“The New York Times” nəşrinin qeyd etdiyi kimi, ABŞ-nin Maduroya qarşı irəli sürdüyü ittihamlar kokain qaçaqmalçılığına istinad edir, lakin Venesuelanın bu ticarətdəki rolunun məhdud olduğu ehtimal olunur.
Birləşmiş Millətlər Təşkilatının qərarı olmadan ABŞ tərəfindən həyata keçirilən bu əməliyyatın beynəlxalq münasibətlər baxımından hüquqi olub-olmamasını müzakirə etməkdənsə, mən daha çox ABŞ-nin təhlükəsizlik strategiyası kontekstində nə etməyə çalışdığını izah etməyə və şərh etməyə cəhd göstərəcəyəm.
Bir dövlətin başqa bir dövlətin prezidentinə qarşı əməliyyat keçirərək onu vəzifəsindən uzaqlaşdırması və öz məhkəməsində mühakimə etməsi dünya miqyasında böyük rezonans doğurub. Bəzi şərhçilər bu hadisəni “dünyada ilk” kimi qiymətləndirsələr də, oxşar hadisə 1989-cu ildə baş verib. Həmin vaxt Panama dövlətinin prezidenti Manuel Noryeqa “narkotik qaçaqmalçılığı və çirkli pulların yuyulması” ittihamları ilə ABŞ tərəfindən Panamaya hərbi müdaxilə nəticəsində saxlanılıb, ABŞ-yə aparılaraq mühakimə olunub və 30 il müddətinə azadlıqdan məhrum edilib. Lakin ABŞ-nin Latın Amerikasına bu günədək həyata keçirdiyi müdaxilələrin bununla bitəcəyini düşünmək yanlış olardı. Bu əməliyyat, əslində, ABŞ-nin gələcək addımları üçün zəmin hazırlayır.
ABŞ-nin təhlükəsizlik strategiyası mahiyyət etibarilə qurucu fəlsəfəsindən qaynaqlansa da, xüsusilə 1824-cü ildən etibarən Monro doktrinası çərçivəsində açıq şəkildə formalaşıb. Bu doktrinaya əsasən, ABŞ-nin təhlükəsizliyi, ideoloji, iqtisadi və azadlıq baxımından inkişafı, ən əsası isə dünya hakimiyyəti köhnə dünyanın (Britaniya, Fransa, Rusiya kimi dövlətlərin) Qərb yarımkürəsində fəaliyyət və təsir imkanlarının birdəfəlik aradan qaldırılmasından keçir. Kennet Nil Vals “Theory of International Politics” adlı əsərində ABŞ prezidentlərinin xarici siyasəti məhz bu istiqamətdə apardıqlarını açıq şəkildə ifadə edir.
Özünü azadlıqlar ölkəsi kimi təqdim edən bir dövlətin bu təsir zonasına nəzarət çərçivəsində Qərb yarımkürəsində demokratiya qurmaq əvəzinə, diktatura olsa belə (hətta diktatorial idarəetmələr daha əlverişli hesab edildiyi halda), ABŞ-yə tabe olan istənilən rejimlə əməkdaşlıq etdiyi və edəcəyi aydındır. Əsas məqsəd dünya ümumi istehsalının təxminən 25 faizinə təkbaşına sahib olan ABŞ-nin, ilk növbədə, öz istehsalını davam etdirməsi və istehsal etdiyi məhsulları qlobal bazara çıxara bilməsi üçün enerji və xammala çıxışının asanlaşdırılması, ticarət yollarının isə heç bir məhdudiyyətə məruz qalmamasıdır. ABŞ bu məqsədlər naminə beynəlxalq hüququ və etik normaları nəzərə almadan hər cür addım atmağa hazırdır.
Venesuelaya gəldikdə isə BMT məruzəçisinin 2024-cü il fevralında bu ölkəyə səfərindən sonra açıqladığı hesabatda vurğulandığı kimi, əhalinin 82 faizi yoxsulluq içərisində yaşayır, 52 faizi isə əsas qida məhsullarına belə çıxış əldə edə bilmir. Təkcə bu göstəricilər ölkənin düşdüyü ağır vəziyyəti anlamaq üçün kifayətdir. Bununla yanaşı, açıqlanan son rəqəmlər göstərir ki, xam neft ehtiyatlarına görə dünya miqyasında Venesuela diqqətçəkən mövqedədir və 303,22 milyard barrel ehtiyatla ilk sırada qərarlaşıb. Onu 267,19 milyard barrel ilə Səudiyyə Ərəbistanı, 208,60 milyard barrel ilə İran izləyir.
Bu iki iqtisadi göstərici bir-biri ilə ziddiyyət təşkil edən mənzərə yaradır. Əslində, bu vəziyyətin formalaşmasında ABŞ-nin uzun illər ərzində tətbiq etdiyi embarqonun mühüm rol oynadığını demək olar. Davamlı şəkildə həyata keçirilən dövlət siyasətləri nəticəsində, hərbi terminologiyada “müharibə meydanının formalaşdırılması” prinsipinə uyğun olaraq, ABŞ-nin hədəf ölkəni sistemli şəkildə zəiflətdiyi aydın görünür. Təbii ki, yeganə səbəb ABŞ embarqosu deyil. Cənubi Amerika ölkələrinin əksəriyyətinin diktatura rejimləri ilə idarə olunması, siyasi qeyri-sabitlik, korrupsiya, zəif idarəetmə, hətta seçki yolu ilə hakimiyyətə gəlinmiş olsa belə narkotik kartelləri ilə əməkdaşlıq etmədən iqtidarda qalmağın mümkünsüzlüyü kimi amillər də bu proses üçün münbit zəmin yaradır. Venesuela nümunəsində isə prezident Madurodan əvvəl Uqo Çavesin ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərinin imtiyazlarını ləğv edərək onları ölkədən çıxarması, nəticədə ABŞ-nin enerjiyə sürətli çıxışının məhdudlaşdırılması, texnologiya transferi və hasilat dəstəyinin itirilməsi, köhnə texnologiyalarla məhdud istehsal aparılması və əldə olunan gəlirin ölkə miqyasında rifah yaratmaması əsas səbəblər kimi ön plana çıxır.
Belə olan halda sual yaranır: ABŞ-nin Venesuelaya marağı yalnız onun zəngin neft ehtiyatları ilə izah olunur?
Venesuelanın ABŞ-nin maraq dairəsində olmasının səbəbi təkcə neft və qızıl başda olmaqla zəngin təbii resurslara malik olması deyil. Eyni zamanda Cənubi Amerika qitəsinin ən şimal ucunda yerləşməsi, Panama kanalı, Karib dənizi və Meksika körfəzinin cənub hissəsinə nəzarət imkanları Venesuelanın coğrafi mövqeyinin geosiyasi və geostrateji baxımdan nə qədər mühüm olduğunu açıq şəkildə göstərir.
ABŞ-nin bu tip aqressiv müdaxilələri yeni deyil.
İqtisadi maraqlarının zədələndiyini və ya dünya üzrə kritik nöqtələrin rəqiblərinin nüfuz dairəsinə daxil olduğunu düşündüyü andan etibarən hərəkətə keçib.
Məsələn, Panama kanalı amerikalılar tərəfindən inşa edilib istismara verildikdən sonra uzun müddət enişli-yoxuşlu mərhələlərdən keçib. Nəhayət, ABŞ prezidenti Cimmi Karter ilə Panama prezidenti Omar Torriyos arasında 1977-ci ildə əldə edilən razılaşmaya əsasən, kanal 1999-cu il dekabrın 31-də Panama dövlətinin suverenliyinə verilib.
Tramp administrasiyası isə Panama kanalından keçid haqlarının baha olması və Panamanın Çin ilə yaxınlaşması səbəbilə kanalın faktiki olaraq Çin nəzarətinə keçdiyini iddia edərək, onu geri alacaqlarını dəfələrlə bəyan edib.
Bu mövzuda başqa bir nümunə isə Ədən körfəzində Yəməndəki husilərin ticarət gəmilərinə hücumları nəticəsində Qırmızı dəniz və dolayısı ilə Süveyş kanalı üzərindən Asiya-Avropa/Aralıq dənizi hövzəsi ticarətinin və enerji axınının pozulması fonunda baş verib. Bu vəziyyətə cavab olaraq ABŞ Afrika buynuzu bölgəsində yerləşən (Xəritə 2) və Ədən körfəzinin təhlükəsizliyinə ciddi töhfə verə biləcək, Somalidən qısa müddət əvvəl ayrılmış Somalilendi dərhal tanıyaraq onu dünya siyasətinə daxil edib.
Xəritə 2
İkiqütblü dünya nizamının tədricən çoxqütblü dünya nizamına transformasiya olunduğu bir mərhələdə ABŞ və Rusiyadan əlavə Avropa İttifaqı və Çin də ön plana çıxır. Hazırda bu rəqiblər arasında ABŞ-yə qarşı hərbi baxımdan balans yarada bilən yeganə güc Rusiya kimi görünsə də, ABŞ-nin iqtisadi gücünə real mənada yaxınlaşa bilən başqa bir dövlət yalnız Çindir.
Son illərdə ABŞ-nin Avropa İttifaqını öz təhlükəsizlik və müdafiə strukturlarını formalaşdırmağa məcbur etməsi Rusiyaya qarşı hərbi balans mexanizmi yaratmaq niyyətindən irəli gəlir. ABŞ-nin Əfqanıstan və Orta Şərq kimi müxtəlif regionlarda hərbi mövcudluğunu azaltması isə Asiya-Sakit okean bölgəsində bir çəki mərkəzi formalaşdırmaq məqsədilə qüvvələrini cəmləşdirməsinə imkan yaradır.
Çünki Asiya-Sakit okean regionu dəniz ticarət yollarının Asiyaya çıxışı və Asiyanın bu yollar vasitəsilə dünya bazarına açılaraq ABŞ-nin iqtisadi hegemonluğunu sarsıtmağa yaxınlaşması baxımından mühüm əhəmiyyət daşıyır. ABŞ bu məhdudlaşdırmanı Avstraliya, Yeni Zelandiya, Yaponiya və Hindistan kimi ölkələrlə imzaladığı razılaşmalar vasitəsilə möhkəmləndirməyə çalışır.
Şübhəsiz ki, Çin də bu geosiyasi “şahmat taxtası”nda “Kəmər və Yol Layihəsi” (Xəritə 3) vasitəsilə dənizdən məhdudlaşdırılmağa çalışılan iqtisadi gücünü quru marşrutları ilə dəstəkləməyə və eyni zamanda ABŞ-nin nəzarətində olan ticarət yollarından yan keçməyə çalışır. Bu çərçivədə Çinin Mərkəzi Amerikada nüfuz qazanmaq səyləri nəticəsində Nikaraquada Panama kanalına alternativ kimi nəzərdə tutulan Nikaraqua Kanalının (Xəritə 4) 2014-cü il dekabrın 22-dən etibarən inşasına cəhd etməsi nümunə göstərilə bilər.
Xəritə 3
Xəritə 4
Bu layihənin inşasına başlanmamasının zahiri əsas səbəbi imtiyaz sahibi Çin şirkətinin 2015-2016-cı illərdə Çin fond bazarında yaşadığı çökmə kimi göstərilsə də, layihənin həyata keçirilməsinin Atlantik-Sakit okean ticarət yolunu ABŞ-nin inhisarından çıxaracağı nəzərə alındıqda, prosesə başqa amillərin də təsir etdiyini söyləmək daha düzgün olar.
Bəs ABŞ-nin növbəti addımı nə ola bilər?
ABŞ-nin zahirən miqrasiya siyasəti və narkotik kartellərinin Meksikadan ABŞ-yə narkotik daşımalarını daim gündəmdə saxlaması, eləcə də Panama hökumətinin kanalın təhvil verilməsi ilə bağlı razılaşmaya zidd hərəkət etdiyi iddiaları fonunda, Venesuela əməliyyatından sonra növbəti hədəfin və ya hədəflərin Meksika və Panama olacağı açıq şəkildə görünür.
Meksikaya qarşı mümkün əməliyyatın hərbi baxımdan qiymətləndirilməsi zamanı, ölkənin Venesuela ilə müqayisədə (Xəritə 5) daha dağlıq və mürəkkəb relyefə malik olması (Xəritə 6), Meksika kartellərinin hökumət qüvvələri ilə silahlı mübarizədə təcrübəli kadr bazasına sahib olması mühüm amillərdir.
Bundan əlavə, ABŞ demoqrafik strukturu içərisində təxminən 40 milyon Meksika mənşəli, ümumilikdə isə 68 milyon latın amerikalı əhalinin mövcudluğu, bu əhalinin ABŞ-nin ən varlı ştatı olan Kaliforniyada təxminən 40 faiz paya sahib olması, həmçinin Texas, Nyu-Meksiko, Arizona və Florida kimi ştatlarda yüksək sıxlıq təşkil etməsi ABŞ-nin Meksikaya qarşı həyata keçirə biləcəyi hərbi əməliyyatlar zamanı nəzərə almalı olduğu ciddi daxili risk faktorlarıdır.
Xəritə 5
Xəritə 6
Yuxarıda sadalanan risklər nəzərə alındıqda, ABŞ-nin qarşısında iki əsas hədəfin olduğu qənaətinə gəlmək olar. Bunlardan birincisi Panama kanalına tam nəzarəti ələ keçirmək, ikincisi isə Meksika hökumətinin tələbi əsasında, yardım xarakterli bir hərbi əməliyyata cəhd etmək ola bilər.
Nəticə etibarilə, dünya ikiqütblü tarazlıq modelindən çoxqütblü tarazlıq modelinə keçidin sancılı mərhələsini yaşayarkən, Rusiya, ABŞ, Avropa İttifaqı və Çin qarşılıqlı addımlarını atmaqda davam edir. Oyuna hələ tam şəkildə daxil olmayan Avstraliya, Yaponiya, Hindistan, hətta Pakistan kimi aktorların mövqeyi də nəzərə alındıqda, Asiya-Sakit okean bölgəsində qarşıdurma küləklərinin əsib-əsməyəcəyini zaman göstərəcək.
Firuz Bağırov
Ordu.az