Tramp: “İran təslim olmalıdır” – ABŞ müharibəyə daxil olacaq?

2025/06/1750409970.jpg
Oxunub: 582     19:28     20 İyun 2025    
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İran tərəfi onunla əlaqə saxlayıb, lakin danışıqların vaxtı keçib və İran təslim olmalıdır. Tramp bildirib ki, İsrailə hücumları davam etdirməyi tövsiyə edib. Lakin ABŞ prezidenti açıq şəkildə bildirməyib ki, Birləşmiş Ştatlar müharibəyə qoşulacaq və Tehrana zərbə endirəcək. Bu məsələ bu gün sanki müharibənin əsas sualına çevrilib.

ABŞ mətbuatının məlumatına görə, bu məsələ Təhlükəsizlik Şurasında müzakirə olunub, lakin hələlik heç bir qərar qəbul olunmayıb. Bununla belə, mümkündür ki, ABŞ bu məsələdə gözlənilməzlik prinsipinə əsaslanaraq qərar versin və bu səbəbdən informasiya manipulyasiyaları tətbiq olunsun. Paralel olaraq, ABŞ prezidentinin ətrafında Trampın qərarına təsir göstərmək üçün müharibəyə müdaxiləni dəstəkləyənlərlə əleyhinə olanlar arasında mübarizə davam edir.

Şübhə yoxdur ki, ABŞ-nin müdaxiləsi böyük bir yanğına səbəb olacaq və bu yanğının alovları qaçılmaz olaraq müxtəlif risklər və çağırışlar şəklində Qafqazadək yayıla bilər. Bu baxımdan, bölgə üçün çox vacibdir ki, Tramp İrana zərbə endirmək və ABŞ-ni müharibəyə cəlb etmək qərarından çəkinmiş olsun. Problem ondadır ki, Tramp verdiyi bəyanatlarla artıq özünü dalana dirəyib, manevr üçün demək olar ki, heç bir yer saxlamayıb.

Məsələ ondadır ki, İsrailin ilk hücum dalğası xeyli zəifləyib, lakin bu hücumlar əsas problemi həll etməyib və İranın müqavimətini qıra bilməyib. İsrail, əlbəttə, hücumları davam etdirəcək, ola bilsin hibrid üsullara da əl atacaq, lakin aydındır ki, ABŞ-nin dəstəyi olmadan bu müharibə İsrail üçün bumeranqa çevrilə bilər. İran təslim olmayacaq. Amma bunu bəyan edən Tramp bu halda zərbələrə qoşulmağa məcbur qala bilər, çünki bu tonda həftələrlə danışıb, amma heç bir əməl göstərməmək çətin olacaq. Deməli, ya yaxın günlərdə müharibə müəyyən bir vasitəçilik və razılaşma ilə dayandırılmalıdır, ya da ABŞ-nin müharibəyə qoşulması artıq sadəcə günlərin məsələsidir.

Asif Cəfərov
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin