"Kaan"ın uçuş cədvəlinin son vəziyyəti açıqlanıb

2025/06/1750413636.jpg
Oxunub: 480     17:59     20 İyun 2025    
Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan Milli Döyüş Təyyarəsi "Kaan"ın sınaq və təhvil proseslərinə dair yeni yol xəritəsi açıqlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Layihənin çətin cədvəlinə baxmayaraq, həm Türkiyə Hərbi Hava Qüvvələrinə tədarüklər, həm də beynəlxalq satışlar üçün iddialı hədəflərin qorunduğu bildirilib.

"Kaan" proqramı sınaq mərhələsini sürətləndirməyi planlaşdırır. İlk prototipin gələn ilin birinci rübündə tamamlanması və uçuş sınaqlarına başlanması gözlənilir. Bu birinci prototipdən sonra 2026-cı ilin ortalarında havaya qalxması planlaşdırılan ikinci prototip və 2027-ci ilin əvvəlində uçacaq üçüncü prototip gələcək.

Sınaq kampaniyası çərçivəsində ümumilikdə 6 təyyarənin xidmət göstərəcəyi və bu təyyarələrin "minlərlə saatlıq" uçuşlarla intensiv sınaq proqramı həyata keçirəcəyi bildirilib.

Bu ciddi sınaq prosesindən sonra Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) ilk tədarüklərin "Blok 10" konfiqurasiyasında həyata keçirilməsi planlaşdırılır.

Türkiyə HHQ-yə çatdırılma 2028-ci il üçün nəzərdə tutulub.

Bununla belə, tədarük zəncirində yaşanan problemlərin qrafikə təsir edən əsas amillərdən biri olduğu və bu problemlərə görə ilk prototipin uçuş cədvəlində gecikmənin olduğu bildirilir.

Çətinliklərə baxmayaraq, proqramda hər hansı bir rahatlamanın qarşısını almaq üçün 2028-ci il çatdırılma hədəfinin saxlanıldığı vurğulanıb.

"Kaan" layihəsi beynəlxalq miqyasda da əhəmiyyətli ixrac uğuru əldə edib. İndoneziya 48-ə qədər təyyarə alması ilə "Kaan"ın ikinci müştərisi kimi təsdiqlənib.

Qərarların qəbulu prosesinin başa çatdığı, sifarişin yekunlaşdığı və yalnız bəzi texniki tələblərin yekunlaşdırılmasının qaldığı açıqlanıb.

Təyyarələrin sayı, texnologiya transferi və "offset" kimi detalların ümumi şərtlərdə razılaşdırıldığı, yekun razılaşmanın bir neçə ay ərzində tamamlanmasının gözlənildiyi bildirilib.

Yeni ixrac uğurlarının qaçılmaz olduğuna dair işarələr də var. Bildirilib ki, İndoneziya qədər böyük bir sövdələşmə bu il olmasa da, gələn ilin əvvəlində "yaxın ölkədən" elan edilə bilər.

"Anka III" Pilotsuz Uçuş Aparatı (PUA) və "Kaan" da daxil olmaqla, Səudiyyə Ərəbistanı ilə danışıqların uzun müddətdir davam etdiyi və Ər-Riyadın gələcəkdə müştəri ola biləcəyinə dair gözləntilərin olduğu təsdiqlənib. Daha öncə Malayziya da "Kaan" üçün müştəri kimi təqdim olunub.

Layihənin digər mühüm cəhəti "Kaan"ın insansız sistemlərlə inteqrasiyasıdır. Bildirilib ki, "Kaan"ın TUSAŞ-ın "Anka III" PUA-sı və "Baykar"ın "Kızılelma" pilotsuz döyüş təyyarəsi ilə qarşılıqlı əlaqəsini təmin etmək üçün işlər davam edir.

"Kaan" Türkiyə HHQ-yə təhvil verildikdə, bu inteqrasiyanın fərqli missiya tələblərinin qarşılanmasında əsas rol oynayacağı gözlənilir.

TUSAŞ-ın digər mühüm layihəsi olan "Hürjet" qabaqcıl reaktiv təlim təyyarəsi üçün də gözləntilər böyükdür. İspaniyanın "Airbus" şirkəti ilə razılaşma yolu ilə "Hürjet"i inventarına əlavə etmək planı var. Bu əməkdaşlığın digər ölkələrə də genişləndirilməsi potensialı dəyərləndirilərkən, "Hürjet"in "NATO təlim təyyarəsi"nə çevrilməsinin də hədəflərdən biri olduğu qeyd edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kaan   TUSAŞ   Türkiyə  


Bizi "telegram"da izləyin