Məsələyə Türkiyə baxımından nəzər saldıqda, Türkiyənin uzun müddət hava doktrinasını daha çox hücum konsepsiyası üzərində inşa etdiyini söyləmək mümkündür. Bunun üç əsas səbəbi var. Birincisi, Türkiyənin təhdid oxuması ilə bağlıdır. On illərlə davam edən terrorizmə qarşı mübarizə siyasəti çərçivəsində həyata keçirilən sərhədyanı əməliyyatlar Hərbi Hava Qüvvələrini təbii olaraq pilot sinfinə daha çox sərmayə qoymağa və daha inkişaf etmiş hava platformaları almağa sövq edib. Digər tərəfdən, Türkiyənin Kipr Əməliyyatı istisna olmaqla yaxın qonşularından aldığı təhdid qavrayışı əsasən Yunanıstanın nümayiş etdirdiyi müharibə ritorikasının davamı olaraq formalaşıb. İkincisi Türkiyənin 1952-ci ildə NATO-ya üzv olmasıdır. Bu tarixdən etibarən Türkiyə hava hücumundan müdafiəsini NATO-nun təhlükəsizlik çətiri altında yerləşdirib və 1980-ci illərin əvvəlində ABŞ ilə qurulan ortaq çərçivədə TAI şirkətinin yaradılması ilə maliyyə vəsaitini F-16-ların tədarükünə yönəltməyi seçib. Soyuq Müharibə dövründə Türkiyəyə verilən “Nike Hercules” raketlərindən tutmuş, “İncirlik” Bazası, ABŞ-nin birinci dərəcəli rol oynadığı GES sistemlərinin formalaşması, NATO-nun “Shared Early Warning” (SEW) proqramına daxil olması və “Kürecik” Radarına qədər bir çox amil nəzərə alınmalıdır. Üçüncü səbəb isə həmin dövrdə “insansız” və “görünməzlik” texnologiyalarının hələ inkişaf mərhələsində olmasıdır. Bu səbəblə insanlı sistemlər uzun illər ərzində alternativsiz bir üstünlük təşkil edib.
Təhdid qavrayışlarında dəyişiklik
Ancaq 2000-ci illər bütün dünyada olduğu kimi Türkiyənin aviasiya doktrinasında da ciddi bir dönüş yaradıb. Bu dönüşün ilki 11 Sentyabr hücumlarında baş verib, dərhal ardından İstanbul, Madrid və London hücumları terrorun dəyişən xarakteri ilə hücum parametrlərini kökündən dəyişdirib və ölkələrin hava hücumundan müdafiə qabiliyyətlərini yenidən qiymətləndirməsinə səbəb olub. Bundan əlavə, terror təşkilatlarının gün keçdikcə ballistik raket və kütləvi qırğın silahları əldə etmə imkanlarının artması strateji hava təhdidlərini təkcə dövlətlərdən deyil, qeyri-dövlət aktorlarından gələn yeni bir mərhələyə daxil edib.
Türkiyə baxımından dəyərləndirdikdə, 2000-ci illər həm dövlət, həm də qeyri-dövlət aktorlarının yaratdığı risk və təhdid spektrinin sürətlə yayıldığı və intensivləşdiyi bir dövrü ifadə edir. Əvvəla, Orta Şərqdəki raket ehtiyatına malik ölkələrlə əhatə olunmuş qeyri-sabitlik və siyasi böhran mühiti Türkiyəni birbaşa təsirləndirib. Bu kontekstdə İkinci Körfəz Müharibəsi, Ərəb Baharı, Suriya vətəndaş müharibəsi, PKK/YPG/SDG və İŞİD mənbəli təhdidlər Türkiyənin hava hücumundan müdafiə imkanlarını təcili şəkildə gücləndirməsini zəruri edib. Buna görə də Türkiyə 2010-cu ildə T-LORAMIDS adlı hava və raketdən müdafiə sistemləri tenderini elan edib. Ardınca Suriyadan atılan raket və mərmilərin yaratdığı narahatlıqlar hələ də yaddaşlardadır. Eyni şəkildə, bu qədər intensiv təhdid altında “Patriot” sistemlərini əvvəl yerləşdirib sonra müxtəlif səbəblərlə təcili şəkildə Türkiyədən çıxaran NATO ölkələrinin mövqeyi də unudulmayıb. Hərçənd həmin dövrdə NATO müttəfiqlərinin T-LORAMIDS tenderinə göstərdiyi reaksiyaya görə tender ləğv edilsə də, Türkiyə özünə məxsus hava və raketdən müdafiə sistemindən imtina etməyəcəyini dəfələrlə bəyan edib. Bu çərçivədə Türkiyə paralel iki strategiya həyata keçirıb. Birincisi, NATO müttəfiqlərinin irəli sürdüyü çətin şərtlər və dönəmin siyasi şərtləri səbəbindən təcili təhlükəsizlik boşluğunu bağlamaq üçün Rusiyadan S-400 sistemləri almaq olub. İkincisi isə Türkiyənin özünə məxsus yerli, milli, inteqrasiya olunmuş və təbəqələndirilmiş hava və raketdən müdafiə sistemi qurmağa başlamasıdır.
2010-dan sonrakı dövrdə dövlət və qeyri-dövlət aktorları daha geniş və intensiv hücum meylinə daxil olub. Suriya vətəndaş müharibəsi, Liviya vətəndaş müharibəsi, Qarabağ müharibəsi, 7 Oktyabr hücumu, İsrailin Qəzza, Livan, Liviya, İran, Yəmən və Suriya istiqamətli əməliyyatları, Hindistan-Pakistan və Əfqanıstan-Pakistan qarşıdurmaları və hal-hazırda davam edən Rusiya-Ukrayna müharibəsi hər dəfə hava hücumundan müdafiənin ən az hücum qabiliyyəti qədər həlledici olduğunu göstərıb.
Türk aviasiyasında paradiqma dəyişikliyi: “Polad Günbəz”
Mövzuya dair mövcud toqquşma nümunələri türk aviasiyasında yeni bir paradiqma dəyişikliyini ortaya çıxarıb. On illərlə strateji çəkindirməni hava hücum qabiliyyətinə sərmayə qoyaraq dəyərləndirən Türkiyə hava və raketdən müdafiə sistemi arxitekturasını sadəcə bir müdafiə mexanizmi deyil, bütöv bir çəkindirmə mexanizmi kimi yenidən dizayn edib. Proses HİSAR ailəsi ilə başlayıb, SİPER ilə davam edib və nəhayət bütövlükdə inteqrasiya edilib, çoxtəbəqəli hava və raketdən müdafiə sistemi olan “Polad Günbəz”nin qurulmasına start verilib. Zənn edildiyinin əksinə, “Polad Günbəz” sistemi yalnız Hərbi Hava Qüvvələrini deyil, Quru Qoşunlarını və Hərbi Dəniz Qüvvələrini, həmçinin kibertəhlükəsizlik və kosmos sahəsini də əhatə edən inteqrasiya olunmuş təhlükəsizlik arxitekturasına uyğun şəkildə hazırlanıb.
Onsuz da hava və raketdən müdafiə sistemi önləyici raketlər, raket sistemləri, aşkarlama və izləmə radarları, peyk, hava şarları, erkən xəbərdarlıq sistemləri, buraxılış qurğuları, komanda-idarəetmə, süni zəka əsaslı proqram təminatı kimi geniş spektrdə yer alan komponentlərdən ibarət bir sistem deməkdir. Bir-birini tamamlayan və ahəng içində fəaliyyət göstərən hər bir komponent isə başlı-başına bir elmi sahə və texnoloji səriştədir. Elə buna görə də “Dəmir Günbəz”i inkişaf etdirmək təsəvvür ediləndən qat-qat daha mürəkkəb infrastruktur, yüksək səviyyəli texnoloji bilik, yetkin və təcrübəli insan resursu, həmçinin ciddi büdcə tələb edir.
Elə buna görə də, son zamanlarda ictimaiyyətdə aparılan müzakirələrə baxıldıqda daim eyni sualın səsləndiyi görünür: Türkiyə müdafiə xərclərində prioriteti hücuma, yoxsa müdafiə sistemlərinə verməlidir? Bu suala iki aspektdən yanaşmaq olar. İlk olaraq, istər beşinci, istərsə də altıncı nəsil olsun, döyüş təyyarələri ilə hava üstünlüyü əldə etmək və zəruri strateji çəkindiricilik yaratmaq mümkün deyil. Bunun ən bariz və konkret nümunələri Rusiya-Ukrayna müharibəsi ilə İsrail və İran arasında baş verən 12 Günlük Müharibədir. Müasir döyüş meydanında quru, hava, dəniz və sualtı mühitlərdə taktiki, operativ və strateji səviyyədə çox fərqli qabiliyyətlərə malik pilotsuz platformaların üstünlük təşkil etməsi dövlətlər üçün demək olar kabusa çevrilib.
Üstəlik bu kabus doyma hücumları, gizlilik texnologiyası, sürü hücumları, süni zəka, avtonom sistemlər, robotik, supersəs və hipersəs texnologiyaları, həmçinin yönləndirilmiş enerji silahları ilə getdikcə daha da mürəkkəbləşir. Elə ki, bu gün kütləvi qırğın silahları daşıyan ballistik raket təhlükəsini bir kənara qoysaq belə, çoxsaylı, koordinasiyalı və eyni vaxtda həyata keçirilən FPV hücumları belə ciddi təhlükəsizlik boşluğu yaradaraq müharibənin gedişatını dəyişməyə nail olub. Təhlükə bazasındakı bu müxtəliflik “Dəmir Günbəz”dən (və ümumilikdə hava hücumundan müdafiə sistemlərindən) gözlənilən performans üçün hava hücumundan müdafiə sistemlərinin ən böyük zəifliyi nəzərə alındıqda, yəni səthə yaxın uçan idarəolunan mərmiləri görməkdə çətinlikləri olduğu halda ən azı orta və yüksək hündürlük qədər aşağı hündürlük üçün də güclü radarların inkişafını zəruri edir.
Qısacası, “Eurofighter Typhoon”, F-35, Havadan Erkən Xəbərdarlıq və Nəzarət (HİK) təyyarələri ilə 24 saat əsasında davamlı növbətçilik etmək və ya təcili vəziyyətdə sürətli havaya qalxmaq risk və təhdidlərin qarşısını almaq üçün kifayət deyil. İnteqrasiya olunmuş və təbəqəli hava və raketdən müdafiə sisteminin malik olduğu “kəşfiyyat birləşdirməsi” qabiliyyətini təyyarələrdən alınan kəşfiyyat məlumatı ilə müqayisə etmək mümkün deyil. Birini yola tutulan fənərə, digərini isə bütün avtomagistralı işıqlandıran projektora bənzətmək olar.
Məsələyə digər tərəfdən baxdıqda, Türkiyə artıq ABŞ və Çinlə birlikdə dünya Pilotsuz Uçuş Aparatları (PUA) bazarının ilk üç istehsalçısı arasındadır. Bu kontekstdə məsələ sadəcə “Eurofighter” almaq və ya F-35 layihəsinə qayıtmaqdan ibarət deyil. Türkiyə artıq döyüş meydanlarında ən sıx, geniş və çoxrollu missiyalarla inteqrasiya olunan PUA texnologiyasında nadir rastlanan bir intellektual kapital formalaşdırıb. Şübhəsiz ki, KIZILELMA-nın görmə xəttindən kənar “hava-hava” raketi ilə reaktiv mühərrikli bir hədəfi vurduğu sınaqdan sonra “döyüş təyyarələrinin kabusu olacaq” kimi ifadələrin işlədilməsində müəyyən həqiqət payı var. Gələcəkdə KIZILELMA-nın əməliyyat hündürlüyünün 25 min deyil, 70 min fut olduğunu düşünün, yəni bir kəşfiyyat təyyarəsi ilə eyni hündürlükdə uçduğunu fərz edin. Bu halda müvafiq ölkənin kəşfiyyat təyyarəsini rahat uçura bilməsi mümkün olmayacaq. Bir döyüş və ya kəşfiyyat təyyarəsinin dəyəri ilə KIZILELMA-nın dəyəri və riski eyni olmadığından artıq sistemlərin pilotsuz platformalara doğru yönəldiyini qəbul etmək lazımdır.
Bununla yanaşı, hava hücumundan müdafiə və hücum sistemlərinin bir-birinin yerinə keçə bilən elementlər olmadığı unudulmamalıdır. Əksinə, onlar birgə doktrinanın və inteqrasiya olunmuş arxitekturanın tərkib hissələri kimi fəaliyyət göstərməlidirlər. Lakin hava üstünlüyü əldə etməyin və hava təhdidlərini dəf etməyin təkcə döyüş təyyarələri ilə mümkün olmadığı gerçəyindən çıxış edərək, Türkiyənin təcili şəkildə “Dəmir Günbəz”in inkişafına sürət verməsi, bu arada PUA platformaları ilə ballistik raket texnologiyasına investisiya qoyması ən azı qısa və orta müddətli perspektivdə daha rasional seçimdir. Bu seçimin həyata keçirilməsi zamanı “Hürkuş” inventardakı mövqeyini möhkəmləndirəcək, HÜRJET inventara daxil olaraq böyük bir dinamizm yaradacaq və KAAN da səmalarla görüşməyə hazır vəziyyətə gətiriləcək.
Dəyanət Ağalarlı
Ordu.az