Raketin Gizli Dəyəri: Niyə Başlıqların Qiyməti Yanlış Göstərilir?

2025/11/1763577063.jpg
Oxunub: 805     17:30     20 Noyabr 2025    
2023-cü ilin sonundan etibarən ABŞ Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə ucuz Husi Pilotsuz Uçuş Aparatı (PUA) və raketlərindən gəmiləri qorumaq üçün təxminən 1 milyard dollarlıq sursat sərf edib. Ardınca gələn başlıqlar bahalı, çoxmilyonluq raketlərin ucuz PUA-lara qarşı istifadəsinin absurdluğunu haqlı olaraq qabartdı. Lakin bu başlıqlar daha böyük mənzərəni əldən verir.

Hər bir önləmənin arxasında böyük və bahalı bir ekosistem dayanır: aviadaşıyıcı ilə birlikdə müşayiət edən gəmilər, onların yanacaqla təmin edilməsini həyata keçirən logistika zənciri, heyətin uzunmüddətli hazırlıq sistemi, eləcə də əməliyyatın idarə edilməsini mümkün edən komanda-idarəetmə şəbəkələri. Əslində, bir PUA-nı vurmağın dəyəri bir neçə milyon dollar yox, yüz milyonlarla dollara çatan fəaliyyət və təminat xərcləridir. Amma o bahalı atəş daha böyük itkini də önləyə bilərdi: 2,5 milyard dollar dəyərində “Arleigh Burke” sinfinə məxsus bir esminesi və ən əsası, onun heyətini.

Hərəkətin dəyəri ilə nəticənin əhəmiyyəti arasındakı bu gərginlik Pentaqonun çox işlənən bir anlayışının, “təsir başına dəyər” (cost-per-effect) anlayışının mərkəzində durur. “Dəyər” nədən ibarətdir və “təsir” nə deməkdir, bunlar başlıqların göstərdiyindən çox daha mürəkkəb suallardır. Əgər ABŞ Müdafiə Nazirliyi təsir başına dəyəri yanlış hesablayırsa, kağız üzərində ucuz görünüb əslində böyük infrastruktur tələb edən sistemləri üstün tutma riski var. Və ya ucuza alınan, lakin əməliyyatda məhdud effekt verən sistemlər öz məqsədini puça çıxara bilər.

“Dəyər” Əslində Nə Deməkdir?

Bir qabiliyyətin dəyərindən danışanda analitiklər əslində eyni şeyi nəzərdə tutmaya bilərlər. Ən çox sitat gətirilən rəqəmlər, mediada görünənlər adətən alış qiymətləridir. Məsələn, orta alış vahidinin qiyməti və proqramın vahid alış dəyəri layihəyə xərclənən inkişaf və satınalma pullarının istehsal vahidlərinin sayına bölünməsidir. Büdcələşdirmə üçün faydalıdır, lakin sistemin real istifadəsinin dəyərini əks etdirmir.

Məsələn, Husi PUA-larının vurulmasında istifadə olunan SM-2 və SM-6 raketləri. Onların qiymətləri müvafiq olaraq təxminən 2,2 milyon və 4,3 milyon dollardır, amma bu ümumi mənzərənin yalnız kiçik bir hissəsidir. Əsl dəyərə həmin raketi atan esmines, onun heyəti, okeanda qalması üçün yanacaq və təmir, habelə bütün logistika şəbəkəsi daxildir. Təbii ki, bu xərclərin hamısını bir atışın üzərinə yazmaq doğru olmaz, amma onları tamamilə nəzərə almamaq real döyüş nəticəsinin dəyərini kəskin şəkildə kiçildər.

Problemlərdən biri də odur ki, ABŞ Müdafiə Nazirliyində belə xərcləri müqayisə etmək üçün standart metodika yoxdur. Hər qoşun növü öz hesablamasını aparır və nəticələr fərqli çıxır. Hətta eyni sistem üçün bir neçə rəsmi mənbə müxtəlif dəyərlər verə bilər. Bu səbəbdən Müdafiə Nazirliyinin xərcləri qiymətləndirmə ofisləri, məsələn, “Office of Cost Assessment and Program Evaluation” və ya “Air Force Cost Analysis Agency” daha real qiymətlər təqdim edir. Proqram ofisləri xərcləri az göstərməyə meyllidir, lakin bu müstəqil agentliklər tərəfsiz qiymətləndirmə aparır.

“Təsir”in Tərifi

Dəyəri müəyyənləşdirmək çətindirsə, təsiri müəyyən etmək daha da çətindir. Birgə hərbi doktrina təsiri sadəcə “fəaliyyətin nəticəsi” kimi müəyyənləşdirir. Bu çox geniş tərifdir, çünki təsir demək olar ki, hər şey ola bilər: hədəfi məhv etmək, kibertəsir, bir PUA-nı vurmaq və ya düşməni müharibəni udmaqdan çəkindirmək. Bəzi təsirlər ani görünmür və yalnız uzun müddətdə ölçülə bilər. Məsələn: “Qorxutma əməliyyatının təsirini necə ölçmək olar?”.

Qırmızı dəniz vəziyyətində təsirlər çoxsaylı idi: taktik səviyyədə gəmilərin müdafiəsi, strateji səviyyədə isə gəmiçilik yollarının açıq saxlanması. Əgər yalnız raket atışlarına baxsaq, taktik məqsəd aydın idi: ABŞ gəmilərini PUA-lardan qorumaq. Bunun üçün Hərbi Dəniz Qüvvələrinin müxtəlif vasitələri var idi: uzaqmənzilli raketlər, toplar, kiçik silahlar və qeyri-kinetik vasitələr. Ucuz olanlar son müdafiə xəttidir, yəni PUA artıq gəminin üstünə gələndə istifadə edilə bilər. Ona görə də təbəqəli müdafiə daha effektivdir və ilk müdafiə vasitəsi olan raket ən yaxşı variantdır. Heç bir gəmi komandiri 2,5 milyard dollarlıq gəmini və yüzlərlə dənizçini ən ucuz vasitənin ümidinə buraxmaz.

Təsir Başına Dəyəri Düzgün Hesablamaq

Təsir başına dəyər analizinin faydalı olması üçün analitiklər real təsiri əldə etmək üçün tələb olunan bütün xərcləri dürüst və tam şəkildə nəzərə almalıdırlar. İlk addım təsirin aydın tərifi olmalıdır, məsələn, ABŞ hərbi gəmilərini hava hədəflərindən qorumaq, sonra bu nəticəni əldə etmək üçün lazım olan bütün xərclər müəyyənləşdirilməlidir.

Əlbəttə, bütün xərclər nəzərə alınmamalıdır. Ümumi satınalma qiymətlərindən daha çox müqayisəli xərclər çərçivəsi qurulmalıdır. Ümumi xərclər büdcə üçün vacibdir, amma təsir başına dəyər analizi sistemlər arasındakı seçim fərqlərini üzə çıxarmalıdır. Pentaqonda geniş yayılmış səhvlərdən biri “batmış xərc” prinsipinə həddindən artıq bağlanmaqdır. Raket artıq arsenaldadırsa, ona sərf olunmuş araşdırma-inkişaf pulları artıq geri qaytarılmayacaq, bu xərclər gələcək dəyər hesablamasını pozmamalıdır. ABŞ ordusu bu düşüncəni dəyişərək müasir döyüşə uyğun olmayan bir neçə proqramı ləğv edib.

Növbəti məsələ birbaşa, dolayısı və ümumi xərcləri ayırmaqdır. Birbaşa xərclər qabiliyyətə aid olan real xərclərdir, məsələn, yanacaq daşıyan təyyarə, hədəfi işıqlandıran radar və s. Dolayı xərclər isə sistemlə birbaşa əlaqələndirilə bilmir. Məsələn, həmin esminesin dayandığı bazanın saxlanması xərci. Ümumi xərclər isə bütün sistemlər arasında ortaqdır, məsələn, komanda və idarəetmə üçün istifadə olunan peyklər. Bundan başqa, ümumi xərclərin ən kiçik hissəsini təşkil edən və təsir etməyən “əhəmiyyətsiz xərclər” var. Bu, analitik üçün harada dayanmalı olduğunu göstərir.

Döyüş Meydanından Kənarda

Bu çərçivə hələ ki yalnız texniki və əməliyyat ölçülərinə baxır. Amma təsir başına dəyər təkcə texnologiya ilə bitmir. Bəzən taktika, prosedur və döyüş üsullarını dəyişmək yeni sistem almaqdan daha ucuz və daha təsirli ola bilər.

Daha bir vacib məsələ isə istehsal və davamlılıq qabiliyyətidir. Ukrayna müharibəsi göstərdi ki, ucuz, çevik və sürətlə çoxaldıla bilən silahlar uzunmüddətli müharibələrdə həlledicidir. Qırmızı dəniz vəziyyəti də eyni dərsi verdi: bahalı raketlərlə ucuz PUA-ların müqayisəsi yalnız dəyərin bir hissəsidir. Əsas sual budur: həmin raketləri kütləvi şəkildə nə qədər tez istehsal etmək mümkündür? Silah nə qədər yaxşı olsa da, əgər tez istehsal və tədarük edilə bilmirsə, döyüş dəyəri azalır. Yəni təsir başına dəyər təkcə döyüş performansını deyil, həm də müharibə şəraitində sürətlə istehsal və təchizat imkanlarını nəzərə almalıdır.

Niyə Bu Vacibdir?

Düzgün tətbiq edilən təsir başına dəyər analizi daha ağıllı investisiya və əməliyyat qərarlarına yol aça bilər. Əhatəli yanaşma bəzi hallarda baha görünən uzaqmənzilli raketlərin əslində daha sərfəli olduğunu göstərə bilər, çünki onların yüksək effektivliyi dəyərini doğruldur. Başqa hallarda isə daha ucuz sistemlər və ya taktiki dəyişikliklər eyni nəticəni çox daha az xərclə təmin edə bilər.

Analitik iş aparılmadığı müddətcə başlıqlarda görünən “milyon dollarlıq raket – min dollarlıq PUA” müqayisəsi sadəcə gurultudur. 4 milyon dollarlıq raketi lağa qoymaq əsas həqiqəti gizlədir: bəzən o raket mövcud ən yaxşı pis variantdır. Əsl problem komandirlərin bahalı raketlərdən istifadə etməsi deyil, onların eyni dərəcədə effektiv, lakin daha ucuz alternativlərinin olmamasıdır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raket   Dəyər   PUA  


Bizi "telegram"da izləyin