Ordu.az xəbər verir ki, İndoneziyanın milli müdafiə sərgisi olan “Indodefence 2025”də nümayiş etdirilən aviadaşıyıcı gəmi modeli ölkənin ilk dəfə bu tip platforma əldə etmək niyyətində olduğunu ortaya qoydu.
Yerli müdafiə şirkəti REPUBLIKORP-un stendində sərgilənən model rəqəmsal paneldə “Giuseppe Garibaldi” adı ilə təqdim olundu və göyərtəsində “Bayraktar TB3” PUA-ları ilə yanaşı döyüş təyyarələrinin modelləri də yer aldı.
“Fincantieri” marağı təsdiqləyir
İtalyan gəmi istehsalçısı “Fincantieri”nin Donanma Satışları Direktoru Mauro Mansini “Naval News” portalına verdiyi açıqlamada, İndoneziya Hərbi Dəniz Qüvvələrinin (TNI AL) “Giuseppe Garibaldi” aviadaşıyıcı gəmisinə maraq göstərdiyini təsdiqlədi.
Mansininin sözlərinə görə, məsələ İndoneziya ilə İtaliya arasında “dövlət səviyyəsində” müzakirə olunur, lakin hələlik rəsmi satınalma qərarı qəbul edilməyib.
O həmçinin qeyd edib ki, gəmi sabit qanadlı təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları və amfibiya texnikaların yerləşdirilməsi qabiliyyətinə malikdir. Gəmi 2010-cu ildə Haitidə baş vermiş zəlzələdən sonra həyata keçirilən humanitar yardım əməliyyatlarında da fəal rol alıb.
“Fincantieri”nin açıqlamasına görə, “Giuseppe Garibaldi” gəmisinin istismar müddəti daha 15-20 il davam edə bilər. Əgər satış baş tutarsa, gəmi İndoneziyaya təhvil verilməzdən əvvəl xüsusi modernizasiyadan keçiriləcək.
REPUBLIKORP-un sərgilədiyi model adını İtaliyanın yüngül aviadaşıyıcı gəmisindən alsa da, dizayn baxımından orijinal “Giuseppe Garibaldi”yə bənzəmir. Bu hal modelin simvolik bir dizayn layihəsi olduğunu göstərir.
60 ədəd “Bayraktar TB3” alışı
Modeldə nümayiş etdirilən “Baykar” istehsalı “Bayraktar TB3”lər də xüsusi diqqət cəlb etdi. “Baykar” nümayəndələrinin verdiyi məlumata görə, İndoneziya 60 ədəd TB3 tədarükü üçün ilkin razılaşma imzalayıb.
Bu paket həm quru bazalı, həm də dəniz platformalarına inteqrasiya edilə biləcək TB3 variantlarını əhatə edir. “Baykar” nümayəndələri bildiriblər ki, quru bazalı TB3 versiyası daha yüksək qalxma kütləsinə, daha çox yanacaq tutumuna və uzun havada qalma müddətinə malikdir.
Sevinc Əliyeva
Ordu.az