Almaniya kansleri Fridrix Merts
ABŞ prezidenti Donald C. Tramp administrasiyası tərəfindən hazırlanmış yeni ABŞ Milli Təhlükəsizlik Strategiyası (U.S. National Security Strategy/NSS) əvvəlki versiyalardan açıq şəkildə ayrılır və ABŞ xarici siyasətində Avropa ilə münasibətlərin real vaxtda necə dəyişdiyi barədə mühüm mesajlar verir. Əsas etibarilə, yeni strategiya İkinci Dünya müharibəsinin qalibi statusu ilə düşmən SSRİ-nin varisi olan dövlətlər fonunda Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasını və qitə Avropasında müharibəyə son qoyularaq daha genişmiqyaslı strateji sabitliyə nail olunmasını hədəfləyir. Milli Təhlükəsizlik Strategiyasının öz tərifinə görə, “Atlas kimi bütün dünya nizamını daşıyan Amerika Birləşmiş Ştatlarının günləri başa çatıb”. Bunun əvəzinə Tramp administrasiyası Qərb yarımkürəsini ABŞ-nin əsas strateji prioriteti kimi müəyyənləşdirir və Çinlə Rusiyanı da öz təsir dairələri ilə baş-başa buraxır. Lakin strategiyada ümumiləşdirilən ən əsas qırılma ABŞ-nin Avropa ilə münasibətlərində baş verir. Sözügedən yeni ABŞ Milli Təhlükəsizlik Strategiyasının qitə ilə bağlı çəkdiyi mənzərə kifayət qədər qaranlıqdır. Harri Trumenin ilk dəfə formalaşdırdığı və Trampa qədər hər bir ardıcıl ABŞ prezidenti tərəfindən qorunan 1945-dən sonrakı nizamdan qəti şəkildə uzaqlaşma kimi səciyyələndirilən bu yeni strategiya ABŞ-nin onilliklər boyu davam edən xarici siyasətindən dramatik bir dönüşü ifadə edir.
Adətən yeni Milli Təhlükəsizlik Strategiyasının elan olunması çox mühüm hadisə hesab edilir. Avropa İttifaqının keçmiş yüksək səviyyəli diplomatı Cozef Borrel ABŞ ilə Avropa arasındakı transatlantik körpüyə sanki saatlı bomba qoyan bu fərqliliyi “siyasi müharibə elanı” kimi dəyərləndirıb. Yeni ABŞ Milli Təhlükəsizlik Strategiyası bəzi diplomatlar tərəfindən “Qərb alyansı sona çatdı. Münasibətlər bir daha heç vaxt əvvəlki kimi olmayacaq” şəklində şərh edilib. Trampın ABŞ-si Avropaya təkcə laqeyd deyil, ona açıq şəkildə düşməncəsinə yanaşır. Bunun qitə və Böyük Britaniya üçün çox böyük nəticələri var və liderlərin əksəriyyəti bunu hələ də qəbul etməkdən imtina edir. Trampın tərəfdarları administrasiyanın Avropa ilə deyil, əsasən Avropa İttifaqı ilə problemi olduğunu iddia etməyə çalışırlar. Bu kontekstdə NSS ABŞ xarici siyasətinin istiqamətində həqiqətən də dramatik dəyişikliyi təmsil edir və Avropa ilə transatlantik münasibətlər üçün potensial olaraq ciddi nəticələr doğura bilər.

NSS bir tərəfdən Rusiyanın yaratdığı təhlükəyə baxmayaraq, Avropanın müdafiə prioritetinin azaldığını açıq şəkildə ortaya qoyur. Digər tərəfdən isə Avropanın öz müdafiəsini özü təmin etməli olduğunu, NATO-nun daha da genişlənməyəcəyini, yəni Ukrayna üçün NATO üzvlüyünün olmayacağını açıq şəkildə bildirir. Bu yanaşma müəyyən mənada tamamilə təəccüblü deyil. Bu strategiya Avropa siyasətinə, Avropanın siyasi liderlərinə və Avropa İttifaqına faktiki olaraq müharibə elanı deməkdir. Bu strategiya həm də dünyanın ən böyük nüvə arsenalına və bəşəriyyətin bildiyi bütün təbii ehtiyatlara malik olan Rusiya ilə ABŞ arasındakı əlaqələri yenidən tənzimləməyi hədəfləyir. Bu, Vaşinqtonun Moskva ilə gərginliyi azaltmaq niyyətini göstərir, Rusiya artıq ekzistensial düşmən kimi deyil, qəfil eskalasiyanın qarşısını almaq üçün “strateji sabitliyin” bərpa edilməli olduğu nüvə dövləti kimi qəbul olunur.
Digər tərəfdən, NSS-də böyük güclər arasında rəqabətə kifayət qədər diqqət yetirilməməsi də fərqli bir cəhətdir. Sənəddə Çin adı mətnin təxminən üçdə ikilik hissəsində ilk dəfə çəkilir. Rusiya isə revizionist gücdən çox, avropalıların mövcud narahatlıq mənbəyi kimi gördükləri və müharibəyə səbəb ola biləcək bir amil kimi təqdim olunur. Bu təhlükə qarşısında NATO müttəfiqi olan ABŞ Avropa ilə Rusiya arasında mümkün münaqişənin tərəfi kimi deyil, onu önləməli olan vasitəçi kimi təsvir edilir. Bu yanaşma həm praktiki, həm də nəzəri müstəvidə ABŞ administrasiyasının transatlantik münasibətlərdə sıfırlama çağırışıdır. Avropa digər regionlardan fərqli olaraq açıq ideoloji terminlərlə təhlil olunur və strategiya davam edən istənilən tərəfdaşlığın əsas şərti kimi “Avropanın sivilizasiya özünəinamının və Qərb kimliyinin” bərpasını müdafiə edir.
Sənəd Avropanın daxili siyasətini əsas dəyişən kimi qiymətləndirir: Avropa İttifaqının miqrasiya siyasətini “qitəni dəyişdirməkdə” günahlandırır, “siyasi azadlıqları və suverenliyi sarsıdan” beynəlxalq tənzimləmələri tənqid edir və “siyasi müxalifəti boğan”, ifadə azadlığını zəiflədən senzura rejimləri barədə xəbərdarlıq edir. Tramp iddia edir ki, alyansın gələcəyi Avropanın daxili siyasətində köklü dəyişikliklərə, idarəçilik təcrübələrinin ABŞ sağının prioritetləri ilə daha sıx uyğunlaşdırılmasına bağlıdır. Eyni zamanda administrasiya alyans sistemi daxilində Avropanın rolunda struktur dəyişiklik tələb edərək Avropa dövlətlərinin “öz müdafiələrinə görə əsas məsuliyyəti üzərlərinə götürmələrini”, daim genişlənən NATO gözləntilərindən imtina etmələrini və əhəmiyyətli dərəcədə daha yüksək müdafiə xərcləri standartına cavab vermələrini israrla tələb edir.
Administrasiya son dərəcə praqmatik və bəlkə də qısamüddətli yeni “Əvvəlcə Amerika” xarici siyasət doktrinasını formalaşdırmağa çalışır. Məsələn, demokratiya gündəliyi açıq şəkildə başa çatıb. Bu qısa təhlildən də göründüyü kimi, Tramp administrasiyasının 2025-ci il Milli Təhlükəsizlik Strategiyası bir çox baxımdan ABŞ tarixində analoqu olmayan xarakter daşıyır. Əslində bu tip strategiya sənədləri adətən ABŞ-nin düşmənlərinin Vaşinqton və onun müttəfiqlərinə qarşı yaratdığı təhdidləri sadalayır və bu çətinliklərə necə cavab veriləcəyini izah edir. Lakin bu sənəd sanki ABŞ-nin dostlarından çox düşmənlərinə qarşı daha yumşaq münasibət göstərir. Avropanı heyrətamiz dərəcədə açıq şəkildə tənqid edir və qitənin bəzi daxili siyasətlərinin demokratiyaya zərər verdiyini, “sivilizasiyanın məhvinə” yol açdığını iddia edir.
1. Kollektiv təhlükəsizlik nəzəriyyəsində dəyişiklik mesajları
Donald Trampın ikinci prezidentlik dövrünün üzərindən hələ bir il belə keçməmiş transatlantik münasibətlər köklü şəkildə dəyişıb. ABŞ ilə Avropa arasında tam qopma baş verməsə də, transatlantik etimad ciddi şəkildə sarsılıb. İndi isə aşağı etimad mühitində irəliləmək məcburiyyətindəyik. NATO-nun Haaqa sammiti üzv dövlətlərin müdafiə xərclərində tarixi artımlar və kiber, infrastruktur və cəmiyyət sahələrini əhatə edən daha geniş dayanıqlılıq baxışını öhdəlik kimi qəbul etməsi ilə transatlantik təhlükəsizliyə bağlılığın yeniləndiyini göstərdi. Bu dəyişiklik sadəcə uyğunlaşma deyil, NATO-nu yeni strateji rəqabət dövrünə hazırlamaq üçün ciddi silahlanma niyyətini ifadə edir. Haaqa sammitində verilən vədlər onları kollektiv hazırlığa çevirən mexanizmlər və uyğunlaşma qədər əhəmiyyətlidir.

Problem yalnız NATO-nun resurslara sahib olub-olmaması deyil, həm də onların milli prioritetlər, əməliyyat planları və strateji məqsədlər arasında effektiv şəkildə uzlaşdırılıb-uzlaşdırıla bilməməsidir. Məqsəd aydınlığı, institusional çeviklik və alyansdaxili uyğunluq olmadan, tarixi səviyyədə hərbi xərclər belə qeyri-kafi qala bilər. Bu arada rəqiblər gözləmir. Haaqa sammitində səsləndirilən bütün bəyanatlara baxmayaraq, əsas suallar cavabsız qalır: NATO zirvədən sonra daha təhlükəsiz görünür, yoxsa sadəcə daha baha başa gəlir? Alyans gələcəyə yönəlmiş təhlükəsizlik arxitekturası qurur, yoxsa sadəcə formal reaksiya verir? NATO-nun növbəti on ildə etibarlılığı təkcə maliyyədən deyil, həm də irəliyə baxa bilmək, sürətli qərar qəbul etmək və çəkindirməni gözləməyən rəqiblərlə mübarizə aparmaq üçün lazım olan ardıcıllıqla hərəkət edə bilmək qabiliyyətindən asılı olacaq.
Məlum olduğu kimi, Birinci Dünya müharibəsindən sonra yaradılmış Millətlər Cəmiyyətinin timsalında ən yaxşı şəkildə ifadə olunan ənənəvi kollektiv təhlükəsizlik anlayışı dövlətlərin fikir ayrılıqlarını sülh yolu ilə həll etmələrini və bu prinsipi pozan hər hansı dövləti dayandırmaq üçün birgə fəaliyyət göstərmələrini nəzərdə tuturdu. Kollektiv təhlükəsizliyin son və ən effektiv forması isə daha düzgün ifadə ilə “kollektiv müdafiə” kimi tanınan hərbi ittifaqlardır. Ortaq təhlükə ilə üz-üzə qalan dövlətlər bir-birini müdafiə etməyi və təhdid edən dövlətin hücumunu önləmək və ya hücum edərsə onu məğlub etmək üçün hərbi hazırlıqlarını əlaqələndirməyi qəbul etdikdə daha təhlükəsiz olurlar. İttifaqlar adətən yaxınlıqda güclü və yaxşı silahlanmış, status-kvonu dəyişmək üçün gücdən istifadə etməyə meylli dövlət olduqda formalaşır. Bu halda potensial təcavüzkarın yaratdığı təhlükə digərləri üçün açıq görünür və onları təhlükəyə qarşı birləşməyə sövq edir. Bu məntiq NATO-nun 1949-cu ildə niyə qurulduğunu, ABŞ-nin Soyuq müharibə dövründə Yaponiya, Cənubi Koreya və digər Asiya dövlətləri ilə niyə ittifaqlar yaratdığını və böyük koalisiyanın Birinci Körfəz müharibəsində İraqı Küveytdən çıxarmaq üçün niyə bir araya gəldiyini izah edir.
Digər tərəfdən, İkinci Dünya müharibəsindən etibarən Avropa bir çox təhlükəsizlik təminatları baxımından ABŞ-dən asılı olub. NATO tərəfindən təşkil olunan bu struktur çərçivəsində istəkli bütün müttəfiqlər və etibarlı tərəfdaşlar avadanlıq və silah istehsalına töhfə verə bilər, hərbi təlimlər və genişləndirilmiş təlim-məşqlər isə bütün NATO ölkələrini və etibarlı tərəfdaşları müxtəlif səviyyəli hücumlara qarşı birgə müdafiəyə hazırlaya bilər.
NATO Haaqa Zirvəsi və müdafiə xərclərinə ÜDM-in 5 faizi həcmində öhdəlik
Bu açıqlamalar fonunda Milli Təhlükəsizlik Strategiyası ABŞ-nin “bütün dünya nizamını Atlas kimi daşımaq” dövrünün başa çatdığını açıq şəkildə bəyan edir və Avropadan öz təhlükəsizliyi üçün daha çox vəsait ödəməsini tələb edir. NATO müttəfiqlərinin 2035-ci ilədək ümumi daxili məhsullarının 5 faizini müdafiəyə sərf etmək öhdəliyi götürdükləri “Haaqa öhdəliyi”ni alqışlayır və bildirir ki, ABŞ bundan sonra “bütün səylərimizin daha geniş legitimliyə malik olması” üçün “yük paylaşımı şəbəkəsi quracaq”. Praktikada bu, ABŞ-nin yalnız regional təhlükəsizlik məsuliyyətini daha çox üzərinə götürən müttəfiqlərə ticarət üstünlükləri, texnologiya mübadiləsi, silah satışları və s. vasitəsilə yardım edəcəyi anlamına gəlir. Strategiyanın ifadəsinə görə, ABŞ “qonşu regionlardakı təhlükəsizlik üçün könüllü olaraq daha çox məsuliyyət üzərinə götürən ölkələri” mükafatlandırmağa hazırdır. Müttəfiqlərin müdafiə xərclərinə və “əsas məsuliyyətə” edilən bu vurğu ABŞ-nin Avropa üzərində əvvəlki təzyiqlərini təkrarlayır və gücləndirir. 2017-ci il Milli Təhlükəsizlik Strategiyası zamanı Tramp administrasiyası ilk dəfə NATO-da yük paylaşımını prioritetə çevirmiş və sonrakı administrasiyalar (Obama, Bayden) da 2 faizlik hədəfə çatmaq üçün təzyiq göstərmişdilər.
2025-ci il NSS isə bunu ikiqat artırır: müttəfiqlər 5 faizlik öhdəlik götürməlidir, əks halda diplomatik nəticələrlə üzləşəcəklər. “Atlantic Council” analitikləri bildirirlər ki, “2025-ci il ərzində administrasiyanın Avropadakı məqsədi konvensional müdafiə yükünü avropalı müttəfiqlərin çiyinlərinə ötürməkdir”. Ötənilki NATO zirvəsində ABŞ ÜDM-in 5 faizi səviyyəsində müdafiə öhdəliyi əldə etsə də, “Atlantic Council”dən Torri Taussiqin müşahidə etdiyi kimi, “NSS ABŞ-nin Avropa qitəsində milli təhlükəsizlik maraqlarını daha da irəli aparmağa kömək etmir”. Tənqidçilər bunun xüsusilə NATO-nun şərq cinahındakı təminatları zəiflədə biləcəyi barədə xəbərdarlıq edirlər. Məsələn, müttəfiqlər Rusiyanı real təhlükə kimi görür və Vaşinqtonun kollektiv müdafiəni vurğulamadan yük paylaşımına fokuslanması Avropanın ABŞ-nin öhdəliyinə olan etimadını sarsıda bilər.
Fransa prezidenti Emmanuel Makronun 2019-cu ildə NATO-nun “beyin ölümü” barədə məşhur bəyanatı şişirdilmiş görünə bilər. Lakin Rusiya prezidenti Vladimir Putinin 2022-ci ildə Ukraynaya hücum etmək barədə taleyüklü qərarından əvvəl də Atlantik Alyansı şübhəsiz ki, davamlı özünütənqid dövründən keçirdi. Makron əsasən Yaxın Şərq siyasəti ilə bağlı fikir ayrılıqlarına işarə edirdi. Ancaq böhranın əsasında ABŞ-nin Avropa təhlükəsizliyinə bağlılığı ilə bağlı misilsiz suallar, həmçinin Vaşinqtonda və digər NATO paytaxtlarında transatlantik uyğunluq bahasına milli gündəmləri önə çıxarma meylinin artması dayanırdı. NATO üçün məşhur “mövcudluq səbəbi” sualı (Berlin divarının dağıdılmasından sonra ilk dəfə gündəmə gəlmişdi) yenidən müzakirəyə çıxarılmışdı. 2025-ci ildən sonrakı dövrə baxdıqda, alyansın son illərdəki danılmaz uğurları möhkəm gələcək yolunu mütləq göstərmir. Ən azı alyans müxtəlif yeni çağırışlarla yenidən üz-üzə qalarkən arxayınlaşmamalıdır. Xüsusilə Donald Trampın “Əvvəlcə Amerika” gündəmini ikiqat gücləndirməklə Ağ Evə qayıtması fonunda ABŞ-nin öhdəliyinin etibarlılığı və davamlılığı yenidən böyük narahatlıq mənbəyinə çevrilib, Kanada, Qrenlandiya və Panama barədə son açıqlamalar ABŞ prezidentinin əsas münasibətlərdə sərgiləyə biləcəyi dağıdıcı yanaşmaya nümunədir. Trampın ilk dövründə NATO-dan tam çıxmaması və hətta ABŞ-nin Avropa təhlükəsizliyinə töhfələrini artırması doğru olsa da, onun alyansa qarşı əməliyyatçı və soyuq münasibəti alyansın ən mühüm sərvəti olan etimadı daha da aşındıra bilər.
2. Yeni ABŞ Milli Təhlükəsizlik Strategiyasının kompasında Qərb haradadır?
Avropadakı iqtisadi durğunluğa diqqət çəkən strategiya bunu ilk növbədə Avropa İttifaqının boğucu tənzimləmələri ilə əlaqələndirir və yetərsiz hərbi xərcləri tənqid edir. Lakin vəziyyət daha da ağırdır. NSS xəbərdarlıq edir ki, qitənin iqtisadi geriləməsi “sivilizasiyanın məhvi kimi real və daha dəhşətli ehtimal qarşısında kölgədə qalır”. Avropanın üzləşdiyi daha böyük problemlər sırasında siyasi azadlıqları və suverenliyi sarsıdan Avropa İttifaqı və digər transmillət qurumlarının fəaliyyəti, qitəni dəyişdirən və münaqişələr yaradan miqrasiya siyasətləri, ifadə azadlığının senzurası və siyasi müxalifətin boğulması, doğum səviyyəsinin azalması, milli kimliklərin və özünəinamın itirilməsi göstərilir.
Amerikalı siyasətçilər getdikcə daha çox inanırlar ki, Vaşinqtonun Asiyada Çinin gücünü məhdudlaşdıra bilməsi üçün Avropa öz təhlükəsizliyinə özü cavabdeh olmalıdır. Avropa ilə ABŞ Yaxın Şərqdə nə edilməli olduğu məsələsində getdikcə daha çox ayrılırlar. ABŞ Milli Təhlükəsizlik Strategiyası Vaşinqtonun “Avropanın konvensional çəkindirməsinə töhfələrini azaltmağı”, qüvvələrini Hind-Sakit okean bölgəsinə yönəltməyi və başqa yerlərdə “risk götürməyi” planlaşdırdığını deməyə əsas verir. Strategiya bir sıra ortaq məqsədlər də ehtiva edir: münaqişələrin həlli, miqrasiya ilə mübarizə və iqtisadi təhlükəsizliyin təmin edilməsi.
- ABŞ ilə Avropanı hələ də birləşdirən ortaq dəyərlər və strateji maraqların kəsişmə nöqtələri hansılardır?
- ABŞ Milli Təhlükəsizlik Strategiyası diplomatiya, hərbi və iqtisadi gücü ABŞ maraqlarını irəli aparmaq üçün hərtərəfli və doğru şəkildə inkişaf etdirirmi?
- Vaşinqton doğrudan da sivilizasiyanın xilaskarı ola bilərmi?
- Keçmişdə Mixail Qorbaçovun SSRİ xalqına dəyişiklik vəd edən “Qlasnost, Perestroyka” modelində olduğu kimi, bu yeni sənəd Trampın Amerika xalqına vəd etdiyi “Qızıl Dövr”ü başlada, ABŞ-ni daha təhlükəsiz, daha varlı, daha azad, daha böyük və daha güclü edə biləcəkmi?
- Müasir dövrün ən güclü ittifaqlarından biri olan NATO zəifləyirmi?
- NATO yalnız maraqlar ittifaqı kimi mövcudluğunu davam etdirə bilərmi?
- ABŞ gələcəkdə Asiya-Sakit okean məkanında Rusiya və Çinə qarşı hansı planları hazırlayır?
- Avropa ABŞ-nin Çin-Yaponiya-Rusiya üçbucağında həm Sakit okean bölgəsinə, həm də Meksika körfəzi və Venesuelaya artan diqqətini özünün təcili Avrasiya və Aralıq dənizi problemləri ilə necə uzlaşdıra bilər?
- Bu yeni strategiya sənədi Avropanı qorxudaraq onu Sakit okean bölgəsinə yönəltmək cəhdi kimi oxuna bilərmi?
- Əsas məqsəd Monro doktrinasının arxasına sığınıb, Çinin Latın Amerikasına yönəlməsinin qarşısını almaq və Nikolas Maduronu hədəf göstərərək regionun neftini nəzarət altına almaqdırmı?
Monro doktrinası və “Tramp əlavəsi”: Qərb yarımkürəsi prioriteti
ABŞ Milli Təhlükəsizlik Strategiyası sənədində ABŞ-nin əsas və həyati milli maraqları, “dünyadan nə istədiyi” sualına cavab olaraq belə müəyyən edilir: kompasın “Qərb yarımkürəsi”nə yönəldilməsi, Monro doktrinasına “Tramp nəticəsi”nin tətbiqi, Avropanın azadlığını və təhlükəsizliyini qorumaqda müttəfiqlərin dəstəklənməsi, Avropanın sivilizasiya özünəinamının və Qərb kimliyinin bərpası, qarşı duran gücün Yaxın Şərqi, onun neft-qaz ehtiyatlarını və dar boğazlarını ələ keçirməsinin qarşısının alınması və bizi həmin bölgədə böyük bədəllərlə boğan “sonsuz müharibələrdən” yayınmaq, ABŞ texnologiyası və standartlarının xüsusilə süni zəka, biotexnologiya və kvant hesablamaları sahələrində dünyanı irəli aparmasını təmin etmək.
Monro doktrinasına “Tramp əlavəsi” kimi sənəd ABŞ-nin “Qərb yarımkürəsində üstünlüyünü bərpa etmək” üçün çalışacağını bildirir. Bu fikir mahiyyət etibarilə müdafiə xarakterlidir: nəzarətsiz miqrasiyanın qarşısını almaq və “yarımkürə xaricindəki rəqiblərin”, yəni Çin, Rusiya və İranın ABŞ ərazisini təhdid edə biləcək həyati regional mövqeləri və yerləşdirmə imkanlarını ələ keçirməsinin qarşısını almaq üçün qabaqlayıcı hədəfləmə. Lakin Avropanın hüdudlarından kənarı düşünməyi hədəfləyən yeni Milli Təhlükəsizlik Strategiyasının bəlkə də ən diqqətçəkən cəhəti Avropanı kəskin şəkildə geriləyən qitə kimi təqdim etməsidir.

Milli Təhlükəsizlik Strategiyası hətta “ən geci bir neçə onillik ərzində bəzi NATO üzvlərinin əksəriyyətinin avropalı olmayan ölkələrdən ibarət olacağını” iddia edərək onların müttəfiqdən düşmənə çevrilə biləcəyini eyham edir. ABŞ-nin “Avropa ölkələrinin daxilində Avropanın mövcud istiqamətinə qarşı müqaviməti gücləndirməklə” onlara yardım etməli olduğu vurğulanır. Açıq şəkildə deyilməsə də, sənədin dili “Rusiya ilə strateji sabitliyin” həllin bir hissəsi olduğunu göstərir. Sanki Kreml tərəfindən yazılmış ola biləcək bir hissədə mövcud problemin “Avropada böyük əksəriyyətin sülh istəməsi”, lakin bunun “sabit olmayan azlıq hökumətləri” tərəfindən “boğulması” olduğu qeyd edilir. Diqqətçəkən məqam ondan ibarətdir ki, sənəd Rusiyanın Ukraynaya qarşı apardığı açıq təcavüzkar müharibə barədə bircə tənqid də ehtiva etmir. Rus təhlükəsi mövzusunda aydın mövqe sərgiləyən Trampın 2017-ci il strategiyasından fərqli olaraq, mövcud sənəd ABŞ-nin NATO-nun 5-ci maddəsinə sadiqliyini belə qeyd etmir.
Sənəddə Çinə məhdud istinadlar (və yalnız iqtisadi rəqib kimi) həm Rusiyanı, həm də Çini “ABŞ təsirini zəiflətməyi” hədəfləyən “revizionist qüvvələr” kimi xarakterizə edən prezidentin 2017-ci il strategiyasından imtina edir. Yeni strategiya ABŞ-Avropa münasibətlərini və demokratik dəyərlərə bağlılığı kollektiv təhlükəsizlik mexanizmlərinin mərkəzinə qoyanlar üçün ruhlandırıcı oxu təklif etmir, əksinə onları ciddi şəkildə narahat edən bir sənəd kimi meydana çıxır.
Mahiyyət etibarilə təhlükəsizlik strategiyası ictimaiyyətə yönəlmiş bir mesaj sənədi və bir sıra bürokratik göstərişlər toplusudur. O, prezidentin qərar qəbul etmə proseslərini məhdudlaşdırmır, əksinə prezidentin qərarları ilə məhdudlaşır. Buna görə də çox az administrasiya mətnin sözbəsöz icrasına sadiq qalıb. Belə strategiyaların hamısı hadisələr qarşısında sürətlə aktuallığını itirməyə meyillidir. Tramp Avropada “ortaq dəyərlər” kimi qəbul edilən anlayışların həqiqətən də ortaq olması barədə illüziyanı dağıdıb. Görünür ki, əsasən liberal, sol və ifrat sol dəyərlərin bir qismi hamı tərəfindən paylaşılmır. Multikulturalizmə, “Wilkommenskultur”a (xüsusilə qaçqınlara yönəlmiş qonaqpərvər mədəniyyəti ifadə edən alman termini), həddindən artıq siyasi korrektliyə və gender məsələlərinə verilən önəm ayrılıq yaradıb və bu dərin parçalanma təkcə Avropa ilə ABŞ arasında deyil, Avropanın öz daxilində də mövcuddur.
“Wilkommenskultur”a və Avropa federalizminə qarşı çıxan, “millətlər Avropası”nı təklif edən daha kiçik Avropa ölkələri (məsələn, Macarıstan və Slovakiya) və əsas axından kənar partiyalar (Fransanın Milli Cəbhəsi, Polşanın Hüquq və Ədalət Partiyası, Almaniyanın AfD partiyası kimi) kənara itilə və marginal adlandırıla bilsə də, Tramp və ABŞ sağı gözardı edilə bilməz. Bu ayrılıq realdır və bir çox Qərb cəmiyyətlərinin düz ortasından keçir. Tramp həmçinin Avropa üçün strateji rahatlıq dövrünün başa çatdığını açıq şəkildə bildirib. Qitə öz müdafiəsinin tam dəyərini və Ukraynaya verdiyi dəstəyin də demək olar ki, tam xərcini ödəməli olacaq. İndiyədək hər iki halda blok əsasən bəyanatlarla kifayətlənib, icraata keçməyib. Tramp nəhayət Avropaya icra etməyi öyrədə bilər, ya da bacarmırsa, heç olmasa xəyallar qurmağı və moizə oxumağı dayandırmasına səbəb ola bilər.
NATO 1949-2025
80 il ərzində ABŞ xarici siyasətinin məqsədləri sırasında Avropa demokratiyalarının legitimliyini, inteqrasiyasını və təhlükəsizliyini dəstəkləmək dayanıb. Tramp ilk dövründə bu öhdəliyi sorğulayıb, ikinci dövründə isə əlavə addımlar atıb. ABŞ təkcə Avropadan uzaqlaşaraq yenidən balans yaratmağa çalışmır, bu, Trampdan əvvəl də mövcud olan, lakin yeni Ağ Ev tərəfindən sürətləndirilən xarici siyasət meylidir. Bu administrasiya eyni zamanda Avropa layihəsinə qarşı açıq düşmənçilik də nümayiş etdirib. Tramp Avropa İttifaqını ABŞ-nin müdafiəsindən faydalanaraq ABŞ-dən “istismar etməyə” çalışan qlobalçı bir qurum kimi təsvir edib. Aİ üzvü və NATO müttəfiqi olan Qrenlandiyanı ilhaq etmək üçün gücdən istifadə ehtimalını istisna etməyib.

Münhen Təhlükəsizlik Konfransında vitse-prezident Vens dezinformasiyanın qarşısını alma cəhdlərini Rusiya və Çindən daha böyük təhlükə kimi xarakterizə edib. May ayında Dövlət Departamenti Avropanı “Qərb sivilizasiyasının özünə qarşı aqressiv kampaniya aparmaqda” ittiham edən bir qeyd dərc edib. Avqustda isə Avropadakı ABŞ səfirliklərinə rəqəmsal xidmətlərlə bağlı Aİ tənzimləmələrinə fəal şəkildə qarşı çıxmaq barədə göstəriş verilib. Avropa dövlət başçılarının ehtiyatlı diplomatik səyləri prezidentin bu ifrat addımlarından bəzilərindən geri çəkilməsinə səbəb olub. Müttəfiqlər ÜDM-in 5 faizini müdafiəyə xərcləməyi vəd etdikdən sonra Tramp NATO barədə ritorikasını dəyişərək alyansın “soyğunçuluq olmadığını” bəyan edib.
Milli Təhlükəsizlik Strategiyası Müstəqillik Bəyannaməsinə, xüsusən də bütün xalqların bir-birinə qarşı “ayrı və bərabər mövqeyə” sahib olmaq hüququna istinad edərək, Tramp administrasiyasının da “digər dövlətlərin daxili işlərinə qarışmamaq” yolunu tutacağını irəli sürür. Sənəd bildirir ki, administrasiya “dünya dövlətləri ilə yaxşı münasibətlər qurmağa çalışacaq, lakin onlara ənənə və tarixlərindən kəskin şəkildə fərqlənən demokratik və ya digər sosial dəyişiklikləri tətbiq etməyəcək”. Soyuq müharibədən bəri region əvvəlcə Yaxın Şərq, sonra isə Hind-Sakit okean tərəfindən kölgədə qoyulmuşdu. Lakin bu dəfə Asiya Avropa, Yaxın Şərq və Afrikadan əvvəl Milli Təhlükəsizlik Strategiyasının mərkəzinə çıxır. Qərb yarımkürəsi üçün məqsəd iddialıdır: “ABŞ üstünlüyünü yenidən bərpa etmək”. Milli Təhlükəsizlik Strategiyası ABŞ üstünlüyünü, yoxsa ona bir zamanlar rəhbərlik edən liberal dəyərləri rədd edir? Cavab ikincisidir. Trampın NSS sənədi liberal üstünlük axtarmaq əvəzinə sivilizasiya üstünlüyünü müdafiə edir. Avropanı miqrasiya və “azalan doğum göstəriciləri” səbəbindən “sivilizasiyanın məhvi” təhlükəsi barədə xəbərdar edərək, Avropa İttifaqını və digər transmilli qurumları azadlığı aşındırmaqda, suverenliyi zəiflətməkdə, yaradıcılığı və zəhmətkeşliyi boğmaqda günahlandırır.
Hazırkı Tramp administrasiyasının yeni milli təhlükəsizlik strategiyası əvvəlki iki administrasiyanın açıq şəkildə vurğuladığı böyük güclər rəqabətindən uzaqlaşır. Həm ilk Tramp, həm də Bayden administrasiyaları Çin və Rusiyanın “ABŞ dəyərlərinə və maraqlarına zidd bir dünya formalaşdırmaq” istəyini əsas xarici siyasət qayğısı kimi təqdim edirdilər. Çin qlobal təsir uğrunda yarışda uzunmüddətli “aparıcı güc”, Rusiya isə “dağıdıcı fəaliyyətlərdə və aqressiyada” fəal iştirak edən “təcili təhlükə” kimi qiymətləndirilirdi. Bunun əksinə olaraq yeni NSS böyük güclər rəqabətinə açıq şəkildə toxunmur və rəqiblərə qarşı daha barışdırıcı ton seçir, problemi “Avropanın Rusiya ilə münasibətlərini idarə etməsi” və “Amerikanın Çinlə iqtisadi əlaqələrini yenidən balanslaşdırması” kimi çərçivələndirir.
Eyni zamanda “daha böyük, daha varlı və daha güclü dövlətlərin həddindən artıq təsirini” “beynəlxalq münasibətlərin dəyişməz reallığı” kimi təqdim edərək ABŞ-ni “təəssüf doğuran qlobal hegemonluq anlayışını rədd etməyə” və “qlobal və regional güc balanslarını” qəbul etməyə sövq edir. Bu isə ABŞ-nin strateji rəqabətə daha az fokuslandığını və təsir dairələrinə daha açıq olduğunu göstərir. Avropanın “sivilizasiya özünəinamı” ilə bağlı qəribə israr istisna olmaqla, yeni NSS-nin əsas diqqətinin Qərb yarımkürəsinə, ticarətə, miqrasiyaya və ölkə daxilinə yaxın mövzulara yönəlməsinin səbəbi də bu ola bilər. Strategiya dəfələrlə bəyan edir ki, ABŞ “öz suverenliyini qoruyacaq” və alyans üzvlərinə daimi təhlükəsizlik şəbəkəsi kimi deyil, ədalətli davranacaq. Məsələn, NSS “ən müdaxiləçi transmilli təşkilatların suverenliyi zəiflədən hücumlarına” qarşı qoruma vəd edir və ABŞ-nin fəaliyyət azadlığını məhdudlaşdıran beynəlxalq qurumları islah etməyi və ya onlara qarşı çıxmağı planlaşdırır. Bu ideoloji çərçivə əvvəlki strategiyaların yalnız eyham vurduğu məqamları açıq şəkildə ifadə edir. Ortaq liberal dəyərlərə çağırışlar artıq yoxdur, əvəzində NSS müttəfiqlər arasında “elitaların yönləndirdiyi, əsas azadlıqlara qarşı anti-demokratik məhdudiyyətləri” qınayır. Miqrasiya kimi mövzular belə suverenlik terminləri ilə şərh olunur: ABŞ sərhədlərinə tam nəzarət istəyir və “suveren dövlətləri… sabitliyi pozan əhali axınlarını asanlaşdırmaq əvəzinə onların qarşısını almağa” çağırır.
Bu gün güc artıq fiziki ərazilərdə deyil, məlumatlar, standartlar, platformalar və sistemlər kimi abstrakt sahələrdə əks olunur və istehlak edilir. Bu mühitdə ABŞ artıq Avropada böyük və daimi hərbi mövcudluğu özlüyündə faydalı hesab etmir. Bir vaxtlar təsir və çəkindirməni təmin edən resurslar indi marginal gəlirlərin azaldığı, eskalasiya risklərinin isə artdığı sahələrə bağlanmış yük kimi qiymətləndirilir. Formalaşan məntiq seçici cəlbetməni və məsafədən rıçaq istifadəni təşviq edir. Mürəkkəblik yerini seçimə verir. Lakin bu, geri çəkilmə demək deyil. Avropa gücü formalaşdıran bu abstrakt sahələrdə ABŞ-yə kritik dərəcədə asılı qalmaqda davam edir. ABŞ şirkətləri Avropa bulud infrastrukturu, rəqəmsal platformalar, süni zəkanın inkişafı, kibertəhlükəsizlik ekosistemləri və maliyyədən müdafiə logistikasına qədər hər şeyi dəstəkləyən məlumat bazalarında dominant mövqedədir.
Avropanın şaxələndirmə səyləri yarımçıq qaldığı halda, ABŞ şirkətlərini bazardakı mövqelərinə görə cəzalandırmağa yönəlmiş tənzimləyici təşəbbüslər ABŞ-də rəqabət siyasətindən çox geosiyasi qarşıdurma kimi qəbul edilir. Silikon vadisinin bəzi dairələrinin Brüsselə qarşı artan düşmənçiliyi real təsirin harada cəmləşdiyini göstərir. Enerji siyasəti də oxşar mənzərə yaradır. ABŞ Polşa, Litva, Xorvatiya və Yunanıstandakı terminallar vasitəsilə Ukrayna daxil olmaqla Mərkəzi, Şərqi və Cənubi Avropaya əsas LNG təchizatçısı kimi mövqeyini sürətlə möhkəmləndirir. Üç Dəniz təşəbbüsünün və P-TEC formatının canlandırılması bu məqsədə xidmət edir. Bu, Rusiya boru kəməri qazını əvəz edir, lakin regionun geosiyasi qeyri-sabitliyi qəbuledilməz həddə çatarsa, ABŞ şirkətləri yükləri qlobal miqyasda yenidən yönləndirə və Vaşinqton quru qoşunları göndərmədən müttəfiqlərini uzaqdan dəstəkləyə bilər.
3. Avropa müttəfiqləri pəncərəsindən yeni təhlükəsizlik dəyişikliyini oxumaq
Əslində nəzərdən qaçırılmamalı məqam Trampın transatlantik münasibətlər məsələsində proqnozlaşdırılmazlığıdır. Putinə və Rusiyaya qarşı barışdırıcı yanaşması və əsas diqqətini Çinə yönəltməsi fonunda avropalı liderlər ABŞ-nin qismən geri çəkilməsinə cavab olaraq yeni strategiyalar hazırlamağa başlayıblar.

NSS açıq şəkildə göstərir ki, ABŞ NATO müttəfiqləri ilə təhdidlər barədə ortaq qavrayışa malik deyil. Birinci Tramp administrasiyasının NSS-i ilə müqayisədə inanılmaz prioritet dəyişikliyi ilə son sənəd Avropa İttifaqının həddindən artıq tənzimləmələri, senzurası və “sivilizasiyanın məhvi” nəticəsində Avropaya yönəlmiş daxili təhlükəni, sənəddə demək olar ki, yer almayan Rusiya təcavüzü təhlükəsindən daha geniş izah edir. Milli Təhlükəsizlik Strategiyası Avropa üçün real, ağrılı və sarsıdıcı bir ayılma çağırışıdır. Avropanın özü haqqında təsəvvürü ilə Trampın Avropa vizyonu arasında uçurum ölçüsündə ayrılma məqamıdır. Avropa Tramp administrasiyasının sərt sevgi strategiyasına tam bağlı olub-olmadığına şübhə edirsə, artıq bunu dəqiq bilir.
Strategiyanın ən narahatedici hissələri Avropanı Avropa xarakterini itirməkdə ittiham edən bölmələrdir. Bu sözlərin arxasındakı hiss miqrantlara qarşı qorxunu və ən yaxşı halda mübahisəli olan ideallaşdırılmış köhnə dünya Avropasına bağlılığı körükləyirmiş kimi görünür. NSS-də sürətli atəşkəs tələbi Rusiyanın buna mane olduğu faktını nəzərə almır. Rusiya təcavüzünün qurbanı olan ölkəyə göstərilən təzyiq ABŞ-nin Ukraynanın və Avropanın yaxın regionlarının Rusiyanın təsir dairəsinə çevrilməsini qəbul etməyə hazır olduğunu göstərir. Bu isə Kremlin müharibəsinin “əsas səbəblərindən” biri kimi gördüyü NATO-nun yeni müttəfiqləri üçün ağır nəticələr vəd edir. NATO-nun daha da genişlənməsinə ümumi imtina strateji bəyanatdan daha çox mövcud danışıqlar kontekstində Moskvaya verilən taktiki siqnal kimi görünür. Bunu rəsmi sənəddə yazılı şəkildə təqdim etmək heç nə əldə etmədən Rusiyaya verilmiş hədiyyədir. NSS Avropa siyasətinə təsiri getdikcə artan, lakin qitə hökumətlərinin və seçicilərinin əksəriyyəti üçün problemli olan sağçı populist beynəlxalq güclə yaxınlaşmağı hədəfləyir. Aİ-yə qarşı aşağılayıcı ton əks təsir yaradır. Bununla yanaşı, iqtisadi durğunluq, texnoloji gerilik və inteqrasiya problemləri barədə diaqnoz qismən doğrudur. Avropa xarici güclərin gələcək yolunu müəyyən etməsinə imkan vermədən öz zəifliklərini ciddi qəbul etməlidir. Milli Təhlükəsizlik Strategiyası Latın Amerikasını ABŞ-nin müstəsna təsir zonası kimi müəyyən edir. Tərifinə görə bu, təsirlənən ölkələrin razılığını axtarmır və prinsip etibarilə təsir zonalarını qəbul etməyən Avropa yanaşmalarına ziddir. Eyni şəkildə öz yarımkürəsini prioritet region kimi müəyyən etməklə Avropa daha aşağı mövqeyə endirilir. Bu faktın özü də Avropanın diqqətini cəlb etməlidir.
Avropa Vensin Münhen çıxışından sonra tədbir görməyə başlayıb və raketdən müdafiə, kiber və pilotsuz uçuş aparatları imkanlarını inkişaf etdirmək üçün 150 milyard avro məbləğində krediti təsdiqləyib. Braziliya asılılığını məhdudlaşdırmaq üçün ABŞ-dən uzaqlaşaraq şaxələndirilmiş ticarət əlaqələrini önə çıxarıb. Bu cür addımlar Avropa və onun hüdudlarından kənar üçün artıq daha təcili xarakter daşıyır. ABŞ strategiyası bir gecədə həyata keçirilməyəcək. Diqqətin başqa istiqamətlərə yönəlməsi səbəbindən onun əsas elementləri heç vaxt reallaşmaya da bilər. Lakin bu sənəd Tramp administrasiyası dövründə qarşıdakı üç ili anlamaq və idarə etmək üçün qəti və ziddiyyətli yol xəritəsi təqdim edir. Bunun reallıq, yoxsa sadəcə arzu olduğu bilinmir, amma ABŞ Atlantikdən uzaqlaşır və avtokratlar üçün ticarət razılaşmaları və asan həyat dənizinə doğru uçurumdan aşağı irəliləyir.
Vaşinqtonun sərt davranışından sarsılan və tez-tez narahat olan müttəfiqlər yenə də dünyanın ən böyük supergücündən uzaqlaşmayıblar. Avropanın cavabını formalaşdıran üç sual var: Milli Təhlükəsizlik Strategiyası rus təhdidini necə yenidən müəyyən edir, ABŞ-nin Ukraynaya dəstəyi üçün bu nə deməkdir və daha parçalanmış dünya nizamında transatlantik uyğunluğu necə yenidən qurur? Bu cavablar birlikdə Soyuq müharibənin bitməsindən etibarən müşahidə edilən ən dərin transatlantik təhdid qavrayışı fərqini ortaya qoyur. Avropa artıq münasibətlərin daha çətin mərhələsindən keçməlidir, bu mərhələdə məsuliyyət artır, təsir dairəsi isə daralır. Fərq təkcə prioritetlərdə deyil, həm də təhdidin mahiyyətindədir. Yeni ABŞ Milli Təhlükəsizlik Strategiyası Avropanın ön xətt dövlətlərini narahat edən tək bir mesaj verirsə, o da Rusiyaya yanaşma tərzidir.
Moskvanı uzunmüddətli niyyətləri Avropanın təhlükəsizlik mühitini müəyyən edən əsas strateji düşmən kimi təqdim etmək əvəzinə, NSS Rusiyanı əsasən yenilənmiş diplomatik münasibətlər və “strateji sabitliyi” bərpa etmə səyləri ilə yumşaldıla bilən çağırış kimi qiymətləndirir. Rus təzyiqinin ön cəbhəsində yaşayan ölkələr üçün bu, əvvəlki ABŞ strategiyalarından ciddi kənaraçıxmanı və tərəflərin təhdidin təbiətini fərqli anlamasını göstərir. Eyni dərəcədə diqqətçəkən məqam odur ki, Rusiya təcavüzündən fərqli olaraq Avropanın daxili kövrəklikləri uzunmüddətli sabitliyə daha böyük təhlükə kimi önə çəkilir. NSS-də demoqrafik geriləmə, sosial uyğunluq təzyiqləri, tənzimləyici durğunluq və institusional gərginlik Avropanın gələcəyi üçün əsas risklər kimi göstərilir. Bu çətinliklər real olsa da, bu çərçivə iyirmi ildir daxili güclə xarici çəkindirmənin ayrılmaz olduğu anlayışı ilə davamlılıq qurmağa çalışan Baltik baxışından kəskin şəkildə fərqlənir.
ABŞ Alman Marşal Fondunun prezidenti Aleksandra de Hup Şefferin fikrincə, Avropa eyni vaxtda üç işi görməlidir. Birincisi, maraqlar üst-üstə düşdükdə ABŞ ilə tərəfdaşlığı davam etdirmək. İkincisi, maraqlar fərqləndikdə Avropa təkbaşına hərəkət etməlidir. Üçüncüsü isə Avropa oxşar düşüncəli digər güclərlə ittifaqlar qurmalıdır. Son aylarda bunu Hind-Sakit okean ölkələrində, həmçinin Yaxın Şərq və Latın Amerikası dövlətlərində də görürük. Bu gün canlı şəkildə şahidi olduğumuz şey avropalıların transatlantik münasibətlərin daha çox kommersiya və şərtli olacağı fikrini qəbul edib mənimsədiyi yeni transatlantik sövdələşmədir. Buraya kollektiv müdafiə də daxildir. Buna görə də Avropa transatlantik bağı qoruyarkən eyni zamanda ABŞ-dən strateji asılılıqlarını azaltmaq üçün hərəkətə keçməlidir. Beynəlxalq münasibətlər baxımından Trampın Avropada yaratdığı ən böyük dəyişiklik ABŞ-Avropa tərəfdaşlığını qeyri-sabit hala gətirməsidir. Onun iki prezidentliyi dövründə blok ABŞ-nin artıq etibarlı və yaxın tərəfdaş olmadığını anlayıb. Tramp transatlantik əməkdaşlığın ən mühüm siyasi kapitalını, yəni İkinci Dünya müharibəsindən sonra ABŞ və Avropa arasındakı tərəfdaşlığın əsasını təşkil edən etimadı aşındırıb. NATO-nun mərkəzində duran regional təhlükəsizlik paktı ciddi şəkildə zəifləyib, Karl Doyçun ortaq dəyərlər və “biz” hissi üzərində qurulmuş məşhur “təhlükəsizlik birliyi”nə zərər verib. Nəticədə Avropa təhlükəsizlik arxitekturasını sürətlə yenidən düşünməli və daha müstəqil addımlar atmalıdır. Baltik ölkələri, Almaniya, Polşa və Orta və Şimali Avropanın böyük hissəsi üçün Rusiya təhdiddir və buna uyğun olaraq yenidən silahlanırlar. Digərləri üçün isə bu, hələ də idarə olunmalı problemdir və təhlükəsizlik siyasətində əsaslı dəyişiklik tələb etmir. Qaçılmaz olaraq təhlükəsizlik təhdidin ən təcili olduğu yerlərdə gücləndiriləcək və regional bağlar möhkəmlənir. Polşanın dəniz silahlanma proqramı üçün İsveç sualtı qayıqlarını seçməsi və ya Norveçin Britaniya freqatlarını və Almaniya sualtı qayıqlarını seçməsi təsadüfi deyil.
Əvvəlki strategiyalar Çini əsas mövcud rəqib kimi göstərirdi və Avropanın risklərin azaldılması məsələsində eyni xətti tutması gözlənilirdi. 2025 Milli Təhlükəsizlik Strategiyası isə daha çox əməliyyat xarakterlidir: “Pekinlə həqiqətən qarşılıqlı faydalı iqtisadi münasibət” çağırışı edir və ABŞ-nin iqtisadiyyatının 30 trilyon dollardan 40 trilyon dollara çatacağı, eyni zamanda Çinlə istehlak malları kimi “həssas olmayan sahələr” üzrə ticarəti davam etdirəcəyi gələcəyi təsvir edir. Vaşinqtonun Pekinlə qurmaq istədiyi bu “qarşılıqlı faydalı iqtisadi münasibət” avropalılara təklif edilmir. Əvəzində NSS Avropanı “merkantilist artıq istehsala, texnoloji oğurluğa, kiber casusluğa və digər düşmən iqtisadi təcrübələrə” qarşı mübarizəyə, yəni Pekinlə üzləşməyə təşviq edir.
Əgər bu ikitərəfli razılaşmalarda ABŞ-nin təhlükəsizlik zəmanətləri zəiflədilərsə, Avropanın Çin üzərində təsiri azalacaq və avropalılar öz başlarının çarəsinə baxmalı olacaqlar. Ukraynaya qarşı gələcək Rusiya hücumlarını çəkindirmək üçün hazırlanmış ABŞ-Avropa sülh planı Ukrayna ordusunun gücləndirilməsini, ölkə daxilində Avropa qüvvələrinin yerləşdirilməsini və Amerika kəşfiyyatından daha geniş istifadəni nəzərdə tutur. Planın təfərrüatlarına bələd olan mənbələrə görə, Berlində Ukrayna liderləri ilə görüşən amerikalı və avropalı diplomatlar təhlükəsizlik zəmanətlərini əks etdirən iki sənədi böyük ölçüdə imzalayıblar. Bu sənədlər təxminən dörd ildir davam edən münaqişəni dayandırmaq üçün atəşkəsə yönəlmiş daha geniş razılaşmanın əsas sütunu kimi nəzərdə tutulub. Eyni zamanda Ukraynanı sülh sazişində ərazi güzəştlərinə getməyə və NATO-ya rəsmi üzvlükdən imtina etməyə razı salmağı hədəfləyir. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib: “Biz real və konkret irəliləyişlər görürük. Bu irəliləyiş Ukrayna, Avropa və ABŞ arasındakı uyğunluq sayəsində mümkün olur”.
4. Ukrayna-Rusiya müharibəsinə fokuslanan yeni dünya nizamsızlığı
Ukrayna məsələsində 2025 Milli Təhlükəsizlik Strategiyası müharibənin başa çatmasını ABŞ üçün “əsas maraq” kimi müəyyən edir. Strategiya “Avropa iqtisadiyyatlarını sabitləşdirmək, arzuolunmaz eskalasiyanın qarşısını almaq və Rusiya ilə strateji sabitliyi yenidən bərpa etmək üçün Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılmasını” nəzərdə tutur. Başqa sözlə, ABŞ-nin məqsədi Ukraynanın mövcudluğunu davam etdirəcək, lakin döyüşləri dayandıracaq danışıqlar yolu ilə əldə olunmuş dondurma və ya razılaşmadır. Bu yanaşma ABŞ-nin Ukraynaya dair əvvəlki öhdəlikləri ilə ziddiyyət təşkil edir. Xülasə, 2025-ci il Milli Təhlükəsizlik Strategiyası transatlantik münasibətləri əməliyyatçı və millətçi xətt üzrə yenidən qurur.
Avropa üçün daha sərt sövdələşmə nəzərdə tutulur: müdafiəyə daha çox vəsait ödəmək, Ukraynada nəzarəti öz üzərinə götürmək, ticarəti ABŞ-nin xeyrinə liberallaşdırmaq və hətta bəzi Aİ ortaq siyasətlərindən imtina etmək. Strategiya hələ də Avropanın dəyərini qəbul etsə də (Amerika diplomatiyası həqiqi demokratiyanı, söz azadlığını və Avropa xalqlarının fərdi xarakterini və tarixini utanmadan qeyd etməlidir), artıq ABŞ-nin Avropanı mühüm, lakin bərabər olmayan tərəfdaş kimi gördüyü aydın olur. Avropalı bir şərhçinin dediyi kimi, ittifaqlar “qarşılıqlı dəstəkləyici proseslərdir”, lakin yalnız güclülər onları öz xeyirlərinə danışıqlar mövzusu edə bilirlər. Yeni ABŞ Milli Təhlükəsizlik Strategiyası Avropanın ön xətt dövlətlərini narahat edən yeganə mesaj verirsə, bu da Rusiyaya yanaşma tərzidir. Moskvanı uzunmüddətli niyyətləri Avropanın təhlükəsizlik mühitini müəyyən edən əsas strateji düşmən kimi təqdim etmək əvəzinə, Strategiya Rusiyanı əsasən yenilənmiş diplomatik münasibətlər və “strateji sabitliyin” bərpası cəhdləri ilə yumşaldıla biləcək bir çağırış kimi qiymətləndirir. Rus təzyiqinin ön cəbhəsində yaşayan ölkələr üçün bu, əvvəlki ABŞ strategiyalarından ciddi kənaraçıxmanı göstərir və tərəflərin təhdidin mahiyyətini fərqli başa düşdüyünü ortaya qoyur.
Ukraynada sülh hələ də çətin əldə olunan məqsəd olsa da, Ağ Evin diplomatik təşəbbüslərindəki irəliləyiş işarələrinə görə rəsmilər İkinci Dünya müharibəsindən etibarən Avropanın ən ölümcül münaqişəsində silahlar susduqdan sonra müharibədən sonrakı təhlükəsizlik mühitinin necə görünəcəyini müzakirə edirlər. Lakin qitənin yeni sabitlik və sakitlik dövrünə qədəm qoymasından çox uzaq olaraq, növbəti mərhələ artıq bir çox qeyri-ənənəvi cəbhədə baş verən yeni müharibə növü ilə səciyyələnəcək: naməlum pilotsuz uçuş aparatları, NATO müdafiə xətlərini yarıb keçən izsiz kiberhücumlar, Moskvaya simpatiya bəsləyən siyasi partiyaların artan populyarlığı və s. Bunun bir hissəsi Belarus sərhədindən gələn kütləvi miqrasiyaya narazılıqla bağlıdır. Hər halda, Avropa liderləri Rusiya və onun müttəfiqlərinin transatlantik bloku daxildən sıxışdırmaq üçün koordinasiyalı kampaniya apardıqlarını müəyyən ediblər.
Lakin NATO və Aİ ilə əlaqəli ekspertlər bildirirlər ki, ortaya çıxan mübarizənin hər sahəsində NATO-nun kollektiv müdafiəsinin, yəni 5-ci maddəyə əsaslanan mexanizmin düşmən fəaliyyətlərini çəkindirmək əvəzinə hətta təşviq edə biləcək ciddi zəiflikləri var. 2022-ci ilin fevralında prezident Vladimir Putinin əmri ilə başlanmış ilk genişmiqyaslı işğaldakı böyük səhvlərdən sonra Rusiyanın uzunmüddətli müharibədə ən uğurlu döyüş meydanı irəliləyişlərindən biri “üçlü boğma tutma” strategiyasının tətbiqində özünü göstərib. Eyni zamanda Putin Moskvanın “xüsusi hərbi əməliyyat” adlandırdığı əməliyyatın məqsədlərinə “şərtsiz” şəkildə nail olunacağını bildirib. Putin bildirib: “Əgər ciddi müzakirə istəmirlərsə, onda Rusiya tarixi torpaqlarını döyüş meydanında azad edəcək”. O, əvvəlki ABŞ administrasiyasının “vəziyyəti bilərəkdən silahlı toqquşmaya sürüklədiyini” iddia edərək, Vaşinqtonun Rusiyanın tezliklə zəiflədiləcəyinə, hətta məhv ediləcəyinə inandığını əlavə edib. Rusiya prezidenti Vladimir Putin avropalı liderləri “xırda donuzlar” adlandıraraq sərt reaksiya verib və Rusiyanın Ukraynadakı ərazi məqsədlərinə ya diplomatiya, ya da hərbi güc yolu ilə çatacağını bildirib.
Çinlə münasibətlərdə “yaxşı polis-pis polis” düsturu
Piyada və mexanikləşdirilmiş quru hücumlarını artilleriya zərbələri və uzaqmənzilli dəqiq idarə olunan süzülən bombalarla dəstəklənən FPV tipli pilotsuz uçuş aparatı hücumları ilə birləşdirərək Rusiya ordusu artıq zəifləmiş Ukrayna müdafiə xətlərini aşındırmağa nail olub və son bir il ərzində mühüm irəliləyişlər əldə edib. Lakin bu kölgəli qarşıdurmaların təbiəti Avropanın iki əsas çoxtərəfli qurumu olan NATO və Aİ arasında vahid və səmərəli cəbhə yaratmağın çətinliklərini də üzə çıxarıb, bu qurumlar 23 üzv dövləti bölüşür. NATO ilə bağlı bəzi şərhçilər qeyd edirlər ki, alyansın əsas diqqəti hərbi əməliyyatların yuxarı səviyyəsinə və xüsusilə ənənəvi Rusiya hücumuna cavab olaraq kollektiv müdafiəyə yönəlib, halbuki “hibrid müharibəyə verilən bir çox cavablar alyansın daha zəif təchiz olunduğu mülki sahələrdədir”. NATO üzvləri uzaqmənzilli raket sistemləri, əsas döyüş tankları və hətta qırıcı təyyarələr daxil olmaqla münaqişə boyunca Ukraynaya hərbi yardımı mərhələli şəkildə artıraraq Rusiyanı sınağa çəkiblər, lakin çox azı potensial müharibədən sonrakı sülhməramlı missiya olmadan qoşun göndərməklə açıq şəkildə hədələyib. Rusiyanın Krım üzərində nəzarətini möhkəmləndirməsi fonunda 2022-ci ildə ilhaq edilmiş və hələ də döyüşlərin getdiyi dörd regionun taleyi prezident Donald Trampın rəhbərlik etdiyi sülh prosesində əsas mübahisə mövzusuna çevrilib.
ABŞ oyunun mahiyyətini, rəqibinin güclü və zəif tərəflərini anlamadan Çinlə rəqabətdə uğur qazana bilməz. Pekin 2025-ci ilin aprelindən etibarən Vaşinqtonla münasibətlərinin “yaxşı polis-pis polis” oyunu üzərində qurulduğuna inanırdı, yəni Tramp və ya ABŞ-nin maliyyə naziri Skott Bessentlə danışıqlardan müsbət planla ayrıldıqlarını düşündükdən sonra, digər nazirliklərin, adətən Ticarət Nazirliyinin Çin əleyhinə gözlənilməz addımları ilə üzləşib təəccüblənirdilər. Lakin indi çinli liderlər sanki yalnız Tramp və Bessentin “yaxşı polis” rolundakı tərəfi ilə təmasda olduqlarını düşünürlər.
Çin bu strategiyanın iki hissəsini bəyənəcək, qalanını isə bəyənməyəcək. Pekin ABŞ-nin digər dövlətlərin daxili işlərinə qarışmamağa üstünlük verdiyi barədə açıq bəyanatı və dövlətlərin suverenliyinə hörmət edildiyi barədə aydın mövqeni müsbət qarşılayacaq. Bu, ABŞ-nin rejim sabitliyini sarsıtmağa çalışdığına dair Çin qorxularını azalda bilər. Bu Milli Təhlükəsizlik Strategiyası Çini həm rahatladacaq, həm də narahat edəcək. Rahatlaşdırma digər ölkələrin işlərinə qarışmamaq və milli suverenliyə hörmət vədləri şəklində gəlir, bunlar Pekin, Moskva, Tehran, Pxenyan və ABŞ-nin demokratiya barədə nəsihətlərindən xoşlanmayan digərləri üçün tez-tez səsləndirilən mövzulardır. Strategiya əvvəlki Çin siyasətlərinin uğursuzluqlarını da haqlı olaraq tənqid edir.
Tənqid sərtdir, lakin geriyə baxanda əsasən ədalətlidir: “Prezident Tramp Çin barədə otuz ildən artıq müddətdə mövcud olmuş səhv ABŞ fərziyyələrini təkbaşına tərsinə çevirdi, yəni bazarlarımızı Çinə açmaqla, ABŞ şirkətlərini Çinə sərmayə yatırmağa təşviq etməklə və istehsalımızı Çinə köçürməklə, guya Çini “qaydalara əsaslanan beynəlxalq düzənə” daxil edəcəyimiz fərziyyəsini... Bu baş vermədi”. Pekin yeni Monro doktrinasının elan edilməsinə və Çinin Latın Amerikasından çəkilməsinə çağırışlara isə xeyli az nikbin yanaşacaq: “Təhlükəsizliyimiz və rifahımız üçün ABŞ Qərb yarımkürəsində üstün mövqedə olmalıdır… İttifaqlarımızın şərtləri və hər cür yardım göstərilməsi hərbi obyektlərin, limanların və əsas infrastrukturun nəzarətindən tutmuş geniş mənada strateji aktivlərin alınmasına qədər düşmən xarici təsirlərin azaldılmasından asılı olmalıdır”.
Fridrix Mertsin xəbərdarlığı: “Öz ayaqlarımız üzərində dayanmalıyıq”
Vaşinqtonun ən böyük müttəfiqi olan Berlin ABŞ ilə Avropanın yol ayrıcında olduğunu və İkinci dünya müharibəsindən sonra qurulan transatlantik nizamın dağıldığını qəbul edib. ABŞ-nin Avropanın təhlükəsizliyini təmin etdiyi “Pax Americana” dövrünün arxada qaldığını bildirən Almaniya kansleri Merts deyib: “Öz ayaqlarımız üzərində dayanmağı öyrənməliyik”. O, ABŞ-nin Avropanın təhlükəsizliyini təmin etdiyi “Amerika sülhü” mərhələsinin böyük ölçüdə bitdiyini vurğulayıb. Bu sözlər yalnız xəbərdarlıq deyil, eyni zamanda transatlantik münasibətlərdə köklü qırılmanın etirafı kimi qiymətləndirilir.

ABŞ-nin təhlükəsizlik strategiyasının mahiyyət etibarilə onu təəccübləndirmədiyini deyən Merts indiyədək hər bir ABŞ hökumətinin yeni prezidentin ilk ilində bu sənədi yenidən işlədiyini qeyd edib. Sənədin ABŞ vitse-prezidenti Cey Di Vensin fevralda Münhen Təhlükəsizlik Konfransında söylədikləri ilə demək olar ki, eyni olduğunu bildirən Merts deyib: “Bəzi hissələr məntiqlidir, bəziləri başadüşüləndir, bəziləri isə Avropa baxımından qəbuledilməzdir. Amerikalıların indi Avropadakı demokratiyanı xilas etmək istəmələri üçün əsas görmürəm. Əgər xilas ediləcək vəziyyət olsaydı, bunu artıq özümüz təkbaşına edərdik”. O, bu sənədin təhlükəsizlik siyasəti baxımından nə ifadə etdiyinin əsas məsələ olduğunu vurğulayaraq bildirib: “Bu, Avropada və deməli Almaniyada təhlükəsizlik siyasəti baxımından ABŞ-dən xeyli daha müstəqil olmalı olduğumuz barədə fikrimi təsdiqləyir. Bu sürpriz deyil, lakin indi bir daha təsdiqləndi və sənədləşdirildi. Bu, amerikalıların yeni strategiyasıdır”.
Kanslerlikdə Merts Avropanın təhlükəsizlik baxımından “daha çox” çalışmalı və ABŞ-dən daha müstəqil olmalı olduğunu, beləliklə müharibə vəziyyətində Rusiyaya qarşı təkbaşına dayana bilməli olduğunu vurğulayıb. Almaniya kansleri Fridrix Merts bildirib ki, Avropa artıq ABŞ təhlükəsizliyi hesabına “pulsuz səyahət” edə bilməz və strateji müstəqilliyə nail olmaq üçün öz müdafiəsinə daha çox sərmayə qoymalıdır. O, ABŞ-nin Avropanın aşağı müdafiə xərclərinə olan dözümlülüyünün “davam etməyəcəyini” deyib və hətta yeni ABŞ administrasiyasının da köhnə fərziyyələrə qayıtmayacağı barədə xəbərdarlıq edib. “Biz avropalılar özümüz daha güclü olmalıyıq”, - deyə o bildirib. Almaniya kansleri Fridrix Merts ABŞ-nin avropalı müttəfiqlərindən daimi şəkildə uzaqlaşa biləcəyi təhlükəsinə diqqət çəkib və “Trampdan sonrasına arxayın olmayın” xəbərdarlığını edib.

Alman bölmələri İkinci Dünya müharibəsindən etibarən ilk daimi xarici yerləşdirməyə başlayıblar. NATO-nun şərq cinahında yerləşən Litvada 4.800 hərbçi və 200 mülki personaldan ibarət ağır döyüş birləşməsi yerləşdirilib. Digər tərəfdən, Trampın ikinci kabinetindəki rəsmilərin uzun müddətdir müdafiə etdikləri baxışlara uyğun olan bu strategiya Rusiyanı əsas düşmən kimi göstərmir. Bunun əvəzinə, avropalıları ölkəni mövcud təhlükə kimi gördüklərinə görə qınayır və Rusiyanın Ukraynadakı hərəkətləri ucbatından Avropanın xarici asılılıqlarının yalnız artdığını iddia edir. Müharibəni bitirmək üçün böyük güzəştlərin verilməsini (məsələn, NATO-nun genişlənməməsi) təklif edərkən, Rusiyadan əvəzində heç nə istəmirmiş kimi görünür. Praktikada Trampın danışıqlar qrupu ilk növbədə Rusiya ilə kommersiya əsaslı yenidən başlanğıca fokuslanıb.
Ukraynadakı atəşkəs və Amerikanın Avropadakı ifrat sağa verdiyi dəstək bu məqsədə çatmağın vasitələri kimi çıxış edir. Vaşinqton avropalıları Rusiya ilə əvvəlki enerji və sənaye əlaqələrinə görə tənqid edərkən, Trampın danışıqlar çevrəsi eyni aktivlərə, Rusiya qazına, Arktika resurslarına və nadir torpaq elementlərinə əsaslanan bir ticarət sıfırlanması axtarışında görünür. Strategiya administrasiya daxilində rəqabət aparan qruplar arasında aparılan daxili sövdələşmənin məhsuludur. Birinci qrup, Venslə eyni xəttdə olaraq, Avropadan geri çəkilməni və Rusiya ilə münasibətlərin yenidən başlanmasını müdafiə edir, ikinci qrup (Marko Rubio düşərgəsi) uzun müddətdir ABŞ-nin qlobal liderliyini qorumağı hədəfləyir, üçüncü qrup (Stiv Uitkoff-Cared Kuşner düşərgəsi) gəlirli investisiya imkanları axtarır. Hamısı birlikdə, Avropanın iqtisadiyyatı, təhlükəsizliyi və suverenliyi hesabına ABŞ-nin kommersiya maraqlarını dəstəkləyən bir strategiya ətrafında birləşmiş kimi görünürlər.
Avropalılara deyilir ki, onların Çinlə dərin iqtisadi əlaqələri və Rusiyaya qarşı aqressiv mövqeləri strateji çaşqınlığın və sadəlövhlüyün sübutudur. Bu arada, ABŞ-nin Çin və Rusiyaya yönəlmiş addımları isə ağıllı sövdələşmələr aparmağın və “Əvvəlcə Amerika” strategiyasının sübutu kimi təqdim olunur. İndi avropalıların qarşısındakı əsas çətinlik ABŞ-nin bu nəsihətlərinə məhəl qoymamaq və Rusiya ilə Çin məsələlərində öz hərəkət xəttlərini müəyyənləşdirməkdir.
Gələcəkdə ABŞ və Avropa üçün yol xəritəsi necə cızılmalıdır?
Transatlantik bağların əhəmiyyətini yenidən təsdiqləyərkən, bu yanaşma Rusiyanı yenidən tərif edir, Avropanın özünütəminetmə gözləntilərini sürətləndirir və Ukraynanın gələcəyini daha sıx ABŞ rəhbərliyində diplomatik prosesin içərisinə yerləşdirir. Avropa münasibətlərində daha çətin mərhələyə daxil olub, bu mərhələdə onun təhlükəsizliyi ABŞ imkanlarına daha az, öz çəkindirmə qabiliyyətinə, investisiya qoyma gücünə və regional sabitliyin siyasi şərtlərini formalaşdırmaq bacarığına daha çox bağlı olacaq. Bu strategiya eyni zamanda Vaşinqtonu Moskva ilə gələcək hər hansı diplomatik prosesin mərkəzinə yerləşdirir, Avropanın siyasi və təhlükəsizlik mövqeyinin ABŞ rəhbərliyində aparılan danışıqlar ətrafında formalaşması gözlənilir.
Bu vəziyyət, Ukraynadakı müharibənin genişlənmə tələb etdiyi bir məqamda, Avropanın strateji rolunu daraldır. Ön cəbhədə yerləşən müttəfiqlər üçün diplomatiya rıçaqlardan ayrı düşünülə bilməz və bu rıçaqlar da Avropa imkanlarına əsaslanan etibarlı çəkindirmə olmadan yaradıla bilməz. Əslində, Tramp administrasiyasının yeni baxışında ortaq bir cəhət varsa, o da Tramp komandasının dünyaya tamamilə kommersiya prizmasından baxması və başqalarının da eyni şəkildə baxmasını gözləməsidir. Buna görə də, ideologiyanın mənfəətdən üstün strateji hərəkətverici qüvvə kimi rolunu ciddi şəkildə qiymətləndirmir. Bu səbəbdən Ağ Evin yaxın gələcəkdə öz seçdiyi dünya görüşünə uyğun gəlməyən qüvvələr tərəfindən (Çinin Asiyada hegemonluq axtarışı, Rusiyanın israrlı imperializmi və İranın inqilabi revizionist islam anlayışı kimi) sınağa çəkilməsi ehtimalı böyükdür. NATO və Avropa ölkələrinin xarici siyasətləri, hətta Soyuq müharibə dövründə belə, Sovet İttifaqının yaratdığı çağırışın strateji yaxınlaşma üçün güclü əsas verdiyi zamanlarda belə, heç vaxt tam uyğun olmayıb. Donald Trampın ilk dövrünə aid 2017-ci il Milli Təhlükəsizlik Strategiyası ilə müqayisədə, yeni strategiya oxşar “Əvvəlcə Amerika” ideyalarını həddindən artıq dərəcədə irəli aparır. 2017-ci il strategiyası artıq böyük güclər rəqabətini vurğulayır və daha çox yük bölgüsü tələb edirdi, lakin yenə də azad və açıq nizamdan bəhs edirdi.
Bugünkü Milli Təhlükəsizlik Strategiyası isə böyük güclər rəqabətini əsas prinsip kimi böyük ölçüdə kənara qoyur. Bəzi yanaşmalara görə, 2025-ci il Milli Təhlükəsizlik Strategiyası Çin-Rusiya rəqabətini “şimal ulduzu” kimi qəbul etməkdən imtina edir və bunun əvəzinə iqtisadiyyatı “son məsələ” kimi təqdim edir. Əslində, Avropanın əhəmiyyəti artıq ortaq tarix və ya dəyərlərlə deyil, ABŞ-nin iqtisadi və təhlükəsizlik maraqlarına nə qədər yaxşı xidmət etməsi ilə ölçülür. Nəticə etibarilə, bizim qənaətimizə görə, 2026-cı il və sonrakı illər popülizmin təkcə siyasi deyil, həm də strateji fenomen olub-olmadığına dair həlledici bir sınaq olacaqsa, daha güclü Avropa dayanıqlı transatlantik tərəfdaşlığın əsas şərtidir. Milli Təhlükəsizlik Strategiyasının Avropanın iqtisadi geriləməsi ilə bağlı diaqnozu doğru olsa da, Avropanı yenidən gücləndirmək üçün heç bir real həll təklif etmir. Açıq demək lazımdır ki, Tramp administrasiyası Ukrayna müharibəsi bitdikdən sonra avropalıları transatlantik “rifah dövrü”nə aparmayacaq.
Prof. dr. Mesut Hakkı Caşın
Sevinc Əliyeva
Ordu.az