Müharibə təcrübəsindən sənaye strategiyasına: Prezidentin silah ixracı baxışı

2026/01/1767686335.jpg
Oxunub: 1512     12:31     06 Yanvar 2026    
Prezident İlham Əliyevin müdafiə sənayesi və silah ixracı ilə bağlı son açıqlamaları Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni strateji düşüncə tərzini aydın şəkildə ortaya qoyur. Qarabağ müharibəsi yalnız hərbi-siyasi reallıqları deyil, həm də ölkənin sənaye, texnologiya və təhlükəsizlik yanaşmasını köklü şəkildə dəyişdi. Müharibə zamanı əldə edilən praktiki təcrübə göstərdi ki, müasir dövrdə hərbi üstünlük yalnız canlı qüvvə ilə deyil, texnologiya, logistika və yerli istehsal imkanları ilə müəyyən olunur.

44 günlük müharibə dövründə Azərbaycan əsasən xaricdən alınmış silah və texnologiyalara söykənsə də, həmin dövr dövlət üçün ciddi dərslər yaratdı. Ən vacib nəticələrdən biri müdafiə sənayesinin yalnız təhlükəsizlik məsələsi deyil, həm də iqtisadi və strateji alət kimi qiymətləndirilməsinin zəruriliyi oldu. Prezidentin ixrac hədəfləri məhz bu düşüncənin məhsuludur: silah istehsalı artıq təkcə daxili ehtiyacların ödənilməsi üçün deyil, iqtisadi dəyər yaradan sahə kimi formalaşdırılır.

Dünyada müharibələrin sayının artması və hərbi məhsullara tələbatın yüksəlməsi fonunda Azərbaycanın bu bazarda yer almaq istəyi təsadüfi deyil. Qlobal silah bazarında qiymətlərin kəskin artması, xüsusilə sursat və yüksək texnologiyalı sistemlərin bahalaşması yeni oyunçular üçün imkan pəncərəsi açır. Prezidentin “alternativ valyuta mənbəyi” ifadəsi göstərir ki, rəsmi Bakı müdafiə sənayesini enerji sektorundan asılılığı azaldan istiqamətlərdən biri kimi görür.

Qısamüddətli perspektivdə ixracın bir milyard dollara çatdırılması hədəfi ambisiyalı səslənsə də, real əsaslara söykənir. Artıq Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir və bu coğrafiyanın tədricən genişlənməsi mümkündür. Əsas üstünlük ondan ibarətdir ki, Azərbaycan öz məhsullarını real döyüş şəraitində sınaqdan keçirmiş ölkə kimi təqdim edə bilir ki, bu da beynəlxalq bazarda ciddi üstünlükdür.

Müdafiə sənayesində özəl sektorun prosesə cəlb olunması isə strateji dönüş nöqtəsi hesab oluna bilər. Prezidentin də bildirdiyi kimi, əvvəl bu sahə dövlət inhisarı kimi dəyərləndirilirdi. Lakin beynəlxalq təcrübə göstərdi ki, innovasiya, çeviklik və texnoloji inkişaf daha çox özəl şirkətlərin fəaliyyəti ilə bağlıdır. Son iki ildə özəl sektora verilən imkanlar bu anlayışın praktiki tətbiqidir.

Bu model İsrail və Türkiyə təcrübəsi ilə səsləşir. Hər iki ölkədə müdafiə sənayesinin lokomotivi məhz özəl şirkətlərdir və dövlət daha çox tənzimləyici və sifarişçi rolunu oynayır. İsraildə startap mədəniyyəti ilə hərbi texnologiyaların sintezi, Türkiyədə isə dövlət-sahibkar əməkdaşlığı Azərbaycanın da getdikcə mənimsədiyi yanaşmadır. Azərbaycanda lisenziyalaşdırma mexanizmi saxlanılsa da, istehsal təşəbbüsü özəl sektora açılır. Artıq 15 şirkətə lisenziya verilməsi və 7 özəl şirkətin faktiki istehsala başlaması bu prosesin formal deyil, real olduğunu göstərir. 2024-2025-ci illərdə bir milyard manatlıq sərmayənin yarısının özəl sektor tərəfindən qoyulması isə biznesin bu sahəyə inamının göstəricisidir. Bu həm də onu göstərir ki, müdafiə sənayesi artıq yalnız büdcə yükü deyil, gəlirli investisiya sahəsi kimi qəbul olunur.

Birgə müəssisələrin yaradılması ayrıca diqqətə layiqdir. Aparıcı dünya müdafiə şirkətləri ilə əməkdaşlıq təkcə məhsul istehsalı deyil, texnologiya transferi, kadr hazırlığı və idarəetmə mədəniyyətinin dəyişməsi deməkdir. Pilotsuz uçuş aparatları, artilleriya sistemləri və müxtəlif sursat növlərinin ölkə daxilində istehsalı Azərbaycanın texnoloji müstəqilliyini mərhələli şəkildə gücləndirir.

Postmüharibə dövründə Qarabağın bərpası və təhlükəsizliyinin təmin olunması da müdafiə sənayesinə yanaşmanı formalaşdıran əsas faktorlardandır. Azad edilmiş ərazilərdə yerləşdirilən hərbi infrastrukturlar, sərhəd təhlükəsizliyi və yeni çağırışlar davamlı silah və texnika təminatını tələb edir. Yerli istehsal bu baxımdan strateji üstünlük yaradır. Digər tərəfdən, ixrac potensialı Azərbaycanın siyasi təsir imkanlarını da genişləndirir. Silah ixracı yalnız iqtisadi gəlir deyil, həm də diplomatik alətdir. Müxtəlif regionlarda Azərbaycan istehsalı olan məhsulların istifadəsi ölkənin geosiyasi çəkisini artırır və uzunmüddətli tərəfdaşlıqlar yaradır.

Müdafiə sənayesinin qapalı xarakter daşıması cəmiyyətdə bəzən suallar doğursa da, bu sahənin spesifikası bunu şərtləndirir. Prezidentin vurğuladığı kimi, proseslər geniş vüsət alıb və nəticələr mərhələli şəkildə ictimaiyyətə təqdim olunacaq. Bu isə həm etimadın, həm də marağın artmasına səbəb ola bilər.

Azərbaycanın bu sahədə əsas çağırışı keyfiyyət və rəqabət qabiliyyətini qorumaqdır. Qlobal bazarda yalnız ucuzluq deyil, etibarlılıq, texniki dəstək və modernizasiya imkanları əsas rol oynayır. İsrail və Türkiyə təcrübəsi göstərir ki, davamlı uğur üçün elmi-tədqiqat və innovasiyaya xüsusi diqqət ayrılmalıdır. Uzunmüddətli perspektivdə müdafiə sənayesinin inkişafı ölkədə yüksək ixtisaslı kadrların yetişməsinə də töhfə verəcək. Mühəndislik, proqramlaşdırma, materialşünaslıq kimi sahələrdə formalaşan ekosistem mülki sənayelərə də sirayət edə bilər. Bu isə müdafiə sənayesini iqtisadiyyatın lokomotiv sahələrindən birinə çevirə bilər.

Beləliklə, prezidentin açıqlamaları Azərbaycanın Qarabağ müharibəsindən sonra yalnız qalib ölkə kimi deyil, yeni regional sənaye oyunçusu kimi formalaşmaq niyyətini göstərir. Dövlət, özəl sektor və beynəlxalq tərəfdaşların sintezi üzərində qurulan bu model uğurlu icra olunduğu halda, Azərbaycan müdafiə sənayesində keyfiyyətcə yeni mərhələyə qədəm qoya bilər. Bu proses həm təhlükəsizlik, həm iqtisadiyyat, həm də geosiyasi mövqelər baxımından ölkənin strateji dayanıqlığını gücləndirən əsas sütunlardan birinə çevrilməkdədir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prezident   Müdafiə-Sənayesi  


Bizi "telegram"da izləyin