Çindən ağcaqanad ölçüsündə kəşfiyyat və döyüş PUA-sı – ƏTRAFLI

2025/06/1750504283.jpg
Oxunub: 606     17:15     21 İyun 2025    
Çində ağcaqanad böyüklüyündə kəşfiyyat və döyüş məqsədli Pilotsuz Uçuş Aparatı (PUA) hazırlandığı bildirilib. Sözügedən PUA-nın çubuq formasında və yarpaqvari iki kiçik qanada sahib olduğu qeyd olunub.

Ordu.az xəbər verir ki, çinli alimlər ordunun kəşfiyyat və döyüş tapşırıqlarında istifadə edə biləcəyi ağcaqanad böyüklüyündə miniatür bir PUA inkişaf etdirib.

“South China Morning Post” qəzetində yer alan xəbərə görə, Çin Mərkəzi Televiziyasının (CCTV) hərbi kanalında yaxın zamanda yayımlanan bir reportaja istinad edilib.

Reportajda Milli Müdafiə Texnologiyaları Universitetinin (NUDT) robot texnologiyaları laboratoriyasındakı alimlərin insana bənzər maşınlardan tutmuş, gözlə çətin görünən kiçik pilotsuz hava aparatlarına qədər müxtəlif robot növləri üzərində apardığı işlər əks olunub.

Universitetin tələbəsi verdiyi müsahibədə deyib: “Əlimdə ağcaqanada bənzər bir robot var. Bu cür miniatür bionik robotlar xüsusilə məlumat kəşfiyyatı və döyüş sahəsindəki xüsusi tapşırıqlar üçün uyğundur”.

Qəzetin yaydığı videoda dron gövdəsinin yanlarında çubuq formasında, yarpaq bənzəri struktura sahib iki kiçik qanadın olduğu görülüb. “Bu tip cihazların kiçik ölçüləri sensorların, idarəetmə sxemlərinin və digər elementlərin çox kiçik bir səthə yerləşdirilməsini tələb etdiyindən istehsalı çətinləşdirir”, - deyə xəbərdə qeyd olunur.

Qəzet qeyd edir ki, mikrorobot texnologiyaları yalnız hərbi məqsədlərlə deyil, eyni zamanda tibb sahəsində də istifadə olunur. Alimlər mikro və nano ölçülü robotların müalicə, cərrahiyyə və diaqnostik məqsədlərlə istifadə imkanlarını araşdırırlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   PUA  


Bizi "telegram"da izləyin