Papa XIV Leonun Türkiyə səfəri: Qəzzanın ahı, Ukraynanın fəryadı Ankarada səslənir

2025/11/thumb-1764390740.jpg
Oxunub: 1414     16:31     29 Noyabr 2025    
Qərbi Roma İmperiyası dağıldıqdan sonra Katolik Kilsəsinin başçıları yalnız dini deyil, siyasi aktor kimi davranmaq imkanı əldə etdilər. VIII əsrdə Orta İtaliyanın mühüm bir hissəsinin Şarlmanın atası Pepin tərəfindən Kilsəyə bağışlanmasından sonra “Papalıq Dövlətləri” adlanan quruluş formalaşdı və Kilsə artıq dövlət statusu qazandı. 1870-ci ildə Qaribaldi komandanlığındakı İtaliya Respublikası Ordusu bu dövlətə son qoyana qədər papalıq əsrlər boyunca həm dini, həm də siyasi aktor kimi Avropa siyasətində təsirli mövqe tutdu.

Hazırkı Vatikan Dövləti 1929-cu ildə Benito Mussolini hökuməti ilə Katolik Kilsəsi arasında bağlanmış Lateran müqaviləsi ilə qurulub. Türkiyənin sabiq prezidenti Cəlal Bayar 1959-cu ildə 1935-1944-cü illər arasında İstanbulda papalıq nümayəndəsi kimi çalışmış Papa XXIII Conu Vatikanda ziyarət etdi. Bu iki şəxsiyyətin təşəbbüsü nəticəsində 1960-cı ildə Türkiyə ilə Vatikan arasında diplomatik əlaqələr quruldu. Bu tarixdən sonra 1978-də yalnız 33 gün papalıq edən I Con Paul istisna olmaqla bütün papalar Türkiyəni ziyarət etdi: 1967-ci ildə VI Paul, 1979-cu ildə II Con Paul, 2006-cı ildə XVI Benedikt və son olaraq 2014-cü ildə Papa Fransisk Türkiyəyə gəldi.

Papa XIV Leonun Türkiyə səfəri niyə önəmlidir?

Papa XIV Leonun üç günlük Türkiyə proqramı Ankara, İstanbul və İznik mərhələlərindən ibarətdir. O, həm dövlət başçısı olduğu üçün Anıtqəbiri ziyarət etdi, həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olundu. Axşam isə Millət Kitabxanasında proqram keçirildi. Papa XIV Leo İstanbulda katolik din xadimləri və Fener Rum Patriarxı Bartholomeos ilə görüşəcək. İznikdə isə Sinodun ildönümü münasibətilə ayin keçiriləcək və daha sonra Beyruta yola düşəcək.

Papa Fransisk vəfat etməzdən əvvəl İznik Sinodunun 1700-cü ildönümü səbəbilə Türkiyəyə gəlmək istədiyini bildirmişdi. Papa XIV Leonun səfərinin mühüm səbəblərindən biri də sələfinin bu niyyətini həyata keçirməkdir. Bununla yanaşı, səfərin dini və siyasi olmaqla iki əsas mənası var. Din baxımından Türkiyə torpaqları xristianlığın formalaşması və yayılmasında mühüm rol oynayıb. İlk kilsələr, Pavlusun missioner səfərlərində ziyarət etdiyi mərkəzlər və xristianlığı formalaşdıran ilk ümumi sinodlar bu coğrafiyada baş verib. Onların arasında 325-ci ildə keçirilən İznik Sinodunun xüsusi əhəmiyyəti var. Çünki xristianlığın inanc əsasları (kredo) məhz burada müəyyənləşdirilib. Tarix boyunca müxtəlif məzhəblərə ayrılsalar da, bütün xristianların önəm verdiyi və qərarlarını keçərli saydığı yeganə sinod kimi qəbul olunur. Dünyanın ən böyük xristian icmasının lideri olaraq papanın İznik Sinodu üzərindən bütün xristianlara birlik mesajı verməsi onun mövqeyi və ənənəvi kilsə missiyası baxımından təbiidir. Fener Patriarxı ilə görüş isə əvvəlki papalarda olduğu kimi sadəcə nəzakət ziyarətidir. Hər papa ziyarətində ortaya atılan “Yoxsa iki kilsə birləşir?” kimi şərhlər tarixi və dini reallıqlardan uzaqdır.

Tarixdən günümüzə Türkiyə-Vatikan münasibətləri

Papa XIV Leonun səfərinin dünya gündəmi və siyasəti baxımından önəmi daha çox bölgədəki münaqişələr və humanitar fəlakətlərlə bağlıdır. Papalar, xüsusilə müasir dövrdə medianın diqqət mərkəzində olduqları zamanlardan etibarən, sülh və təmkin çağırışı etməyi ənənəyə çeviriblər. Bu çağırışların nə dərəcədə əməli nəticə verdiyi mübahisəli olsa da, humanitar məsələlərə diqqət çəkməsi baxımından funksionaldır. Papa XIV Leonun Türkiyə səfərində Rusiya-Ukrayna müharibəsi və xüsusilə də Qəzzadakı vəziyyətin gündəmə gəlməsi, Ərdoğanla birgə verilən mesajların bölgədə formalaşan mövqeyə ciddi dəstək verəcəyi şübhəsizdir. Üstəlik, Papanın ilk səfərini Türkiyəyə etməsi və bu mesajları məhz buradan verməsi təsadüfi deyil, Türkiyənin bölgədəki aktiv rolu ilə birbaşa bağlıdır.

Papalıqla Türkiyə arasındakı münasibətlər yeni deyil, Orxan bəy dövrünə qədər uzanan əlaqələr mövcuddur. Avropadakı bir çox sinodda Osmanlı nümayəndələri müşahidəçi kimi iştirak edib. Qanuni Sultan Süleyman iki din xadiminin kardinal təyin olunması istəyini yetirdikdə, dövrün papası bunu tərəddüdsüz qəbul edib. Fateh Sultan Mehmed dövründə şimaldan Frank təhdidi yarandıqca papa Osmanlıdan yardım istəyirdi və Osmanlı donanmasının İtaliya sahillərindən yaxın keçməsi belə frankları geri çəkilməyə məcbur edirdi. Osmanlı dövlətinin son dövrlərində belə papalar və sultanlar arasında diplomatik nəzakət çərçivəsində əlaqə mövcud idi. Buna görə də sözügedən səfər Türkiyə-Vatikan münasibətləri baxımından ayrıca mənaya sahibdir. Papanın gəlişi 1960-cı illərdən etibarən yeni seçilən hər papanın ilk səfərlərindən birini Türkiyəyə etməsi ənənəsinin davamı hesab edilməlidir.

Səfərlə bağlı bəzi çevrələrdə qaldırılan etiraz və ya fərziyyələrin olması təbiidir və şəxsi fikirlərlə bağlıdır. Lakin dövlətlərin şəxsi mülahizələrə əsasən hərəkət etmək imkanı yoxdur. Bu narahatlıqların çoxu bəzi qorxulardan qaynaqlanır. Halbuki Türkiyə Respublikasının özünə inamı bu qorxuları lazımsız edir. Digər dövlətlərlə olduğu kimi, müxtəlif dinlərin təmsilçiləri ilə də sağlam münasibətlər qurmaq həm beynəlxalq diplomatiyanın vacib tələbi, həm də dünyadan təcrid olunmaq əvəzinə qlobal siyasətdə fəal iştirak etməyin şərtidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papa   XIV-Leo   Türkiyə  


Bizi "telegram"da izləyin