Pilotsuz Uçuş Aparatlarının (PUA) dizaynında, istehsalında və istifadəsində baş verən sürətli dəyişiklik bu transformasiyanın ən konkret göstəricilərindən biridir. Rusiya-Ukrayna müharibəsində kamikadze FPV PUA-larının geniş yayılması aşağı xərcli və sürətlə uyğunlaşdırıla bilən sistemlərin nə qədər böyük təsir yarada bildiyini açıq şəkildə göstərdi. Bu PUA-ların bahalı və mürəkkəb platformalara qarşı gözləniləndən daha effektiv olması innovasiya ilə doktrina arasındakı tarazlığın necə qurulacağına dair köhnə müzakirələri yenidən gündəmə gətirdi. Eyni zamanda pilotlu döyüş təyyarələrinin, əsas döyüş tanklarının və digər yüksək səviyyəli sistemlərin gələcəkdə nə dərəcədə həlledici olacağı sualını da ortaya çıxardı. Ordular isə bir daha, qüvvə strukturlarını zədələmədən yeni texnologiyaları inventara və əməliyyat anlayışına daxil etməyin çətinliyi ilə üz-üzə qaldı.
PUA-ların döyüş meydanını sanki “demokratikləşdirən” təsirini bir-biri ilə əlaqəli üç sual əsasında müzakirə etmək olar. Birincisi, müdafiə doktrinası sənayeni yenidən formalaşdırır, yoxsa sahədəki istehsal və təchizat reallıqları doktrinanı dəyişməyə məcbur edir? İkincisi, müdafiə şirkətləri niyə və necə mürəkkəb “sistemlər sistemi” platformalardan daha miqyaslana bilən və aşağı xərcli həllərə yönəlir? Üçüncüsü isə PUA və dəqiq zərbə imkanları güclü olan orta miqyaslı ölkələr klassik ağır platformalarda böyük güclərdən geri qalsalar belə, necə strateji üstünlük yarada bilirlər?
Əməliyyat tələbləri və sənaye prosesləri
Hərbi tarix boyunca doktrina bir tərəfdən texnoloji inkişafı istiqamətləndirib, digər tərəfdən isə texnologiyaya uyğunlaşıb. Bugünkü dövrü fərqli edən isə transformasiyanın təkcə dövlətin müdafiə tədqiqat və inkişaf fəaliyyətlərindən deyil, həm mülki, həm də hərbi məqsədlərlə istifadə edilə bilən texnologiyaların çox sürətlə yayılmasından qaynaqlanmasıdır. Kompüter dəstəkli dizayn və istehsal, sürətli prototipləşdirmə və çevik idarəetmə sayəsində startaplar və kiçik şirkətlər artıq döyüş meydanının ehtiyaclarına ənənəvi böyük müdafiə podratçılarından daha sürətli cavab verə bilirlər.
Cəbhədəki sınaq-yanılma prosesi də qısa müddətdə institusional biliyə və sənaye tələbinə çevrilir. Avropa İttifaqının Müdafiə İnnovasiya Ofisinin Kiyevdəki bölməsindən Martin Yoesaarın sözlərinə görə, Ukrayna müharibəsində innovasiya dövrləri iki-altı həftəyə qədər enib. Bu sayədə yeni təhdidlərə və əməliyyat ehtiyaclarına demək olar ki, dərhal cavab vermək mümkün olur. Rusiyanın İran istehsalı olan “Shahed 136” “gəzən sursatı”nı yerli istehsal “Geran 2”yə çevirməsi bu mexanizmi göstərən yaxşı nümunədir. Cəbhədən gələn rəylər əsasında sistem müdaxiləyə davamlı naviqasiya, elektro-optik hədəfləmə və iki istiqamətli məlumat bağlantıları ilə yeniləndi və bununla da sahədəki effektivliyi artırıldı.
Qərar qəbuletmə prosesləri, xüsusilə də sensordan raket buraxılışına qədər uzanan dövr bu transformasiyanı daha da sürətləndirir. Köhnə C4I arxitekturaları (komanda, idarəetmə, rabitə, kompüter) daim dəyişən döyüş mühitinə uyğunlaşmaqda çətinlik çəkən iyerarxik təsdiq zəncirlərinə əsaslanır. Bunun əksinə olaraq, raketlərin və zərbə PUA-larının sürətlə çoxalması insan operatorların üzərindəki idrak yükünü artırır və qərar üçün qalan vaxtı getdikcə azaldır.
Bu mənzərə daxilində sənayenin sürətlə cavab verə bilməsi artıq seçim deyil, doktrinanın bir hissəsinə çevrilir. Müasir hərbi yanaşma klassik təchizat mexanizmlərinin tempinə güvənmək əvəzinə, mülki və ikili təyinatlı sektorların daha sürətli və daha ucuz həllər yarada biləcəyi reallığını mərkəzə alır. Müdafiə şirkətləri yalnız sahədə işlək olanı sürətlə istehsal edib sürətlə yeniləyə bildikləri təqdirdə tələbat görürlər.
Sənayenin yeni istiqaməti: aşınma müharibəsinə uyğun sistemlər
Tsiporah Fridin Hudson İnstitutu üçün hazırladığı bir araşdırma PUA-ların həm Rusiya, həm də Ukrayna tərəfində döyüş itkilərinin təxminən 75 faizinə bərabər olduğunu irəli sürür. Bu, olduqca diqqətçəkən göstəricidir. Lakin bu mənzərə tamamilə yeni bir müharibə mərhələsinə keçildiyini göstərmir. Daha çox Rusiya-Ukrayna müharibəsinin bir daha ehtiyacın yeniliyi məcbur etdiyini xatırlatdığını göstərir.
2023-cü ilin əvvəllərinə qədər Ukraynada PUA-lardan əsasən kəşfiyyat, hədəf aşkarlanması, atəşin düzəldilməsi və zərərin qiymətləndirilməsi üçün istifadə olunurdu. Ukrayna Türkiyə istehsalı olan “Bayraktar” TB2 zərbə PUA-ları ilə də diqqətəlayiq uğurlar əldə etdi, Rusiya mexanikləşdirilmiş bölmələrinə və logistika xətlərinə qarşı dəqiq zərbələr endirdi. 2023-cü ildən əvvəl partlayıcı daşıyan kiçik və mikro PUA-lar da mövcud idi. Mülki PUA-lar qumbara atmaq və ya kamikadze hücumları üçün uyğunlaşdırıla bilirdi. Lakin bunlar sahədə həlledici rol oynamırdı.
FPV PUA-larının münaqişənin gedişatını müəyyən edən əsas elementə çevrilməsi döyüş tempinin aşağı düşdüyü və cəbhələrin böyük ölçüdə sabitləşdiyi dövrə təsadüf etdi. 2023-cü ildən etibarən həm Rusiya, həm də Ukrayna qüvvələri FPV PUA-larından kiçik bölmə səviyyəsində sistemli şəkildə istifadə etməyə başladı. Zamanla döyüş meydanı Birinci Dünya müharibəsinin səngər döyüşlərini xatırladan, lakin texnologiyanın damğa vurduğu bir mənzərəyə çevrildi. Əsgərlər artıq alçaqdan və sürətlə gələn PUA təhdidi altında səngərlər və artilleriya mövqeləri arasında hərəkət edirdilər.
Bu transformasiyanın arxasında bir neçə struktur amil var idi: Rusiyanın tam hava üstünlüyü qura bilməməsi, Ukraynanın tank əleyhinə idarə olunan raketlərlə PUA-ları birləşdirən dağınıq kiçik bölmə taktikalarından səmərəli istifadə etməsi və Rusiyanın geniş canlı qüvvə və maddi resurs ehtiyatları. FPV PUA-ları bu şəraitin səbəbi deyil, bu şəraitin diktə etdiyi həll kimi ön plana çıxdı. Bu mərhələdən sonra məsələ yalnız hansı platformanın daha yaxşı olması deyil, hansı tərəfin daha sürətli öyrəndiyi, daha sürətli istehsal etdiyi və daha sürətli uyğunlaşdığı məsələsinə çevrildi. Qısacası, sahədə təkcə texnika deyil, bu texnikanı davamlı şəkildə yeniləyən və cəbhəyə çatdıran təşkilati və istehsal sistemi də toqquşurdu.
Orta miqyaslı güclər üçün imkanlar və mövcud potensial
Regional iddiaları olan orta miqyaslı ölkələr üçün döyüş təyyarələri, hava hücumundan müdafiə sistemləri və ya böyük dəniz platformaları kimi bahalı imkanlara daim vəsait ayırmaq asan deyil. Lakin sahədə manevr imkanlarını genişləndirəcək bir müstəqillik, müdafiə sənayesində ən azı müəyyən əsas sahələrdə öz gücünə dayanmağı tələb edir. Bu isə təkcə idxal yolu ilə mümkün olmur. Bu çərçivədə, Türkiyənin təcrübəsinin də göstərdiyi kimi, zərbə PUA-ları xüsusilə asimmetrik təhdidlərə qarşı effektiv güc multiplikatoru kimi ön plana çıxır.
Dəqiq idarə olunan sursatlar daşıyan silahlı müşahidə PUA-ları təhdidin aşkarlanmasından hücuma qədər olan prosesi əhəmiyyətli dərəcədə qısaldır. Türkiyə 2015-ci ildən etibarən PKK-ya qarşı aparılan antiterror əməliyyatlarında “Bayraktar” TB2 və ANKA platformalarına yerli mini idarə olunan sursatları inteqrasiya etdi. Bu sayədə hədəf aşkar edilən kimi, xüsusilə çətin relyef şəraitində sürətli nişanalma mümkün oldu. Güclü kəşfiyyat və rabitə şəbəkələri ilə dəstəklənən PUA-lar zamanla vaxt həssas hədəfləri zərərsizləşdirərək terror təşkilatlarının hərəkət imkanlarını və əməliyyat çevikliyini ciddi şəkildə məhdudlaşdırdı. Oxşar yanaşma daha sonra Azərbaycanda (Qarabağ), Suriyada və Liviyada da müşahidə olundu, PUA-lar zirehli bölmələrə, artilleriya vasitələrinə və hava hücumundan müdafiə sistemlərinə qarşı dəqiq zərbələrlə sahədəki tarazlığa ciddi təsir göstərdi.
Bu uğurun əsas amillərindən biri hərbi doktrina ilə müdafiə sənayesi arasındakı sıx uyğunluq idi. Proses əvvəl doktrina, sonra texnologiya şəklində getmədi, cəbhədən gələn ehtiyacların qidalandırdığı sürətli geribildirimlə hər ikisi birlikdə inkişaf etdi. Türkiyə müdafiə sənayesinin sahəyə yaxın, sürətli qərar qəbul edib tez uyğunlaşa bilən iş mədəniyyəti də bu nöqtədə həlledici rol oynadı.
PUA-lar uyğunlaşmaqda gecikən rəqiblərə qarşı da qeyri-mütənasib təsir yarada bilir. Ukraynada “Bayraktar” TB2-lər müharibənin ilk mərhələsində Rusiya logistika karvanlarına qarşı dəqiq zərbələr endirməyə imkan verdi və quru qüvvələrinə vaxt həssas hədəfləmə təmin edərək Rusiyanın ilkin irəliləyişinin ləngiməsinə töhfə verdi.
Müharibələr hansı istiqamətə doğru inkişaf edir?
Müasir münaqişələr müharibənin açıq şəkildə keçid dövründən keçdiyini göstərir. Süni zəka, avtonom sistemlər və inkişaf etmiş sensorlar başda olmaqla yeni texnologiyalar hərbi gücün necə yaradıldığını və sahədə necə istifadə edildiyini yenidən müəyyənləşdirir. Ukrayna, Suriya, Azərbaycan (Qarabağ) və Yaxın Şərqdən çıxarılan dərslər gələcəkdə müharibənin xarakterini müəyyən edəcək, bir-biri ilə əlaqəli üç mümkün tendensiyaya işarə edir.
Birincisi, süni zəka dəstəkli və avtonom sistemlər orduları qərar qəbuletmə strukturlarını dəyişməyə məcbur edir. Bir vaxtlar seçim kimi görünən mərkəzsizləşdirilmiş komandanlıq və idarəetmə, aşkarlamadan atəşə qədər olan müddətin sürətlə qısalması ilə getdikcə zərurətə çevrilir. Çünki qərar pəncərəsi daraldıqca aşağı səviyyəli bölmələrin daha çox təşəbbüs göstərməsi tələb olunur.
İkincisi, müdafiə və sağqalma anlayışı da dəyişir. Ağırlıq qalın zirehli, son dərəcə bahalı və sayca az olan “elit” platformalardan say çoxluğuna, dağınıqlığa və əvəzlənə bilmə qabiliyyətinə doğru keçir. Uzunmüddətli mübarizələrdə texnoloji baxımdan çox üstün, lakin məhdud sayda olan sistemlər ucuz, miqyaslana bilən və kifayət qədər bacarıqlı alternativlərin yaratdığı təsiri hər zaman tarazlaya bilmir. Bu baxımdan kütləvilik və uyğunlaşma qabiliyyəti döyüşdə ayaqda qalmağın əsas meyarları kimi yenidən ön plana çıxır.
Üçüncüsü, müdafiə sənayesi potensialı artıq yalnız dəstək verən element deyil, birbaşa döyüş gücünün tərkib hissəsinə çevrilir. Davamlı döyüş effektivliyi sistemləri böyük miqyasda istehsal etmək, onları sürətlə uyğunlaşdırmaq və itkiləri eyni sürətlə kompensasiya etmək qabiliyyətindən asılıdır. Bu səbəbdən sənaye siyasəti ilə müdafiə siyasəti bir-birindən ayrılmaz hala gəlir. Ən güclü müdafiə ekosistemləri bir tərəfdən yüksək texnologiya xəttini qoruyarkən, digər tərəfdən sahəyə çox sayda və asanlıqla əvəz edilə bilən sistemləri fasiləsiz şəkildə endirə bilənlər olacaq.
Bütün bu mənzərə onu göstərir ki, gələcəkdə nəticəni tək-tək platformalar deyil, doktrina, texnologiya və istehsal tempinin birlikdə işləməsi müəyyən edəcək. Üstünlük isə getdikcə sahədən öyrənə bilən, sürətlə uyğunlaşan və bunu istehsal gücü ilə dəstəkləyə bilən strukturların əlinə keçəcək.
Müdafiə analitiki Arda Mevlütoğlu
Ordu.az