Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MKT) rəhbəri İbrahim Kalın “Milli Kəşfiyyat Təşkilatı 99 yaşındadır – Türkiyə Əsrində Daha Təhlükəsiz və Daha Güclü Türkiyə” başlıqlı yazısında Təşkilatın gördüyü işləri və hədəflərini “Anadolu Agentliyi” üçün qələmə alıb.

Bu gün Milli Kəşfiyyat Təşkilatımızın yaradılmasının 99-cu ildönümüdür. Ölkəmizin və millətimizin təhlükəsizliyi və əmin-amanlığı üçün gecə-gündüz çalışan və “Vətən söhbət mövzusu olduqda, bütün dünya bizim üçün vətən cəbhəsidir” deyən Təşkilatımız yüzillərlə formalaşmış dövlət ağlı və sivilizasiya yaddaşı ilə fəaliyyətini davam etdirir, dövrün tələbləri və ehtiyaclarına uyğun olaraq özünü daim yeniləyir.
Mövcud beynəlxalq sistem paralel geosiyasi və hibrid böhranlar qarşısında zəif nəticə göstərir. Qlobal təhlükəsizliyi təhdid edən proseslərə ədalətli və davamlı həllər istehsal etməkdə çətinlik çəkən hazırkı struktur qaydalara əsaslanan çoxtərəfliliyin aşındığı, maraq mərkəzli yanaşmaların müəyyənedici hala gəldiyi bir dönüş nöqtəsindən keçir. Qərb mərkəzli paradiqma sorğulanarkən, Qlobal Cənubu da əhatə edən yeni axtarışlar yeni bir paradiqmanın qapılarını döyür.
Mövcud sistemin yetərsiz qaldığı, lakin mümkün əvəzləyici nizamın hələ qurulmadığı bu tarixi qırılma mərhələsində hər bir dövlət yeni dövrə üstünlüklə daxil olmaq üçün böyük səylər göstərir. Prezidentimizin “Türkiyə Əsri” vizyonu çərçivəsində ölkəmiz çoxşaxəli və balanslı xarici siyasət strategiyası ilə yanaşı, gündən-günə inkişaf edən kəşfiyyat imkanları sayəsində bu yeni mərhələyə yalnız regional aktor kimi deyil, eyni zamanda uzaq coğrafiyalardakı böhranlara müdaxilə edə bilən, həll yolları istehsal edən, ədalət və həmrəyliyi əsas götürən qlobal tərəfdaş kimi daxil olur. Böhranları sərhədlərimizə çatmadan həll etmək vəzifəsi geniş geosiyasi baxış və praktik təcrübə tələb edir.
Ölkəmiz tarix boyu özünəməxsus vizyon formalaşdırmaq qabiliyyətinə malik olub
Beynəlxalq gərginliklərdə vasitəçi, qlobal problemlərdə həll ortağı, humanitar böhranlarda vicdanın yüksələn səsi olan ölkəmiz tarix boyu özünəməxsus vizyon formalaşdırmaq bacarığına malik olub. Əcdadlarımızın təcrübəsi bu gün bizə unikal perspektiv təqdim edir, tarixin axarını oxumaq, balansları idarə etmək, qabaqcadan görmək və uzunmüddətli strategiyalar qurmaq baxımından qiymətli irs qoyub. Tuğrul bəydən Nizamülmülkə, Səlahəddin Əyyubidən Məlikşaha, Fatehdən Qanuniyə, II Əbdülhəmiddən Atatürkə, Cümhuriyyətə və bu günə uzanan tariximiz statik keçmişi deyil, strateji dəyər yaradan dinamik irsi təmsil edir. Türkiyəni qeyri-müəyyənliklər və kövrəkliklər çağında müstəsna mövqeyə daşıyan əsas xüsusiyyət fasiləsiz və çoxtərəfli sivilizasiya məkanının varisi olmasıdır.
Böyük türk filosofu Fərabinin (870-950) “Fəzilətli Şəhər” anlayışı ilə təsvir etdiyi ictimai-siyasi nizam ağıl, fəzilət və ədalətə əsaslanan həyat tərzinin həm fərdlər, həm də cəmiyyətlər üçün çatılmalı hədəf olduğunu ifadə edir. Ağıllı, azad və əmin fərdlərin qurduğu fəzilətli cəmiyyət yer ilə göy, fizika ilə metafizika, zaman ilə məkan, fərd ilə cəmiyyət, azadlıq ilə təhlükəsizlik, zənginlik ilə ədalətli bölgü arasında tarazlığı əsas götürür. Aşırılıqlardan uzaq, əhatəli və çoxtərəfli “orta toplum” olan Fəzilətli Şəhərin sakinləri təhlükəsizlik, sabitlik və ədaləti təkcə özləri üçün deyil, bütün dünya üçün tələb edir, qlobal ədalətin və fəzilətli həyatın gerçəkləşməsi uğrunda mübarizə aparırlar.

Coğrafiyamızın qədim torpaqlarında “Türkiyə Oxu” vizyonu ilə bədən qazanan bu irsi birlikdə daha da irəli aparmaq üçün çalışırıq.
Bu müqəddəs mübarizədə Milli Kəşfiyyat Təşkilatı yüzüncü ilinə hazırlaşarkən “Vətən üçün hər an, hər yerdə” şüarı ilə zaman və məkan sərhədlərini aşaraq gələcək nəsillərə daha təhlükəsiz və daha güclü Türkiyə miras qoymaq məqsədilə insan kəşfiyyatı, texniki kəşfiyyat və açıq mənbə kəşfiyyatı kimi müxtəlif disiplinlərdəki imkanlarını süni zəka texnologiyaları ilə birləşdirərək fəaliyyətini fasiləsiz davam etdirir.
Ən sadə mənada “doğru və dəyərli məlumat” kimi izah edilə bilən kəşfiyyatın məqsədi uzaq və yaxın, görünən və görünməyən riskləri müəyyənləşdirmək və təhlükəyə çevrilmədən qarşısını almaqdır. Bu çərçivədə kəşfiyyat paradiqmamızın əsasını sahədə icra etdiyimiz əməliyyatlarla yanaşı risklərin təhlili, orta və uzunmüddətli proqnozların hazırlanması, təhdidlərin müəyyənləşdirilməsi və zərərsizləşdirilməsi proseslərini əhatə edən qabaqlayıcı kəşfiyyat anlayışı təşkil edir.
Toplanan kəşfiyyat məlumatının təkcə kəmiyyət analizilə kifayətlənməyən, keyfiyyət baxımından da dəyərləndirən, taktiki-operativ çərçivədən kənara çıxaraq strateji qiymətləndirməni əsas götürən yanaşma ilə hərəkət edirik. Beləliklə, böyük məlumatı strateji kəşfiyyata çevirərək dəqiq və uzunmüddətli siyasətlərin formalaşdırılmasına töhfə veririk. Bu proaktiv yanaşma gələcəyin təhdidlərini bu gündən neytrallaşdıran, kəşfiyyat məlumatının gücü ilə pərdəarxası oyunları pozan milli iradənin səssiz və güclü qalxanıdır.
2025-ci ildə də uğurlu əməliyyatlara imza atılıb
Kəşfiyyatın yön verdiyi təhlükəsizlik bütöv anlayışdır. Təhlükəsizlik taktiki və əməliyyat hissələrinə ayrıla bilər, lakin strateji bütövlüyü parçalanmaz. Bir-birinə bağlı hərbi, fiziki və insani təhlükəsizlik sahələri cəmiyyətin maddi və mənəvi təhlükəsizliyinin təməl sütunlarını təşkil edir. Əsas prinsipimiz budur: hamımız güvənli olmadan heç birimiz güvənli deyilik. Başqasının təhlükəsizliyini nəzərə almayan öz təhlükəsizliyini təmin edə bilməz. Çoxtərəfli yeni təhdidlər yalnız vahid və taktiki tədbirlərlə deyil, ancaq bütöv təhlükəsizlik anlayışı ilə aradan qaldırıla bilər. Bu çərçivədə fəaliyyət göstərən Təşkilatımız 2025-ci ildə də vətəndaşlarımızın maddi və mənəvi dəyərlərini qorumaq məqsədilə geniş coğrafi baxışla çoxsaylı uğurlu əməliyyatlar həyata keçirib, təhdidləri reallaşmadan zərərsizləşdirib, casusluq cəhdlərinin qarşısını alıb və kiberhücumlara qarşı mübarizə aparıb.
Ölkəmizə təhlükə yaradan terror təşkilatları və mütəşəkkil cinayət strukturları ilə mübarizə fəaliyyətlərimizi aktiv şəkildə davam etdirir, terror təhdidlərini qlobal və regional ölçülərdə oxuya bilən, bütün kəşfiyyat və əməliyyat imkanlarımızın qarşılıqlı əlaqədə olduğu metodologiya tətbiq edirik. Bu sayədə Təşkilatımızın sahədə digər təhlükəsizlik qurumlarımızla koordinasiyalı şəkildə apardığı əməliyyatlarda fərqli ideologiyalara və xarici dəstəyə malik terror təşkilatlarının və mütəşəkkil cinayət şəbəkələrinin fəaliyyətinə imkan verilmir.

Təşkilatımız yeni nəsil cinayət şəbəkələri və mafiya tipli strukturlara qarşı da aidiyyəti təhlükəsizlik qurumlarımızla sıx əməkdaşlıq şəraitində yeni imkan və bacarıqlar inkişaf etdirir. Xüsusilə gəncləri hədəf alan pozucu və kriminal fəaliyyətlərin elmi üsullarla və erkən xəbərdarlıq sistemləri vasitəsilə qarşısının alınması üçün işlərimizi intensivləşdiririk.
Terrorun bütün növlərini qəti şəkildə rədd edən ölkəmiz 2025-ci ildə də terror təhlükəsinin aradan qaldırılmasına yönəlik səylərini davam etdirib. İŞİD, “Əl-Qaidə”, PKK, FETÖ, DHKP/C kimi terror təşkilatlarına qarşı apardığımız genişmiqyaslı və çoxtərəfli mübarizə vətənimizin hər guşəsinin əmin, təhlükəsiz, sabit və firavan olmasının təmin edilməsində əsas rol oynayır. Mənbəyindən, mənşəyindən, formasından və bəhanəsindən asılı olmayaraq terror təşkilatlarının faktiki fəaliyyətlərinə, maliyyə mənbələrinə və təbliğat fəaliyyətlərinə qarşı mübarizəmiz əzmlə və qətiyyətlə davam edəcək.
Bu məqamda dövlətimizin daxili cəbhəni gücləndirərək öz geosiyasi oxunu formalaşdırmaq istiqamətində atdığı addımların ən mühüm tərkib hissələrindən birini Terrorsuz Türkiyə hədəfi təşkil edir. Bu hədəf PKK-nın ləğvindən silahı yerə qoymasına, siyasi islahatlardan ictimai barışın təmin edilməsinə qədər əhatəli, çoxtərəfli, çoxmərhələli, özünəməxsus və yenilikçi transformasiya layihəsidir. Siyasi partiyalarımızın və cəmiyyətin böyük hissəsinin dəstəyi ilə Türkiyə Böyük Millət Məclisində ifadə olunan milli həmrəylik, qardaşlıq və demokratiya baxışı bu prosesə kritik və tarixi töhfələr verir.
Bu proses daxili cəbhəmizi möhkəmləndirməklə yanaşı, eyni zamanda yeni regional geosiyasətin də təməlini qoyur. Qədim sivilizasiya mirasımızı strateji dəyərə çevirən addımlar tariximizin və coğrafiyamızın ruhuna zidd müdaxilələrin də qarşısını alacaq. Terror təhlükəsindən təmizlənmiş, qardaşlıq hüququ və ictimai inteqrasiya əsasında yüksələn yeni mərhələ, strateji zəka ilə inşa olunan Türkiyə Yüzilliyinin ən mühüm nailiyyətlərindən biri olacaq.
Türkiyəyə yönəlmiş casusluq cəhdlərinin qarşısı alınıb
Təhlükəsizlik çətirimizin digər mühüm istiqamətlərindən biri ölkəmizə qarşı həyata keçirilən casusluq cəhdlərinin qarşısının alınmasıdır. Türkiyə kimi güclü və təsirli bir dövlətin casusluq fəaliyyətlərinin hədəfi olması təəccüblü deyil. Casusluq üsullarının sürətlə dəyişməsi və klassik metodlardan kənara çıxılaraq onlayn əməliyyatlar, örtük strukturlar, mütəşəkkil cinayət qruplaşmalarından istifadə, dedektivlərdən faydalanma kimi yeni üsullara əl atılması fonunda, əks-kəşfiyyat sahəsində daim yüksək ayıqlıq və artan potensialla fəaliyyət göstəririk. Nəticə etibarilə, ötən il ərzində ölkəmizə qarşı aparılan fəaliyyətləri və agent şəbəkələrini ifşa edərək casusluq cəhdlərini puça çıxarmışıq. Bu sahədəki işlərimiz güzəştə yol verilmədən və fasiləsiz davam edəcək.
Vətənin müdafiəsini yalnız fiziki sərhədlərlə məhdudlaşdırmayan Milli Kəşfiyyat Təşkilatı texniki kəşfiyyat və kiber təhlükəsizlik sahəsində atılımlar vasitəsilə kiber vətənin qorunmasında əsas rol oynayır, kiber müdafiə arxitekturasını hər gün daha da gücləndirir. Ən son texnoloji yeniliklər yaxından izlənir, Təşkilatımız timsalında ölkəmizin bu sahədəki səriştəsi ən yüksək səviyyəyə qaldırılır. Bu çərçivədə kiber hücumlara, sosial media və maliyyə alətləri vasitəsilə ölkəmizi sabitlikdən çıxarmağa çalışanlara qarşı həyata keçirilən əməliyyatlar bu fəaliyyətlərimizin konkret nəticəsidir.

Yeni sınaqlar və hibrid təhdidlər fonunda Təşkilatımızın və dövlətimizin analiz imkanlarının inkişaf etdirilməsinə töhfə veririk. Böyük verilənlərin təhlili, şərhi və tətbiq oluna bilən informasiyaya çevrilməsi üçün çoxtəbəqəli və fənlərarası metodları tətbiq edirik. Kəşfiyyat təməli möhkəm, sahə məlumatı güclü, analitik bacarığı yüksək olan Təşkilatımızın dövlətimizə və xalqımıza tam şəkildə xidmət göstərməsi üçün bundan sonra da bütün imkanlarımızı səfərbər edəcəyik.
Milli Kəşfiyyat Təşkilatı ölkə daxilində vətəndaşlarımızın təhlükəsizliyi və rifahını ön planda tutan genişmiqyaslı kəşfiyyat fəaliyyəti ilə yanaşı, sərhədlərimizdən kənarda, xüsusilə gərginlik və münaqişə zonalarında tərəflər arasında etibarlı kommunikasiya kanalları yaradaraq, effektiv vasitəçilik təşəbbüsləri ilə müxtəlif münaqişələrin kəskinləşməsinin qarşısını alır və təhdidlərin böhrana çevrilməsini əngəlləyir. Təşkilatımızın həyata keçirdiyi kəşfiyyat diplomatiyası səssiz, dərin və sistemli xarakteri ilə regional və qlobal sülhə mühüm töhfələr verir.
Qəzza atəşkəsindən Rusiya-Ukrayna müharibəsinə, Somalidən Əfqanıstan-Pakistan xəttindəki gərginliyin azaldılmasına qədər müxtəlif coğrafiyalarda mürəkkəb və fərqli dinamikaya malik prosesləri yaxından izləyir, regional sülh və sabitliyə töhfə veririk. Məqsədimiz regional və beynəlxalq müstəvidə qarşılıqlı etimad və hörmətə əsaslanan təhlükəsizlik və sabitlik zolağı formalaşdırmaqdır.
Böhranların və ya böhrana çevrilə biləcək gərginliklərin ilkin mərhələsindən etibarən prosesə qoşulmaq, tərəflərin həssaslıqlarını obyektiv şəkildə anlamaq və həll yolları irəli sürmək yanaşmamızın əsasını dövlətimizin sahib olduğu “qonşuluq hüququna əsaslanan mənəvi dəyərlər” və “təhlükəsizliklə sabitliyin kollektiv xarakter daşıması” anlayışı təşkil edir. Bu çərçivədə kəşfiyyat diplomatiyasında yalnız gücə və əməliyyat dilinə söykənməkdən kənara çıxılaraq, tərəfləri anlamağa, ortaq zəkanı, mədəniyyəti və tarixi, başqa sözlə desək, “sivilizasiya yaddaşını” xatırlatmağa da diqqət yetirilir.
Suriya
Yaxın Şərqin strateji balansı baxımından kritik əhəmiyyət daşıyan Suriya məsələsində vətəndaş müharibəsinin başlanmasından başa çatmasına qədər bölgədəki proseslər yalnız humanitar, siyasi və təhlükəsizlik aspektləri ilə deyil, bütöv yanaşma ilə qiymətləndirilib. 2024-cü il dekabrın 8-də açılan tarixi imkan pəncərəsi Suriyanın yalnız suriyalılar tərəfindən idarə olunan sabit gələcəyi üçün geri dönüşü olmayan mərhələnin və ümidverici transformasiya prosesinin başlanğıcı olub.
Azad, suveren, vahid, təhlükəsiz, demokratik və firavan Suriya həm ölkə daxilində sabitliyi təmin edəcək, həm də regionda sülh və sabitliyə töhfə verəcək. Suriyanı bölməyə, siyasi birliyini zəiflətməyə və suveren hüquqlarını pozmağa yönəlmiş bütün daxili və xarici cəhdlər iflasa məhkumdur.
Beynəlxalq ictimaiyyətin Suriyanı əsas aktor kimi beynəlxalq sistemə inteqrasiya etmək istiqamətindəki səylərinə mühüm töhfələr verən ölkəmiz və Təşkilatımız strateji səbir və müdrikliklə regional sülh naminə Suriyada sabitliyin təmin olunmasına və qorunmasına dəstəyini davam etdirəcək.
Afrika
Strateji rəqabətin sürətləndiyi digər bir sahə olan Afrika qitəsi də ölkəmizin prioritet bölgələri sırasındadır. Qitəyə yanaşmamız “Afrikanın problemlərinə afrikalı həllər” vizyonu əsasında formalaşır. Milli Kəşfiyyat Təşkilatı olaraq Liviyada sabitləşdirici mövqeyimizdən, Somalidə terrorla mübarizəyə verdiyimiz töhfələrə və Sudana qədər qitə üzrə fəaliyyətlərimiz bir çox ölkənin diqqətini cəlb edir. Çaddan Nigerə, Toqodan Burkina-Fasoya, Tanzaniyadan Keniyaya qədər Afrikanın hər yerində kəşfiyyat diplomatiyasının müsbət nəticələri əldə olunur.
Dərin tarixi və mədəni bağlara malik olduğumuz qardaş türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi ilə yanaşı, Balkanlarda da sabitliyin təmin olunmasında mühüm rol oynanır, bu ölkələrlə kəşfiyyat sahəsində koordinasiya işləri sürətləndirilir. Proaktiv diplomatiya yanaşması və strateji kəşfiyyat imkanları ilə bu coğrafiyalarda sülh və sabitliyin bərqərar olunması istiqamətində səylər bundan sonra da davam edəcək.
Təşkilatımız prezident cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında dövlət ağlını əsas tutaraq bütün aidiyyəti qurumlarla tam uyğunluq və koordinasiya şəraitində ölkəmizə və xalqımıza xidmət etməyin qürurunu yaşayır.
Ölkəmizdə, bölgəmizdə və dünyada daha təhlükəsiz, daha işıqlı və daha firavan gələcəyə nail olmaq məqsədilə Milli Kəşfiyyat Təşkilatı, bir əsrə yaxın institusional kimliyi, yüzillik dövlət ənənəsi və zəngin sivilizasiya yaddaşı ilə dövlətimizin mövcudluğu və xalqımızın sülhü və rifahı naminə fəaliyyətini dəqiqlik, fədakarlıq və qətiyyətlə davam etdirəcək.
Bu münasibətlə Təşkilatımızın yüksək mənəvi dəyərlərə sahib, vətən uğrunda canını fəda etməkdən çəkinməyən, fədakar və sədaqətli adsız qəhrəmanlarını salamlayır, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Milli Kəşfiyyat Təşkilatı olaraq Türkiyə Respublikasına və əziz xalqımıza xidmət etməyin şüuru və şərəfi ilə hər cür çətinliyin öhdəsindən gələcəyimizə inamımız tamdır.
Sevinc Əliyeva
Ordu.az