Qayıdışın Simvolik Dili və Əbədiyyət Anlayışı

2025/12/1766571036.jpg
Oxunub: 926     14:18     24 Dekabr 2025    
İlham Əliyevin doğum günlərini illərdir adi bir şəxsi tarix kimi deyil, ardıcıl və məqsədli siyasi-tarixi mesaj kimi müşahidə edirik. Bu seçim təsadüfi deyil, protokolun diktəsi də deyil. O, doğum gününü çox vaxt işğaldan azad edilmiş ərazilərdə keçirir və bununla sanki “təbrik” anlayışının semantikasını dəyişir. Burada təbrik edilən təkcə bir insan deyil, burada təbrik edilən dövlətin bərpa olunmuş suverenliyidir, tarixin yenidən öz məcrasına qayıtmasıdır. Bayrağın sancıldığı, xarabalığın yerində həyatın qurulduğu, yaddaşın geri döndüyü torpaqlarda keçirilən doğum günü, əslində, tarixə ünvanlanan sakit, lakin son dərəcə sərt bir cümlədir: bu torpaqların sahibi qayıdıb və bu qayıdış dönməzdir.

Azad edilmiş ərazilərdə doğum gününü keçirmək, zahirən şəxsi bir günü milli taleyin mərkəzinə çəkməkdir. Çünki həmin torpaqlar sadəcə coğrafi məkan deyil, onlar kollektiv yaddaşın ağrı nöqtələridir. Hər daşında nisgil, hər yolunda həsrət, hər viranəsində onilliklərin susdurulmuş qəzəbi var. Ora getmək – təkcə səfər etmək deyil, ora getmək ağrıdan qaçmamaqdır, travmanı inkar etməməkdir. Daha da önəmlisi, ora getmək o ağrını idarə etmək, onu siyasi iradəyə və quruculuq enerjisinə çevirmək deməkdir. Məhz buna görə bu görüntülər sadə reportaj effekti yaratmır, insanı silkələyir: bir vaxtlar xəritədə qara xətlərlə bölünən yurd yerləri indi yenidən Azərbaycan günəşi ilə isinən, canlı, nəfəs alan gerçəkliyə çevrilir.

Tarix elmi göstərir ki, qalib sərkərdələr qələbəni həmişə paytaxtlarda qeyd etməyiblər. Əksinə, bir çox hallarda qələbənin simvolik təsdiqi azad edilmiş qalalarda, şəhərlərdə verilib. Bunun səbəbi sadədir: qələbə yalnız elan edilən akt deyil, görünən və hiss edilən reallıqdır.

Sərkərdələr orduya, xalqa və tarixə açıq mesaj vermək, qalibiyyəti “möhürləmək” üçün əvvəlcə ora gediblər. Türk-İslam dövlətçilik ənənəsində də yürüşdən sonra yurdun üstündə dayanmaq, bayraq ucaldan məkanda dua etmək, qılıncın susduğu yerdə söz demək hakimiyyətin legitimliyinin əsas rituallarından sayılıb. İlham Əliyevin doğum günlərini Şuşada, Ağdamda, Füzulidə, Laçında, Zəngilanda keçirməsi məhz bu tarixi ənənənin müasir, rasional və siyasi baxımdan çox dəqiq formasıdır. Qələbənin mərkəzi Bakıda yox, bərpa olunan torpaqlarda hiss etdirilir.

Burada daha dərin bir paralel də mövcuddur. Tarixdə böyük sərkərdələr üçün qələbə heç vaxt son nöqtə olmayıb, o, həmişə başlanğıc olub. Onlar azad etdikləri şəhərə daxil olduqda ilk sual “nə dağıtdıq?” deyil, “nə quracağıq?” sualı olub. Müasir Qarabağ və Şərqi Zəngəzur reallığı bu tarixi sualın konkret cavabıdır. Açılan magistrallar, bərpa edilən kəndlər, inşa olunan məktəblər, hava limanları, işıqlandırılan küçələr, geri qayıdan insanlar, bunların hamısı qələbənin fiziki və sosial davamıdır. Doğum gününü həmin torpaqlarda keçirmək isə sadəcə simvolik addım deyil, bu, siyasi və mənəvi anddır: qələbə yalnız alınan torpaq deyil, qaytarılan həyatdır.

Bu səbəbdən həmin səfərlər həmişə emosional rezonans doğurur. Çünki o anlarda liderin şəxsi təqvimi xalqın tarixi təqvimi ilə üst-üstə düşür. Ad günü tortundan əvvəl torpaq nəfəs alır, rəsmi təbrikdən əvvəl bayraq danışır. Hər dəfə bu torpaqlardan verilən mesaj eyni məntiqi xəttə xidmət edir və bir cümləyə sığır: qələbə keçmişi təkrarlamır, gələcəyi qurur. Bu, revanşizmin yox, dövlətçilik məsuliyyətinin dilidir.

Bəlkə də ən təsirli məqam budur: bir zamanlar məscid minarəsindən baxıb “burada yenidən həyat olacaqmı?” deyə düşündüyümüz yerlərdə indi həyatın özü doğum günü kimi qeyd olunur. Uşaq səsi eşidilən, işıq yanan, yol çəkilən torpaqlarda ad günü keçirmək bir fərdin seçimi olmaqdan çıxır və bir xalqın qayıdışının simvoluna çevrilir. Tarix boyu bu simvol həmişə qalibiyyətin ən aydın dili olub: ayağın dəydiyi torpaq sənindir, qurduğun ev sabahındır, ucaltdığın bayraq isə zamanın fövqündədir – əbədiyyətindir.

Baş redaktor Şahin Qocayev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qayıdış   Azərbaycan   İlham-Əliyev  


Bizi "telegram"da izləyin