ASELSAN-ın MURAD AESA-sı: Türkiyənin milli radarında sıçrayış və “yüksək liqa”ya yüksəliş

2025/11/thumb-1762413259.jpg
Oxunub: 1331     11:29     07 Noyabr 2025    
Türkiyə müdafiə sənayesi qabaqcıl texnologiyaları yerliləşdirmə və milliləşdirmə baxımından daha bir kritik mərhələni geridə qoydu. ASELSAN-ın milli imkanlarla inkişaf etdirdiyi MURAD 100-A AESA radarı “Kızılelma” ilə ilk uçuşunu uğurla tamamlayarkən, F-16 platformasından da bu radar vasitəsilə “hava-hava” raketi atışı həyata keçirildi. Bu mühüm addım Türkiyənin texnoloji bacarığını və qlobal radar bazarındakı potensial mövqeyini nümayiş etdirən önəmli bir inkişaf oldu.

AESA radarı niyə vacibdir?

Radar sistemlərini quru, dəniz və hava platformalarının gözü və qulağı kimi düşünmək lazımdır. Digər texnoloji məhsullarda olduğu kimi, radar texnologiyası da nəsillərə ayrılır. “Active Electronically Scanned Array”, qısaca AESA radar texnologiyasında bir inqilab sayılır. Mexaniki və PESA radarları ilə müqayisədə AESA texnologiyası bir çox üstünlüklərə malikdir və bu üstünlüklər rəqib və düşmən qüvvələr qarşısında ciddi üstünlük təmin edir.

Sadə dillə desək, mexaniki radarlar yalnız baxdıqları istiqamətdə fiziki hərəkətlə skan edə bilən antenlərə malikdir. Bu isə sistemi həm daha yavaş edir, həm də düşmən tərəfindən asanlıqla aşkar olunmasına şərait yaradır.

Fazalı antena sistemləri sinfində yer alan AESA radarlarında isə antenalar fiziki olaraq hərəkət etmir, radar şüası elektron şəkildə istiqamətləndirilir. AESA radarlarının üzərində çoxsaylı qəbuledici-ötürücü modullar olur və bunların hər biri müstəqil şəkildə işləyir. Hər modul ayrıca radio dalğası göndərərək şüaları yönəldir və daha geniş tezlik diapazonunda fəaliyyət göstərdiyi üçün düşmən tərəfindən aşkar olunması çətinləşir.

Buna görə də AESA radarına malik hava və dəniz platformalarının güclü siqnal yaymasına baxmayaraq, onlar gizli qalma qabiliyyətinə sahib olur. Müstəqil işləyən modullar AESA-nı çoxfunksiyalı radar sistemi halına gətirir, bu sistem eyni anda axtarış, izləmə, hədəfləmə və radioelektron mübarizə vəzifələrini yüksək çevikliklə və aşağı görünmə ilə icra edə bilir. Bundan əlavə, AESA texnologiyası digər radar sistemləri ilə müqayisədə daha geniş ərazidə, daha uzaq məsafədə və daha yüksək təsvir dəqiqliyində çoxsaylı hədəfi izləyə bilir.

Türkiyə niyə AESA texnologiyasına sahib olmalıdır?

Türkiyə kimi təhlükə spektri çox geniş olan ölkələr üçün AESA texnologiyası strateji əhəmiyyət daşıyır. Bu sistem hədəflərin aşkar və tanınmasında daha geniş ərazini, daha uzun məsafəni və daha dəqiq görüntünü təmin edir. Quru, hava və dəniz hədəflərini mikrosaniyələr ərzində izləyə bilir. Aşağı aşkar olunma ehtimalı sayəsində onun qarışdırılması çətindir və bu xüsusilə pilotsuz uçuş aparatları üçün həyati önəmlidir.

AESA eyni zamanda hədəf izləmə əməliyyatları zamanı radioelektron mübarizə funksiyalarını da yerinə yetirə bilir, bu isə radioelektron qarışdırma, aldadıcı siqnallar və hücum funksiyalarını paralel icra etməyə imkan verir.

Mexaniki sistemlərlə müqayisədə AESA radarlarının hərəkətli hissələrinin az olması onları daha dayanıqlı edir və baxım xərclərini azaldır. Hər bir antenin öz qəbuledici-ötürücü modulu olduğundan, moduldan biri sıradan çıxsa belə sistem fəaliyyətini dayandırmadan işləməyə davam edir.

AESA texnologiyası niyə az sayda ölkə tərəfindən istehsal olunur?

AESA texnologiyası həm “məlumat üstünlüyü”, həm də “əməliyyat üstünlüyü” təmin etsə də, istehsalı son dərəcə mürəkkəbdir. Bu səbəbdən dünyada 10-dan az ölkə AESA texnologiyasını istehsal edə bilir.

Birincisi, radarın modulyar quruluşu yüksək səviyyəli mühəndislik tələb edir. Məsələn, “Gallium Nitride” (GaN) texnologiyası AESA radarlarının əsas komponentidir və bu sahədə yarımkeçirici sənaye hərbi texnologiyanın inkişafı üçün həlledici rol oynayır. Koreyada ETRI və “Wavice” şirkətlərinin birgə işi də bu texnologiyanın yerliləşdirilməsinə yönəlmiş çətin səyləri göstərir.

İkincisi, AESA texnologiyasını inkişaf etdirmək yalnız AR-GE bacarığı ilə deyil, həm də müdafiə sənayesi infrastrukturu ilə bağlıdır. Əgər ölkədə yerli istehsal olan insanlı və ya pilotsuz hava və dəniz platformaları yoxdursa, radar texnologiyasına böyük miqyaslı investisiya etmək real deyil.

Üçüncüsü qlobal güclərin bazar siyasətidir. ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və İsrail kimi ölkələr Türkiyə və Cənubi Koreya kimi yeni oyunçuların AESA texnologiyasını inkişaf etdirməsini xoş qarşılamır. Buna görə də ixrac məhdudiyyətləri və komponent embarqoları tətbiq edilir.

Dördüncüsü, AESA texnologiyası bahalıdır. Çip səviyyəsindən son sistem inteqrasiyasına qədər tam yerli istehsal böyük maliyyə vəsaiti tələb edir. AR-GE mərhələsi belə yüksək xərc tələb edir, çünki sistemdə qəbuledici-ötürücü modullar, keçiricilər, soyutma sistemləri və inkişaf etmiş prosessorlar kimi çoxsaylı mühüm komponentlər var.

ASELSAN-ın radar texnologiyasının strateji nəticələri

ASELSAN-ın AESA radarlarını yerli və milli şəkildə istehsal etməsi bir çox strateji nəticə doğurur.

Birincisi, məlumat, kəşfiyyat və əməliyyat üstünlüyü əldə edilir. AESA radarları inteqrasiya olunduğu platformanın gözü və qulağı rolunu oynayır. Düşmən və rəqib qüvvələri real vaxtda izləmək və müəyyənləşdirmək mümkündür.

İkincisi, bu texnologiyanın proqram və avadanlıq səviyyəsində modernləşdirilməsi bacarığı Türkiyəyə texnoloji müstəqillik və strateji avtonomluq qazandırır.

Üçüncüsü, yerli istehsal sayəsində mümkün embarqoların və gecikmələrin qarşısı alınır. Xaricdən alınan sistemlərin tədarükündə gecikmə əməliyyat riskləri yarada bilər.

Dördüncüsü milli təhlükə bazasının formalaşdırılması və əməliyyat fərqindəliyinin artırılmasıdır. Türkiyə kimi geniş risk spektrinə malik ölkələr üçün “böyük mənzərəni” görmək həyati əhəmiyyət daşıyır.

Beşincisi, ASELSAN sayəsində Türkiyə AESA radarını istehsal edən azsaylı ölkələrdən biri olub və radar texnologiyasında yüksək liqaya yüksəlib.

Son olaraq, ASELSAN fərqli platformalar üçün ehtiyaca uyğun AESA ailəsi inkişaf etdirir. F-16, “Anka-3”, “Akıncı”, “Kızılelma” və KAAN kimi müxtəlif hava vasitələrinə inteqrasiya edilən AESA radarları Türkiyənin hərbi çəkindiriciliyində güc multiplikatoru təsiri yaradır.

Növbəti mərhələ isə bu radarların real döyüş şəraitində uzunmüddətli istifadəsi və seriya istehsalına başlanması olacaq. MURAD AESA bu istiqamətdə ilk məhsul olaraq, həm texniki, həm proqram təminatı baxımından gələcək sistemlər üçün dəyərli təcrübə mənbəyi olacaq.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MURAD   AESA   Türkiyə  


Bizi "telegram"da izləyin