2023-2025-ci illər üçün elan edilmiş 171 milyard dramlıq əvvəlki proqramın nəticələri bu iflici açıq şəkildə sübut edir. Erməni mütəxəssis Avetik Kerobyanın açıqladığı kimi, son beş ildə hərbi sənaye kompleksinə ayrılan vəsaitlərin faktiki icrası 30%-i belə keçməyib. Bu, Ermənistan hökumətinin müdafiə sənayesini inkişaf etdirmək niyyətində olmadığını, yalnız imitasiya yaratdığını göstərir. Ayrılan vəsaitlər real istehsala çevrilmir, sənaye isə planlı şəkildə zəif saxlanılır.
Rəqəmlərin detallı təhlili Ermənistanın müdafiə sənayesində planlama ilə icra arasındakı uçurumu daha da kəskinləşdirir. 2025-ci ilə qədər ayrılmış 5,7 milyard dramın cəmi 1,3 milyard dramı icra olunub ki, bu da təxminən 20% deməkdir. Hərbi sənaye üçün kritik hesab olunan sınaq nümunələrinin istehsalı üzrə isə faktiki olaraq bir dənə belə müqavilə imzalanmayıb. Bu, Ermənistanın real silah istehsalçısı deyil, kağız üzərində “istehsalçı” olduğunu göstərir.
Elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə ayrılmış 4,2 milyard dramdan 1,8 milyard dramın ixtisar edilməsi müdafiə sənayesinin texnoloji əsaslarının qəsdən məhv edildiyini göstərir. Daha absurd mənzərə sınaq nümunələri ilə bağlıdır: 1,5 milyard dramdan 1,4 milyard dram kəsilib. Bu o deməkdir ki, Ermənistan hökuməti silahın layihələndirilməsini kağız üzərində saxlayıb, istehsal mərhələsinə keçməmək üçün şüurlu şəkildə maliyyəni kəsib. Buna baxmayaraq, Hayrapetyan 30 şirkətlə danışıqlardan danışır. Ermənistanın mövcud sənaye bazası nəzərə alındıqda, bu “şirkətlərin” əksəriyyətinin tam istehsal dövrünə malik olmadığı bəllidir. Bunlar ya montaj sexləri, ya da texniki xidmət səviyyəsində fəaliyyət göstərən strukturlardır. Ermənistanın mikroelektronika, sensor texnologiyaları, optika və yüksək dəqiqlikli mexanika sahələrində ciddi boşluqları var və bu boşluqlar qısa müddətdə aradan qaldırıla bilməz.
Ermənistanın xaricdən silah asılılığı bu boşluqların birbaşa nəticəsidir. Fransadan alınan radar sistemləri bunun ən konkret nümunəsidir. Kerobyan iddia edir ki, bu radarlar Ermənistan daxilində istehsal oluna bilərdi. Lakin hökumət daxili istehsalı inkişaf etdirmək əvəzinə, xarici tədarükçülərə maliyyə axıtmağı üstün tutur. Bu yanaşma Ermənistanı yalnız iqtisadi baxımdan deyil, strateji baxımdan da asılı vəziyyətə salır.
2020-ci ildə Hindistandan alınan radar sistemlərinin yalnız dekabrda Ermənistana çatması və heç bir əməliyyat faydası verməməsi idxal siyasətinin nə qədər riskli olduğunu sübut edib. Yerində istehsalın iqtisadi üstünlükləri də Ermənistan hökuməti tərəfindən bilərəkdən görməzdən gəlinir. Kerobyanın hesablamalarına görə, yerli istehsal idxaldan 30%-ə qədər baha olsa belə, vergi daxilolmaları və iqtisadi dövriyyə bunu kompensasiya edir. Ermənistan hökuməti isə bu məntiqi rədd edərək, qısa müddətli siyasi rahatlığı uzunmüddətli sənaye inkişafından üstün tutur.
Pilotsuz uçuş aparatları sahəsində vəziyyət daha da bərbaddır. Ermənistan bu texnologiyanın müasir müharibələrdə həlledici rol oynadığını bilə-bilə, PUA istehsalını real prioritetə çevirməyib. Mövcud texniki potensialdan istifadə edilmir, dövlət sifarişi verilmədiyi üçün müəssisələr passiv vəziyyətdə saxlanılır. Nəticədə Ermənistan bu sahədə də xarici tədarükçülərdən asılı qalır.
Paşinyan hökumətinin paralel olaraq müddətli həqiqi hərbi xidmətin 1,5 ilə endirilməsi qərarı müdafiə sisteminin ümumi zəifliyini daha da artırır. Zəif sənaye bazası, idxaldan asılı silahlanma və azalan canlı qüvvə bir araya gəldikdə, Ermənistanın onsuz da olmayan müdafiə qabiliyyəti öz ömrünü başa vurur. İT sektoruna ayrılan vəsaitin 47 milyard dramdan 24 milyard drama endirilməsi müdafiə sənayesinin texnoloji gələcəyinə vurulan daha bir zərbədir. Müasir silah sistemləri proqram təminatı və məlumat emalı üzərində qurulduğu halda, Ermənistan hökuməti bu sahəni kəsməklə öz müdafiə sənayesini texnoloji cəhətdən geriyə atır.
“Hərbi Sənaye İli” elan edilməsi isə bütün bu uğursuzluqlar fonunda təbliğat xarakteri daşıyır. Kerobyanın qeyd etdiyi kimi, Ermənistanın mövcud sənaye gücü 171 milyard dramlıq sifarişi altı ay ərzində icra edə bilərdi. Hökumət isə bu prosesi üç ilə uzadaraq, fəaliyyətsizliyi planlı şəkildə gizlədir.
Ermənistanda büdcə ixtisarlarının vergi daxilolmalarına vurduğu zərər də açıqdır. Müdafiə sənayesinə ayrılan vəsaitlərin kəsilməsi nəticəsində təkcə ƏDV üzrə yüz milyonlarla dram itki yaranır. Buna baxmayaraq, hökumət bu ixtisarların “büdcəyə təsir etmədiyini” iddia edərək açıq manipulyasiya aparır.
Ümumilikdə, Ermənistan müdafiə sənayesi maliyyə çatışmazlığından deyil, idarəetmə iflasından əziyyət çəkir. Ayrılan vəsaitlər real istehsala yönəldilmir, prioritetlər səhv seçilir, sənaye isə məqsədli şəkildə zəif saxlanılır. Bu, Ermənistanın hərbi təhlükəsizliyini deyil, onun illüziyasını yaradır.
Hayrapetyanın bəyanatları ilə Kerobyanın faktlara əsaslanan açıqlamaları arasındakı ziddiyyət Ermənistanın müdafiə sənayesinin real mənzərəsini açıq göstərir. Burada inkişafdan yox, inkişaf görüntüsündən söhbət gedir. Bu yanaşma davam etdikcə Ermənistan regional hərbi balansda daha da zəifləyəcək və təhlükəsizlik baxımından daha kövrək vəziyyətə düşəcək.
Firuz Bağırov
Ordu.az