Lakin qlobalist-liberal xəyallar başgicəlləndirici sürətlə realpolitika reallıqları ilə əvəz olundu. 2022-ci ilin qarlı bir fevral günündə Rusiya Federasiyası Silahlı Qüvvələri Ukraynaya daxil oldu. 2025-ci ilin yanvarında isə raket hücumu zamanı Ukraynada açılan ilk “McDonald’s” Rusiya raket zərbəsinə məruz qaldı. 2025-ci ilin sentyabrında Polşa hava məkanında vurulan, Rusiya-İran istehsalı “Şahid-Geran” ailəsinin bir törəməsi olan “Gerbera” PUA-ları Avropanın PUA divarı ilə əhatə olunması planlarını da sürətləndirdi. Dünya getdikcə münaqişələr burulğanına sürüklənirdi.
Münaqişənin yeni siması
2025-ci il qlobal miqyasda münaqişə riskinin əvvəlki illə müqayisədə nəzərəçarpacaq dərəcədə artdığı, Rusiya-Ukrayna müharibəsini sona çatdıracaq davamlı bir formulun isə hələ də üfüqdə görünmədiyi dövrü ifadə edir. Avropa uzun müddətdir təxirə saldığı sərt geosiyasi reallıqlarla üz-üzə qalarkən, davam edən münaqişə müasir hərb anlayışında dərin bir qırılmanı da özü ilə gətirib. Orta Şərq də münaqişələrə ev sahibliyi etməyi davam etdirir. İran-İsrail müharibəsi artıq siyasi-hərbi bir ssenari deyil, reallıqdır. Tayvan ssenariləri isə dünyanın üzərində oturduğu saatlı bombadır.
Rusiya-Ukrayna cəbhəsi ənənəvi hərbi elementlərlə yüksək texnologiyaya əsaslanan sistemlərin eyni döyüş meydanında bir-birinə qarışdığı hibrid müharibə laboratoriyasına çevrilib. Bu kontekstdə robotlaşdırılmış sistemlər hər iki tərəfin əməliyyat konsepsiyalarında mərkəzi rol oynayıb. Ukrayna mənbələrinə görə, Kiyev rəhbərliyi əsasən FPV əsaslı platformalara fokuslanmaqla aylıq 200 min ədədin üzərində PUA istehsal gücünə çatıb. Sahədən toplanan məlumatlar və əməliyyat analizləri Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilən və ya sıradan çıxarılan Rusiya elementlərinin təxminən 60-70 faizinin taktiki silahlı PUA sistemləri ilə hədəfə alındığını göstərir. Digər tərəfdən, möcüzəvi silahlardan danışmadığımız da açıqdır. Eyni araşdırmalar FPV PUA-larının 60-80 faizinin hədəflərinə çatmadan məhv edildiyini üzə çıxarır. Taktiki seqmentdə PUA-lar, qısaca FPV-lər, çoxalan, lakin balalarının böyük hissəsini itirən bioloji növlərə daha çox bənzəyir. Bu səbəbdən ucuz vahid dəyər və yüksək sənaye istehsalı tənliyi, yüksək vahid dəyər və ən yüksək texnologiya, lakin daha az sənaye istehsalı tənliyinə üstün gələ bilir.
2025-ci ildə Ukrayna kəşfiyyatının Rusiyada əvvəlcə logistika, sonra isə telekommunikasiya infrastrukturuna sızaraq həyata keçirdiyi və ölkəyə gizli şəkildə daxil edilən PUA-lar ilə strateji bombardmançı təyyarələrə məxsus bazaların hədəfə alındığı “Hörümçək Toru” əməliyyatı da müharibənin gələcəyinə dair ciddi xəbərdarlıqlar təqdim edib. Bir cümlə ilə desək, XXI əsr döyüş meydanlarında “cəbhə arxası” anlayışı getdikcə yox olur. Artıq hər yer hədəf alına bilən səviyyədədir.
İran və İsrail arasında yaşanan və 12 gün davam edən münaqişələr 2025-ci ilin ən kritik qarşıdurmaları sırasında yer aldı. Öyrənilməli çoxsaylı dərslər arasında İsrailin sensor birləşməsi və aşağı radara görünmə (stealth) qabiliyyəti yüksək olan 5-ci nəsil F-35I platformaları ilə İran hava məkanına sızması xüsusi yer tutur. Həmçinin İsrailin İran hava məkanında mobil ballistik raket buraxılış qurğularını genişmiqyaslı əməliyyatla məhv etməsi və müharibənin lap əvvəlində İnqilab Keşikçilərinin yüksək rütbəli komandirlərinə qarşı həyata keçirilən sui-qəsdlərlə İranın cavab potensialının bir müddət iflic edilməsi diqqətəlayiqdir.
Bununla yanaşı, bütün tədbirlərə baxmayaraq İran raket əməliyyatının və müdafiə sənayesi infrastrukturunun tam şəkildə uğursuzluğa düçar edilməməsi də gözdən qaçmamalıdır. Münaqişələrin son günü də daxil olmaqla İran ballistik raket əməliyyatını aşağı əməliyyat tempində də olsa davam etdirib. Nəticə etibarilə, 12 gün ərzində İsrail hava məkanının qorunmasının ABŞ-nin “Terminal High Altitude Area Defense” (THAAD) anti-ballistik raket sistemlərinə maliyyə yükü THAAD tərəfindən istifadə olunan hava hücumundan müdafiə raketlərinin 25 faizinə bərabər olub.
Türkiyə müdafiə sənayesinin kritik mərhələləri
2025-ci ilin Türkiyə müdafiə sənayesi baxımından bəlkə də ən önəmli hadisələri “Baykar”ın AKINCI və KIZILELMA platformaları ilə icra etdiyi konsepsiya sınaqlarıdır. KIZILELMA-nın “hava-hava” raketi sınaqları və PUA-ların avtonom qrup uçuşu sınaqları, eləcə də AKINCI-KEMANKEŞ sınaqları Türkiyənin hiper döyüş qabiliyyəti quruculuğu hədəfində diqqətçəkən mərhələlərdir.
2025-ci ildə ROKETSAN-ın TAYFUN ballistik raketi ilə bağlı fəaliyyəti digər bir dönüş nöqtəsi olub. Qısa və orta mənzilli ballistik raketlər, hətta yaylım atəşli reaktiv sistemlər NATO ittifaqında avropalı üzvlərin ciddi şəkildə zəif qaldıqları sahələrdir. Bu baxımdan Türkiyə müdafiə sənayesinin mühüm bir boşluğu doldurduğunu söyləmək mümkündür.
Bundan əlavə, TAYFUN Orta Şərqdəki münaqişələrdə alışdığımız ballistik raketlərdən fərqlənir. Çünki mətbuata əks olunan sınaq nəticələri yüksək dəqiqlik nümayiş etdirib. Eyni zamanda 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF-2025) nümayiş etdirilən və qısa müddətdə inventara daxil olması gözlənilən “Tayfun Blok 4”dən də bəhs etmək lazımdır. “Tayfun Blok 4” xüsusi bir sistemdir. Effektiv mənzili tam açıqlanmasa da, açıq mənbəli göstəricilər bu raketin əvvəlki variantlarla müqayisədə daha uzun mənzilə malik olacağını göstərir. Uçuş trayektoriyasının böyük hissəsini hipersəs sürətində keçəcək belə bir raket real çəkindirmə qabiliyyətidir.
2025-ci ildə “Eurofighter Typhoon” alınması üçün Londonla əldə edilən razılaşma da diqqətçəkən inkişaflardan biri olub. Çünki KAAN inventara daxil olana qədər Türkiyənin ciddi bir ara həllə ehtiyacı var.
Nəhayət, 2025-ci ildə eyni anda bir çox döyüş gəmisi layihəsinə imza atan Türkiyə gəmiqayırma zovodu infrastrukturunun profili də ön plana çıxıb. Türkiyənin dəniz döyüş platforması istehsal gücünün sürətlə artması NATO ittifaqı baxımından da əhəmiyyətlidir. 2025-ci il dəniz qüvvələrinin modernləşmə layihələri arasında sınaq bloku inşasına başlanılan Milli Sualtı Qayıq proqramı şübhəsiz ki, ən diqqətçəkən meyillərdən biridir.
2026-cı ildən nə gözləyirik?
Türkiyə müdafiə sənayesinin gələn il də məhsuldar bir dövr keçirəcəyini proqnozlaşdırmaq mümkündür. KIZILELMA-nın inventara daxil olması ciddi beynəlxalq maraq yaradacaq. Eyni zamanda 2026-cı ilin ilk yarısında KAAN-ın ikinci prototipi böyük ehtimalla havaya qalxacaq.
Cari ilə dair qlobal siyasi-hərbi proqnozları isə riskli və çox riskli olmaqla iki ssenaridə təqdim etmək olar. Riskli və yüksək ehtimallı ssenari İsrail-İran qarşıdurmasının yenidən alovlanmasıdır. Çünki münaqişəyə yekun diplomatik nöqtə qoyulmayıb. Digər tərəfdən, belə bir münaqişənin təbii yayılma sahəsi Orta Şərqlə məhdud qalır. Qlobal fəlakət potensialı daşıyan, lakin hələlik aşağı ehtimallı ssenari isə Tayvan ətrafında formalaşa biləcək birbaşa ABŞ-Çin qarşıdurmasıdır. Belə bir münaqişənin qlobal domino effekti yaratması demək olar ki, qaçılmazdır.
Bununla belə, bir məsələ dəqiqdir: qloballaşmanın və liberal gündəmin xəyal etdiyi dünya artıq çox uzaqdadır. Berlin divarının yerini “Avropa PUA divarı” alarkən, 2026-cı il və ondan sonrakı illər ehtimal ki, əvvəlki ildən daha təhlükəli bir konyuktura ilə gələcək.
“Hudson Institute”un baş müdafiə analitiki dr. Can Kasapoğlu
Ordu.az