Bugünkü Çin-ABŞ ticarət qarşıdurmasında hər iki tərəfin əlində iki əsas “kozır” var. Vaşinqtonun əlindəki birinci üstünlük Çinin bir vaxtlar ən böyük və ən gəlirli ixrac bazarı olmuş ABŞ bazarına çıxışını məhdudlaşdıran yüksək gömrük rüsumlarıdır. ABŞ-nin ikinci “kozır”ı isə Çinin xüsusilə süni zəka sahəsində texnoloji inkişafını təmin etmək üçün ehtiyac duyduğu qabaqcıl yarımkeçiricilərə çıxışını məhdudlaşdırmaq imkanına malik olmasıdır.
Pekinin əlində isə nadir torpaq elementləri kartı var. Ölkə dünya üzrə nadir torpaq hasilatının təxminən 60 faizinə və emal gücünün təxminən 90 faizinə nəzarət edir ki, bu da müasir texnologiyalar üçün həyati əhəmiyyət daşıyan məhsullar üzərində faktiki inhisar deməkdir. Daha təhlükəli və əhəmiyyətli olan isə Çinin ikinci “kozırı”dır: qlobal əczaçılıq təchizat zəncirinin mühüm hissəsinə nəzarət.
Həm Pekin, həm də Vaşinqton bilir ki, tərəflərdən biri öz üstünlüyünü nə qədər aktiv şəkildə istifadə etsə, qarşı tərəfin cavab tədbirlərini və rəqibin üstünlüyünü neytrallaşdırmaq üçün səyləri bir o qədər sürətləndirir. Lakin bu qarşı addımların təsir göstərməsi zaman tələb edir və bu səbəbdən, ticarət sülhü kimi az ehtimallı bir hal istisna olmaqla, istənilən həll uzunmüddətli perspektivdə mümkün olacaq.
İndiyə qədər Vaşinqton öz “kozır”larından Pekindən daha fəal istifadə edib. Prezident Donald Tramp birinci prezidentlik dövrünün sonlarına doğru prosesi başladaraq Çindən idxal olunan məhsullara rüsumlar tətbiq etdi. 2020-ci il seçki kampaniyasında bu rüsumları tənqid edən prezident Co Bayden isə vəzifəyə gəldikdən sonra onları saxladı və hətta artırdı. O, eyni zamanda Çinin qabaqcıl yarımkeçiricilərə və onların istehsal avadanlıqlarına çıxışını məhdudlaşdırmaq istiqamətində ilkin addımlar atdı.
Tramp ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Çin məhsullarına tətbiq edilən rüsumları daha da artırdı və Çin gəmilərinə liman haqları qoydu. O, həmçinin Bayden administrasiyasının qabaqcıl yarımkeçiricilərin Çinə satışına dair məhdudiyyətlərini sərtləşdirdi. Bayden qaydaları qüvvəyə mindikdə, qabaqcıl çiplər istehsalçısı “Nvidia” H100 modelləri ilə qadağadan yan keçmək yolu tapmışdı. Bu çiplər Çinin istehsal edə bildiyi hər şeydən güclü olsa da, şirkətin ən üst səviyyəli H200 modelindən bir qədər zəif olduqları üçün qadağadan yayınmışdı. Bayden administrasiyası bu boşluğu bağladıqdan sonra “Nvidia” oxşar xüsusiyyətlərə malik H20 çipini hazırladı. Lakin ötən yaz Tramp bu modernləşdirilmiş modellərin də satışını qadağan etdi.
Məhz bu dövrdə və təsadüfi olmayaraq Pekin nadir torpaq elementləri kartını işə salaraq dünya tədarükünü dayandırmaqla hədələdi. O, artıq 2024-cü ilin sonlarında və 2025-ci ilin əvvəlində nadir torpaq elementlərinin ixracına ciddi lisenziyalaşdırma qaydaları tətbiq etməklə buna hazırlaşmışdı. Pekin məhdudiyyətləri rəsmi şəkildə qüvvəyə mindirməmişdən əvvəl belə, hasilat və emal şirkətləri hökumətin qaydalarını pozmamaq üçün ixracı məhdudlaşdırdı və bu addımlar dərhal Qərbin, o cümlədən Ağ Evin diqqətini çəkdi. Tədarükün təmin edilməsi üçün danışıqlar sürətlə başladı və oktyabr ayında Cənubi Koreyada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində Tramp ilə Çin lideri Si Cinpin arasında keçirilən görüş razılaşma ilə nəticələndi.
Si Cinpinin nadir torpaq elementlərinin ixracını məhdudlaşdırmamaq vədinə cavab olaraq ABŞ Çindən idxal olunan məhsullara tətbiq etdiyi rüsumları 10 faiz azaltdı. Tramp ABŞ-yə qayıtdıqdan sonra Çinə yarımkeçirici satışlarına dair məhdudiyyətləri də yumşaltdı. Bu addım çip istehsalçılarının lobbi fəaliyyəti, yaxud Çinə qarşı xoş niyyət jesti, ya da hər ikisinin təsiri ilə atılmış ola bilərdi, lakin nəticə eyni oldu: hər iki tərəfin “kozırları” bir-birini neytrallaşdırdı.
Bu qarşılıqlı təsir və yenidən güclənə biləcək təhdidlər hər iki tərəfi rəqibinin üstünlüyünü sıradan çıxarmağa sövq edir. ABŞ və bütövlükdə Qərb Çinin nadir torpaq elementləri üzərindəki faktiki inhisarını dağıtmağa çalışır, Çin isə ABŞ-nin qabaqcıl yarımkeçiricilər üzərindəki nəzarətini aradan qaldırmaq üçün addımlar atır. Hər iki istiqamətdə səylər ümidvericidir.
Nadir torpaq elementlərinə alternativlər adlarının düşündürdüyü qədər əlçatmaz deyil. Əslində, bu yataqlar dünyanın müxtəlif bölgələrində mövcuddur. Çin bazara daha çox geoloji üstünlükləri ilə deyil, bu sahədə yüksək çirklənməyə səbəb olan hasilat və emala dözümlü yanaşması hesabına hakim olub. Lakin Pekinin son təhdidləri Qərbdə ekoloji narahatlıqları arxa plana keçirib. Vaşinqton daxili alternativlərin axtarışına başlayıb və hökumət vəsaitləri ilə özəl resursları birləşdirən konsorsiumun təxminən 2 milyard dollar sərmayə yatırması gözlənilir. ABŞ Müdafiə Nazirliyi Kanadanın nadir torpaq emalçısı “Ucor” şirkəti ilə Luiziana ştatında zavod tikintisi barədə müqavilə bağlayıb.
Bu maliyyə axınları nadir torpaq şirkətlərinin səhmlərinin bahalaşmasına səbəb olub və əlavə maliyyələşmə imkanları yaradıb. Məsələn, Cey Pi Morqan Aydaho ştatındakı “Perpetua Resources” mədən şirkətinə təxminən 75 milyon dollar sərmayə qoyub. Prezident Tramp Malayziya və Tailand ilə hasilat və emal layihələrinin inkişafı barədə anlaşma memorandumları imzalayıb, Avstraliya baş naziri Entoni Albanizi ilə isə bu ölkədə nadir torpaq layihələrinin təşviqi üçün saziş bağlayıb. Son iki ay ərzində yeddilik qrupuna daxil olan Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və ABŞ-nin enerji nazirləri Çin olmayan alternativlərin tapılması üçün birgə işləmək barədə razılığa gəliblər.
Bu səylərin miqyası və geoloji reallıqlar göstərir ki, zamanla bu təşəbbüslər Çinin bu texnoloji baxımdan həyati əhəmiyyətli məhsullar üzərindəki mövcud inhisarını zəiflədəcək. Eyni zamanda Çinin qabaqcıl yarımkeçiricilər sahəsində ABŞ-nin üstünlüyünü aradan qaldırmaq səylərinin də nəticə verəcəyinə şübhə yoxdur.
Doğrudur, Pekinin bu sahədə hələ qət etməli olduğu yol var. Çin hazırda qabaqcıl çip bazarının cəmi 23 faizinə sahibdir. ABŞ qadağasına cavab olaraq Pekin ölkənin əsas istehsalçısı olan “Semiconductor Manufacturing International” şirkətinin pay bölgüsünə nəzarəti ələ alıb və məhsulların böyük hissəsi “Huawei” şirkətinə yönləndirilib. Çatışmazlıqlar hətta süni zəka şirkəti “DeepSeek”i yeni modelinin buraxılışını təxirə salmağa məcbur edib.
Buna baxmayaraq, Çin texnologiyaları alternativ yollar üzərində irəliləyiş əldə edib. Bəzi müəssisələr zəif çipləri birləşdirərək qabaqcıl çiplərin yerini tutacaq həllər hazırlayıb. Bu cür yanaşmaları sürətləndirmək üçün Pekin artıq ölkədə ABŞ nəzarətində olan çiplərin istifadəsini qadağan edib və eyni zamanda qeyri-ABŞ alternativlərinin inkişafına böyük investisiyalar yönəldib. Bu prosesləri ləngitmək istəyi də Trampın qabaqcıl çiplərin satışına qoyulan qadağanı qaldırmaq qərarında rol oynamış ola bilər.
Çinin əczaçılıq sahəsindəki təsir rıçağı isə yarımkeçiricilər və nadir torpaq elementləri ilə müqayisədə daha mürəkkəbdir. Çin qlobal əczaçılıq təchizat zəncirinin bir sıra mühüm sahələrində aparıcı mövqeyə malikdir. “Politico Europe” səhiyyə sammitində açıqlanıb ki, Avropada istifadə olunan generik dərmanların təxminən yarısı Çindən gəlir və bütün Qərb dünyasında yalnız bir tam inteqrasiya olunmuş penisilin istehsal sahəsi qalıb.
Atlantik Şurasının məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin dərman alışlarının təxminən 27 faizi Çindən təmin edilir və ABŞ-nin penisilin, streptomisin idxalının 90 faizi bu ölkənin payına düşür. ABŞ-də istifadə olunan dərmanların aktiv maddələrinin 40 faizi, eləcə də dərman istehsalı üçün lazım olan kimyəvi maddə və həlledicilərin 40 faizdən çoxu Çindən idxal olunur. Çin təxminən 700 həyati əhəmiyyətli dərman üçün yeganə təchizatçıdır. Üstəlik, ABŞ-nin Hindistandan idxal etdiyi məhsulların böyük hissəsinin də Çin komponentlərindən asılı olması bu üstünlüyün daha geniş miqyasda olduğunu göstərir.
İndiyə qədər Pekin bu əczaçılıq rıçağından istifadə edəcəyinə dair heç bir işarə verməyib. Bunun əsas səbəbi humanitar narahatlıqların qlobal miqyasda kəskin reaksiya doğuracağı qorxusu ola bilər. Hətta bu ilin əvvəlində nadir torpaq elementləri ilə bağlı təhdidlər zamanı Pekin tibbi məqsədlər üçün istisna tətbiq etmişdi. Lakin 2021-ci ildə qəbul edilən biotəhlükəsizlik qanunu Pekinə bu cür qadağaları tətbiq etmək səlahiyyəti verir və Qərb Çinin potensial gücünü yaxşı anlayır. COVID-19 pandemiyası zamanı Pekin yodlaşdırılmış kontrast maddələrinin dünya üzrə tədarükünün 80 faizini dayandırdıqda, dünya xəstəxanaları on ay ərzində diaqnostik görüntüləməni məhdudlaşdırmaq məcburiyyətində qalmışdı.
Bu gücü neytrallaşdırmaq üçün alternativlərin tapılması isə olduqca çətindir və haradan başlanacağı belə aydın deyil. ABŞ-Çin İqtisadi Təhlükəsizlik Komissiyasının Konqresə son hesabatında qeyd olunub ki, hazırda Çinin real üstünlüyünün miqyasını müəyyən etmək mümkün deyil. Zəifliyi aradan qaldırmaq üçün Konqres əvvəlcə dərman şirkətlərini istifadə etdikləri bütün komponentlərin mənşəyini açıqlamağa məcbur etməlidir. Komissiya həmçinin qiymətlərin aşağı həddini müəyyənləşdirməyi təklif edib ki, Çin bazarı ucuz məhsullarla dolduraraq yeni rəqibləri sıradan çıxara bilməsin.
Bütün bunlar “əlçatanlıq” anlayışının siyasi mühitdə ön planda olduğu bir dövrdə asan addımlar deyil. Lakin Pekinin sonadək getməkdən çəkinməyəcəyini və bu əczaçılıq üstünlüyünün Qərb nadir torpaq alternativləri tapsa belə qalacağını nəzərə alsaq, siyasi baxımdan əlverişsiz olan bu xərcləri ödəməkdən qaçmaq mümkün olmaya bilər.
Sevinc Əliyeva
Ordu.az