HÜRJET-in dəniz versiyası yolda
Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) turbofan mühərrikli, reaktiv təlim və yaxın hava dəstəyi təyyarəsi olan HÜRJET-i daha geniş və çox funksiyalı platformaya çevirməkdədir. Türkiyənin ilk insanlı reaktiv mühərrikli təyyarəsi olan HÜRJET haqqında danışan TUSAŞ baş direktoru Mehmet Demiroğlu, dəniz versiyası üçün texniki işlərin başlandığını bildirib.
TUSAŞ baş direktoru Mehmet Demiroğlu, Paris Aviasiya Sərgisində “TRT Haber”ə verdiyi açıqlamalarda HÜRJET-lə bağlı danışaraq, təyyarənin gəmi göyərtəsinə enə bilən versiyası üzərində çalışdıqlarını söyləyib:
“HÜRJET-in növbəti danışacağımız prototipi Dəniz Qüvvələri ilə birlikdə hazırlanan, gəmi göyərtəsinə enə bilən bir prototip olacaq. Yəni aviadaşıyıcı gəmidə istifadə edilə bilən bir platforma. Bu layihə ilə bağlı komandamız texniki səviyyədə işlərə başlayıb. Dəniz Qüvvələrimiz də maraqlı olduqlarını və təxminən 40-a yaxın sayla maraqlandıqlarını bildirdilər. Bu, 2026-2027-ci illərdə daha aydın şəkildə formalaşacaq bir layihə proyeksiyasıdır. Mən düşünürəm ki, ilk təslimatlardan sonra NATO üzvü olan ölkələr arasında ciddi maraq olacaq və HÜRJET-ə sifariş veriləcək”.
İspaniya ilə müqavilələr ilin son rübündə imzalanacaq
Məlum olduğu kimi, may ayında TUSAŞ İspaniya Hərbi Hava Qüvvələrinin yeni nəsil təlim təyyarəsi tenderini qazanmışdı. İspaniya isə istismardan çıxarılacaq F-5 təyyarələrinin yerinə HÜRJET-i seçmişdi. Bu mövzu ilə bağlı danışan Demiroğlu deyib: “HÜRJET-in müqaviləsi üçün hal-hazırda “Airbus” ilə işlərimizi davam etdiririk. Bu əməkdaşlıq layihəsi formatında həyata keçirilir. Məqsədimiz bu il ərzində, oktyabr-noyabr aylarında, yəni ilin son rübündə imzaların atılmasıdır”.
HÜRJET-in ilk təslimatı 2026-cı ildə
Digər tərəfdən, HÜRJET-in 2026-cı ildə Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi planlaşdırılır. İlk versiyalarda “General Electric” tərəfindən istehsal edilən F404 mühərrikindən istifadə olunacaq. Növbəti illərdə isə yerli mühərrikin inteqrasiyası həyata keçiriləcək.
Sevinc Əliyeva
Ordu.az