“Absolute Resolve” əməliyyatı: Necə planlaşdırılıb və icra edilib?

2026/01/1767764415.jpg
Oxunub: 953     09:35     07 Yanvar 2026    
Siyasi və hüquqi mübahisələrdən kənar qiymətləndirildikdə, 2026-cı il yanvarın 3-də Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsinə yönəlmiş “Absolute Resolve” əməliyyatı hərbi baxımdan fövqəladə uğur kimi dəyərləndirilir. Əməliyyat ABŞ Silahlı Qüvvələrinin unikal müştərək əməliyyat imkanlarını bir daha dünya ictimaiyyətinə nümayiş etdirib.

Media əməliyyatın icra mərhələsində ABŞ-nin elit xüsusi təyinatlı bölməsi olan “Delta Force” komandolarına diqqət yetirsə də, yaxın tarixdə ilk dəfə bir ölkə liderinin ən yüksək həyəcan səviyyəsində paytaxtdan qaçırılması ilə nəticələnən bu miqyasda mürəkkəb əməliyyatın uğuru xeyli daha geniş hərbi və kəşfiyyat arxitekturasının məhsuludur. Aşağıda bu amillər ətraflı şəkildə təqdim olunur.

Komando bölmələri və görünməyən zəncir

Xüsusi təyinatlı qüvvələr girovların azad edilməsi, möhkəmləndirilmiş hədəflərə basqın və ya bir dövlət başçısının ələ keçirilməsi kimi tapşırıqlarla ictimai diqqəti cəlb edir. Lakin komando hərbçilərinin yüksək səviyyəli atıcılıq və taktiki bacarıqları uğurlu xüsusi əməliyyatın yalnız görünən tərəfidir.

Əslində belə bir əməliyyat aylarla davam edən planlaşdırma, kəşfiyyat məlumatlarının toplanması, təlimlər və gizlilik tədbirlərindən ibarət uzun bir zəncirin son həlqəsidir. “Absolute Resolve” əməliyyatı göstərir ki, ABŞ Silahlı Qüvvələri bu sahədə təkcə öz sinfində deyil, demək olar ki, öz “liqasında” çıxış edir. Dünyada fərdi olaraq yüksək səviyyəli komando bölmələrinə malik çoxlu ölkə mövcuddur, lakin bu miqyasda əməliyyatı mümkün edən bütöv imkanlar toplusuna sahib başqa aktor yoxdur.

Əməliyyatın uğurunu müəyyən edən amillər

Bu tip əməliyyatın uğuru yalnız hədəf binaya daxil olub konkret şəxsi ələ keçirməklə məhdudlaşmır. Əsas həlledici məqam əməliyyatın sürpriz effektini qoruyaraq hesablanmış risklə və eyni vaxtda çoxsahəli təzyiq altında icra olunmasıdır.

Bu məqsədlə minlərlə agent, hərbçi və mütəxəssis aylarla kəşfiyyat, təlim, logistika və gizlilik proseslərində eyni hədəf istiqamətində fəaliyyət göstərir. Əməliyyat anında isə genişmiqyaslı hava, quru, dəniz, kosmos və kiber elementlər düşmənin müdafiəsini zəiflədərək komando bölmələrinin hədəfə təhlükəsiz çatmasını, onu ələ keçirməsini və təhlükəsiz şəkildə ərazidən çıxmasını təmin edir.

“Absolute Resolve” əməliyyatında iştirak edən elementlər

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Den Keynin əməliyyatdan sonra verdiyi açıqlamalara görə, “Absolute Resolve” təkcə ABŞ Silahlı Qüvvələrinin bütün qoşun növlərini deyil, eyni zamanda çoxsaylı kəşfiyyat və hüquq-mühafizə qurumlarını əhatə edən geniş qurumlararası əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Keyn vurğulayıb ki, əməliyyat aylarla davam edən hazırlıqların nəticəsi olaraq hava, quru, dəniz, kosmos və kiber sahələrin inteqrasiya olunduğu mürəkkəb plan əsasında icra edilib. Əməliyyata 150-dən çox hava aparatı cəlb olunub, detalları isə gələcəkdə oxşar əməliyyatların yenidən keçirilməsi ehtimalı nəzərə alınaraq açıqlanmayıb.

Açıq mənbəli görüntülər, media hesabatları və sahə videoları istifadə olunan hava vasitələri, xüsusi təyinatlı bölmələr və dəstək sistemləri barədə mühüm ipucları verir.

Kəşfiyyat və hüquq-mühafizə qurumları

Əməliyyatda xarici kəşfiyyat, siqnal kəşfiyyatı və coğrafi-kosmik kəşfiyyat sahəsində fəaliyyət göstərən ABŞ qurumları ilə yanaşı müxtəlif hüquq-mühafizə orqanları da iştirak edib. Maduronun ABŞ-də axtarışda olan şəxs statusunda qiymətləndirilməsi bu qurumların əməliyyata cəlb olunmasını şərtləndirib.

Hərbi elementlər və hava gücü

Rəsmi açıqlamalara əsasən, əməliyyatda ABŞ Hərbi Hava Qüvvələrinə, Hərbi Dəniz Qüvvələrinə, Dəniz Piyada Qüvvələrinə və Milli Qvardiyaya məxsus döyüş təyyarələri, bombardmançı təyyarələr, kəşfiyyat platformaları və helikopterlər iştirak edib. Bundan əlavə, pilotsuz uçuş aparatlarından intensiv istifadə olunub. Hava vasitələri 20-dən çox quru və dəniz bazasından havaya qalxıb.

Sahədən yayılan görüntülər xüsusilə uzun mənzilli və havada yanacaq doldurma imkanına malik xüsusi əməliyyat helikopterlərinin həlledici rol oynadığını göstərir. Bu vasitələr komando bölmələrinin hədəf əraziyə sızmasını və sonradan təxliyəsini təmin edən əsas hava komponentini formalaşdırıb.

Əməliyyatın hazırlıq mərhələsi

Bu miqyasda əməliyyatın qəfil planlaşdırılması mümkün deyil. General Keynin də qeyd etdiyi kimi, “Absolute Resolve” aylarla davam edən hazırlıq, kəşfiyyat və təlimlərdən sonra həyata keçirilib.

ABŞ mediasında yer alan məlumatlara görə, kəşfiyyat xidmətləri 2025-ci ilin yayından etibarən Maduronun fəaliyyətini və qaldığı yeri ətraflı şəkildə təhlil edib. Təhlükəsiz iqamətgahın eynisinin inşa edilərək xüsusi təyinatlılar tərəfindən dəfələrlə təlimlərin keçirilməsi əməliyyatın nə dərəcədə dəqiqliklə hazırlandığını göstərir.

Bundan başqa, Venesuela təhlükəsizlik qüvvələrinin yerləşmə sahələri, bazaları və hava hücumundan müdafiə elementləri əvvəlcədən müəyyən edilərək geniş hədəf siyahısı hazırlanıb. Uyğun hava şəraitinin formalaşması üçün əməliyyat bir neçə dəfə təxirə salınıb və yekun qərar riskin ən aşağı olduğu anda verilib.

Əməliyyatın icra mərhələsi

2026-cı il yanvarın 2-si gecə verilən əmr ilə çoxsahəli və sinxronlaşdırılmış əməliyyat başlayıb. Hava hücumundan müdafiə sistemləri, rabitə şəbəkələri və komanda mərkəzləri həm kinetik, həm də radioelektron mübarizə üsulları ilə sıradan çıxarılıb.

Helikopterlərlə sızan komando bölmələri hədəf əraziyə aşağı hündürlükdən çatıb. Qısa müddətli qarşıdurmalara baxmayaraq hədəf şəxslər ələ keçirilib və əməliyyat uğurla başa çatdırılıb. Daha sonra bölmələr güclü hava mühafizəsi altında ərazidən çıxarılıb.

Əməliyyatdan sonra yayımlanan peyk görüntüləri və videolar Venesuela təhlükəsizlik qüvvələrinə məxsus bir sıra obyektlərin dəqiq zərbələrlə məhv edildiyini göstərib. Bu isə qarşı tərəfin müqavimət imkanlarının ciddi şəkildə zəiflədiyini nümayiş etdirib.

Ümumi qiymətləndirmə

“Absolute Resolve” əməliyyatı yalnız xüsusi təyinatlı bölmələrin deyil, müştərək əməliyyat imkanlarına malik, yüksək səviyyədə hazırlanmış və koordinasiyalı silahlı qüvvələrin müasir döyüş mühitində həlledici rolunu açıq şəkildə ortaya qoyur. Əməliyyatın uğurunda kəşfiyyat fəaliyyəti, gizlilik, düzgün zamanlama və çoxsahəli inteqrasiya əsas amillər olub.

Hazırlıq, planlaşdırma və icra mərhələlərinin hamısı hərbi baxımdan ustalıq nümunəsi kimi qiymətləndirilə bilər. ABŞ Silahlı Qüvvələri əməliyyatı son ana qədər gizli saxlamağı bacarıb, sürpriz effektini və əməliyyat təhlükəsizliyini qoruyaraq qarşıya qoyulan məqsədə nail olub.

Nəticə etibarilə “Absolute Resolve” böyük və müxtəlif tərkibli qüvvələrin uzun müddət ərzində gizlilik şəraitində koordinasiya olunmasının və düzgün anda hərəkətə başlamasının müasir hərbi əməliyyatlarda nə qədər həlledici olduğunu göstərən parlaq nümunə kimi tarixə düşüb.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Venesuela   Maduro  


Bizi "telegram"da izləyin