Dağlar arasında raket illüziyası: “Pinaka” Ermənistan üçün niyə effektiv deyil? (ANALİZ)

2026/01/1768807209.jpg
Oxunub: 1237     14:01     19 Yanvar 2026    
Hindistan istehsalı olan “Pinaka” Yaylım Atəşli Reaktiv Sisteminin (YARS) idarə olunan raketlərinin Ermənistana tədarükü İrəvanın son illər apardığı silahlanma siyasətinin növbəti mərhələsi kimi qiymətləndirilə bilər. Ermənistan tərəfi bu sistemləri əldə etməklə həm artilleriya imkanlarını genişləndirdiyini, həm də regionda öz mövqeyini gücləndirdiyini iddia etməyə çalışır. Lakin “Pinaka”nın texniki xüsusiyyətlərinin Ermənistanın mürəkkəb topoqrafik coğrafiyası və mövcud hərbi infrastrukturu fonunda təhlili göstərir ki, bu sistemin effektivliyi nəzəri gözləntilərlə real döyüş imkanları arasında ciddi uyğunsuzluq mövcuddur.

Ermənistan ərazisinin böyük hissəsi dağlıq və yarı-dağlıq relyefdən ibarətdir. Dərin dərələr, dar keçidlər, məhdud manevr imkanları və qısa müşahidə xətləri yaylım atəşli reaktiv sistemlər üçün ciddi məhdudiyyətlər yaradır. “Pinaka” isə konstruktiv olaraq geniş açıq sahələrdə, uzun atəş məsafələrində və kütləvi sahə hədəflərinə qarşı istifadə üçün nəzərdə tutulmuş sistemdir. Dağlıq ərazilərdə bu tip sistemlərin atəş mövqelərinin seçilməsi çətinləşir, buraxılış sektorları məhdudlaşır və raketlərin ballistik trayektoriyası relyefin təsiri altında daha da qeyri-sabit olur.

Texniki analizlər göstərir ki, “Pinaka” raketləri uçuş zamanı yüksək trayektoriya üzrə hərəkət edir və bu, dağlıq şəraitdə hədəfə yaxınlaşma bucağını əlverişsiz edir. Ermənistan kimi relyefi kəskin dəyişən ərazilərdə bu amil raketlərin effektiv zərbə ehtimalını azaldır və yayılma radiusunu artırır. Nəticədə sistemin əsas üstünlüyü hesab edilən kütləvi atəş gücü, real döyüş şəraitində dəqiqlik itkisi ilə müşayiət olunur.

Digər mühüm məqam Ermənistanın mövcud silahlanma strukturu ilə “Pinaka”nın inteqrasiya problemləridir. Ermənistan ordusu uzun illər sovet və postsovet mənşəli artilleriya sistemlərinə əsaslanıb. Komanda-idarəetmə, kəşfiyyat və atəş korreksiyası mexanizmləri də bu sistemlərə uyğun formalaşıb. “Pinaka” isə fərqli texnoloji fəlsəfə, fərqli logistika və fərqli atəşə nəzarət arxitekturası tələb edir. Bu isə əlavə təlim, əlavə texniki heyət və daha mürəkkəb təminat zənciri deməkdir. Məhdud resurslara malik Ermənistan üçün bu amil sistemin real döyüş hazırlıq səviyyəsini aşağı salan əsas faktorlardan biridir.

Ermənistanın hava məkanının və ön xəttə yaxın ərazilərinin müasir pilotsuz uçuş aparatları ilə müşahidə olunduğu şəraitdə “Pinaka”nın sağqalma qabiliyyəti də sual altındadır. Sistem tam ardıcıl atəş zamanı 40 saniyədən artıq eyni mövqedə qalmalı olur. Dağlıq relyefdə mövqelərin tez dəyişdirilməsi isə həm yol infrastrukturu, həm də buraxılış qurğularının ölçüləri səbəbindən çətinləşir. Bu da “Pinaka”nı əks-batareya atəşi və PUA-larla aşkarlanma baxımından daha həssas edir.

İdarə olunan “Guided Pinaka” raketləri nəzəri olaraq dəqiqliyi artırsa da, Ermənistan üçün bu üstünlük məhdud sayda raketlərlə məhdudlaşır. Bu raketlərin qiyməti və texniki xidməti yüksək olduğundan onların kütləvi şəkildə tətbiqi real görünmür. Bundan əlavə, dağlıq ərazilərdə GPS və peyk naviqasiyasına əsaslanan sistemlər radioelektron mübarizə və relyef kölgələnməsi səbəbindən effektivliyini itirə bilər. Bu isə idarə olunan raketlərin üstünlüyünü praktiki olaraq zəiflədir.

Ermənistanın müdafiə doktrinası əsasən mövqeli müdafiə və məhdud manevr imkanlarına söykənir. “Pinaka” isə daha çox hücum xarakterli, geniş sahələrdə basqı yaratmaq üçün nəzərdə tutulmuş sistemdir. Bu konseptual uyğunsuzluq göstərir ki, sistem Ermənistan ordusunun real əməliyyat ehtiyaclarına tam cavab vermir. Əldə edilən texnika daha çox siyasi və psixoloji mesaj xarakteri daşıyır, nəinki döyüş meydanında həlledici üstünlük təmin edir.

Beləliklə, “Pinaka” YARS-ının Ermənistanın topoqrafik coğrafiyası və mövcud hərbi imkanları fonunda istifadəsi ciddi məhdudiyyətlərlə üzləşir. Dağlıq relyef, zəif logistika, inteqrasiya problemləri və müasir kəşfiyyat vasitələri qarşısında aşağı sağqalma qabiliyyəti bu sistemin effektivliyini xeyli azaldır. Bu baxımdan “Pinaka” Ermənistan üçün strateji balansı dəyişəcək silah deyil, daha çox bahalı və məhdud faydalı bir hərbi investisiya olduğu qənaəti formalaşır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Pinaka   Hindistan  


Bizi "telegram"da izləyin