Ankara son illərdə özünü Pilotsuz Uçuş Aparatı (PUA) ixrac edən güclü mərkəz kimi mövqeləndirir. Xüsusilə qeyd olunur ki, Türkiyə orta hündürlüklü zərbə PUA-ları üzrə dünya ixrac bazarının yarıdan çoxuna sahibdir, bu göstərici ilə gözlənilmədən ABŞ və Çini geridə qoyub. Türkiyənin PUA sənayesində artan dominantlığı qismən “Baykar” kimi tanınmış istehsalçıların fəaliyyəti hesabına əldə olunub. Davam edən Rusiya işğalı fonunda Ukrayna tərəfindən geniş istifadə edilən TB2 zərbə PUA-sı dizaynı ilə tanınan “Baykar” insansız sistemlər sahəsində sürətlə yüksələn şirkətlərdən biridir.
Son olaraq “Baykar”ın yerli istehsalı olan “Bayraktar Akıncı” yeni bir mərhələyə çatıb. Məlumatlara görə, bu zərbə PUA-sı atış sınaqları zamanı dəqiq zərbə imkanlarını nümayiş etdirib. Sınaq çərçivəsində hava platforması həm KAYI-30, həm də BOZOK ağıllı döyüş sursatlarını tətbiq edib. Nümayişə aid görüntülər “Baykar” tərəfindən “X” sosial şəbəkəsində paylaşılıb.
“Bayraktar Akıncı” PUA-sı haqqında məlumat
İstismara qəbul edildiyi il: 2021
İstehsal olunan say: 60-dan çox
Uzunluq: 12,2 metr
Qanad açılımı: 20 metr
Çəki: maksimal qalxma çəkisi 5 500 kq
Mühərriklər:
– A variantı üçün: 2 ədəd “Ivchenko-Progress Motor Sich” AI-450T turboprop mühərrik, hər biri 340 kVt (450 at gücü)
– B variantı üçün: 2 ədəd PT6A-135A turboprop mühərrik, hər biri 560 kVt (750 at gücü)
– C variantı üçün: 2 ədəd “Pratt & Whitney Canada” PT6 turboprop mühərrik, hər biri 630 kVt (850 at gücü)
Maksimal sürət: 361 km/saat
Uçuş məsafəsi: 7 500 km
Xidmət tavanı: 13 716 metr
Silah yükü: “hava-hava” raketləri, “hava-yer” raketləri və müxtəlif bombaları daşıya bilən 8 asqı stansiyası
Ekipaj: yoxdur, pilotsuz
Türkiyənin “Akıncı” zərbə PUA-sı ilk dəfə 2019-cu ildə Ankarada keçirilən TEKNOFEST İstanbul Aviasiya, Kosmos və Texnologiya Festivalında nümayiş etdirilib. Bir ay sonra zərbə PUA-sı ilk mühərrik sınağını uğurla başa vurub, ardınca aparılan texniki sınaqlar nəticəsində Türkiyənin Hava Baza Komandanlığının tərkibinə daxil edilib. 2021-ci ilə qədər “Akıncı” ilk atış sınağını uğurla tamamlayıb və bu sınaqlarda Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal olunan yerli döyüş sursatlarından istifadə edilib. “Akıncı”nın qabaqcıl texniki göstəriciləri və imkanları Türkiyənin PUA ixrac bazarındakı mövqeyini şübhəsiz daha da gücləndirəcək.
Atlantik Şurasının hesabatında qeyd edilib: “Akıncı” maraqlı nümunədir, çünki Türkiyənin müdafiə və texnologiya sənayesinin yüksək səviyyəli platformalar ətrafında necə inkişaf etdiyini göstərir. Türkiyənin ilk aerobalistik raketi olan TRG-230-İHA və qanadlı raketlərin baza variantı sayılan uzaqmənzilli SOM raketlərini özündə birləşdirən silah sistemləri konfiqurasiyası platformanı dərin zərbə vasitəsinə çevirir. Yüksək hündürlükdə uzunmüddətli uçuş qabiliyyətinə malik (HALE) bu PUA 40 000 futa qədər qalxa bilir və bu, qısa və orta mənzilli hava hücumundan müdafiə sistemlərinin fəaliyyət zonasından kənardır. Türkiyənin ixrac portfelində ən qabiliyyətli platformalardan biri kimi ön plana çıxan “Akıncı” artıq beynəlxalq silah bazarında öz izini qoymağa başlayıb”.
Əgər “Akıncı” yaxın gələcəkdə TB2 PUA seriyasının keçdiyi inkişaf yolunu təkrarlasa, bu hava platforması Ankaranın qlobal təsir imkanlarını daha da genişləndirməyə doğru sürətlə irəliləyəcək. TB2-nin döyüş meydanındakı performansı xüsusilə 2020-ci ildə Ermənistanla Azərbaycan arasında baş vermiş Qarabağ müharibəsində və hazırda davam edən Ukrayna müharibəsində mühüm rol oynayıb.
Firuz Bağırov
Ordu.az