Beynəlxalq siyasət ədəbiyyatında və qərarvericilərin ritorikasında yaşadığımız dövr “Qeyri-müəyyənliklər dövrü” kimi xarakterizə olunur. Qeyri-müəyyənlik anlayışı hadisələrin nə zaman və harada baş verəcəyinin bilinmədiyi halları ifadə edir. Beynəlxalq sistemdə baş verən proseslər də bu təsnifata uyğun gəlir. Bu kontekstdə ABŞ-nin Venesuelaya müdaxiləsi, güclü dövlətlərin beynəlxalq hüquq və ənənələri nəzərə almadan atdıqları addımların klassik nümunəsidir.
ABŞ ilə Venesuela arasında münasibətlərin bu mərhələyə necə gəlib çatdığına baxdıqda, Trampın prezidentliyinin ikinci dövrünün əvvəlindən etibarən Venesuela rejiminə qarşı təzyiq siyasətini yenidən gündəmə gətirdiyi görünür. Tramp Maduronu ABŞ-ni sabitliyi pozmaqda ittiham edib, ABŞ-yə qeyri-qanuni miqrasiyanın və regiondakı narkotik qaçaqmalçılığının arxasında onun dayandığını iddia edib. O, Maduronun tutulmasına görə 50 milyon dollar mükafat elan edib. Bununla yanaşı, Venesuelada rejim dəyişikliyi ilə bağlı açıqlamalar verib və Maduronu ölkəni tərk etməyə çağırıb. Maduro isə bu çağırışı rədd edib, Trampı Venesuelanın neft ehtiyatlarına sahib olmaq istəməkdə ittiham edib və müharibə istəmədiyini bildirib. O, son çıxışında Venesuelanın neft sektoruna qoyulacaq ABŞ investisiyalarını müsbət qarşılayacağını da qeyd edib.
ABŞ-nin Venesuelaya müdaxiləsinin səbəbləri və arxa planı təhlil edilərkən hadisənin tarixi, geosiyasi və strateji tərəflərinə yanaşmaqla yanaşı, ABŞ-nin daxili siyasəti ilə qlobal siyasəti arasındakı əlaqələr də nəzərə alınmalıdır.
ABŞ-Venesuela münasibətlərinə tarixi baxış
ABŞ-nin Venesuelaya müdaxiləsinin tarixi fonunda iki ölkə arasında uzun illərdir davam edən gərgin münasibətlər dayanır. Bu gərginlik Venesuelanın Madurudan əvvəlki lideri Uqo Çavesin 1999-cu ildə hakimiyyətə gəlməsinə qədər uzanır. Sosialist və antiimperialist xətt tutan Çaves hakimiyyətə gəldikdən sonra ABŞ-nin İraq və Əfqanıstandakı əməliyyatlarına qarşı sərt mövqeyini ortaya qoyub. Eyni zamanda Venesuelanın ABŞ-nin qlobal güc mübarizəsində rəqib hesab etdiyi Çin və Rusiya ilə yaxın siyasi və iqtisadi əlaqələr qurması Vaşinqtonu narahat edib.
ABŞ 1826-cı il Monro doktrinasından etibarən Latın Amerikasını öz “arxa bağçası” hesab edib və bölgədə ABŞ-yə qarşı siyasət yürüdən hakimiyyətlərə imkan verilməyəcəyini bəyan edib. Bu baxımdan Çavesin hakimiyyətə gəlişi ABŞ-nin Latın Amerikası strategiyası ilə ziddiyyət təşkil edib. Ardınca ABŞ-də hakimiyyətdə olan Respublikaçılar Partiyası Venesuela rəhbərliyini və Kubanı “təbii düşmən” elan edib, 2002-ci ildə Çaves hakimiyyətinə qarşı çevriliş cəhdinə dəstək verib. Bu proses iki ölkə arasındakı gərginliyi daha da artırıb. Sonrakı mərhələdə Çaves ölkədaxili və regional mövqelərini gücləndirib, ABŞ əleyhinə ritorikasını sərtləşdirib, ABŞ isə buna sanksiyalarla cavab verib. 2013-cü ildə Çavesin vəfatı və Maduronun hakimiyyətə gəlməsi böhranları daha da dərinləşdirib. Nəticədə Tramp 2019-cu ildə Maduronu Venesuela prezidenti kimi tanımadığını açıqlayıb və parlament sədri Xuan Quaydonu ölkənin yeni prezidenti kimi qəbul etdiyini bəyan edib.
Venesuela geosiyasəti və ABŞ
ABŞ-nin Venesuelaya müdaxiləsi geosiyasi baxımdan dəyərləndirilərkən ölkənin coğrafi mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Venesuela Cənubi Amerikanın şimalında, Karib dənizinə çıxışı olan, 916 min 445 kvadratkilometr ərazisi və təxminən 34 milyon əhalisi olan dövlətdir. Ölkə zəngin təbii resurslara malikdir. Dünyanın ən böyük neft ehtiyatlarına sahib olmaqla yanaşı, geniş təbii qaz yataqları da mövcuddur. Enerji resursları baxımından dünya üzrə altıncı yerdə qərarlaşır və Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) üzvüdür. Bundan əlavə, Latın Amerikasının ən böyük qızıl ehtiyatlarına, dünyada 12-ci yerdə olan dəmir yataqlarına, 15-ci yerdə olan boksit ehtiyatlarına və almaz yataqlarına malikdir. Bu yeraltı sərvətlər, zəngin bioloji müxtəliflik, bol su ehtiyatları və Karib dənizi ilə Atlantik okeanına çıxış Venesuelanı strateji baxımdan cəlbedici edir.
Məhz bu səbəbdən Venesuela ABŞ-nin diqqət mərkəzində olub. 2025-ci ilin dekabrında yayımlanan ABŞ Milli Təhlükəsizlik Hesabatında Qərb yarımkürəsinin siyasi, iqtisadi, ticarət və hərbi baxımdan ABŞ-nin nəzarətində olması lazım olduğu vurğulanıb. Yeni Tramp doktrinasının tərkib hissəsi kimi ABŞ ordusunun regionda enerji və mədən resurslarına çıxış üçün istifadə oluna biləcəyi də qeyd edilib. Tramp Venesueladakı neft ehtiyatlarının əhəmiyyətini önə çəkərək, ABŞ-nin neft şirkətlərinin enerji imtiyazlarının Venesuela tərəfindən qeyri-qanuni şəkildə müsadirə edildiyini bildirib.
Eyni zamanda Tramp ikinci prezidentlik dövründə Panama kanalı, Qrenlandiya və Kanada ilə bağlı açıqlamalar verib və bu bəyanatların əsas mövzusu ABŞ maraqları naminə bu bölgələrdə iddiaların irəli sürülməsi olub. Bu baxımdan Venesuelaya müdaxilədən sonra ABŞ rəsmilərinin ritorikası regiondakı strukturlara və ümumilikdə ABŞ-yə qarşı mövqedə olan qüvvələrə mesaj xarakteri daşıyır.
ABŞ Venesuelaya niyə müdaxilə etdi?
ABŞ-nin Venesuelaya müdaxiləsi həm daxili, həm də qlobal siyasət baxımından strateji məqsədlər daşıyır. Xüsusilə ilin sonunda ABŞ-də Konqres seçkilərinin keçirilməsi, sorğularda Respublikaçı Partiyanın mövqelərinin zəifləməsi və Konqresdə üstünlüyün itirilməsi qorxusu bu müdaxilənin daxili siyasi motivlərindən biri kimi qiymətləndirilir. Digər mühüm məqsəd Trampın əsas vədlərindən olan qeyri-qanuni miqrasiya siyasətinin seçicilər arasında dəstək qazanması və miqrantların geri qaytarılmasının sürətləndirilməsi ilə bağlıdır. Tramp bu addımla miqrasiya siyasətini daha da sərtləşdirib.
Tramp müdaxilədən sonra verdiyi açıqlamalarda bu addımın qeyri-qanuni miqrasiya siyasətinə müsbət təsirini tez-tez vurğulayıb və gələcəkdə bunu daxili siyasətdə təbliğat vasitəsi kimi istifadə edəcəyi gözlənilir. Bundan başqa, müdaxilənin zamanlaması Tramp-Epşteyn əlaqələri ilə bağlı müzakirələr fonunda da diqqət çəkib. Trampın adı Cefri Epşteynə aid sənədlərdə və elektron məktublarda yer alıb, bu da ABŞ ictimaiyyətində geniş rezonans doğurub. Keçmişdə Tramp və Epşteynin birgə görüntülərinin yenidən gündəmə gəlməsi mübahisələri daha da alovlandırıb. Populyarlığı azalan Tramp üçün Venesuelaya müdaxilənin zamanlaması daxili siyasətdə mövqe qazanmaq cəhdi kimi dəyərləndirilə bilər.
Proses bundan sonra hara gedir?
Qlobal müstəvidə ABŞ-nin Venesuelaya müdaxiləsinin ABŞ-yə rəqabət üstünlüyü verəcəyi proqnozlaşdırılır. Qərb yarımkürəsində Rusiya və Çinin artan təsirindən narahat olan ABŞ bu ölkələrlə müttəfiq münasibətləri olan Venesuelaya müdaxilə etməklə onların regional əlaqələrinə də zərbə vurub. Çin və Rusiyanın bu müdaxiləyə yalnız qınama ilə kifayətlənməsi diqqət çəkib. Eyni zamanda İranla bağlı hava zərbələri zamanı da bu ölkələrin təsirli addımlar ata bilməməsi onların qlobal rəqabətdə mövqelərinin zəiflədiyini göstərib.
ABŞ-nin Venesuelaya açıq şəkildə həyata keçirdiyi bu müdaxilə bir çox aspektdən beynəlxalq hüquqa ziddir. “Güc tətbiqinin qadağan edilməsi, suveren bərabərlik, dövlət başçılarının başqa dövlətdə mühakimə olunmaması” kimi fundamental prinsiplər açıq şəkildə pozulub. Bu kontekstdə Çin və Rusiyanın bu prinsiplərə istinad edən bəyanatlardan kənara çıxmasının çətin olacağı ehtimal edilir.
Sonda qeyd etmək olar ki, bu gün baş verənləri İbn Xəldunun məşhur “keçmiş hadisələr gələcəkdə baş verəcəklərə suyun suya bənzəməsindən daha çox bənzəyir” fikrinin təcəssümü kimi qiymətləndirmək yanlış olmaz.
Asif Cəfərov
Ordu.az