İsrailin gizli arsenalı və bölgənin taleyi: “Samson Seçimi” aktivləşir?

2025/06/E5C3C-1750408882.jpg
Oxunub: 705     12:39     21 İyun 2025    
İsrail nüvə proqramı kimi, bu strategiyanı da rəsmi olaraq etiraf etməyib, lakin keçmiş münaqişələrdə istifadə etməyə yaxın olduğu bildirilir.

İsrail iyunun 13-də İrana qarşı hava hücumlarına başlayıb. Təl-Əviv bunu İran İslam Respublikasının nüvə proqramından doğan təhlükələrlə izah edib və bildirib ki, Tehran yaxın gələcəkdə nüvə silahı əldə edə bilər. Halbuki İran dəfələrlə bəyan edib ki, nüvə silahı əldə etmək niyyətində deyil, çünki bu, İslam dini tərəfindən qadağandır. Lakin İsrail uzun illərdir düşməni olan İranın ilk nüvə başlığını əldə etməyə çox yaxın olduğunu iddia edir.

İsrail bu iddialardan istifadə edərək, İrana hücuma beynəlxalq dəstək toplamağa çalışıb. İran isə öz növbəsində sülhməramlı nüvə proqramına sahib olmaq hüququnu müdafiə edir və uranın zənginləşdirilməsində güzəştə getməkdən imtina edib.

İsrail isə İranın nüvə ambisiyalarından qurtulmağa çalışdığı bir vaxtda, özü Yaxın Şərqdə nüvə proqramına malik yeganə ölkə olaraq qalır. O, bu barədə heç vaxt rəsmi etiraf etməyib.

Bəzi müşahidəçilər isə sual edirlər: İsrail İranın nüvə proqramına ölümcül zərbə vurmaq üçün öz nüvə arsenalına əl ata bilərmi?

İsrail nə ilə silahlanıb?

İsrailin Şimon Peres Negev Nüvə Tədqiqat Mərkəzi – daha çox Dimona zavodu kimi tanınır – Fransa yardımı ilə inşa olunub və 1962-ci ildə fəaliyyətə başlayıb. Bir neçə ildən sonra İsrailin ilk nüvə silahını işləyib hazırladığı bildirilir.

Hesablamalara görə, İsrailin 90 ilə 400 arasında nüvə başlığı var və ilk nüvə silahı 1966-cı ilin sonlarında və ya 1967-ci ilin əvvəllərində hazır olub.

Bu göstərici İsraili dünyada nüvə silahı hazırlayan altıncı ölkə sırasına daxil edir.

2000-ci illərin ortalarında İsrailin nüvə arsenalı ilə bağlı müxtəlif dəyərləndirmələr mövcud idi və uran zənginləşdirmə imkanlarına dair şayiələr bu qeyri-müəyyənliyi daha da artırırdı.

Bu silahların daşıma vasitələri kimi F-15 və F-16 döyüş təyyarələri, sualtı qayıqlardan buraxılan qanadlı raketlər və 11.500 km məsafəyə qədər uça bilən “Jericho” ballistik raketləri göstərilir.

İsrail daim “Yaxın Şərqdə nüvə silahını ilk tətbiq edən ölkə olmayacaq” kimi mücərrəd və təkrarlanan bir bəyanat verir. İsrail BMT-nin Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) qoşulmayıb. Beynəlxalq ictimaiyyətin nüvə silahlarının yayılması ilə bağlı yanaşması isə olduqca ziddiyyətlidir.

İsrailin nüvə silahına malik olması ilə bağlı geniş yayılmış şübhələrə baxmayaraq, bu ölkə strateji qeyri-müəyyənliklə unikal mövqe tutur. İsrail İranla müqayisədə nə belə sərt yoxlamalara, nə də ciddi sanksiyalara məruz qalıb. İran isə beynəlxalq monitorinqlər, sərt iqtisadi sanksiyalar və diplomatik təzyiqlərlə üz-üzə qalıb.

“Samson Seçimi”

İsrailin elan olunmamış bir strateji konsepsiyası da var: “Samson Seçimi” – bu, ölkənin özünü varlıq təhlükəsi qarşısında görərsə, nüvə silahından son çıxış yolu kimi istifadə etməsini nəzərdə tutur.

İsrail bu strategiya haqqında heç vaxt açıq danışmasa da, onun varlığı və tətbiq şərtləri barədə çoxsaylı məlumat və ehtimallar mövcuddur.

“Samson Seçimi” adını Bibliyada yer alan qədim israilli hakim Samsondan alır. Əfsanəyə görə, Samson özünü və düşmənlərini birlikdə məhv edərək məbədi çökdürüb. Bu, İsrailin məğlubiyyət əvəzinə maksimum dağıntını seçmək ehtimalını simvolizə edir.

Bildirilir ki, İsrail bu seçimi keçmişdə – məsələn, 1967-ci ilin Altıgünlük Müharibəsi zamanı – tətbiq etməyə yaxın olub. O dövrdə İsrailin, Ərəb ölkələrini qorxutmaq məqsədilə Misirin Sina bölgəsində nüvə silahı istifadə etməyi nəzərdən keçirdiyi deyilir.

İsrailin bu “məhv üsuluna” əl atıb-atmayacağı sualı isə həm iranlılar, həm israillilər, həm də bütövlükdə region üçün qorxulu bir cavabsızlıq olaraq qalır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Nüvə  


Bizi "telegram"da izləyin