O mənzərəyə baxanda insan anlayırdı ki, işğal yalnız torpağı zəbt etmir. İşğal bir şəhərin nəfəsini kəsir, insanların həyatından illəri oğurlayır, uşaqlıqları yarımçıq qoyur, qocaların yaddaşını yurd həsrəti ilə doldurur. Küçələr yox idi, ünvanlar yox idi, evlər yox idi. Amma qəribədir, hər şey yox idi, yalnız xatirələr vardı. Dağıntılar arasında görünməyən, amma hiss olunan bir həyat dolaşırdı.
Ağdamlıların ağrısı adi bir itki ağrısı deyildi. Bu, illərlə bir evin içində “yurd” anlayışını yaşadan insanların ağrısı idi. Köçkünlük onların həyat tərzinə çevrildi, amma talelərinə çevrilmədi. Çünki heç vaxt “burada qalacağıq” demədilər. Çoxu köçkün həyatı yaşaya-yaşaya böyüdü, ailə qurdu, qocaldı. Evlərin açarı cibdə qaldı – paslanmış, amma atılmamış. O açarın açacağı qapı yox idi, amma ümid vardı. İnsan bir açarı illərlə cibində saxlayırsa, demək ki, qayıdışa inanır.
Kimi Ağdamın bazarını xatırlayırdı – səhər tezdən açılan dükanları, tanış səsləri. Kimi məktəbindən danışırdı – müəllimindən, sinif yoldaşlarından. Kimi də qapısının ağzındakı tut ağacını xatırlayırdı – uşaq vaxtı dırmaşdığı, kölgəsində oturduğu ağacı. Bir şəhəri xatirə kimi daşımaq nə deməkdir, bunu ən yaxşı ağdamlılar bildi. Xəritədə adı olan, amma həyatda izi silinmiş bir yerin həsrəti ilə yaşamaq asan deyil. Hər ailənin söhbətində eyni cümlə dolaşırdı: “Bir gün qayıdacağıq”.
Bu cümlə bəzən ümid idi, bəzən özünü aldatmaq, bəzən də sadəcə yaşamaq üçün tutunduğun son ip.
İllər keçdikcə köçkünlük nəsildən-nəsilə ötürülən bir yaraya çevrildi. Ağdamı heç vaxt görməyən uşaqlar belə onun həsrəti ilə böyüdü. Çünki evdə hər şey Ağdamla ölçülürdü: “bizim məhlə”, “bizim qapı”, “bizim küçə”. Bir şəhərin adı bir ailənin soyadı kimi evlərin içində yaşayırdı. İnsanlar torpaqlarına qayıtmağı təkcə evə dönmək kimi yox, öz ləyaqətinə, öz yarımçıq qalan həyatına dönmək kimi görürdülər. Çünki didərginliyin ən ağır tərəfi yoxsulluq deyil, köksündə daşıdığın yarımçıq həyat hissidir.
Minarədən baxanda təkcə daş-kərpic yığınlarını yox, yarım qalan xatirələri görürdüm. Hər dağıdılmış divar bir ailənin arzusu idi. Hər viran küçə bir uşaqlığın izi idi. Bəzən elə gəlirdi ki, bu səssizliyə səs qayıtmaz, bu boşluğa həyat dolmaz. Amma insanın ürəyi bəzən ağıldan güclü olur. O an ürəyimdən keçən tək fikir yenə də bu idi: bir gün burada işıq yanacaq. Bir gün pəncərələrdən səs gələcək, həyətlərdə uşaqlar qaçacaq. Çünki bu torpağın sahibi var. Bu yurdun haqqı var. Və bu xalqın səbrinin də bir gün sonu gəlməli idi.
Bu gün həmin duaların cavabını gözümüzlə görürük. Ağdamın torpağına həyat qayıdır. Planlı küçələr, yeni binalar, məktəblər, uşaq meydançaları, parklar, işıq dirəkləri… Bunlar kağız üzərində sadəcə inşaat layihələri kimi görünə bilər. Amma əslində hər biri bir cümlədir: “Sən geri döndün”. Bir ailənin illərlə sığalladığı ev açarı indi yenidən məna qazanır. Bir vaxtlar köçkün yataqxanasında böyüyən uşaq indi ata-anasının “bizim Ağdam” dediyi yeri ilk dəfə gerçək kimi görür.
Ağdamlıların sevinci adi sevinc deyil. Bu, gözlərdə yığılıb qalmış bir ömrün boşalmasıdır. Kimi atasının məzarını gətirmək istəyir, kimi anasının “bir dəfə də Ağdamı görüm” deyə ürəyində qalan arzusunu xatırlayır. Kimi də sadəcə torpağa ayaq basıb susur. Çünki bəzən sevinc sözlə ifadə olunmur, nəfəsə çevrilir. Qayıdış xəbərləri gələndə köçkün məhəllələrində qəribə bir səs yaranır: telefon zəngləri, bir-birinə yazılan mesajlar, ağlayan analar, danışa bilməyən atalar… Çünki insanın taleyində elə gün olur ki, illərlə içində saxladığı “ağrı” birdən-birə “şükür”ə çevrilir.
Bütün bunlar təsadüf deyil. Dövlətin gücü bəzən ən sadə sualda ölçülür: “Xalqını necə qoruyur?” Bu gün Ağdamda gördüyümüz mənzərə bu sualın cavabıdır. Qayıdışın planlı təşkili, infrastrukturun qurulması, evlərin, yolların, məktəblərin, xəstəxanaların yaradılması – bunlar sadəcə tikinti deyil. Bu, insanın normal həyatını geri qaytarmaq üçün qurulan böyük bir sistemdir. Çünki torpağı azad etmək bir mərhələdir, torpaqda həyatı bərpa etmək isə daha ağır, daha məsuliyyətli bir mərhələdir. Ağdamda bu məsuliyyətin çəkisi görünür.
Yeni yaşayış komplekslərinə baxanda anlayırsan: burada məqsəd təkcə “tikmək” deyil, “yaşatmaq”dır. Bu binalar köçkünlük illərinin bitdiyini deyir. Hər yeni mənzil “didərginlik” sözünün sonuna qoyulan nöqtə kimidir. Hər işıqlanan küçə, hər çəkilən yol, hər salınan park bir xalqın səbrinə göstərilən ehtiramdır. Dövlət burada sadəcə bina ucaltmır, illərlə köçkün həyatı yaşayan insanlara “sən unudulmadın” mesajı verir.
Ağdamın dirçəlişi təkcə bir şəhərin dirçəlişi deyil. Bu, bizim özümüzə qayıdışımızdır. Çünki işğal illəri yalnız torpaqları yox, bir xalqın içindəki rahatlığı, tamamlanmışlıq hissini də yarım qoymuşdu. İndi həmin yarımçıq hissə tədricən tamamlanır. Qarabağın hər yerində baş verən quruculuq əslində bir psixoloji yaraya məlhəmdir: “biz güclüyük”, “biz haqqımızı aldıq”, “biz yenidən qurmağa qadirik”.
Baş redaktor Şahin Qocayev
Ordu.az