Karakasda altı dəqiqə: ABŞ Xüsusi Təyinatlı Qüvvələri Nikolas Maduronu necə ələ keçirdi?

2026/01/Ekran-1767603917.jpg
Oxunub: 660     15:40     05 Yanvar 2026    
Karakasda ABŞ Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Dəniz Piyadaları Korpusunun bölmələrinin iştirakı ilə Venesuela prezidenti Nikolas Maduronun iqamətgahına edilən basqın ABŞ ordusunun qoşun növləri arasında əməliyyatları son dərəcə yüksək səviyyədə icra etmək bacarığını nümayiş etdirib.

Venesuela prezidenti Nikolas Maduronun ABŞ tərəfindən ələ keçirilməsi üçün həyata keçirilən və “Mütləq Qətiyyət” adlanan əməliyyat planlaşdırma, rəhbərlik, imkanlar və zamanlama baxımından tam uğur olub. Yanvarın 3-nə keçən gecə ABŞ qüvvələrinin Maduronu və onun həyat yoldaşını ələ keçirməsinə imkan verən bu əməliyyatın geosiyasi baxımdan hansı nəticələrə gətirib çıxaracağı hələlik məlum deyil. Lakin əməliyyatın özü taktiki baxımdan ustalıq nümunəsi olub.

Maduronun ələ keçirilməsi tarixə düşən bir basqın olub

Ali baş komandan qismində ümumi səlahiyyət və siyasi rəhbərliyi həyata keçirən prezident Donald Trampın, həmçinin əməliyyat nəzarətini və hərbi icranı təmin edən Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, Hərbi Hava Qüvvələrinin generalı Den “Razin” Keynin ümumi rəhbərliyi altında ABŞ Silahlı Qüvvələrinin birgə kontingenti Venesuelaya yeridilib. Karakas səmasının sübh çağına doğru keçirilən əməliyyatında ABŞ Quru Qoşunlarının DELTA Xüsusi Təyinatlı Qüvvələrinin, 160-cı Xüsusi Əməliyyatlar Aviasiya Alayının “Night Stalkers” bölmələrinin, eləcə də kəşfiyyat və müşahidə dəstəyinin iştirak etdiyi bildirilib.

ABŞ Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusu bu birgə zərbə əməliyyatında dəstək funksiyalarını yerinə yetirib. ABŞ Milli Geoməkan Kəşfiyyat Agentliyi, ABŞ Kiber Komandanlığı və Kosmik Komandanlıq da daxil olmaqla Vaşinqtondakı bir sıra digər kəşfiyyat qurumları əməliyyata cəlb edilib.

Birləşmiş ABŞ qüvvələri tərəfindən ümumilikdə 150 hava vasitəsi tətbiq edilib

ABŞ qüvvələri “La Karlota” aviabazasını, “Fuerte Tiuna” hərbi kompleksini, “El Volkan” ərazisini və “La Quayra” limanını hədəfə alıb. Pentaqonun rəsmi məlumatlarına görə, ABŞ qüvvələri Karakas ətrafında yerləşdirilən və geniş reklam edilən Rusiya istehsalı hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq üçün düşmən hava hücumundan müdafiəsinə təzyiq göstərilməsi taktikasından istifadə edib. Bunun nəticəsində ABŞ Xüsusi Təyinatlı Qüvvələri Karakasa demək olar ki, heç bir çətinliklə üzləşmədən daxil olub.

Digər məlumatlara görə, ən azı avqust ayından etibarən MKİ-yə bağlı yarımhərbi qrup ölkəyə yeridilib və Maduronun gündəlik davranışlarının müşahidəsinə başlayıb. Təsdiqlənməmiş bir məlumatda Maduronun hökuməti daxilində yüksək vəzifəli bir mənbənin bu dəqiq müşahidəni asanlaşdırdığı, amerikalıların Venesuela liderini nə vaxt və harada ələ keçirəcəklərini dəqiq bilməsinin də bununla əlaqəli olduğu iddia edilib.

Başqa bir məlumata görə isə Maduro qəribə bir xoşməram jesti edərək, Milad bayramı münasibətilə öz qüvvələrinə geri çəkilmək əmri verib və Trampın rejimə qarşı hücum edəcəyinə inanmayıb.

Beləliklə, Tramp administrasiyası kəşfiyyat və müşahidə üstünlüklərindən istifadə edərək bu imkandan yararlanmağa qərar verib.

Venesueladakı basqın ABŞ-nin qoşun növləri arasında yüksək koordinasiya qabiliyyətini nümayiş etdirib

İddialara görə, əməliyyat cəmi altı dəqiqədən bir qədər artıq davam edib. Bu altı dəqiqə ərzində ABŞ qüvvələri Maduronu ələ keçirib və heç bir amerikalı hərbçi həlak olmayıb. Ağ Evin açıqlamasına görə, Maduronun mühafizə dəstəsinin böyük hissəsi kubalılardan ibarət olub və buna görə də Venesuela vətəndaşları arasında itkilər minimum səviyyədə qalıb.

Basqında iştirak edən DELTA Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində 1-ci Xüsusi Əməliyyat Dəstəsi-DELTA/C Tapşırıq Qrupu da yer alıb. Bu bölmə Maduronun birbaşa ələ keçirilməsi tapşırığını icra edən əsas xüsusi missiya vahidi olub.

Əfsanəvi “Night Stalkers” bölmələri aviasiya dəstəyi göstərib, şəxsi heyətin daşınması, hücum helikopterləri və MH-47 “Chinook” helikopterləri əməliyyata cəlb edilib. ABŞ Quru Qoşunları isə kəşfiyyat, müşahidə və hədəf təyinatı dəstəyini təmin edib.

ABŞ Hərbi Hava Qüvvələrinin Venesuela hava məkanında hava vasitələrini yönləndirdiyi və Quru Qoşunlarının Xüsusi Qüvvələri ilə inteqrasiya etdiyi ehtimal olunur. Bildirildiyinə görə, əməliyyat zonasasında 150-dən çox hava vasitəsi olub və bu da hava üstünlüyünün təmin edilməsində Hərbi Hava Qüvvələrinin əsas rol oynadığını göstərir. Pilotlu hava vasitələri ilə yanaşı, Hərbi Hava Qüvvələrinin MQ-9 “Reaper” pilotsuz uçuş aparatlarından və digər pilotsuz uçuş aparatlarından müşahidə, hədəfləmə və zərbələrin koordinasiyası üçün istifadə etdiyi qeyd olunur.

ABŞ Hərbi Dəniz Qüvvələri də əməliyyatda iştirak edib. USS “Gerald R. Ford” aviadaşıyıcısı, eləcə də bölgədə yerləşən müxtəlif esmineslər və digər dəstək gəmiləri əməliyyatın intensiv fazasında zərbələr və hava üstünlüyü əməliyyatları icra edib. Məlumata görə, aviadaşıyıcıdan havaya qalxan E/A-18G “Growler” təyyarələri Karakas üzərində düşmənin hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq üçün istifadə edilib. Əməliyyat başa çatdıqdan sonra USS “Iwo Jima” desant gəmisi Maduronun və həyat yoldaşının ABŞ-yə aparılmasından əvvəl həm yerləşdirmə, həm də saxlanma platforması kimi istifadə edilib.

Hərbi Dəniz Qüvvələrinin parkı Venesuelada birgə əməliyyatlar üçün hava hücumundan müdafiə, dəniz nəzarəti və logistika dəstəyi də göstərib.

Dəniz Piyadaları Korpusunun bölmələri zərbələrin dəstəklənməsində və sahil zonalarında sürətli reaksiya qüvvələrinin təmin edilməsində iştirak edib.

Unutmaq olmaz ki, taktiki qələbə strateji uğur demək deyil

Ümumilikdə, ABŞ qüvvələri əsas məqsədlərinə nail olub. Lakin qeyd etmək vacibdir ki, bu hadisə müharibənin sonu olmayıb və sadə bir döyüş də hesab edilmir. Bu, sürətli “vur-çıx” tipli bir basqın olub. Dünyanın müxtəlif yerlərində media şərhçiləri bu hücumu 1983-cü ildə Qrenadaya və 1989-cu ildə Panamaya ABŞ müdaxilələri ilə müqayisə ediblər. Ancaq daha uyğun müqayisə 2011-ci ildə Pakistan ərazisində ABŞ xüsusi təyinatlı qüvvələrinin “əlçatmaz” terrorçu lider Usamə bin Ladeni öldürdüyü əməliyyatdır.

Karakasda Çavista rejiminin qalan hissəsi hələ də yerində qaldığı üçün ABŞ-nin Venesuela ilə münasibətlərinin necə dəyişəcəyi aydın deyil. Şənbə günü keçirilən basqın ABŞ ordusunun taktiki üstünlüyünü qoruduğunu göstərib. Strateji baxımdan isə nəticələr hələ sual altındadır. Axı Maduronun devrilməsi Venesueladakı real vəziyyəti əsaslı şəkildə dəyişməsə və ölkə daxilində, eləcə də xaricdə sığınacaq axtaran on milyonlarla venesuelalının həyatını yaxşılaşdırmasa, bu əməliyyata həqiqətən dəyərdimi?

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Venesuela  


Bizi "telegram"da izləyin