Çinin müdafiə sənayesində müşahidə olunan bu açılma tendensiyası, xüsusilə də HHM sahəsində yeni sistemlərin nümayişi və ixracda aktivlik, paralel şəkildə Pekinin böyük seriyalı HHM komplekslərinin beynəlxalq bazarda yayılması ilə üst-üstə düşür. Bu dinamikanın növbəti mərhələsi kimi Azərbaycan 2025-ci ildə HQ-9BE uzaqmənzilli hava hücumundan müdafiə sisteminin dördüncü xarici operatoru kimi qeydə alındı. Bakıda keçirilən hərbi parad zamanı sistemin buraxılış qurğularının nümayişi Çin istehsalı HHM texnologiyalarının Cənubi Qafqazda da strateji mövqeyə sahib olmağa başladığını göstərdi. HQ-9BE-nin mövcud S-300PMU-2 platformalarını tamamlayacağı və ölkənin uzaqmənzilli hava müdafiə qatını genişləndirəcəyi gözlənilir.

Bu iki hadisə (HQ-19-un qapalı proqramdan açıq nümayişə keçidi və Azərbaycanın HQ-9BE sistemini inventarına daxil etməsi) Çinin HHM və raketdən müdafiə ekosisteminin inkişaf trayektoriyasını, eləcə də bu sistemlərin regional istifadəsinin yaratdığı yeni hərbi-texniki reallıqları daha ətraflı təhlil etməyi zəruri edir. Hazırkı məqalə HQ-9 ailəsinin konstruktiv inkişaf xəttini, texniki bazasını, döyüş tətbiqi təcrübələrini və operator ölkələrin əməliyyat nümunələrini sistemli şəkildə araşdırmağı qarşıya məqsəd qoyur və bununla da Azərbaycanın yeni platformanı hansı imkanlar çərçivəsində istifadə edə biləcəyinə dair analitik əsas formalaşdırır.
HQ-19-un buraxılış sistemi
Gəlin HQ-19 buraxılış maşınının dizaynını və sistem konfiqurasiyasını təhlil etməklə başlayaq. HQ-19 raketdən müdafiə sistemi 4 oxlu “off-road” şassi üzərində qurulub və ön sürücü kabinəsi, mərkəzi avadanlıq və ya idarəetmə kabinəsi, arxa hissədə isə hərəsində altı HQ-19 ələ keçirici raket yerləşən iki buraxılış paketi mövcuddur. Raketin qaldırılma mexanizmi inteqrasiya olunmuş lift sistemindən istifadə edir.
Görünən odur ki, HQ-9 hava hücumundan müdafiə sistemi üçün istifadə olunan hidravlik aktuatorla müqayisədə HQ-19-un inteqrasiya edilmiş qaldırma sistemi xeyli daha möhkəmdir. Raket buraxılış borusunun diametri nəzərəçarpacaq dərəcədə böyükdür, təxminən 40 santimetrdir. Bu isə HQ-19 raketinin özünün də təxminən 40 santimetr diametrə malik olduğunu göstərir. Bundan əlavə, buraxılış borusunun kənarlarında gücləndirici dayaqlar var və arxa hissə qara rezin blokla təchiz olunub ki, bu da raketin müxtəlif buraxılış şəraitlərinə uyğunlaşmasını artırır.

Diqqətəlayiq məqamlardan biri də odur ki, HQ-19 sahədə qaldırıldıqdan sonra şaquli deyil, kiçik bucaq altında buraxılır. Bu isə HQ-9B-nin şaquli buraxılışından açıq şəkildə fərqlənir. Eyni zamanda, bu bucaqlı buraxılış 2022-ci ildə yayımlanan “Paytaxtın Qoruyucusu Raket” videosunda müşahidə olunan xüsusiyyətlərlə üst-üstə düşür.
HQ-19-un klassik hava hücumdan müdafiə raketlərinin şaquli buraxılış üsulundan istifadə etməməsinin və əvəzində yüngül bucaqlı buraxılış tətbiq etməsinin səbəbinə gəldikdə, fikrimizcə, bu, soyuq buraxılış metodundan istifadə ilə bağlıdır. Bu qədər yüksək dəyərə malik qabaqcıl avadanlıq üçün, əgər ələ keçirici raket borudan çıxarıldıqdan sonra mühərriki işə düşməsə, onun buraxılış maşınının üzərinə düşüb digər raketləri partlatmaması, bunun əvəzinə müəyyən edilmiş təhlükəsiz zonaya düşməsi son dərəcə vacibdir.

Bundan əlavə, HQ-9B-nin əsasən aerodinamik hədəfləri vurmaq üçün nəzərdə tutulmasına qarşılıq, HQ-19 ballistik raket təhdidlərini vurmaq üçün hazırlanıb və ballistik raketlərin hücum trayektoriyası daha əvvəlcədən müəyyən olunduğu üçün çox istiqamətli hücumlara qarşı reaksiya vermək tələb olunmur. Buna görə bucaqlı buraxılış sistemi şaquli buraxılışdan daha uyğun əməliyyat seçimi sayılır.
HQ-19 sisteminin tam konfiqurasiyası
HQ-19-un tam sistem konfiqurasiyasına baxdıqda, Çin Hərbi Hava Qüvvələri sərgidə iki HQ-19 buraxılış maşını nümayiş etdirdi, lakin onları dəstəkləyən komanda kabinəsi, uzaqmənzilli xəbərdarlıq radarı və atəşə nəzarət radarı hələ də naməlumdur. Sərgidə müşahidə olunan iki radar sistemi, yəni 610A xəbərdarlıq radarı və 780 atəşə nəzarət radarı analitiklər tərəfindən HQ-19 üçün uzun məsafəli xəbərdarlıq və atəşə nəzarət radarları kimi qiymətləndirilib.
Lakin bu iki radar sistemi (və ya onların əvvəlki versiyaları) artıq əvvəlki aerokosmik sərgidə nümayiş etdirilmişdi və yeni eksponatlar deyillər. Bundan başqa, bu radarların təqdimat lövhələrində əsas diqqət aerodinamik hədəflərin aşkarlanmasına yönəlib, ballistik raketlər və yaxın kosmos aparatları isə ikinci dərəcəli olaraq qeyd olunur.
Biz bilirik ki, HQ-19 aerodinamik hədəfləri vurmaq üçün nəzərdə tutulmayıb və belə bahalı sistem bu məqsədlə istifadə edilməz. O, xüsusi olaraq ballistik raketləri və hipersəs vasitələrini vurmaq üçün hazırlanmış ixtisaslaşmış sistemdir. Buna görə də HQ-19 raketdən müdafiə sistemində istifadə edilən erkən xəbərdarlıq və atəşə nəzarət radarları hələ də sirr olaraq qalır.
HQ-19 Raketinin Xüsusiyyətləri
HQ-19 raketinin diametri görünür ki, “Hongqi-9C” kiçik diametrli raketinə bənzəyir. Lakin HQ-19 buraxılış maşınının altı raket daşıması bizi təəccübləndirir. Əvvəllər biz ən pis halda HQ-19-un hər maşında yalnız üç raket, hətta daha konservativ yanaşsaq, iki raket daşıya biləcəyini düşünürdük. Ancaq indi məlum olur ki, bir maşın altı raket daşıya bilir.
ABŞ-nin THAAD Raketdən Müdafiə Sistemi
Əgər amerikalılar həqiqətən THAAD-ER sistemini inkişaf etdirə bilsəydilər, o da bu səviyyədə olardı. Lakin bu o qədər də təəccüblü deyil.
Birincisi, ballistik raketlərin ələ keçirilməsi üçün nəzərdə tutulmuş raketlərin dizaynı hava hücumundan müdafiə raketlərindən fərqlənir. Hava hücumundan müdafiə raketləri aerodinamik hədəflərə qarşı işləməli olduğundan, aşağı atmosferdə uçuş sabitliyini təmin etmək üçün stabilizasiya səthlərinə ehtiyac duyur. Ancaq ballistik raketlərə qarşı nəzərdə tutulmuş raketlərdə bu problem yoxdur. Onların fəaliyyət mühiti aşağı atmosfer deyil, buraxıldıqdan sonra tez bir zamanda yaxın kosmos qatına yüksəlir, sonra hədəfə doğru hərəkət və manevr edir. Buna görə bu raketlər çox vaxt arxa qanadlara ehtiyac duymur, bu isə buraxılış borusunda əhəmiyyətli yerə qənaət edir.
HQ-19 və THAAD raketlərinin müqayisəsi
İkincisi, ballistik raketlərin ələ keçirilməsi üçün nəzərdə tutulmuş raketlərin gövdəsi həmişə hava hücumundan müdafiə raketindən daha böyük olmur. Bunun səbəbi iki raket növünün döyüş başlıqlarının fərqli olmasıdır. Hava hücumundan müdafiə raketləri çox vaxt davamlı ox formalı və ya yüksək partlayış qabiliyyətli qəlpəli döyüş başlıqlarından istifadə edir və effektiv zərbə radiusunu təmin etmək üçün döyüş başlığı çox vaxt təqribən 100 kiloqrama çatır.
Məsələn, ABŞ-nin RIM-174 “Standard-6” raketi MK-125 yüksək partlayış qabiliyyətli qəlpəli döyüş başlığından istifadə edir və həmin başlıq 125 kiloqramdır. Raketin ümumi çəkisi 1 497 kiloqramdır. Lakin ballistik raketlərin ələ keçirilməsi üçün nəzərdə tutulmuş “Standard-3 Block 1B” raketi 1 501 kiloqram buraxılış çəkisinə malikdir və yalnız 23 kiloqramlıq kinetik zərbə (hit-to-kill) döyüş başlığı daşıyır. Döyüş başlığı nə qədər yüngül olarsa, raket gövdəsi də bir o qədər yüngül və kiçik dizayn edilə bilər.
Eyni zamanda sözügedən raketlər adi “yer-hava” raketləri ilə müqayisədə daha qabaqcıl materiallardan və yanacaq formullarından istifadə edir. Məsələn, karbon lifli kompozit gövdə və yüksək sıxlıqlı, yüksək yanma sürətli N15B yüksək performanslı yanacaq istifadə edilə bilər ki, bu da raketin konstruktiv çəkisinin azalmasına imkan verir.
Yüksək xüsusi impulslu yanacaq və çox yüngül döyüş başlığının tətbiqi ilə bu raketlərin ölçüləri mütləq adi “yer-hava” raketindən böyük olmur. HQ-19-un bir maşında altı raket daşıması Çinin həm hava hücumundan müdafiə, həm də raket əleyhinə müdafiə raketlərinin dizaynında yüksək səriştəyə malik olduğunu göstərir.
HQ-19-un Missiyası
HQ-19 raketi yüksək dərəcədə qabaqcıl dizayna malik olduğundan, onun hansı tapşırığı yerinə yetirdiyi sual olunur. Biz bunu yalnız HQ-19-un əvvəlki sınaqlarda hansı hədəf raketləri vurduğuna baxaraq təxmin edə bilərik.
Hər kəs bilir ki, raket əleyhinə müadifə raketlərinin hədəfi vurma qabiliyyəti müəyyən dərəcədə onun “sönmə sürəti”ndən (shut-off speed) asılıdır. Sözügedən raket öz sönmə sürətindən daha yüksək sürətlə uçan hədəfi vurmaq ehtimalına malik deyil. Bu, ötən aylarda İranın İsrailə ballistik raket hücumu zamanı açıq-aydın müşahidə edildi.
Məsələn, ABŞ-nin THAAD raketdən müdafiə sistemi iddia edir ki, onun raketinin “sönmə sürəti” saniyədə 2 800 metrdir. Bu sürət 3 000 kilometr məsafəli orta mənzilli ballistik raketləri vurmaq üçün kifayətdir.
Müxtəlif raketdən müdafiə sistemlərinin önləmə məsafələrinin müqayisəsi
Bunun müqabilində ABŞ Hərbi Dəniz Qüvvələrinin “Standard-3 Block 1B” raketi təxminən 3 500 m/s “sönmə sürəti”nə malikdir və bu, ona 3 000 kilometrdən çox mənzilli ballistik raketləri vurmağa imkan verir. “Standard-3 Block 2A” isə təxminən 5 500 m/s sürətə çatır və bu, ona qitələrarası ballistik raketləri (ICBM) vurmaq imkanı verir.
HQ-19-un göstəricilərinin “Standard-3 Block 1B” ilə “Block 2A” arasına düşdüyü ehtimal olunur, yəni o, ABŞ-nin yalnız planlaşdırdığı, lakin inkişaf etdirmədiyi THAAD-ER səviyyəsinə bərabər ola bilər. O, təxminən 5 000 kilometr mənzilli ballistik raketləri yüksək hündürlükdə terminal mərhələdə vurma qabiliyyətinə malikdir.
Çinin gələcək hava və kosmik müdafiə sistemi
İndi isə gəlin Çinin hazırkı hava və raketdən müdafiə sisteminə nəzər salaq. HQ-19-un ortaya çıxması ilə Çinin hava-kosmos müdafiəsi strategiyası və taktikasında yeni bir hissə tamamlanmış oldu.
Hazırda HQ-19 ehtimal ki, orta uçuş və yüksək hündürlükdə terminal mərhələ raketdən müdafiə tapşırıqlarını icra edir. HQ-9B və HQ-9C isə aerodinamik hədəfləri, həmçinin orta və qısa mənzilli ballistik raketləri vurmaqla məşğuldur. HQ-11, müxtəlif antidron sistemləri, elektro-optik əks-tədbir sistemləri və digər vasitələr kritik obyektlərin nöqtə müdafiəsini, pilotsuz uçuş aparatlarına və kiçik hədəflərə qarşı müdafiəni təmin edir. HQ-16 və HQ-17 isə hava qüvvələrinin döyüş sisteminə deyil, quru qoşunlarının hava hücumundan müdafiə sisteminə daxildir.
ABŞ-nin hava və kosmos müdafiə sisteminin sxemi
Bəs Çin hava və raketdən müdafiə sistemində nə çatışmır? ABŞ-nin hava və raketdən müdafiə sisteminə baxsaq, ABŞ öz müdafiə sistemini quru əsaslı orta mərhələ GBI, quru əsaslı yüksək hündürlük THAAD, quru əsaslı terminal mərhələ PAC-3 MSE, quru əsaslı terminal mərhələ PAC-2 GEM+, həmçinin dəniz əsaslı “Standard-3” və “Standard-6” raketləri ilə qurur.
Hazırda Çinin HQ-9B/C sistemi açıq şəkildə PAC-2 GEM+ sistemindən üstündür, lakin PAC-3 MSE ilə müqayisədə müəyyən boşluq mövcuddur. Buna görə də gələcəkdə PAC-3 MSE-yə bənzər bir sistemin hazırlanması lazım olacaq. GBI-yə bənzər məhsulun isə Çində böyük ehtimalla mövcud olduğu, lakin ictimaiyyətə göstərilmədiyi düşünülür.
Çinin ən ciddi çatışmazlığı isə dəniz əsaslı raketdən müdafiə sistemidir. “Standard-6” təxminən HQ-9B-yə bərabərdir, lakin Çin hazırda “Standard-3”ün dəniz versiyasına malik deyil. Lakin HQ-19-un xarici görünüşünə əsasən onun gəmilərə yerləşdirilməsində heç bir problem olmadığı görünür.
Yeganə məsələ isə donanmanın hava hücumundan müdafiə gəmilərində istifadə olunan 346 seriyalı radarların raketdən müdafiə döyüş tələblərini qarşılayıb-qarşılamamasıdır. Dəniz üçün xüsusi raketdən müdafiə radarının hazırlanması lazımdır, yoxsa quru əsaslı raketdən müdafiə radarları uzun mənzilli hədəf aşkar etmə rejimindən istifadə edərək donanma gəmilərini koordinasiya edə bilər? Bu, Çinin dəniz raketdən müdafiə qabiliyyətinin inkişafında yaxın dövrün əsas fokus mövzusu ola bilər.
Nəticə: ABŞ-Çin texnoloji qarşıdurması fonunda Azərbaycan üçün strateji dərslər
Çinin HQ-19 kimi yüksək səviyyəli ballistik raketdən müdafiə sistemlərini təkmilləşdirməsi, onu strateji müttəfiqlərinə tədarük etməsi və ABŞ-nin THAAD/SM-3 ailəsinə cavab olaraq öz qlobal müdafiə arxitekturasını formalaşdırmağa başlaması, beynəlxalq təhlükəsizlik mühitində yeni hərbi-texnoloji mərhələnin başlandığını göstərir. Artıq raketdən müdafiə sistemləri təkcə texniki imkanların deyil, həm də geopolitik nüfuzun əsas indikatorlarından birinə çevrilir. ABŞ-Çin rəqabətinin məzmunu göstərir ki, yaxın onillikdə dövlətlərin təhlükəsizlik səviyyəsini müəyyən edən əsas faktor hava hücumundan müdafiə deyil, raketdən və kosmosdan hücuma qarşı müdafiə qabiliyyəti olacaq. Bu reallıq Azərbaycan üçün də strateji mülahizələrin yenilənməsini tələb edir.
Azərbaycanın Cənubi Qafqazda lider mövqeyini qoruması, postmüharibə dövründə yeni təhlükəsizlik arxitekturasını formalaşdırması və regional güc balansında əsas aktora çevrilməsi üçün yalnız klassik HHM sistemlərinə güvənməsi artıq kifayət etmir. Ətraf ölkələrdə ballistik raket proqramının sürətli inkişafı, Yaxın Şərqdə ballistik silahların adi hərbi əməliyyatların bir parçasına çevrilməsi və qlobal miqyasda raket texnologiyalarının yayılması fonunda Azərbaycan üçün ən kritik məsələ ballistik və hipersəs təhdidlərinə qarşı çoxtəbəqəli müdafiə sisteminin qurulmasıdır. ABŞ-Çin rəqabətindən görünən odur ki, müasir dövlətlər bütün hava-kosmos spektrini əhatə edən sistem yaratmasa, strateji üstünlüyünü itirir.
Bu kontekstdə Azərbaycan üçün iki əsas nəticə çıxır: birincisi, tək mənbəyə bağlı olmayan, çoxkanallı və çoxmənbəli müdafiə sisteminin qurulması həyati əhəmiyyət kəsb edir. Çinin HQ-19, ABŞ-ın THAAD/SM-3 və Avropanın “Aster” ailəsi göstərir ki, texnoloji əməkdaşlıq müxtəlif domenlərdə paralel şəkildə aparılmalıdır. Bu isə Azərbaycanın həm Türkiyə ilə TF-2000, SIPER və uzun mənzilli raketdən müdafiə proqramlarında, həm də İsrail və digər Qərb platformaları ilə əməkdaşlığını dərinləşdirməsini tələb edir. Raketdən müdafiə sahəsində “tək tərəfli asılılıq” təhlükəsizlik boşluğu yaradır, çoxşaxəli qarşılıqlı təsir isə təhdidlərin real diversifikasiyasına cavab verir.
İkincisi, ABŞ-Çin rəqabəti göstərir ki, müasir dövrdə strateji üstünlük yalnız bir raket sisteminə deyil, inteqrasiya olunmuş hava-kosmos müdafiə şəbəkəsinə malik olmaqla təmin edilir. Azərbaycan üçün bu, erkən xəbərdarlıq radarlarının gücləndirilməsi, kosmos müşahidə imkanlarının genişləndirilməsi, komanda-idarəetmə sistemlərinin vahid döyüş məlumat şəbəkəsində birləşdirilməsi və xüsusilə yüksək hündürlükdə ələ keçirmə qabiliyyətinin artırılması deməkdir. Bakının 44 günlük müharibədə nümayiş etdirdiyi texnoloji üstünlük artıq yeni mərhələyə keçməlidir, yalnız hücum deyil, strateji dərinlikdə müdafiə qabiliyyəti də formalaşdırılmalıdır. ABŞ-Çin qarşıdurmasından çıxan əsas dərs odur ki, gələcəyin təhlükəsizlik mühiti ballistik raketlərdən və kosmosdan gələn təhdidləri prioritetləşdirən dövlətlərin tərəfində olacaq.
Firuz Bağırov
Ordu.az