Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən Moskva və Pxenyan təkcə siyasi deyil, həm də hərbi cəhətdən sıx əməkdaşlıq edirlər. Şimali Koreya hərbçilərinin döyüş əməliyyatlarında iştirakı artıq beynəlxalq səviyyədə sənədləşdirilmiş faktdır. Şimali Koreyanın Rusiyaya hansı həcmdə və keyfiyyətdə silah-sursat verdiyi də məlumdur.
Rusiya bu üç il yarım davam edən müharibə müddətində İrandan da əhəmiyyətli dəstək alıb. Lakin İsrailin hücumları nəticəsində bu dəstəyin ya tamamilə dayandırılması, ya da minimuma enməsi ehtimal olunur. Çox güman ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Pxenyan rəhbərindən silah tədarükünün artırılmasını xahiş edib.
Pxenyandan İrana hərbi yardım göstərilməsi məsələsi müzakirə olunub? Bu sualın cavabını Şimali Koreya liderinin bəyanatından çıxarmaq olar: onun sözlərinə görə, bir milyon yarımlıq Şimali Koreya ordusu İranın müdafiəsinə qoşula bilər. Son günlər beynəlxalq mətbuatda Çin tərəfindən İrana ən azı üç nəqliyyat təyyarəsi göndərildiyi barədə məlumatlar yayılıb. Elə həmin gün, yəni Şoyqu Pxenyanda olarkən Çin Prezidenti Si Cinpin Astanaya səfər edib, burada Mərkəzi Asiya ölkələrinin liderləri ilə sammit keçirib və bir sıra ikitərəfli razılaşmalar imzalayıb.
Rusiya-Ukrayna müharibəsinin əvvəlindən beynəlxalq analitik mərkəzlər Rusiya-Şimali Koreya-Çin-İran hərbi-siyasi alyansının yaranmasını proqnozlaşdırırdılar, lakin bu, gerçəkləşmədi. Görünür, İsrailin İrana hücumu bu gözləntiləri tamamilə aradan qaldırır.
Vladimir Putinin adından yoldaş Kimə beynəlxalq vəziyyətin hansı əsas aspektləri çatdırılıb? Bununla bağlı rəsmi məlumat verilməyəcək, amma aydın məsələdir ki, İsrail-İran müharibəsində kollektiv Qərb İsraili dəstəkləyir, Rusiya və Türkiyə isə Netanyahunu qınayır. Çin isə həmişəki kimi neytral və sülhsevər mövqedədir, tərəfləri danışıqlara çağırır.
Bu kontekstdə İsrailin Baş naziri Benyamin Netanyahunun mühüm bir bəyanatı diqqət çəkir: o bildirib ki, o və yəhudi dövləti qələbəyə ehtiyac duyurlar. Bu, onun İranla danışıqları rədd etdiyini və heç bir vasitəçiliyi qəbul etməyəcəyini göstərir. Bu mesajın əsas ünvanları ilk növbədə Moskva və Ankara, ehtimal ki, Pekin də daxil olmaqla digər regional oyunçulardır.
Bu, əslində, tamamilə yeni bir beynəlxalq situasiyadır və onun “moderator” şübhəsiz ki, ABŞ prezidenti Donald Trampdır. İyunun 18-də o açıq şəkildə bildirib ki, İranla bağlı danışıqlar aparmaq fikrində deyil. Daha əvvəl Türkiyənin “Hürriyet” qəzeti yazmışdı ki, Ərdoğan ABŞ və İran prezidentlərini İstanbulda danışıqlara dəvət edir. Rusiya isə İran və İsrail arasında vasitəçi olmağa hazır olduğunu bəyan etmişdi. Bu düzülüşdə Şimali Koreyanın rolu olduqca şübhəlidir.
Perspektiv isə Rusiya üçün ekzistensial bir problemə çevrilə bilər: Vladimir Putin Ukraynada “qalib gəlsə” də, Mərkəzi Asiyada – və Cənubi Qafqazı da nəzərə almadan – geosiyasi “böyük oyunu” uduzmuş olur. Son günlərdə İranla bağlı vəziyyətin fonunda Rusiya və Türkiyənin xarici işlər və müdafiə nazirləri səviyyəsində məsləhətləşmələr apardıqları məlumdur. Amma Türkiyə İsrail məsələsində Qərbin konsolidasiyasına qarşı çıxacaqmı? Yoxsa bu həm də Rusiya-Ukrayna müharibəsinə yeni qiymət verilməsi ilə nəticələnəcək?
Asif Cəfərov
Ordu.az