Sabiq erməni rəsmi: “Azərbaycanlılar Göyçə, Zəngəzur və Dərələyəz istiqamətlərində bütün dominant mövqeləri nəzarətə götürüblər”

2026/01/1769234026.jpg
Oxunub: 903     12:33     24 Yanvar 2026    
“Ermənistan-Azərbaycan təmas xəttində mövqe vəziyyəti demək olar ki, tam şəkildə Ermənistanın ziyanına formalaşıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “HayaKve” birliyinin idarə heyətinin üzvü, Hərbi Sənaye Komitəsinin sabiq sədri (2018-2020-ci illər) Avetik Kerobyan deyib.

“Əgər 2020-ci ilə qədər mövqelər nisbətən balanslı idisə, 2020-ci ilin 44 günlük müharibəsindən, xüsusilə də 2021, 2022 və 2023-cü illərdəki toqquşmalardan sonra vəziyyət cəbhə xəttində, Ermənistan-Azərbaycan təmas xətti boyunca dözülməz həddə çatıb. Azərbaycan üstün mövqeləri tutub. Xüsusilə Göyçə, Zəngəzur və Dərələyəz istiqamətlərindəki toqquşmalardan sonra demək olar ki, bütün dominant mövqeləri nəzarətə götürüblər və bizim qoşunların yerləşməsi son dərəcə həssas vəziyyətə düşüb”, - deyə Kerobyan bildirib.

O, Basarkeçər və İstisu (Cermuk) bölgələrindəki duruma xüsusi diqqət çəkərək vurğulayıb ki, məsələn, İstisu ərazisində Ermənistan tərəfinin Azərbaycan üzərində üstünlük təşkil edən heç bir dayaq nöqtəsi yoxdur։

“Son vaxtlar möhkəmləndirmə işləri aparılır, amma bu işlər sərhəddən 7,5 km dərinlikdə həyata keçirilir. Mənə elə gəlir ki, bu tikinti əvvəlcədən həmin torpaqların təhvil verilməsi məntiqinə əsaslanır. Gizli razılaşmaların olmasını da istisna etmirəm”, - deyə Kerobyan vurğulayıb.

Kerobyanın sözlərinə görə, Azərbaycan tərəfi döyüş mövqelərini və onlara aparan yolları elə prinsip əsasında qurur ki, istənilən erməni mövqeyinin qarşısına 2 saat ərzində bir alay və ya diviziya çıxara bilsinlər. Onun iddiasına, azərbaycanlılar yolları elə inşa edirlər ki, istədikləri an qarşıya qoyulan tapşırığı yerinə yetirə bilsinlər.

“Mövqe vəziyyəti tamamilə bizim ziyanımızadır. Demirəm ki, hər şey tam pisdir: yaxşı möhkəmləndirilmiş mövqelər var, müdafiə rayonları var, 1990-cı illərdən etibarən dəyişməyən mövqelər var və orada müəyyən üstünlüyümüz qalır. Bu gün danışıqlar prosesində Azərbaycan və Türkiyənin istəkləri üstünlük təşkil edir”, - deyə o vurğulayıb.

Kerobyan vurğulayır ki, bu şəraitdə Ermənistanın strategiyası yalnız mövqe balansının bərpasına ümid etməməli, öz imkanlarını davamlı şəkildə gücləndirməli və ümumi güc balansını bərpa etməyə yönəlməlidir.

“Güc balansı bərpa olunmadığı halda, istənilən sülh alçaldılmış, kölə vəziyyətində olan bir sülh olacaq”, - deyə o qeyd edir.

Ermənistanın müdafiə naziri Suren Papikyanın yanvarın 13-də keçirdiyi illik yekun mətbuat konfransına, o cümlədən Zəngəzurdakı Qaragöl ətrafındakı dayaq məntəqəsi ilə bağlı açıqlamalarına toxunan Kerobyan bildirib ki, Papikyanın izahı “üzümüzə açıq istehzadır”.

“Ola bilər ki, sonradan gərginlik yaratmamaq barədə razılaşıblar. Amma fakt budur ki, ondan əvvəl orada gərginlik olub, fakt budur ki, orada Azərbaycan postu var və əvvəllər onun yanından keçirdilər, indi isə altından keçirlər. Ola bilər ki, bu gün yoxlamırlar, amma yüzlərlə şahid var ki, yoxlamalar olub və bizim hərbçilər alçaldıcı prosedurlardan keçiblər. Bir belə hadisə kifayətdir ki, bu xəbər ordunun içində yayılsın və döyüş ruhu sarsılsın. Biz bunu indi döyüş ruhu düşsün deyə demirik, ona görə deyirik ki, döyüş yoldaşlarımız, qardaşlarımız qaçılmaz təhlükə altındadır. Bu təhlükə istənilən an əsir götürülməyə çevrilə bilər. Onlar Azərbaycanın istədiyi kimi davranmasına buraxılıb. İstəsələr, elə indi hamısını əsir götürə bilərlər. Bu, ən yaxşı haldır. Biz isə bilirik ki, ən pis halda 2016, 2020, 2022 və 2023-cü illərdə nələr baş verib”, - deyə Kerobyan vurğulayıb.

Kerobyan xatırladır ki, Papikyanın nazir olduğu dövrdə də xeyli mövqe və ərazi itirilib.

“Bu, təkcə istehza deyil, bu, açıq-aşkar kinik davranışdır. Bu davranışın heç bir haqq qazandırılması yoxdur. Burada peşəkar manipulyasiya ilə üz-üzəyik. O, əvvəlki naziri günahlandırır, amma unudur ki, özü artıq dörd ildən çoxdur müdafiə naziridir. Dörd ildir bu məsələ onun məsuliyyət zonasında olub. Dörd ildir ki, o, erməni əsgərlərinin alçaldılmasının iştirakçısıdır”, - deyə Kerobyan bildirib.

Hərbi xərclərlə bağlı Papikyanın açıqlamalarına münasibət bildirən Kerobyan qeyd edib ki, güc balansı bərpa olunmamış hərbi xərclərin azaldılması “daha bir cinayətdir”.

O bir daha xatırladıb ki, Türkiyə və Azərbaycan açıq şəkildə bildirirlər: “İstədiklərini danışıqlar yolu ilə almasalar, güc yolu ilə alacaqlar”.

Kerobyan Ermənistan Xarici Kəşfiyyat Xidmətinin 2026-cı il üzrə hesabatını da tənqid edərək onu qeyri-peşəkar və siyasi təbliğat xarakterli adlandırıb: “Belə bir təəssürat yaranır ki, bu hesabatın yayımlanması ilə həmin qurum siyasi təbliğatla məşğuldur və öz mövcudluğunu əsaslandırmağa çalışır. Eyni zamanda, bu hesabatda hər hansı dərin araşdırma və ya ciddi peşəkar təhlil görmürük”.

Kerobyan vurğulayır ki, əslində, hazırkı hakimiyyətin özü Ermənistanın əleyhinə hibrid müharibə aparır, fərqli düşünənləri və müxalifləri susdurur.

“Artıq qeyd etməyi vacib sayıram ki, bu hakimiyyət uzun müddətdir açıq şəkildə xarici maraqlara xidmət edir və eyni müddətdir ki, Ermənistanın, erməni xalqının maraqlarını qorumaqdan açıq-aşkar imtina edib. Onlar Ermənistanın hökuməti deyillər, Ermənistanda fəaliyyət göstərən və Ermənistanın maraqlarını müdafiə edən hakimiyyət deyillər. Xarici maraqlara xidmət edirlər və xidmətlərini açıq şəkildə reklam edən, bundan səmimi şəkildə zövq alan fahişəyə bənzəyirlər”, - deyə Kerobyan əlavə edib.

Xatırladaq ki, 2025-ci il noyabrın 18-də Kerobyan 168TV-nin “Revyu” verilişinə verdiyi müsahibədə xəbərdarlıq etmişdi ki, Zəngəzurda, Ermənistan Silahlı Qüvvələrinin döyüş dayaq məntəqələrində elə yerlər var ki, orada azərbaycanlılar erməni əsgərlərini yoxlayır və yalnız bundan sonra onların mövqelərə qalxmasına icazə verirlər. Bu məlumatı digər mənbələr də təsdiqləmişdi. “168 Jam”ın yazılı sorğusuna cavab olaraq Ermənistan Müdafiə Nazirliyi, faktiki olaraq, bu məlumatı təkzib etməmiş, yalnız Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin növbə dəyişməsini normal qaydada həyata keçirdiyini bildirmişdi.

Yanvarın 13-də keçirilən illik yekun mətbuat konfransında Ermənistanın müdafiə naziri Suren Papikyan jurnalistlərin suallarına cavab verərkən bu məlumatlara toxunaraq bildirmişdi ki, söhbət hələ 2021-ci ilin mayında formalaşmış vəziyyətdən, konkret olaraq Qaragöl ətrafındakı bir mövqedən gedir. Papikyanın sözlərinə görə, problem ondan ibarətdir ki, ya həmin mövqedən imtina etmək lazımdır, ya da Azərbaycan mövqeyinin yanından keçmək məcburiyyətində qalırlar. Erməni nazir həmçinin qeyd etmişdi ki, jurnalistin təsvir etdiyi vəziyyət hazırda baş vermir: “Bu anda bizdə belə bir reallıq yoxdur. Hazırda əsgərlərimiz Azərbaycan mövqeyinin yanından, blokpostdan keçirlər”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kerobyan  


Bizi "telegram"da izləyin