EUROSAM SAMP/T Proqramının Türkiyəyə Faydası Olarmı? – Türkiyəli Araşdırmaçı Yazır

2025/12/1766668457.jpg
Oxunub: 1301     17:28     17 Yanvar 2026    
Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) inventarına S-400 xarici alışı həyata keçirilənə qədər, təəssüf ki, müasir və effektiv Hava Hücumundan Müdafiə (HHM) sisteminin qazandırılması mümkün olmayıb. Rusiyadan alınan S-400 isə tam mənası ilə Türkiyənin ehtiyac duyduğu HHM sistemi tələbatını ödəməkdən uzaq bir sistemdir.

Türkiyənin HHM Sistemi Ehtiyacı:

Türkiyə Silahlı Qüvvələrinin uzun mənzilli HHM sistemi ehtiyacı 1990-cı illərdən əvvəl gündəmə gəlmiş və illərlə nəzərə alınmamış bir mövzudur. “Savunma ve Havacılık” jurnalının ilk saylarından etibarən mövzunu izləyənlər belə, “ilan hekayəsi”nə çevrilən bu təchizat prosesinin mərhələlərini izləmək imkanı tapıblar. Məsələyə rahat kreslolarından və mülki baxış bucağı ilə baxan bizlər bir şəkildə nəticələnməyən bu proses haqqında saysız-hesabsız parlaq fikir irəli sürə bilərik. Lakin hərbçilər üçün əlbəttə ki, “içi məni, çölü səni yandırar” misalında olduğu kimi, içində bir çox məsələni ehtiva edən bir proses olduğu da bizim gerçəkliyimizdir.

Türkiyə HHQ-nin inventarına S-400 xarici alışı həyata keçirilənə qədər, təəssüf ki, müasir və effektiv HHM sisteminin qazandırılması mümkün olmayıb. Rusiyadan alınan S-400 isə tam mənası ilə Türkiyənin ehtiyac duyduğu HHM sistemi tələbatını ödəməkdən uzaq bir sistemdir. Bundan başqa, ABŞ və NATO qarşısında bir çox çətinliklərlə üzləşməyimizə səbəb olub. Hazırda davam edən Rusiya-Ukrayna müharibəsi bu cür HHM sistemlərinə sahib olmağın əhəmiyyətini və vacibliyini hərbçi və ya mülki fərq etmədən hər kəsə göstərib.

EUROSAM SAMP/T Proqramları:

Bu çərçivədə Fransa və İtaliyanın ortaq istehsalı olan, S-400-ün analoqu kimi qəbul edilə biləcək EUROSAM istehsalı “Aster 15/30 SAMP/T” sistemi ilə bağlı təchizat danışıqlarının tərəflər arasında yenidən başladığına dair xəbərlərə rast gəlirik. Şübhəsiz ki, bir müddət Türkiyədə də yerləşdirilmiş, yaxın zamanda əlavə bir modernizasiya proqramına da məruz qalmış NATO standartlarındakı SAMP/T sisteminin Türkiyəyə qazandırılması müsbət bir inkişaf olacaq. Lakin bu sistemin “Türkiyənin HHM əməliyyat ehtiyacları üçün ideal bir həll olub-ola bilməyəcəyi” yönündə bir qiymətləndirmənin aparılmasına da ehtiyac olduğu açıq-aşkar görünür. Bundan əlavə, bu sistemin satın alınması ilə gözlənilən “milli maraqların necə maksimuma çatdırıla biləcəyi” isə ayrıca bir mövzu olaraq qarşımıza çıxır.

SAMP/T Tarixi:

İlk öncə sözügedən raketi formalaşdıran fəlsəfəyə, ehtiyaclara və sistemin qısa tarixinə nəzər salmaq lazımdır. 1980-ci illərdə Fransa və İtaliya başda olmaqla, bir çox NATO ölkələri üçün, səthdə (dəniz və quru) yerləşdirilən, uzun mənzilli HHM raketi ehtiyacı aydın şəkildə ortaya çıxıb. Həmin illərdə hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin bu cür bir sistemə olan ehtiyacı daha prioritet hesab olunmağa başlayıb. Bu səbəbdən modulyar yanaşma tərzi ilə HHM sistemi istehsalı işlərinə başlanılıb.

Bir gəminin öz müdafiəsini uzaq məsafədən təmin edə biləcək, səs sürətindən aşağı sürətə malik raketlərə qarşı müdafiə təmin edəcək, gələcəkdə qarşılaşılması ehtimal olunan supersəs raketlərinə qarşı da müəyyən dərəcədə qoruma çətiri vəzifəsini yerinə yetirə biləcək, təyyarə və helikopterləri dəniz platformasından uzaq saxlaya biləcək imkanlara malik olması planlaşdırılan “Aster 15” raketdən müdafiə sistemi bu çərçivədə inkişaf etdirilməyə başlayıb.

Güclü “booster” əlavəsi ilə bu sistemin “Aster 30” olaraq daha uzun məsafələrə çata biləcəyi də nəzərdə tutulub. Beləliklə, yalnız bir dəniz platformasının müdafiəsini təmin etməkdən əlavə, daha geniş ərazidə fəaliyyət göstərə bilən dəniz tapşırıq qrupunun müdafiəsinin də eyni sistemin inkişaf etdirilmiş versiyası ilə həyata keçirilməsi məqsəd qoyulub. Bundan əlavə, həmin illərdə ikinci dərəcəli təhlükə kimi görülən qısamənzilli ballistik raketlərin (600 kilometrdən daha qısa mənzilli olanlar) qarşısının alınması məsələsi də əməliyyat tələblərinə daxil edilib.

Birinci Körfəz Müharibəsindən (Desert Storm) sonra ballistik raketlərə qarşı müdafiə konsepsiyası artıq çox daha böyük əhəmiyyət qazanıb. Buna görə də, kütləvi istehsal prosesinə 2000-ci illərin əvvəlində başlayan “Aster 15” raket sistemi daha müasir və yeni nəsil komponentlərlə zənginləşdirilib. Beləliklə, Avropa sisteminin həmin dövrdə ABŞ istehsalı “Patriot” sistemlərindən daha yüksək performans göstərməsi mümkün olub.

Tezis, anti-tezis şəklində irəliləyən silah sistemləri və qoruyucu sistemlərin bir-biri ilə rəqabət halındakı inkişafı bu sahədə də müşahidə olunub. Ballistik raket sahəsindəki inkişafları nəzərə alan EUROSAM prioritetini ballistik raketlərə qarşı müdafiə sisteminin inkişaf etdirilməsinə verib. 1.500 kilometr məsafəyə qədər təsirli olan ballistik raketlərə qarşı “Aster 30 Block 1 NT” (Yeni Texnologiya) raketdən müdafiə sisteminin hazırlanmasına diqqət yetirilib.

Hələ də məhsulun inkişaf prosesi davam edən bu sistemə tərəflər arasında razılıq əldə olunacağı təqdirdə, Türkiyənin də layihə ortağı kimi daxil edilməsi mümkün ola biləcək. Hazırda inkişaf etdirilməkdə olan bu sistemin ballistik raketləri məhv etmə qabiliyyəti 3.000 kilometr olacaq şəkildə lazımi yeniliklər edilib. Beləliklə, atmosfer daxilində manevr edə bilən hipersəs raketləri və yeni tip “glider” başlıqlı raketlərə qarşı da təsirli olması gözlənilən “Aster 30 Block 2 BMD” versiyası üzərində də işlərə başlanılıb.

SAMP/T və Türkiyənin Ehtiyacları:

Bu çərçivədə mövcud təhdid çeşidinin hələ hamısını qarşılamasa da, “Aster Block-1” və NT raketləri Türkiyənin ehtiyac duyduğu sistemlər arasında yer almaqdadır. Türkiyənin ehtiyaclarına görə yenidən işlənəcəyi təqdirdə, “Aster Block-1” və NT bənzəri bir istehsal mexanizminə layihə ortağı olaraq daxil olmağın Türkiyənin maraqlarına və bu sahədəki gözləntilərinə xidmət edə biləcəyi qənaətindəyəm.

SAMP/T sisteminin iki əsas istifadəçisi olan İtaliya və Fransa Rusiya təhdidindən coğrafi olaraq uzaqdadır. Bu səbəbdən hər iki ölkə də hazırda əllərindəki modernləşdirilmiş “Blok 1” raketlərinin təcili istifadəsinə Şərqi Avropa ölkələrinə nisbətən ehtiyac duymurlar. Bu iki ölkə üçün ortaq istehsal etdikləri bu raket sistemlərinin satılması və digər ölkələr tərəfindən seçilən bir sistem halına gəlməsi daha prioritet və vacib bir məsələ ola bilər.

Bu çərçivədə, Türkiyə EUROSAM işlərinə, məsələn, ROKETSAN ilə daxil olacağı təqdirdə, eyni zamanda mövcud SAMP/T raket sistemlərini inventarına əlavə edə bilər. Beləliklə, qısa və uzun müddətli dövrdə Türkiyə HHQ-nin raketdən müdafiə ehtiyaclarının SAMP/T ilə qarşılanması mümkün ola bilər. Fransa-İtaliya və Türkiyə arasında imzalanacaq bir çərçivə sazişi bu prosesi və yol xəritəsini müəyyənləşdirə, bu çərçivədə mərhələli şəkildə SAMP/T sisteminin mənbə kodlarına çıxış, bu sahədə texnologiya qazancı da daxil olmaqla, bəzi faydalar əldə olunması da mümkün ola bilər.

Bu çərçivədə “Blok 1 NT” inkişaf proseslərinə Türkiyə müdafiə şirkətlərinin daxil olması əhəmiyyət kəsb edir. Layihənin irəliləmə sürətini və EUROSAM-ın dəniz platformalarının müdafiəsinə yönəlmiş texnologiya bazasını nəzərə aldıqda, Türkiyə dənizdə yerləşdirilən platformaları üçün EUROSAM ilə ortaq hərəkət edəcək bir fəaliyyət tərzinə yönələ bilər. HHM freqatlarına və ya TF2000-ə bənzər layihələrə bu raketlərin inteqrasiyası üstünlükləri və çatışmazlıqları baxımından qiymətləndirilə bilər. ÇAFRAD-a bənzər milli sistemlər və yeni nəsil Milli Radioelektron Mübarizə (REM) sistemləri ilə SAMP/T sisteminin uyğunlaşdırılması da düşünülə bilər. İrəliləyişlərə paralel olaraq, bu sistemin quruda yerləşdirilən versiyalarının tədarükünə daha sonra önəm verilə bilər.

Türkiyə “Hisar/Siper” raket ailəsi ilə yanaşı, “Göktuğ” seriyalı “hava-hava” raket ailəsini istehsal edə bilən bir mərhələyə gəlib. Bu sahədəki nailiyyətlər SAMP/T ilə birləşdirildikdə, daha böyük milli sıçrayışların edilməsi mümkün ola bilər. Türkiyənin EUROSAM-a təqdim edə biləcəyi yeni imkanlarla yanaşı, bu şirkətdən Fransa və İtaliyanın ortaq iştirakı ilə yeni nailiyyətlər əldə etməsi mümkün ola bilər.

SAMP/T və Yeni Əməliyyat Tələblərinin Qarşılanması:

SAMP/T-ə bənzər sistemlər təbiətləri etibarilə ağır və mürəkkəb istehsal texnologiyasına sahib olmağı tələb edir. Sistemin orqanik quruluşuna daxil edilən axtarış radarları, hədəf izləmə və nişanalma radarları, REM imkanları, güc sistemləri, buraxılış qurğuları, logistik dəstək elementləri və s. sistemlər mövcuddur. Bu inteqrasiya edilmiş sistemin bütöv şəkildə hava hücumlarına qarşı davamlılığını artırmaq məqsədilə “paylanmış arxitektura” ilə ərazidə yerləşdirilməsinə üstünlük verilir. Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsində daha assimetrik, daha pərakəndə və daha üfüqi şəkildə yayılmış sistem elementlərinə sahib olmağın əhəmiyyəti açıq şəkildə üzə çıxıb.

Paylanmış arxitekturada BUK-a bənzər sistemlərin tərkibində 2-3 raketin yer alması yetərli hesab edilir. Bununla yanaşı, öz güc qurğusuna sahib olması, uyğun HHM və hədəf izləmə radarları ilə təchiz edilməsi, çevik rabitə infrastrukturuna (kabelli-kabelsiz hərbi şəbəkələr, mülki rabitə xətləri, GSM şəbəkələri, “Starlink” və s. kommersiya şəbəkələri) malik olması, raket batareyasından lazım gəldikdə 150-200 kilometr məsafədə yerləşdirilə bilən peyk əsaslı struktur (Satellite Expansion Unit) ilə inteqrasiya olunmuş şəkildə işləməsi arzu edilir. Türkiyənin iştirak etməsi halında SAMP/T sisteminin yeni dizayn işlərində Rusiya istehsalı BUK M3 sisteminin bu baxımdan əsas götürülməsinin zəruri olduğu qiymətləndirilir.

SAMP/T və Digər Məsələlər:

EUROSAM tərəfindən hazırlanmaqda olan “Aster 30 Block 2 BMD” daha uzun mənzilli ballistik raketlərə və yeni nəsil təhdidlərə qarşı effektiv şəkildə istifadə edilə biləcək bir sistem kimi layihələndirilir. Bununla belə, digər ölkələrin əlindəki sistemlərin (İsrail istehsalı “Arrow 3”, ABŞ istehsalı THAAD, SM-3 və s.) sahib olduqları imkanlar (yuxarı atmosfer şəraitində və ya dünyanın alçaq orbitində önləmə qabiliyyəti) da nəzərə alınmalıdır. “Pif-paf” sistemi ilə müəyyən qədər təkmilləşdirilən “Aster” sisteminin nazik atmosfer və ya yaxın kosmosu əhatə etmə imkanının hələ kifayət qədər olmadığı məlumdur. EUROSAM bu ehtiyac üçün “Aster 45” adlı yeni bir layihəyə başlayıb.

Raketdən müdafiə sistemlərində aldadıcı vasitələrə qarşı tədbirlərin görülməsi də mühüm əhəmiyyət kəsb edir. Məsələn, ABŞ-nin inventarındakı MALD-J qanadlı raketləri tək təyyarə və ya qrup uçuşunu simulyasiya edən görüntü yaratmaqla, düşmən radarlarını və raketdən müdafiə sistemlərini aktivləşdirə və/və ya çaşdıra biləcək imkan təqdim edir. Bu sahədəki oxşar inkişaflar nəzərə alınaraq, yeni nəsil raketdən müdafiə sistemlərində təkmilləşdirmələr aparılması zəruridir.

Avropa Ölkələrinin HHM Sistemi Təchizat Ehtiyacları:

Bu gün Almaniya başda olmaqla, bir çox Avropa ölkəsinin yeni nəsil HHM sistemlərinə sərmayə qoyacağı, hətta bunu prioritet olaraq gündəmə alacağı barədə qiymətləndirmələr aparılmaqdadır. Əvvəlki yazılarımda qeyd etdiyim kimi, Türkiyənin təbəqəli raketdən müdafiə ailəsi Avropa ölkələri üçün də yeni həllər təqdim etməkdədir. Manevr halında olan bir ordunun çoxsaylı təhdidlərə qarşı HHM-ni təmin edə biləcək yetkinliyə sahib olan Türkiyə HHM raket ailəsinin NATO standartlarına uyğun şəkildə istehsal olunması Türkiyənin müdafiə sənayesində bu sahədə ixrac potensialını artıran bir rol oynaya bilər.

Türkiyənin bu sahədəki milli işlərinə sürət qazandırmaq məqsədilə, mövcud yüksək hündürlük təbəqəsindəki çatışmazlığın aradan qaldırılması üçün “Aster” əsaslı SAMP/T sistemlərindən Türkiyənin faydalanması mümkündür. EUROSAM bir Avropa layihəsi olması baxımından dəyərlidir və Atlantik Hövzəsinin bir hissəsi olan Avropanın müdafiəsində İsrail sistemlərindən daha çox Avropanın öz istehsalı olan sistemlərin üstün tutulacağı aydındır. Məhz bu nöqtədə Türkiyənin bir Avropa ölkəsi statusu və NATO üzvlüyü nəzərə alınaraq, EUROSAM ilə inkişaf etdiriləcək əməkdaşlıq modeli vasitəsilə Türkiyənin raketdən müdafiə sistemlərinin Avropaya inteqrasiyası/ixracı mümkün ola bilər. Bu cür yanaşma hər iki tərəfə əlavə faydalar təmin etməsi baxımından üstünlük verilə biləcək bir seçimdir.

Nəticə:

Türkiyə EUROSAM kontekstində Fransa və İtaliya ilə dövlətlərarası aparılan danışıqlarda S-400 modelini izləməkdən və eyni tələyə düşməkdən uzaq durmalıdır. Yalnız hazır alış Türkiyə üçün qısa müddətli ehtiyaclar baxımından cəlbedici gələ bilər. Lakin bu məqalədə vurğulamağa çalışdığımız kimi, hazır alışdan çox, “qazan-qazan” prinsipi əsasında ortaq istehsal, texnologiya transferi, mənbə kodlarının paylaşılması, gələcək ehtiyaclar istiqamətində müəyyənləşdiriləcək ortaq istehsal layihələrinin də gündəmə gətirilməsi, Avropada Türkiyənin raketdən müdafiə sistemlərinə potensial bazar imkanının qazandırılması kimi yanaşmaların Türkiyə Müdafiə Sənayesi Komitəsi tərəfindən nəzərə alınmasında fayda olduğunu düşünürəm.

Bu çərçivədə, Türkiyənin ehtiyacları və maraqları istiqamətində, İtaliya və Fransa tərəfləri ilə SAMP/T mövcud layihələri və gələcək törəmələri nəzərə alınaraq, Türkiyənin raketdən müdafiə sisteminin inkişafına dəyər qatacaq bir yol xəritəsi üzərində tərəflər arasında razılaşma zəminin əldə olunması üçün mövcud şərtlərin Türkiyənin xeyrinə olduğu qiymətləndirilir.

F-16 satışına icazə verilməsi, Böyük Britaniyanın Türkiyəyə tətbiq etdiyi müdafiə sahəsindəki sanksiyaları ləğv etdiyini açıqlaması, bölgəmizdəki digər inkişaflar hazırda Türkiyənin xeyrinə müsbət bir mühit yaratmaq üzrədir. Havanı yenidən pozmadan, Türkiyə Müdafiə Sənayesi Komitəsinin aidiyyəti bölmələrinin SAMP/T prosesini hərtərəfli və sürətli bir işlə, Türkiyənin maraqlarına və gözləntilərinə uyğun olaraq tamamlaması üçün mövcud müsbət mühitdən faydalanması, gecikmələrə yol verməməsi lazım olduğu qiymətləndirilir.

Sərbəst araşdırmaçı-yazar Aybars Meriç
Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: EUROSAM   SAMP-T   Türkiyə  


Bizi "telegram"da izləyin