Ermənistan KİV-i: İnsanlar çıxılmaz vəziyyətdədir, hakimiyyət isə buna məhəl qoymur

2026/04/1775489688.jpg
Oxunub: 206     09:20     04 İyun 2026    
Rusiyaya və Avrasiya İqtisadi Birliyinin digər ölkələrinə ixrac olunan Ermənistan məhsullarına tətbiq edilən məhdudiyyətlər artıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “İnsanlar çıxılmaz vəziyyətdədir, hakimiyyət isə buna məhəl qoymur” başlıqlı məqaləsində yazıb.

Nəşrin məlumatına görə, son dövrlərdə Ermənistandan Rusiyaya və Rusiyanın ərazisi vasitəsilə Avrasiya İqtisadi Birliyinin digər üzv dövlətlərinə ixrac olunan bir sıra məhsullara, yəni kartof, badımcan, quru meyvələr, balıq məhsulları, çiçəklər, üzüm, gilas, ərik, gavalı, şaftalı, nektarin və digər məhsullara yeni məhdudiyyətlər tətbiq olunur.

“Bu vəziyyət ixracatçılara və kənd təsərrüfatı ilə məşğul olan şəxslərə ciddi zərbə vurur. Məlumata görə, son iki gündə Bavra və Baqrataşen sərhəd-keçid məntəqələri vaxtaşırı bağlanır, Ermənistan-Gürcüstan sərhədində isə gərginlik müşahidə olunur. Sürücülər, istixana sahibləri və fermerlər Avrasiya İqtisadi Birliyi bazarlarına məhsul ixrac edə bilmədiklərindən şikayətlənirlər”, - deyə nəşr bildirib.

Nəşr yazır ki, narazılıq ölkənin müxtəlif bölgələrində geniş yayılıb. Təzyiqlərdən ehtiyat etdikləri üçün adlarını açıqlamaq istəməyən fermerlər Avropa İttifaqına ixracla bağlı hakimiyyətin vədlərinin reallığa uyğun olmadığını bildirirlər.

“Onların sözlərinə görə, hökumətə və iqtisadiyyat nazirliyinə edilən müraciətlər ya cavabsız qalır, ya da onlara “məlumatımız yoxdur” və “səlahiyyətimiz yoxdur” cavabı verilir. Səbəb kimi isə bütün məsul şəxslərin seçki kampaniyasında iştirak etməsi göstərilir”, - deyə müəllif qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   AİB  


Bizi "telegram"da izləyin