviyyədə zərər görməsi üçün bütün tədbirləri görməyə başlayıb. Çünki Tramp administrasiyası bunun nə dərəcədə fərqində olsa da, İranda Venesuela tipli “qələbə” qazanmaq və davamlı dəyişiklik təmin etmək asan olmayacaq. Yaxın keçmişdə Suriyada müşahidə edildiyi kimi, ölkənin qanlı münaqişəyə sürüklənməsi İran məsələsinin önümüzdəki illər ərzində Türkiyənin ən əsas xarici siyasət mövzularından birinə çevrilməsi ehtimalını artırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin