Əldə edilən son məlumatlara görə, təyyarənin “görən gözü” olacaq bu yüksək texnologiyalı sistemin 180-200 kilometr aralığında təsbit məsafəsinə çatması hədəflənir. Bu qabiliyyət KAAN-a geniş situasiya məlumatı və üstün döyüş ələ keçirməsi təmin edərək, Türkiyə Hava Qüvvələrini gələcəyin əməliyyat şəraitində bir addım qabağa daşıyacaq.
Türkiyənin beşinci nəsil döyüş təyyarəsi inkişaf etdirmə vizyonunun konkret məhsulu olan KAAN ASELSAN tərəfindən hazırlanan milli avionik sistemlərlə təchiz edilir. Bu sistemlər arasında həyati əhəmiyyət daşıyan və Galyum Nitrid (GaN) əsaslı yarımkeçirici texnologiyası ilə istehsal edilən MURAD 600-A AESA radarı layihənin ən önəmli hissələrindən biri sayılır.
AESA texnologiyası ilə üstünlük
Ənənəvi mexaniki daramalı radarların əksinə olaraq, minlərlə kiçik ötürücü-alıcı moduldan ibarət bir sistemə sahib olan AESA radarları radar şüasını elektron şəkildə ani yönləndirmək imkanına malikdir.
Bu texnologiya MURAD 600-A radarına eyni anda bir neçə hədəfi aşkarlamaq, izləmək və onlara qarşı döyüşə girmək imkanı verir. Bundan əlavə, sintetik açıqlıq radar (SAR) rejimi ilə yüksək ayırdetmə qabiliyyətli yer xəritələşdirmə və buludaltı müşahidə kimi “hava-yer” əməliyyatlarını da effektiv şəkildə həyata keçirməyə imkan yaradır.
ASELSAN tərəfindən hazırlanan milli AESA radar ailəsinin ən inkişaf etmiş üzvü olan MURAD 600-A çoxfunksiyalı quruluşu sayəsində KAAN pilotuna geniş situasiya fərqindəliyi təmin edəcək.
Radar düşmənin radioelektron mübarizə sistemlərinə qarşı yüksək davamlılıq göstərərkən, “görünməz” (stealth) xüsusiyyətə malik hədəfləri belə uzaq məsafədən aşkarlamaq baxımından həyati rol oynayacaq.
Son vəziyyət
ASELSAN rəsmilərinin verdiyi məlumata əsasən, MURAD 600-A radarının inkişaf prosesində kritik dizayn mərhələsi uğurla irəliləyir. Bu mərhələ tamamlandıqdan sonra prototip istehsalının və yer/hava sınaqlarının başlaması planlaşdırılır.
MURAD radar ailəsinin digər üzvləri olan MURAD 100-A kimi sistemlər isə AKINCI PUA-sı və HÜRJET təlim təyyarəsi kimi platformalarda uğurla sınaqdan keçirilir və kütləvi istehsal mərhələsinə keçir.
Bu layihələrdən əldə edilən təcrübə və texnoloji baza MURAD 600-A-nın inkişaf və inteqrasiya cədvəlinə də müsbət təsir göstərən amillərdən biri kimi önə çıxır.
Strateji qazanc
Türkiyənin öz imkanları ilə AESA radarı dizayn edib, istehsal edə bilən azsaylı ölkələrdən biri halına gəlməsi müdafiə sənayesi sahəsində strateji müstəqillik anlamına gəlir.
MURAD 600-A-nın KAAN layihəsinə inteqrasiyası yalnız təyyarənin performansını və dözümlülüyünü artırmaqla kifayətlənməyəcək, həm də Türkiyənin texnoloji imkanlarını və beynəlxalq aləmdəki çəkindirmə gücünü daha da möhkəmləndirəcək.
KAAN-ın 2028-ci ildə Türkiyə Hava Qüvvələrinin inventarına daxil olması planlaşdırılır və MURAD 600-A bu prosesdə təyyarənin ən əhəmiyyətli strateji üstünlüklərindən biri olacaq.
Dəyanət Ağalarlı
Ordu.az